Səhifə 2 / 4 · 25%

Sərvər susdu, Əjdərin barəsində xeyli vaxt öz-özünə düşünəndən sonra, yenə də ehmalca, ehtiyatla soruşdu:

– Bəs gecələr harda qalırsan?

Bu dəfə, cavab vermək əvəzinə, Əjdər uzun müddət Sərvərin gözlərinin içinə baxdı, onu çaşdıranacan, hətta hürküdüb qorxudanacan baxdı və bu uzun-uzadı baxışdan sonra nəhayət ki, dilləndi:

– Gedib satmazsan ki?

– Yox, ə... Nə danışırsan, heç kəsə demərəm!..

– And iç!

– Nəyə and içim?

– Nəyə inanırsan?

Sərvər çox fikirləşdi, ancaq and içməyə bir şey tapmadı. Əjdər göydəki Ayı göstərib:

– Ona inanırsanmı? – dedi.

Sərvər başını qaldırıb aya baxdı. O gecəki ay isə elə böyük idi, elə qəribə idi ki, o aya inanmamaq doğrudan da mümkün olan şey deyildi... Buna görə də Sərvər lap ürəkdən:

– İnanıram! – dedi.

– And iç.

– O Ay haqqı, heç kəsə demərəm!

– Di dur dalımca gəl...

Və onlar bir xeyli yol gedəndən sonra gəlib dağın dibinə, Buzbulaq camaatının “İlanmələşən” dediyi yerə çıxdılar. Burada – saysızhesabsız böyürtkən kollarının arxasında – üstünü, dörd yanını kol basmış, tikan basmış əzgil ağacının sallaq budaqları altında Əjdər özünə yer eləmişdi. Buraya girmək üçün üzüqoylu yerə sərilib böyürtkən kollarının dibi ilə uzun müddət sürünmək lazım idi. Üstəlik, kolların dibinə ay işığı da düşmürdü. Əjdərin cib fənəri, kol-kos yığnağı olan bu sehrli aləmi azca işıqlandıra bilirdi. O gecə Sərvər, hər şeydən çox, Buzbulaq camaatının ilan yığnağı hesab elədiyi bu yerdə bir dənə də ilan görməməyinə təəccübləndi. Xeyli sürünəndən sonra onlar nisbətən açıqlığa çıxdılar. Və Əjdərin, nəhəng höpümçək toruna bənzəyən, koması qabağında Sərvər heyrətindən donub qaldı: komanın qabağındakı xeyli sahənin kol-kosunu Əjdər son çöpünəcən biçib təmizləmişdi, yeri qazmışdı, hamarlamışdı, hətta hamarlanmış yerə su da səpmişdi. Komanın dal tərəfində dağın dibində bir sısqa bulaq süzülürdü. Bulağın qabağında Əjdər əməlli-başlı bir hovuz da düzəltmişdi və hovuzun içindəki su, ay işığında, ərinmiş qurğuşun kimi parıldayırdı; komanın qabaq tərəfində – ocaq, ocağın yanında – hisli, qara çaydan; Əjdərin bostandan oğurladığı toyuqların sür-sümüyü də burada idi.

Sanki Sərvəri daha da təəccübləndirməkdən ötrü Əjdər, hələ içəri girməmiş, komanın ağzında dayanıb, astadan bir fit də verdi: elə bil küçük çağırırdı, ancaq içəridən küçük çıxmadı, kirpi çıxdı. Sərvər kirpiyə təəccüblənmədi, burada kirpinin, başını çıxarıb, çox asudə dolanmağına təəccüb elədi. Çünki kirpinin başını çıxarmağından ötrü onu uşaqlar suya salırdılar, hovuza atırdılar, yazıq heyvanın başına min cür oyun açırdılar. Kirpinin adam qabağında belə gəzməyini Sərvər birinci dəfə görürdü. Elə bil kirpi də bunu hiss elədi, Sərvərin iyini alan kimi yumurlandı, başını gizlətdi və onun bu hərəkəti, nədənsə, Əjdərin bərk xoşuna gəldi.

– Qardaşımdır. – dedi. – Mənim kimi yetimin biridir, özü dilə çox vicdanlı kirpidir, ilanlara göz verib işıq vermir... Yatanda qarovulumu çəkir.

