İkinci kitab, dördüncü hissə
Səhifə 10 / 15 · 60%
– Uzaqdan işlərinizə baxıram, doğrusunu deyim ki, işləriniz lazımınca getmir. Bu saat durmaq vaxtı deyil, hər yerə əl atmalıdır.
Həqqi:
– Əlimizdən gələni edirik, – dedi. – Təklifiniz varsa, söyləyin. Qulu düşünərək:
– Axır, gülüm, burada nə deyim? Baxın görün, ermənilər necə işləyirlər.
Onların vəkili avtomobildə gəzir, siz də piyada yortursunuz. Biz elə həmişə gərək geridə qalaq?
Həqqi cavab tapa bilmədi və bir az da Qulunun təsirinə qapıldı. Bunu duyan Qulu:
– Sözlərimi Zeynala, Həsənoğluna və Müslümə də söylə. Məsləhət lazım olsa, həmişə yanıma buyura bilərsiniz. Qapım sizə açıqdır.
Bilirsiniz, cavanların xətrini çox istəyirəm.
Həqqi Qulunun fikirlərini təsvib edərək:
– Deyərəm, – dedi. – Bu millət işidir, hər kəsin əlindən nə gəlsə etməlidir.
Qulu:
– Təbii deyilmi? – deyə Həqqinin sözlərini təsdiq edirdi. – Vaxtım yoxsa da, millət yolu üçün tapılar; gündə iyirmi manat qazanmaram da, on manat qazanaram. Başqaları millətin yolunda varından-yoxundan çıxır, mən gündə on manat itirsəm, nə eyib edər?
Həqqinin Quluya dikilmiş gözləri sevinc və təşəkkür atəşi saçırdı.
O dəqiqələr Qulunu ən pak və millətpərvər bir zat kimi təsəvvür edirdi. Qulu Həqqini “bişirəndən” sonra:
– Gülüm, – dedi, – burada yaşayan müsəlmanlar yığılmaq istəyir.
Mənim otağımı istədilər, razı oldum: millət yoludur, nə eyib edər? Sizə də xəbər verəcəyəm, gəlin.
Görək camaatın dərdi nədir... Biz də onların dərdinə yanmasaq, kim yanacaq?
Həqqi:
– Əlbəttə! Əlbəttə! – deyə Qulunun sözlərini təsdiq etdi. – Vallah, məəttələm, sizin kimi adamlar niyə kənarda durur? Siz böyük fayda gətirə bilərsiniz.
Qulu xudpəsənd bir təbəssümlə:
– Yenə gec deyil. İşlərik. Ancaq yoldaşları dürüst başa sal.
33
Səhər ertə Qulamrza klinikada olacaq yığıncağı Rüstəmbəyə xəbər verdi. Rüstəmbəy düşünərək:
– Kimləri çağırmışlar? – deyə sordu. Qulamrza gülə-gülə:
– Səndən və məndən başqa hamını; Həqqi, Müslüm və Həsənoğlu da dəvət olunmuşlar.
Rüstəmbəy bir az əsəbi:
– Deməli, Qulu aramızda nifaq salmaq istəyir? – dedi. – Amma bacara bilməz. Əsil məsələ pul məsələsidir. O bizdə pul olduğunu zənn edir. Işin həqiqətini bilsə, bu intriqalara tənəzzül etməz... Hər halda hazırlanmalıyıq. Bu gün iclas çağır.
– Gedəcəyik?
– Təbii. Qorxmaq zamanı deyil!
– Axır çağırmayıblar.
– Onun zərəri yoxdur. Səninlə mənim gəlməm Qulunun bütün planlarını pozacaq.
Qulamrza için-için güldü. Bu əsnada otağa qıyıqgözlü, sarıbəniz bir zabit girdi.
– Olarmı? – deyə təzim etdi. Rüstəmbəy nəzakətlə:
– Buyurun, – dedi.
Zabit cəsarətsiz bir halda oturdu. Rüstəmbəy:
– Bağışlayın, – dedi, – tatara bənzəyirsiniz.
– Yox, türkmənəm.
– Çox gözəl, nərədən belə? Türkmən zabiti utanar kimi:
– Cəbhədən, – deyib başını aşağı saldı.
– Yəqin türkmən alayındansınız?
– Uvva1.
