Səhifə 5 / 8 · 50%

Gəlsələr, bu torpaqda nizam və intizam olar. Bir daha bu axşam yapılan vəhşətə yer qalmaz...

Rüstəmbəy qadının şikayətlərini eşidər-eşitməz haman məsələni tədqiqə başladı – xanım tamamilə haqlı imiş. Ən qiymətli ağaclar yolunub tökülmüş, çiçəklər tapdadılmışdı. Köşkün dörd tərəfi nəcisdi.

Zirzəmidə qədim şərabı içməkdən başqa, qabları sındırıb yerə atmışdılar. Bir çox yerdə qapı və pəncərələri belə sağ buraxmamışdılar.

Xülasə, köşk talan edilmiş yəhudi evlərini andırırdı...

Rüstəmbəylə Vanya bölük müdirlərini çağırıb, məzəmmət etməyə başladılar. Rüstəmbəy:

– Qaldığımız yerlərdə ən acı təsirlər buraxırıq. Baxın, vaxtilə Rusiyaya ilhaq etmək istəyən rusinəri belə pozulub geri qaçmamızla sevindirdik.

Səbəbi göz qarşısında, – deyə Rüstəmbəy əli ilə güllüyü və zirzəmini göstərdi...

Vanya onun sözlərini kəsərək:

– Biz hakimiyyətin proletariata verilməsini tələb edirik; çünki proletariat hakimiyyətinin əməkçilərə xoşbəxt həyat təmin etməsinə inanırıq. Belə tələbdə bulunduğumuz halda xuliqanlığa yer verməyə haqlıyıqmı? Mən də zülmlə yapılmış bu kaşanələrə düşmənəm. Lakin sizin adamların yapdığı tərzdə deyil. Biz gözəl binalar, bağ-bağçaları, abadanlığı yıxmayacağıq; içindəkilərin hakimiyyətini qırdıqdan sonra mülklər zəhmətkeşlərin olacaq. Bu evlərdə işçilər istirahət edəcəklər.

Bu gün-sabah bizə keçəcək abadanlıq pozulurmu? Öz malına qarşı düşmən kəsilmək şüursuzluğumuzu göstərmirmi?..

Boris məzəmmətdən dilgir olaraq:

– Vanya, – dedi, – bizimkilərin yıxıcı olduğunu yenimi görürsən?

Bunlar həmişə belədir. Bunu gözəlcə bilirsən. Yenə əvvəllər cərimələmə ilə qorxudurduq; indi mujik heç bir şeydən qorxmur. Cəzalanmaq üçün qovsan, daha da sevindirərsən; çünki yaxalarını bizdən çoxdan qurtarmaq istəyirlər. Bunları qorxudan başqa bir cəzan varmı?

Yoxdur.

Vanya:

– Onlarda sinfi duyğu oyadın! – deyə bağırdı.

Boris:

– İştə, oyatdıq, – dedi, – zadəganlar düşmənimizdir, deyə belə edirlər.

– Bu, firqənin xətti-hərəkətini anlamamaq deməkdir, – deyə

Vanya əllərini havada oynadıb yanına saldı...

Gözətçi qadının yanında uzun-uzadı münaqişə oldu. Kimsə kimsəni qane edə bilmədi. Nəticədən də bir şey çıxmadı. Yalnız işçilər deyil, əməkdaşların da zaldan bir çox şey “çırpmaları” yolda bəlli oldu.

Bu dəfə Rüstəmbəy əməkdaşlarına qarşı sərzəniş oxları yağdırmağa başladı. Ortalıqda kəskin münaqişə vücuda gəldi. Rüstəmbəy rus düşmənçiliyi ilə belə ittiham olundu. Musya Rüstəmbəyin müdafiəsinə qoşdu.

– Siz hamınız qərəzlə danışırsınız, – dedi. – Heç kəs qəbahətini etiraf etmək istəmir. Biz mədəni deyilik, vəssalam. Qalitsiyada öz xristian və slav qardaşlarımız bizdən razı qaldılarmı? Qalmadılar. Polyaklar qədimdən bizə düşməndilər; rusinləri də düşmən etdik; çünki bizim vəhşət və yıxıcılığımıza kimsə dözə bilmir..

Əməkdaşlar arasındakı münaqişə və gərginlik yeni düşərgəyə qədər davam etdi.

13

Karvan dayandı, əməkdaşlar arabalardan tökülüb, qəsəbəyə getdilər. Əksəri yəhudi dükançılarından ibarət olan bazar kir və üfunətdə batmışdı. Əməkdaşlar hər şeydən əvvəl qəzet arayıb, böyük maraqla oxudular. Alman hücumunda davam edirmiş. Ordu pozulmuş və bir çox yerdə əsgərlərin zabitləri öldürməsi baş vermişdi. Bunun önünü almaq üçün yenicə baş komandan təyin olunan general Kornilov hürriyyət elanı ilə ləğv olunan ölüm cəzasını təkrar ehya etmişdi...

Rüstəmbəy bu qərarı təsvib edərək, intizamın bərpa edilməsinə ümid etdi; lakin fikrini kimsəyə açmadı.

Əməkdaşlar qəsəbəni dolaşıb zəruri hesab olunan bəzi şeylər aldılar. Geri dönərkən kirli bir pəncərədən gələn gurultulu çocuq səsləri nəzərlərini cəlb etdi. Qapıdakı səliqəsiz lövhədən buranın yəhudi məktəbi olması meydana çıxdı. Rüstəmbəylə Musya içəri girdilər.

Səsdən qulaq tutulurdu. Fəna qoxu ürək bulandırırdı. Xırda, tozlu otaq yan-yana sıxılmış çocuqlarla dolu idi. Birisi ortada durub, əlindəki çubuğu havada oynadır, uşaqlar da çubuğun qorxusundan əllərindəki kitablara baxaraq bağırışırlardı. Başı araqçınlı ravvin yuxarıda oturub, yazı ilə məşğuldu... Rüstəmbəy çocuqluqda oxuduğu mollaxananı xatırladı.

O biri əməkdaşlar küçədə oturub, Rüstəmbəylə Musyanı gözləyirdilər.

Bunlar gələr-gəlməz yola davam etdilər. Rüstəmbəy Vanyaya müraciət edərək:

– Vanya, – dedi, – günəş batmadan karvanı yerləşdirməliyik. Buralar çox murdardır. Bir yaxşı yer axtarmalı.

Vanya:

– Atı yəhərlədib özüm getməliyəm. Yəqin yaxında köşk var, bunsuz deyil.

Karvanın durduğu yerə dönüb Vanya ilə Voronov atlanıb getdilər.

Yarım saat sonra karvan mütəvaze bir köşkün yanında yerləşdi. Köşk sahibləri rus idilər. Qonaqları məmnuniyyətlə qarşıladılar.

Əməkdaşlar evin ikinci mərtəbəsindəki uzun balkonda yerləşdilər. Balkonun önünü sarmaşıq örtmüşdü. Ətraf bağlıqdı. Hər yerdə pintilik və tənbəllik izi gözə çarpırdı. Bağ və xiyabanları alaq basmışdı. Qurumuş ağaclar kəsilməmiş dururdu. Evdəki nökərlər cır-cındır içində idi. Sarısaqqal, alçaq boylu ev sahibinin üzünə sərxoşluq damğası basılmışdı...

Nataşa ilə Voronov yemək tədarükünə düşdülər. Qaynar suda qızdırılmış konserv qutuları açıldı. Əməkdaşlar yuyunub, yeməyə oturdular.

14

Axşam yeməyindən sonra Zina nazlanaraq:

– Ah, bir dondurma olsa da! – deyə Vanyanın üzünə baxdı. Vanya gülümsündü; lakin heç bir təşəbbüsdə bulunmadı. Zina darılan kimi:

– Eh, siz fəna kavalersiniz, – dedi və ağzını büzdü. Bu sözlərdən sonra Boris yerindən qalxıb, balkondan aşağı endi. Bunun getməsinə

kimsə əhəmiyyət vermədi. Rüstəmbəy:

– Aydın gecədən istifadə etməmiz yaxşı olmazmı? – deyə meydana bir təklif fırlatdı. Sanki ruhlardan xəbər verdi. Əməkdaşlar qalxıb bağa endilər. Xiyaban basırıq və bürkü idi. Taxıl tarlasına çıxdılar.

Uzaqdakı meşəlik təpəyə qədər uzanan tarla dərz tayaları ilə möhtəşəm bir şəkil almışdı. Havada ruh oxşayan bir sərinlik vardı. Ayaqların altında xışıldayan küləş bir ritm vücuda gətirərək, bədirlənmiş aya qarşı duakar hisslər duydurar kimi görünürdü. Təbiətdə əsrarəngiz bir cazibə vardı. Bu cazibə gənclərin qəlblərində əks edərək, hərəsini tənha bir guşəyə sövq edirdi. Rüstəmbəylə Musya sağ tərəfdə yüksə-

lən bir təpənin ətəyinə sığınaraq, gözəl mənzərənin tamaşasına daldılar.

Zina ilə Vanya yavaş addımlarla uzaqlaşırdılar; Kasparyanla Olesya

qaib olmuşdu.

Rüstəmbəy təbiətdən nəşələnərək:

– Musya, – dedi, – bu yer xoşunuza gedirmi?

– Ah, çox gözəldir!

– Burada bir neçə gün istirahət edərik; ev sahibləri də qonaq sevəndirlər, qalmağımıza məmnundurlar.

– Yol bizi çox yordu. Doğru, mən hüdudumuzu keçənə qədər qorxurdum.

Rüstəmbəy gülümsəyərək Musyanın əlini əlinə aldı:

– Nədən? Mən sizinlə deyilmi idim?

– Orası düz, ancaq sizi hələ dürüst tanımırdım... Lakin sizə o qədər inanırdım ki, “öl” deyəydiniz, ölməyə hazırdım...

Musyanın səmimi sözləri Rüstəmbəyin hisslərinə toxundu. Musyanın ucları soyumuş barmaqlarını dodaqlarına götürüb öpdü və sonra yanağına söykəyərək, qızın aşağıya doğru baxan gözlərinə tamaşa etməkdən çəkinə bilmədi. Bir neçə sakit dəqiqə keçdi. Musyanın Rüstəmbəyin yanağına söykənmiş nəbzi yuvasını itirmiş, quş kimi çırpınırdı.

Rüstəmbəy onun əlini təkrar öpərək yavaş səslə:

– Musya, – dedi, – indiyə qədər eşq nə olduğunu duydunuzmu?

Musya hüznlü baxışla Rüstəmbəyi süzərək:

– Son günlərə qədər belə bir hissi duymamışdım... Musyanın sözləri qırıldı, səsi titrədi. Nəbzi daha da çırpındı. Rüstəmbəy də vücudunda bir titrəyiş duydu. Bir də sol tərəfində oturan Musyanı özünə tərəf cəlb edib üzünü onun alovlu yanağına qovuşdurdu... Odlu damlalar üzünü islatdı. Rüstəmbəy məst bir halda çəkilib Musyanı süzdü və onun göz yaşlarından doğan səadətə qarşı atılaraq, dodaqları ilə dodaqlarını buldu. Sanki qətrə çoxdan həsrətində bulunan dənizə qovuşaraq, sakit oldu. Bütün maddi varlıq nisyan qarşısında əriyib yox oldu. Bədirlənmiş ay belə iczindən susmuşdu...

Borisin qısqanc erkək fəğanları ilə dolu səsi Rüstəmbəyi ayıltdı:

– Musya, – dedi, – görürsən, Boris Zinanı arayır.

Musya:

– Tühafdır, bu Zina ərini sevmirmi?

Rüstəmbəy istehza ilə:

– Sevir, Vanyanı ondan daha çox sevir, – deyə güldü.

– Bunu anlaya bilmirəm: iki adam sevilərmi?

– İştə, görürsən, sevilir.

– Bu, əxlaqsızlıqdan başqa bir şey deyil!..

Borisin şərqisi fəğanlar yaymaqda davam edirdi. Buna cavab olaraq:

– Boris! Boris! Ey!.. Buraya gəl! – deyə Zinanın səsi eşidildi.

Bir az sonra Kasparyan da uzaqdan səsləndi. Rüstəmbəy cavab verdi.

– Vaxtdır! – deyə təkrar Kasparyanın səsi eşidildi. Rüstəmbəy ayağa qalxıb, Musyanı da qaldırdı. Yavaş-yavaş Zinanın səsi gələn dərəyə doğru yürüdülər. Oraya çatdıqda tühaf bir mənzərəyə rast gəldilər.

Borislə Vanya ağlayırdılar. Boris deyirdi:

– Vanya, sən mənim dostum və yoldaşımsan; səni bilirsən, sevirəm...

Vanya da göz yaşlarını silərək:

– Mən də səni sevirəm... Zinaya qarşı da eyni hiss bəsləyirəm...

Rüstəmbəy bunların xüsusi işlərinə qarışmaq istəməyərək, geri döndü və rast gəldikləri Kasparyanla Olesyanı da geri çevirdi.

Hər kəs keçirdiyi axşamın təsirinə düşərək sükut içində idi.

Evə gəldikdə masanın üzərində bir qab dondurma gördülər – Borisin at üstündə qəsəbədən gətirdiyi bəlli oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Divanə

Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.

4 dəq
Müsəlman arvadının sərgüzəşti

«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.

3 dəq
Cuma axşamı

Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».

5 dəq
1905-ci il

Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!

2 dəq

Başqa şairlərin şeirləri