İçəridəki şeylər isə Sərvərə tanış idi: Əjdərin sırıqlısı, neft qabı, neft çırağı, rəhmətlik Xavər arvadın su vedrəsi, xörək qazanı... (bütün bunları Əjdər bir gecə xəlvətcə kəndə girib, öz evlərindən gətirmişdi).

O hörümçək toruna oxşayan komanı, o sısqa bulağı, o kirpini, hətta o qara çaydanı və hisli çırağı da Sərvər əsgərlikdə olduğu vaxt hər gün xatırlamışdı. Zarafat deyil, bir ay, ayyarım sərasər o, atasını yuxuya verib, yaxud onu – bostanı gəzmək bəhanəsi ilə aldadıb, hər gecə o dağın dibinə qaçmışdı – Əjdərə yemək aparmışdı. Bir ay, ayyarım sərasər onlar gecə kolxoz zəmilərindən buğda yığıb, noxud yığıb, lobya yığıb hədik bişirmişdilər və Sərvər ömründə o hədikdən dadlı bir şey yeməmişdi. Və Sərvər ömründə o günlərdən gözəl günlər görməmişdi, – nə olsun ki, ürəkdə qorxu vardı, hürkü vardı. Bu boyda sirri saxlamaq, əlbəttə, asan deyildi, üstəlik, Əjdəri hələ də axtarırdılar. Hələ də onun dalınca kəndə milis gəlirdi. Məktəbdə, xüsusən Zinyət Şəkərək qızının dərslərində Sərvərin vəziyyəti daha çıxılmaz olurdu. Çünki hər dərsdə direktor igidlikdən, cəsarətdən və hər cür düşmənə qarşı həmişə ayıq-sayıq olmaqdan danışırdı, Zinyət Şəkərək qızının təliminə görə, Əjdər də, heç şübhəsiz ki, düşmən idi, əsl “şpiyon” idi. Üstəlik, Sərvər də o vaxt uşaq deyildi, altıncı sinifdə oxuyurdu, hökumətin o qədər pulunu qaçırmağın nə olduğunu bilirdi. Buna baxmayaraq, o sirri açmaq, o yeri milsənerlərə nişan verib, Əjdəri tutdurmaq cəmisi bircə dəfə Sərvərin ürəyindən keçdi. Ancaq elə həmin gecə orada, o kolluğun-tikanlığın arasında, o hörümçək toruna oxşayan komanın qabağında Əjdərin üzünü görən kimi Sərvər özü öz fikrindən iyrəndi. Çünki orada, o hörümçək toruna bənzəyən komanın qabağında, o ayın işığında Əjdər “düşmən”, “şpiyon” deyilən şeyə qətiyyən oxşamırdı; adicə Əjdər idi – uzun, arıq, hətta bir suyumu da rəhmətlik Xavər xalanı yada salırdı...

O il bütün sentyabr ayını Sərvər həm qorxu-təlaş, həm də qəribə bir sevinc içərisində keçirdi. Elə vaxtlar olurdu ki, o, gecədə bir-iki saat da yata bilmirdi. Ancaq Əjdər bekarçılıqdan bütün günü yatırdı, yatmaqdan Əjdərin gözləri şişmişdi. Bekarçılıqdan Əjdər dağlardan ot yolub, səbətə, vedrəyə, küzəyə oxşayan qəribə şeylər qayırırdı, sısqa bulağın qabağındakı hovuzu tez-tez sökürdü, təzədən düzəldirdi, hətta arada bir şeir də quraşdırırdı:

“Yetim kirpi, çək mənim keşiyimi,
Doğma yurda qaçaq düşüb gəlmişəm.
Buraxmışam evimi-eşiyimi,
Tülkü kimi kol dibinə girmişəm”.

“Zalım dünya, göylərə bax, ay çıxıb... Zalım dünya, göylərə bax, ay çıxıb...” Əjdərin lap axırıncı şeirinin əvvəli belə idi. Öz komasının qabağında oturub, göydəki Aya baxa-baxa Əjdər o sözləri beş-on dəfə təkrar elədi. Ancaq şeirin dalısı gəlmədi. Şeirin sonuncu sözlərindən Sərvərin xəbəri olmadı. Payız düşəndə, yağışlar başlayanda gecələrin birində onlar o komanın qabağındaca sözsüz-söhbətsiz vidalaşdılar. Gedəndə Əjdər təkcə sırıqlısını götürmüşdü, bir də kirpini qucağına almışdı. Və nə qədər qəribə olsa da, Sərvərə elə gəlirdi ki, Əjdər kirpini də Bakıya aparmaq istəyir. Sonra Əjdər kirpinin yaş burnundan öpüb onu ehmalca yerə qoydu. Sonra Əjdər Sərvəri qucaqladı, nədənsə Sərvərin də məhz burnundan öpdü və sısqa bulağın yanındaca dağa dırmaşıb quş kimi, qırğı kimi yuxarı şığıdı və bir göz qırpımında dağın təpəsinə qalxıb, oradan Sərvərə əl elədi: “Bakıya gəl... Bakıya gəl... Bakıya... Bakıya... Bakıya...”

II

İndi onlar Bakıda Təzəbazarın qapısı qabağında üz-üzə dayanmışdılar. Əjdər ağlagəlməz dərəcədə kökəlmişdi, qarın bağlamışdı, buxaq sallamışdı. Boğula-boğula nəfəs alırdı, hirsli-hirsli Sərvərin üzünə baxırdı və bu hirsin səbəbini Sərvər heç cür anlaya bilmirdi.

– Nəyə gəlmisən? – Əjdərin birinci sualı bu oldu.

Sərvər dedi:

– Alverə gəlmişəm. Bir az şey-şüy gətirmişəm. Satıb, sonra Leninqrad tərəfə getmək istəyirəm.

Sərvərin ütülənmiş şalvarına və onun qara pencək altdan geydiyi, bu dünyada yalnız Buzbulaq qarılarının toxuya bildiyi, qırmızı naxışlı ağappaq yun köynəyinə Əjdər çox baxdı. Baxıb nəsə fikirləşdi, nəyisə götür-qoy elədi:

– Bu vid-fasonla, – dedi, – bazarda oturacaqsan?

Əjdər cibindən quru ota oxşayan bir şey çıxartdı. Onu iyləyib xeyli öskürəndən sonra boğula-boğula soruşdu:

– Nə gətirmisən?

– Badamdır, bir də cövüz. Cəmisi yüz on beş kilodur.

– Harda qoymusan?

– Kömürçü bazarında, Teymurun yanındadır.

Bir müddət Əjdər fikirli-fikirli yola baxdı. Sonra yoldan keçən bir boş taksini saxlayıb Sərvəri oturtdu:

– Get, qoy maşına gətir! – dedi.

Çox keçmədi ki, onlar iki nəhəng kisəni həmin taksidəncə düşürüb, bazarda Sərvərin tanıdığı bir adamın yanında qoydular. Özləri bazarın yuxarı qapısından çıxıb, yavaş-yavaş Basın küçəsinə endilər... Qar yağırdı, yağdıqca əriyirdi, yerdən buxar qalxırdı və bu nəm havada Əjdər, bir kəlmə də dinib-danışmadan, başını aşağı salıb, tramvay xətti boyunca Sərvəri harasa aparırdı. Sərvər hara getdiklərini soruşmaq istəyirdi, ancaq soruşmağa ürək eləmirdi. İstəyirdi toyuq əhvalatını yada salsın, o yaydan, o komadan, o kirpidən danışsın, o şeiri deyib, Əjdərin kefini dəyişsin, üzünü güldürsün. Ancaq susurdu, demək istədiklərini dilinin ucundan birbəbir geri qaytarırdı: qorxurdu ki, bu söhbəti Əjdər ayrı cür başa düşər, elə bilər ki, Sərvər onun boynuna minnət qoyur, elədiyi yaxşılığı yada salıb, bu yaxşılığa əvəz istəyir. Ayrı bir söhbət isə Sərvərin ağlına gəlmirdi... Beləcə – dinməz-söyləməz onlar bir xeyli də yol getdilər və hələ mənzilbaşına çatmamış Sərvər dözməyib, birdən-birə dilə gəldi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dəyirman əhvalatı

I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.

197616 dəq
Büllur külqabının nağılı

I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

197323 dəq
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 dəq
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 dəq

Başqa şairlərin şeirləri