Güllü paltar mövsümü
Səhifə 6 / 7 · 71%
IV
Və dəhşət orasında deyildi ki, o güllü donlu qızın Canəli müəllimə verdiyi bilet deyildi, kağız idi. Dəhşət burasında idi ki, o kağız Canəli müəllimin öz xətti ilə yazılmışdı: “Əvvəla, atəşin salamlar olsun Buzbulaq xalqının böyük oğluna. İkinci sizə məlum olsun ki, bu qızın adı Dilarədir. Bundan qabaqkı imtahanlardan iki yağlı beşi var bunun. Bir “beş” sizdən, bir “üç” bizdən. Bağışla, imtahandan qabaq tapmadım səni. Böyründə, bir divar bu yanda tarixdən imtahan götürürəm. Siz tərəfdən bir qulaq kağız bəsdir. Şəxsin adı-familiyası. Yaz ver qıza, çatdıracaq mənə. Şanlı ədəbiyyatçılarımıza eşq olsun! Fəti”.
Fəti – Fətdah idi. Bundan ötrü fikirləşməyə ehtiyac yox idi. On il Buzbulaq məktəbində o həmişə “Fəti” olmuşdu, Buzbulaqda onun adını Fəti çağıranlar indi də çox idi... Bəs bu xətt, aman Allah! Canəli müəllimin xətti... Deməli, Fətdahın xətti o vaxtdan dəyişməmişdi. Üçüncü sinifdən ta yeddinci sinfi qurtaranacan onlar eyni partanın dalında oturmuşdular. Üçüncü sinfəcən Fəti hələ hərfləri də əməlli yaza bilmirdi. Səni görüm kaftarlayasan, Zinyət Şəkərək qızı. Üçüncü sinifdə, ikinci rübün başlanğıcında təzə üsul tətbiq elədi: “İrəlidə gedənlər geridə qalanları çəksin arxasınca! Buzbulaq məktəbində bir nəfər də zəif şagird qalmamalıdır”. Sinfi ələk-vələk eləyib, şagirdlərin yerini bir-bir dəyişə-dəyişə o gün Zinyət Şəkərək qızı Fətini gətirib Canəli yazığın yanında oturtdu. O gündən Canəli yazdı, Fəti köçürtdü. Hesabı da, imlanı da. Evdə də, sinifdə də. Və hələ onlar dördüncü sinifdə oxuyanda günlərin bir günü Canəli baxıb gördü ki, Fətinin xətti onun xəttinin tam eyndir. Sonra bunu Güləli müəllim də gördü. Bunu görəndə Güləli müəllim Fətinin yerini dərhal dəyişdirdi, amma təəssüf ki, gec idi (Güləli müəllim yuxarı siniflərdə dərs deyirdi). Güləli müəllim Fətinin yerini dəyişdirəndə onlar səkkizdə oxuyurdular, Canəlinin öz xəttini dəyişməkdən savayı əlacı yox idi. Və Canəli çox çalışdı, ancaq xəttini dəyişə bilmədi. Sonra əl çəkdi bu işdən, unutdu bu məsələni. Amma Fətinin hər gün məktəbə gətirdiyi və məktəbdən çıxandan sonra da, evdən çırpışdırdığı yağı, çörəyi, pendiri Canəli uzun müddət unuda bilmədi... Onda Fətinin dədəsi Kərim kolxozun anbardarı idi. Onda Buzbulaq kolxozunun sədri Əli oğlu Səməndər idi. Aha, tapdıq ki, Canəli müəllim... Pah atonnan: Gülül!
O gülün nə gülü olduğunu nəhayət ki, yadına salıb ürəkdən sevinən Canəli müəllim əlində tutduğu kağızın kağız, ya imtahan bileti olduğunu da bir müddət yadından çıxartdı. Canəli müəllim bu dəfə qızın donuna rahat baxdı, cəsarətlə baxdı. Sonra Canəli müəllim qızın üzünə baxdı və onda başa düşdü ki, əlində tutduğu imtahan bileti deyil, Fətdahın göndərdiyi kağızdır.
– “Bir “beş” sizdən, bir “üç” bizdən...” “Beş” – “beş”di, bəs “üç” nədi? Bəlkə demək istəyir ki, yəni sən bu işi düzəltsən, sənə “kafi” qiymət düşür. Bəs onda “kafi” niyə? Hə, deməli bu da onun zarafatıdır. “Kafi”. Tfu!.. Ay qız, sən keç otur hələ! Görürəm, hazır deyilsən.
O qızı bu imtahan zalında niyə bir də oturtduğunu Canəli müəllim uzun müddət dərk eləyə bilmədi. Yəqin ki, əlacsızlıqdan belə elədi. Vaxt qazanmaqdan ötrü. Düşünüb, bir qərara gəlmək üçün. Və qız keçib o partanın dalında təzədən oturanda Canəli müəllim başa düşdü ki, düz hərəkət eləyib. Gördü ki, vəziyyətdən çıxmağın yeganə yolu da elə budur: sakit, davasız-dalaşsız, bir kəsi duyuq salmadan, imtahanın gedişatını zərrə qədər də pozmadan. Elə bil heç nə olmayıb. Elə bil heç bir kağız-zad da yoxdu ortada. Amma oturub imtahana hazırlaşanlar qızla müəllimin arasında nəsə bir kələk olduğunu, deyəsən, hiss eləmişdilər. İşin bircə bu tərəfi pis idi. O uşaqların qabağında fırıldaqçı qiyafəsində oturmaq Canəli müəllim üçün çətin idi, yaman çətin idi.
Sonra Canəli müəllimin qabağında rəngi-rufu ağarmış bir oğlan gəlib oturdu. Canəli müəllim gülümsədi. Gülümsədi ki, oğlan qorxmasın. Gülümsədi ki, gedib yenə axırıncı partada bayaqkı yerində əyləşən Dilarə adlı o qız elə zənn eləməsin ki, Canəli müəllim bu saat əsəbidir, həyəcanlıdır. Elə bilməsin ki, o kağız Canəli müəllimi sarsıdıb, haldan-halətdən çıxarıb.
– “Bir “beş” sizdən, bir “üç” bizdən...”. Sənin əla dil qabiliyyətin varmış ki, a kişi! Bax belə. Öz sözünnən. Yaxşıdı. Lap yaxşı başlamısan... – Oğlanı, necə deyərlər, “xoda salıb” rahatlanandan sonra Canəli müəllim qızın güllü donuna gözünün uçu ilə bir də baxdı: gülül idi, doğrudan da gülül idi. Və Canəli müəllim fikirləşdi ki, görəsən, ədəbi dildə “gülül” sözü varmı, çünki bu sözü Canəli müəllim yalnız Buzbulaqda eşitmişdi, özü də yalnız o vaxtlar eşitmişdi: o vaxtlar ki, Buzbulaq kolxozunun sədri Əli oğlu Səməndər idi. O vaxtlar ki, Fətinin dədəsi Kərim kolxozun anbardarı idi... Bir isti yaz günü idi. Bir uzun buğda zəmisi idi. O zəmidə hələ təzə-təzə dən tutan sünbüllərin arasında Canəli adlı bir uşaq oturmuşdu. Kolxoz sədri Əli oğlu Səməndər kolxozun anbardarı Kərimin arvad-uşağını pis-pis söyə-söyə o taxıl zəmisinin qırağı ilə gedirdi və gedə-gedə hərdən əlini uzadıb, hələ təzə-təzə dən tutan sünbüllərin arasında – orda-burda bol-bol gül açıb qızaran gülülləri dibindən qoparıb hirsli-hirsli kənara tolazlayırdı. “Ay sənin anan belə, bacın belə. Sənin toxumluq taxılın budumu, ay heyvan. Sənin o nəslin-toxumun kəsilsin, əclaf... Toxumu zay eləyib namərd, hələ and da içir mənə. Xəlbirlənmiş buğdanın içində bu qədər gülülmü olar? Toxumluq taxılnan bu boyda zarafatmı olar?..” Dəhşət burasında idi ki, bu sözləri deyə-deyə və gülülləri yola-yola sədr yavaş-yavaş zəminin içinə girirdi, birbaş Canəlinin üstünə yeriyirdi.
Canəli durub qaçmaq istədi, ayaqları sözünə baxmadı – ayaqları elə bil qurumuşdu. Elə bir Canəlinin əlləri də qurumuşdu. Əgər belə olmasaydı, əlindəki xırdaca sünbül torbasınısa da qoltuğunda gizlədərdi – o torbanın dibində cəmisi bir ovuc sünbül vardı... Əvvəl Canəli sədrin bomboz sifətini gördü, sonra onun əlində tutduğu bir dəstə gülülü gördü. Və bundan sonra Canəli sanki heç nə görmədi, çünki onun bundan sonra gördüyünə inanmaq mümkün deyildi: Əli oğlu Səməndər onun ikicə addımlığından ilan görüb çəkilən adamlar sayağı, qəfildən geri dönüb, daha heç bir söyüş-zad da söymədən, əllərini yanına salıb, yavaş-yavaş çıxıb gedirdi... Özü də kim? Əli oğlu Səməndər. Özü də harda? Taxıl zəmisində... Əli oğlu Səməndər sünbülünə hələ təzə-təzə dən düşmüş taxıl zəmisində oğru görmüşdü və çıxıb gedirdi... Əli oğlu Səməndər çıxıb gedirdi... Bəlkə sədr Canəlini doğrudan görməmişdi? Bəlkə sədrin ayağının altında doğrudan ilan var idi? Bəlkə yuxuydu bu?.. Yuxuydu, xalis yuxuydu... Sədr gedəndən sonra Canəli, elə oturduğu yerdəcə, bir xeyli vaxt hərəkətsiz oturdu. Sonra istədi ki, torbanın dibindəki sünbülü yerə boşaldıb çıxıb getsin, amma boşaltmadı, əli gəlmədi. Sonra Canəli o torbanı da, öz ciblərini də ağzınacan sünbüllə doldurdu. Və onlar – ana-bala – o gün o sünbülləri uzun müddət bircə-bircə dənləyib, bir azını elə çiy-çiy, bir azını da tavada müxtəsərcə qovurub, üstünə bir azca duz da səpib yedilər. Ertəsi gün xəbər çıxdı ki, idarədə siyahı tutulub: anbarda ehtiyat üçün qalan taxılı əsgər ailələrinə bölüblər – hərəyə yarım pud taxıl yazılıb. Və o yarım pud taxılı dalına alıb dəyirmana aparanda, yolun bir yerində Canəli sədr ilə üz-üzə gəldi. Sədrə hörmət əlaməti olaraq, Canəli çiynindəki torbanı bir daşın üstünə qoyub dayandı. Dayandı ki, sədr ilə ədəb-ərkanla salamlaşsın. Gözlədi ki, sədr gəlib, onun salamını alıb ötüb keçsin. Amma sədr Canəlinin yanından ötüb keçmədi. Əli oğlu Səməndər o torbanı daşın üstündən götürüb, barmaqlarının ucunda, bir neçə dəfə qaldırıb-qoydu. (Torbadakı taxılın yarım pud olmağına o, deyəsən, inanmırdı). Sonra sədr torbanın ağzını açıb, taxılı tələsmədən eşələdi. Və Canəli onda gördü ki, o buğdanın içində də çoxlu gülül var. Bir suyumu mərciyə oxşayan, ancaq mərcidən də balaca yastı-yastı gülüllər. Gülül pis şey deyildi. Buğda olan yerdə gülül də olmalı idi. (Gülül buğda çörəyini daha da dadlı eləyirdi). Amma çox yox, həddində. Gülül çox olanda, deyilənə görə, buğdanın xəmiri yaxşı gəlmirdi. Gülül çox olanda çörəyin dadı qaçırdı, rəngi o rəng olmurdu – hər halda dünyanın çörəkli vaxtlarında Canəli böyüklərin ağzından belə eşitmişdi... Canəli kolxoz sədrinin o söhbəti salacağından qorxurdu. Qorxudan Canəlinin ürəyinin tıppıltısı bütün kəndi ağzına götürmüşdü... Amma sədr o barədə Canəliyə nə o gün, nə də başqa bir vaxt bir kəlmə də söz demədi. Sanki belə şey olmamışdı. Sanki belə şey ola bilməzdi... Əli oğlu Səməndər olaydı, kolxozun taxıl zəmisində günün günorta çağı sünbül oğrusu tutaydı, özü də nə döyəydi, nə söyəydi – eləcə dinməz-söyləməz qanrılıb, çıxıb gedəydi. Yox, belə şey doğrudan da, mümkün olan şey deyildi...
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-gullu-paltar-movsumu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Ceviz kölgəsinin nağılıI**Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənbərlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidatıyla Çığnagüldən həmişəlik yığışıb gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.
Hasarın o tayında(epiloq yerinə)*Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardı, bir ağaclı-budaqlı həyət vardı; dağlar idi, Günəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardı ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qaş qaralanda evimizə qayıdardı.
Başqa şairlərin şeirləri
Yine başladı bülbüller tekellümKılurlar gül firâkından tazallüm
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?
HəsrətindəyəmÇox zamandır, yarın həsrətindəyəm,Gələydi, bir onu barı görəydim,