Rüstəmbəy gülümsündü:
– Sizlərdən yaxşı xəbərlər gəlmir: inqilabı buraxıb da irticaya tərəf gedirsiniz.
Türkmən bu sözlərin mənasını anlamayan kimi suçlu-suçlu Rüstəmbəyin üzünə baxdı. Rüstəmbəy:
– Bəs alay indi haradadır?
Türkmən yarı rus, yarı türkməncə anlatdı:
– Gəlirdi, yolda bolşeviklərə rast gəldik. “Çininizi açın”, – dedilər.
Biz açmadıq. Atışma oldu, bir-iki yüz adamımız tələf oldu. Rüstəmbəy başını tərpədərək:
– Ah! Açsaydınız, qiyamətmi qopardı?
Zabit günahkar bir adam kimi məsələnin izahına çalışdı; əsgəri şərəfdən, anddan bəhs etdi.
Bir çox suallardan sonra türkmənlərin general Kornilovla Dona keçdikləri bəlli oldu. Rüstəmbəy hiddətləndi:
– Canım, – dedi, – ruslar çardan əl çəkdi də, müsəlmanlar əl çəkmirlər.
– Sonra inqilabdan uzun-uzadı bəhs edərək, çarın müsəlmanlığa qarşı işlətdiyi zülmləri təsvir etdi. Nəhayət, qəti olaraq:
– Boş-boşuna qan tökdüyünüz bəsdir; adamlarınızı götürün, evinizə gedin. İndi sizə Türkmənistanda böyük ehtiyac var, – dedi.
Türkmən zabitindən sonra Rüstəmbəy bir neçə ziyarətçilər də qəbul edib, klinika məsələsinə döndü. Qulamrza ilə işi ətraflı müzakirə edib planlar qurdular. Zatən hər bir məsələni bir yerdə həll edib, komitədən keçirərdilər.
34
Üzvlər həmişəkindən bir az gec toplandılar. Həqqinin üzü tutqundu: qaşının biri əyilmişdi. Bu əyinti çox şeylər ifadə edirdi. Müslüm laübali bir tərzdə oturub, bığlarını bururdu. Bu da Rüstəmbəyin üzünə dik baxmağa cəsarət edə bilmirdi. Zeynalla Həsənoğlunda dəyişiklik görünmürdü.
Rüstəmbəy məclisdəki ruhi övzaı duydu, lakin aldırmadı. Əvvəl tamamilə məsələyə aid olmayan mövzulardan bəhs edib, sonra fransız missiyasından danışdı:
– Bizim üçün, – dedi, – hər bir təşkilatla əlaqəyə girmək mümkündür; lakin hər bir addımın bir məsuliyyəti var. Biz atdığımız addımdan məsul olduğumuzu unutmamalıyıq. Önümüzdə yüksək bir məqsəd var isə, hüsniniyyət sahibi olmalıyıq. Avantüristlər hər bir şeyə susayar; biz, zənn edirəm, bu məqsədi təqib etmirik...
Rüstəmbəy Qulunu nəzərdə tutaraq uzun-uzadı danışdı və nə kimi şəxsiyyətə malik olduğunu dəlil və isbatla göstərdi. Nəhayət, doğrudan-doğruya məsələyə keçdi.
– Yoldaşlar, – dedi, – sizin çalışmanız sayəsində komitəmiz bir neçə ayın müddətində bütün Rusiya müsəlmanları arasında böyük bir şöhrət qazanmışdır. Burada yandırdığımız federasiya çırağının işığını ən uzaq yerlərdən görürlər. Bu xırda otaqdakı komitənin ziyarətinə gələn hədsiz-hesabsız nümayəndələr fikrimin doğruluğunu isbat etmirmi?
Bu gün bu parlayan çırağı söndürmək istəyirlər. Sərf olunan əməyi boşa çıxarmaq niyyətindədirlər. Buna razı olacaqsınızmı?..
Rüstəmbəyin nitqi sayəsində Müslüm yavaş-yavaş yığışdı, üzərindəki skeptik cizgilər ümid parlayışı ilə əvəz olunmağa başladı. Həqqi də dəyişildi: qaşları müvazinətini ehya edib, xoş bir əda belə aldı.
Həsənoğlu gülə-gülə:
– Əşi, nə deyirsən? Ölməmişik, atalarını yandırarıq, – deyə Zeynalın çiyninə vurdu.
