Səhifə 9 / 15 · 53%

– Bu nişana and olsun, – deyirdi, – mən ömrümdə namussuz iş görməmişəm.

Ac dolanıram, qəpik-quruş toplayıb, tüfəng alıb vətənimə göndərirəm... Bir qardaşım da var – bilsəniz nə oğlandır! Ah, onu necə sevirəm!..

Cabbarın gözləri yaşardı, kirli bir dəsmal çıxarıb gözlərini sildi.

Bunu zabitlərə baxaraq nümayişkar bir şəkildə yapdı.

Rüstəmbəy salam verib, zabitlərlə görüşdü. Yan-yana oturdular.

Cabbarın səfsətələrinə xitam vermək üçün amiranə bir səslə:

– Bəsdir, görək, – deyib, zabitlərə özünü nişan verdi və xalqlar şurası üzvü olduğuna dair vəsiqə göstərmək istədikdə zabitlər bir səslə:

– Lüzumu yoxdur, biz sizə radada çox rast gəlirik, – dedilər. – Ancaq vətəndaşınızın həbsindən dolayı üzr istəyirik. Bilirsiniz, bu günlər monarxistlər üçün tüfəng gətirildiyini eşitmişik. Stansiyada əlli bağlı silah tutuldu. Şəhərdə də bir çox tüfəng əldə edilmişdir... İştə vətəndaşınızın da həbsi xırda bir şübhədən baş vermişdir.

Rüstəmbəy:

– Bu tüfənglərin Qafqaza göndərilməsi üçün alındığına əmin ola bilərsiniz.

Zabitlərdən biri:

– Kafi, məsələ aydın oldu. Ancaq bu tüfəngləri burada qoya bilməyəcəyik; bilirsiniz, polis hələ bizim əlimizdə deyil, gəlib təkrar tutarlar.

Sonra lazım olsa, biz sizə tüfəng verərik.

Zabit nəfərə tüfənglərin toplanmasını əmr etdi. Cabbar yenə bir şeylər söyləmək istədi, lakin Rüstəmbəyin işarəsini duyaraq ağzını açmağa cəsarət etmədi. Zabitlər qalxdılar, nəzakətlə əl verib otağı tərk etdilər. Nəfər də tüfəngləri çiyninə alıb yola düşdü.

Cabbar əsəbi bir halda otağı dolaşıb:

– Qardaş, sağ ol!.. Vallah, sağ ol! – deyə Rüstəmbəydən razılıq edirdi. Üzündə şadlıq deyil, pərakəndə hisslər izi dolaşırdı. Yanaqlarının quru və rəngsiz dərisi sürətlə səyriyirdi.

29

Zabitlərin tüfəng vəd etməsi bir gün sonra Quluya bəlli olmuşdu. Qulu Rüstəmbəyi tərəssüd altına alaraq atdığı hər addımı öyrənməyə çalışır, Cabbarın özünü əldə vasitə edərək Rüstəmbəyin izincə qoşdururdu.

Bir gün Rüstəmbəy İmranın mağazasında idi. Qulu hiddətli bir sima ilə içəri girib, Rüstəmbəyə yanaşdı:

– Mənim on tüfəngim gərək özümə çatsın, – deyə şəhadət barmağını Rüstəmbəyin döşünə dirədi.

Rüstəmbəy Qulunun qaba hərəkətindən incinərək, geri çəkildi.

– Nə tüfəng? – deyə onu sərt baxışla süzdü. Qulunun hirsindən dodaqları titrəyirdi:

– Mənim on tüfəngim tutulub, əvəzinə tüfəng almısınız. Bunu nə haqla edirsiniz?

Rüstəmbəy kəskin bir halda:

– Dəli olmusan... Yuxu görürsən, – deyə elə bir vəziyyət aldı ki,

Qulu susub çəkildi.

İmran Quluya qarşı itaətkar olduğuna baxmayaraq:

– Həkim, – dedi, – yaxşı deyil. Eyibdir. Rüstəmbəy təkrar hiddətləndi:

– Eyib anlayır ki?! Deyir, klinikada oturub aləmi qırxaram... Utanmaz!

İmran qovğa ehtimalından çəkinərək, Rüstəmbəyin qoluna girdi və gülər üzlə çəkib arxadakı otağa apardı. Orada Quludan qorxar kimi, yavaş səslə:

– Paho! Belə də tamahkar adam olar! – deyə için-için güldü.

Rüstəmbəy yenə danışmaq istədi, İmran əlini onun ağzına tərəf uzadaraq:

– Mən ölüm, dinmə! – deyə ricada bulundu. Rüstəmbəy sakit oldu, İmran:

– Başına dönüm, bir az otur, bu saat gəlirəm, – deyib çıxdı.

Bir neçə dəqiqədən sonra təkrar döndü. Bu dəfə daha cəsarətli görünürdü. Qulu getmişdi.

– Bu sən öləsən, Rüstəmbəy, bu zalım oğlunun əlindən zara gəlmişəm.

Bircə bu mağazaya şərik olması qalıb. Mən on ildir Kiyevdəyəm, ticarətdə hər cür adamlarla düşmüşəm. Tövbə, əgər belə adama rast gəlmişəmsə, hər nəyə əlimi atıram, deyir, gəl qazancını bölək...

Kişi nə təhər olsa doktordur, sözünü yerə sala bilmirəm... O biri tərəfdən də çalınıb-çapılıram. Xülasə, bilmirəm başımı haraya götürüb qaçım.

İmran gülərək Rüstəmbəyin üzünə sual nəzəri ilə baxdı. Rüstəmbəy sakit səslə:

– Qurddur! Qurd!..

– Uzun işdir!..

Mağazaya müştəri gəlməsi söhbəti kəsdi; İmran otağı tərk etdi. Rüstəmbəy də küçəyə çıxdı.

Ətraf adi üzrə adamla dolu idi. Qaldırımların üzərində topa-topa duran alverçilər həp alış-verişlə məşğuldular. Brilyant və qızıl əldən ələ gecən ən mod əmtəə idi. Uzaqgörən adamlar get-gedə dəyərini qaib edən kağız pullarını qızıla və brilyanta verirdilər. Bununla bərabər Nikolay parası da Kerenski bonlarına nisbətən hələ dəyərli kimi görünürdü. Qaldırımda duran alverçilərin gündəlik həyatında Nikolay parası da az-çox rol oynamada idi.

Rüstəmbəy bu səyyar bursaçıların arasından keçərək: “Donda əksinqilab”, – deyə bağıran qəzetçilərə rast gəldi. Qəzetçilərin səsinə kimsə etina etmirdi. Rüstəmbəy düşüncə içində yürüdü.

30

Rüstəmbəy milli komitənin iclasını açdı. Bütün üzvlər gəlmişdi. O dedi:

– Yoldaşlar, məsələlərimizin həllinə keçmədən əvvəl, sizi günün yenilikləri ilə tanış etmək istəyirəm. Şəhərə bir fransız missiyası gəldiyini bilirsiniz. Ətraf xalqların təşkilatları bu missiya ilə əlaqəyə girişmişlər.

Ermənilər bunların köməyi ilə əsgəri təşkilat qururlar. Gürcülər də rahat durmur, zənnindəyəm. Biz də bu barədə xətti-hərəkətimizi təyin etməliyik. General Mametoviçlə görüşdük, lakin müsəlman korpusuna qarşı nə cür davranacağımız bəlli olmadı. Bakı ilə əlaqəmiz kəsilmişdir: qəzetlər vaxtında gəlmir. İki gün əvvəl teleqraf vasitəsilə danışmaq istədim, müvəffəq ola bilmədim; çünki Rostov cəhətində yol xarab olmuşdur. Qara dəniz xətti də işləmir. Bakıda olanları bilmirik.

Adammı göndərəcəyik, ya başqa vasitə arayacağıq – bunları indidən kəsdirmək istəmirəm. Hər halda əlaqə lazımdır. Yaxında xalqlar şurasının geniş müşavirəsi olacaq. Yerlərdən vəkillər gələcək. Buna da hazırlanmalıyıq.

Hərə bir nitq söyləməlidir...

– Bizmi? – deyə Müslüm Həsənoğlunun üzünə baxdı. Rüstəmbəy sözlərinə davam edirdi:

– Siz! Siz! Bilmirəm nə vaxta qədər cürətsizlikdə davam edib danışmayacaqsınız?

Həqqi qızararaq:

– Rüstəmbəy, – dedi, – böyük-böyük adamların qarşısında biz nə

edəcəyik?

Rüstəmbəy gülümsünərək:

– Canım, hərə öz dərdini deyəndə, siz də özünüzünkünü anladarsınız. Bunda nə çətinlik var?

Hamı bir-birinin üzünə baxdı. Həsənoğlu:

– Çətin işdir, heç bir məclisdə çıxışda bulunmayan adam üçün birdən danışmaq gücdür.

Rüstəmbəy ehmal səslə:

– Xalq şurası, – dedi, – xırda bir şeydir. Burada yavaş-yavaş danışıb açılışın. Bu sizin üçün bir hazırlıq məktəbidir. Gec-tez öyrənməlisiniz, ya yox?

Bir-iki yerdən:

– Öyrənməliyik, – deyə cəsarətsiz səslər eşidildi. Rüstəmbəy nitqini bitirib, məsələlərin müzakirəsinə keçdi. Həmişəki kimi üzvlər yenə az danışıb həp Rüstəmbəyin rəyini təsdiqə çalışdılar. Müsəlman korpusunun əleyhinə qərar çıxarıldı. Korpusa qarşı geniş bir təbliğat yapılması qət olundu. Fransız missiyasına müraciət etmək lüzumsuz göründü. Bakıdan xəbər bilmək üçün Həqqinin oraya göndərilməsi qərarlaşdırıldı.

31

Xalqlar iclasının geniş müşavirəsi Ukrayna cümhuriyyətinin elanına isabət etdi. Axşam radanın təntənəli iclası oldu. Xalqlar vəkilləri heyəti-rəyasət oturan yerin arxasında yerləşmişdi. Rüstəmbəy də birinci sırada oturub, söylənilən atəşin nitqlərə qulaq asırdı. Yaxındakı gürcü vəkili cib dəftərindəki notlarına baxaraq təbrik nitqinə hazırlanırdı.

Bir də dəftərini yumub cibinə qoydu.

– Rüstəmbəy, – dedi, – doğrusunu deyim, ukraynalılara qibtə edirəm.

Bax, cümhuriyyət elan etdilər; orduları var, idarələri milliləşdirirlər. Rüstəmbəy təsəlli verərək:

– Zərər yoxdur, bizdə də olar, – dedi. Gürcü başını tərpətdi:

– Hələ ki olmur. Şərait başqadır. Etnoqrafi qitələri ayırmalı, milli təzadlar təsviyə olmalı... Uzun məsələlər var, – deyə gürcü köksünü ötürdü. Sonra huşsuz bir halda, nitq söyləyən bir hərbini süzərək, əlini jiletinin cibinə soxdu.

Gürcünün nitqə qulaq asması halından duyulurdu. Fikrə dalaraq saatının altun zəncirini əlləşdirirdi.

– Azərilərin də halı məni az düşündürmür, – deyə Rüstəmbəyə pıçıldadı.

– Türk xalqı bizim olaydı, görəydiniz; sizin ziyalılarınız bir qəpiyə dəyməzlər. Hamısı qərəzli, xudpəsənd, tənbəl hamıdan çox adını eşitdiyimiz Əliyarbəy deyilmi? Boş lovğalıqdan və rəyasətpərəstlikdən başqa ayrı bir məziyyəti varmı?.. Heyf o millətə!.. Bilirsiniz, sizin işiniz axsadıqda bizimki də axsayır.

Gürcü dərdlərini qırıq-qırıq söyləyərək, yerində rahatlıq tapa bilmirdi.

Axırda ayaq üstə durub, vizitkasını düzəltdi və nitqləri alqışlarla qarşılayan camaata tamaşa etməyə başladı.

Saat on ikiyə yaxınlaşırdı. Nitqlər bitmişdi. Sədr qalxıb:

– Təbrik üçün Gürcüstan vəkili... yoldaşa qısa söz verilir, – deyib oturdu.

Alqış radanı titrətdi. Gürcü həyəcan içində xitabət kürsüsünə yanaşdı. Nitqi bir saat davam etdi.

32

Ətraf millətlərin təşkilat qurmaları, bəzinin fransız missiyası ilə əlaqəyə girməsi Qulunu şübhələrə sövq edirdi. “Milli komitə də, yəqin, bir yerdən pullar alır”, – deyə düşünür, əzab içində boğulurdu. Bu sirri bilmək üçün o hansı vasitələrə əl atmırdı? Milli komitənin gənc və təcrübəsiz üzvlərindən istifadə etmək üçün onları ayrı-ayrı qonaq aparır, danışdırır, onları Rüstəmbəyə qarşı təhrik etdirir..., nəticədə əlinə əməli bir şey gəlməməsindən rahatsızlığında davam edirdi. Bir gün Həqqini qəhvəxanaya apardı, doyunca yedirdikdən sonra dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 dəq
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 dəq
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 dəq
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 dəq

Başqa şairlərin şeirləri