İkinci kitab, üçüncü hissə
Səhifə 7 / 8 · 75%
– Yayı işləyirsiniz, bəs qışda nə qayırırsınız?
– İş olanda ərim ağalıqda işləyir.
– Gündə neçə qazanır?
– On qəpik.
– Taxılınız olmayan il olurmu?
– Olur.
– Onda nə edirsiniz?
– Eldən borc alırıq. Bəzən burada yəhudilər və müamiləçi ruslar var, onlardan nisyə olaraq satın alırıq. Xırmana qədər gözləyirlər.
– Bahamı satırlar?
– O, çox! Bəzən birə üç qiymətə. Onların borcundan çıxmaq çətin olur; çünki öz torpağımız azdır, ağadan icarəyə götürürük: məhsulun yarısı da ağaya çatır.
Rüstəmbəyin marağı bir az söndü. Qadından razılıq edib, ağır havalı komanı tərk etdi. Bağçanı bürüyən günəşli hava üzünə çarpıb onu sevindirdi. Gilənar ağaclarının altında titrəşən sarı ləkələr ona olduqca yeni və cazibəli göründü.
Rüstəmbəylə Musya bir neçə komaya da girdilər. Bir-birinin eyni.
Yalnız bəzisi təmiz, bəzisi isə olduqca kirli idi. Bir neçə yerdə mujiklər samoqon arağı çəkirdilər. Keflilərə də rast gəldilər. Həftələrcə içənlər varmış.
Kəndin ortasına çatıb, kilsənin yanında oturdular. Bir-iki dilənçi gəlib bunların qarşısında diz çökdü və Rüstəmbəyin əlindən öpmək istədi. Rüstəmbəy əlini kənara; çəkərək, ciddi səslə:
– Ayağa durun, sonra məramınızı anladın! Dilənçilər qalxıb, xaç çəkərək təzim etdilər. Rüstəmbəy onlara pul verib yola saldı və sonra Musyaya müraciət edib:
– Musya, – dedi, – bu mujiklərin qulcasına davranmalarını heç də sevmirəm. İdarədə də belədirlər; sözlərini demədən əvvəl masanın qarşısında dizi üstə düşüb əl öpərlər.
– Təbii deyilmi? Əsrlərcə qüvvətlilərə qul olmuşlar. Üzərlərində əsarətin izini daşıyırlar.
– Mujiki xəşin deyə təsvir edirlər. Bu nə qədər doğrudur?
– Mədəni olmayanların hamısı belə deyilmi?
– Yox. Rus mujikinin başqa bir xüsusiyyəti varmış: yıxıcılıqla məşhur imiş. Hər halda mujiki ətrafı tanıyan rus münəvvərləri bunları mənə belə tanıdıblar. Cəbhədə gördüklərim məndə bu qənaəti qüvvətləndirdi.
– Deyirlər, mujik üçün ibadətlə cinayət eyni məna ifadəsi imiş: mujik ibadətini buraxıb cinayət yapar, sonra ibadətinə davam edərmiş...
Musya məyus bir halda ağzını burdu..
– Nə deyim? – dedi. – Mən şəhərliyəm, mujiki yaxşı tanımıram.
Ancaq mujik haqqında rəylər ələləksər mənfidir. Mujik yalançı, ikiüzlü, hiyləgər, tənbəl və oğrudur deyirlər. Amma yüz milyonluq mujikin hamısımı belədir? Rus klassikləri biləks bunları müsbət və Allah qorxusu daşıyan kimi təsvir edirlər.
Evə dönənə qədər mujik ətrafında danışdılar. Rüstəmbəy sektantlardan bəhs açıb, onların hakimiyyətə zidd olduqlarını söylərək:
– Məncə, – dedi, – bunlara yalnız şiddətli bir hökumət intizam öyrədə bilər. Liberal hökumət mujik inadına qalib gələ bilməz!..
Musya susaraq Rüstəmbəyi dinləyib, ağlı irmədiyi məsələlərin həllinə qalxışmırdı. Daha doğrusu, Musya şən, könülaçan söhbətlər dinləmək istəyirdi.
18
Proskurovun ətrafındakı yollarda qaçıb dağılan əli tüfəngli soldatın sayı-hesabı yoxdu. Üç ildən bəri bir zümrənin faydası üçün cəbhədən-cəbhəyə sürüklənən işçi və kəndli, nəhayət, bir imkan bulub, müharibə dəhşətlərindən yaxasını çəkərək, evinə, pərişan ailəsinə qovuşmaq istəyirdi. Bütün verilən vədələr, coşdurulan vətən hissi, təhdid və cəza bu böyük axına qarşı sədd çəkməyə qadir deyildi. Baş komandan Kornilovun ölüm cəzasını ehya etməsi kimsənin nəzərini belə cəlb etmir, papaqlarında kəllə əlaməti olan “ölüm alayları” da hərc-mərcliyin önünü almaqdan acizdi.
Cəbhədən qaçanlar Proskurova toplanırdılar; şəhər və ətrafı cürbəcür idarələr və təşkilatlarla dolmuşdu. At, araba, avtomobil, ənva alaylara mənsub süvari və piyada qoşun hissələrinə hər addımda rast gəlinirdi. Bir düzəngahda düşərgə yapan “vəhşi diviziya”nın bir bölüyü hər kəsi maraqlandırırdı. Bunlar dairə təşkil edərək, zurna çalıb oynayırdılar. Ətraflarında böyük bir izdiham vardı. Bunların ləzgi qiyafəsi, mahir rəqsləri, bağırtı və şənlikləri Musyanı olduqca maraqlandırmışdı.
Qazalağı saxladıb qozluya söykənərək, tamaşa edirdi.
Arabir içini çəkərək Rüstəmbəyin qolundan dartır və rəqs edənləri göstərib, sevincindən az qala bayılırdı.
Rüstəmbəy isə maraq deyil, nifrətlə tamaşa edirdi. Bunların Qafqaz şəhərlərindəki sərsərilərdən olduğunu və cəbhədə düşməndən çox sülhpərvər əhaliyə qan uddurduqlarını bilirdi. Qalitsiyanın hər bir kəndlisi onları dəhşətlə xatırlayırdı.
Rüstəmbəy vəhşilərin “fəzilətlərini” çox eşidib bıkmışdı. Odur ki, Musyanı məmnun buraxmaq üçün arabir gülümsəyir, lakin üzündən kin yağırdı. Azərbaycan türklərinin bunlara qarşı ümidlər bəslədiyini xatılrlayaraq, yasa batdı və atları çevirib, karvanı izləməyə başladı.
Karvan Proskurovda yer tapmayıb, açıq havada qalmışdı. İrəliki gün yağış yağmış, palçıq dizə çıxırdı. Buna baxmayaraq, düşərgə qərar verilib, zemstvo baş idarəsi aranılmağa qoşuldu.
Şəhərdə un, qənd, ayaqqabı, at ticarəti böyük meydan almışdı. Dəllallar köçlərin arasını dolaşaraq, zəmin hazırlayır, gecələr də mal qaçırırdılar. Ərzaq böhranlarından istifadə edərək, dövlət malları əldən ələ keçirdi.
İkinci gün Musya ilə Olesya baş idarələrini tapıb, Kiyevə dönmələrinə əmr almışdılar. Bundan əvvəl Musya Rüstəmbəylə şəhərə getdi. Musya anasına teleqraf göndərəcəkdi. Bir-iki saat şəhəri dolaşdılar.
Musya Rüstəmbəyi ən gözəl, iki tərəfi çiçək bağçalı küçələrdən apararaq onu eşq və hörmətlə dinləyirdi... Lakin Rüstəmbəy Musyanın verdiyi suallara düşünərək cavab verib onu qane etmirdi. Rüstməbəyin yoldakı rəftar və hərəkəti Musyanın ürəyində bir ümid doğurmuşdu.
İndi Musya bu ümidin bir söz, bir vədlə təsdiq edilməsini gözləyirdi. Rüstəmbəy isə buna yanaşmırdı.
Nəhayət Musya açıq olaraq:
– Sabah mən gedirəm, siz bir az da olsa mənim yoxluğumdan kədər duyacaqsınızmı? – deyə mənalı baxışla Rüstəmbəyi süzdü.
Rüstəmbəy gülümsünərək:
– Musya, bu suala cavab vermək üçün bir müqəddimə etməliyəm.
Mən dosta, bilxassə qadın dostuma tez alışıram; lakin bu alışmanın özündə bir acı duyuram: çünki qəlbim deyəni ağlım və ağlım deyəni qəlbim inkar edir. İştə bu dəruni təzad məndə əzab hissi doğurur. Sizinlə ilk görüşəndən bəri əzab içindəyəm. Bu əzabın yeganə əlacı... ayrılıqdır...
Musya izəəti-nəfsinin xətərlənməsini duyaraq, sərzənişlə:
– Deməli, ayrılmamızı səbirsizcəsinə gözləyirsiniz, – dedi və gözləri yaşardı.
Rüstəmbəy Musyaya təsəlli verərək:
– Yox, əzizim, – dedi, – fikrim anlaşılmadı. Hər bir fərd söylədiyi sözü və hərəkəti üçün məsuldur. Qəti bir söz söyləsəm, yerinə yetirməliyəm.
Boş vədləri sevmirəm...
Musya yenə qeyri-məmnun bir halda onun sözlərini kəsdi:
– Deməli, bu on beş günlük dostluğumuz, hərəkətimiz və ifadələrimiz yalnız boş bir əyləncə imiş.
Rüstəmbəy cəld:
– Yox, nə üçün? Hiss coşmazmı? Coşdu... Qəlblər yuvalarından uçub bir budağa qondu... Gəncliyin iqtizası bu.
– Deməli qəlblər yenə yuvalarına dönməli; çünki boş-boşuna uçmuşlarmış...
Rüstəmbəy etdiyi müqayisəni canlı olaraq təsəvvür edib gülməyə başladı. Gülüşü Musyanı büsbütün dilgir etdi. Hiddətindən əlini Rüstəmbəyin qolundan çəkib, bir neçə addım ön tərəfə yürüdü. Rüstəmbəy arxadan onu süzdü. Musyanın yolda əzilmiş paltarı, ənsəsində sual işarəsi kimi qıvrılmış tükü, palçıqlı, bir az da dabanı getmiş uzunboğaz çəkməsi ona olduqca gülünc göründü. İçində bir acı duydu.
Mətanətsiz addımlarla bir müddət yürüdülər. Bir az sonra Musya ayaq saxlayaraq, geri çöndü. Qara kirpikli parlaq gözləri ilə Rüstəmbəyə baxdı, alt dodağını dişlədi. Gülləri solduran yanağında lətif bir çökək zühur etdi: “Qəlbim, həyəcanım, bütün varlığım həp sənindir!” – deyən kimi oldu.
Rüstəmbəyin üzü parladı. Ürək çarpıntılarından eşidilməz bir ifadələr qoparaq Musyanın həyəcanlarına qarışdı. Qadın hissi qane olmuşdu.
Qollar bir-birinə yenidən sarıldı və mətin addımlar onları düşərgəyə doğru sövq etdi.
19
Qazalaq Musya ilə Olesyanı vağzala gətirdi. Rüstəmbəy və Kasparyan onları təşyi edirdilər. Şeyləri vaqona qoyub, platformaya endilər.
Rüstəmbəy vaqonun bir başında, Kasparyanla Olesya da bir az uzaqda durmuşdular.
Musya əli ilə Rüstəmbəyin qoluna təmas edərək:
– Rüstəmbəy, – dedi, – bax, tez-tez yazınız! Gözləyəcəyəm.
– Yazaram. Hələlik Nikolay küçəsindəki meyvə mağazasına yazın, otaq tutduqdan sonra yeni adresimi bildirərəm.
– Yaxşı!.. Yol elə ağır keçəcək ki...
Rüstəmbəy Musyanın səsindəki hüznü duyaraq:
– Keçməz. Öyrənərsiniz. İnsan hər bir şeyə qələbə çalan bir məxluqdur, – dedi.
Musya bu fikrə şərik olmayan bir tərzdə:
– Yox, Rüstəmbəy, mən o məxluqdan deyiləm, – dedi, gərdənini bir az əydi və çocuq kimi dabanının üzərində sol və sağa fırlanmağa başladı. Rüstəmbəyə baxaraq, üzündəki hüzn əlamətləri şadlıqla əvəz olundu.
Bir də Rüstəmbəyin frençinin düyməsindən yapışıb:
– Mən ölərəmsə, ağlarsınızmı? – deyə dodaqlarında tühaf bir təbəssüm oynatdı.
Rüstəmbəy gözləmədiyi bir suala qarşı:
– Mən sizi, – dedi, – daima gənc, şən, lətif həyəcan da cilvələnən təsəvvür edirəm. Sizə matəm süsü yaraşmır...
Musya peşman kimi:
– Yox, yox, zarafat edirəm, – deyə ayaqlarının ucları ilə yarımdairə yapdı.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-ikinci-kitab-ucuncu-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Cuma axşamıKərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Taxıl bitkiləriÇəltik deyir:**Taxılların başıyam,