Rüstəmbəy klinikadakı məclisə keçərək:
– Buradan bu saat Qulunun məclisinə gedirik. Bütün intriqaları kökündən kəsməliyik! Vəssalam! Biz basılmaq üçün deyil, qalib gəlmək üçün meydana çıxdıq...
Məclisə ruh yüksəkliyi yayıldı, hər kəs özündə bir mübarizə coşqunluğu duydu. Rüstəmbəy gülərək bir əli ilə Müslümün, o birisi ilə də Həqqinin kürəyinə vurub:
– Haydı, – dedi, – bu axşam sizdən qəhrəmanlıq gözləyirəm!
Tələbələr gülümsünərək, intizamlı bir əsgər kimi dik qalxdılar. Klinikada qəribə bir cəmiyyət toplanmışdı: samovar təmir edən ləzgilər, meymun gəzdirən urmiyalılar, köhnə paltar alan tatarlar, baqqallar, dəllallar, ictimai işlərdən qaçan bir neçə həkim və tələbə isbati-vücud edirdilər. Cabbar da təbii burada idi. Verilən çay və çərəzlərin bitməsindən qonaqların çoxdan gəlmələri bəlli olurdu...
Komitə üzvlərinin yekvücud olaraq gəlmələri Qulunu şaşırtdı. Kinini gizlədə bilməyən əda ilə onlara yer göstərdi və ağızucu olaraq çay təklif etdi.
– İçmirik, sağ ol! – deyə hamı bir səslə cavab verdi. Məclisə sükut çökdü. Cabbarın yanında oturan Rüstəmbəy ona yönələrək:
– Cabbar, – dedi, – eşitdim, yer axtarırsan? Cabbarın:
– Hə! hə! – deyə gözlərinin bəbəkləri genəldi. – Varmı?
– Var! Xarici sekretarlığı yanında əqəliyyət dairəsi düzəlir. Ora səni baş katib namizədi göstərmişəm.
Cabbarın turş üzü şadlıqla parladı:
– Mən ölüm? – deyə yalvarar bir vəziyyət aldı. Cabbarın bu halından istifadə etmək istəyən Rüstəmbəy sözü dəyişdi:
– Ay Cabbar, – dedi, – bu nə oyundur?
Cabbar:
– Boş işdir. Qulu komitəyə girməyə yol axtarır, – deyə pıçıldadı. Rüstəmbəy gülümsünərək, geri çəkildi. Qulu xüsusi söhbətlərə xitam vermək üçün milli bir nitq söylədi. Axırda məclisə sədr seçilməsini təklif etdi. Rüstəmbəy:
– Qulu ağsaqqaldır, biz onu təklif edirik.
Qulu Cabbarın namizədini irəli sürdüsə də, Cabbar boyun qaçırdı.
Nəhayət, Qulu sədarətə əyləşdi. Yeni bir nitq başlandı, zamanın incəliyindən, hər bir millətin vəziyyətdən istifadə etməsindən, bizim də yatmamızdan bəhs etdi:
– Biz də çalışmalıyıq, buradakı komitənin fəaliyyətini bilməliyik, qüvvəti çatmırsa, ona kömək etməliyik... – dedi.
Ləzgilər mürgü döyür, tatarlar boşqabların dibindəki şirni qırıntılarını ağızlarına atır, urmiyalılar əsnəyir – kimsədən də səs çıxmırdı.
Cabbar da sakit oturaraq həp yeni alacağı vəzifə ətrafında düşünürdü.
Qulu məclisin kəsalətini dağıtmaq üçün ən mod, ən milli ifadələrə müraciət etdisə də, məqsədinə çata bilmədi. Nəticədə mücadilə sahəsinin bir tərəfində Qulu, o biri tərəfində isə milli komitə qaldı. Buna baxmayaraq Rüstəmbəy söz alıb komitənin fəaliyyətinə dair məruzədə bulundu. Nəticədə təsvibedici sözlər və razılıq qazandı.
Məclis dağıldı. Cabbar bir az da vaxtdan əvvəl qaçmışdı. Belə bir nəticə gözləməyən Qulu məğlub bir təbəssümlə Rüstəmbəyə yanaşıb, onun qoluna girdi:
– Rüstəmbəy, – dedi, – ə, mən ölüm, bir yerdə işləyək. Axır, ayrılıq nəyə olsun ki?
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Başqa şairlərin şeirləri
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız