Ürək yaman şeydir...
Səhifə 3 / 4 · 50%
– Bura bax, Əjdər, – dedi, – mən sənə əngəl-zad olmağa gəlməmişəm ha! İşin var get... Şəhərdə birinci dəfə deyiləm ki, üç il Leninqradda olmuşam.
Əjdər:
– Əcəb eləmisən, – dedi. Və başqa heç nə demədi.
Onlar bir tindən burulub, bir xırdaca həyətə girdilər. Köhnə ev idi, qabağında aynabəndi vardı və ahıl, ağsaçlı bir qadın o aynabənddə paltar ütüləyirdi.
Əjdər Sərvəri həyətdə qoyub, pilləkənlə yuxarı qalxdı, qarı ilə xeyli söhbət elədi, sonra Sərvəri də yuxarıya çağırdı.
– Bəri gəl burda qalacaqsan, – dedi və aynabəndə açılan iki qonşu qapıdan birini itələyib açdı. – Bu sənin otağın, o da qıravatın... Çay iç, yat, dincəl. Çıx gəz, kinoya get... Bu da Marqodur, tanış ol, gürcüdür. Tək arvaddır... Pul-zad lazım olsa, bundan alarsan... Sənin bazarnan işin olmasın, bazarın işinə mən baxacağam.
Belə görüş şübhəsiz ki, Sərvərin ürəyindən ola bilməzdi: elə bil Əjdər onu hələ də uşaq hesab eləyirdi. Teymur bazarda ola-ola, Əjdərin onu bazara buraxmamağı Sərvərə toxundu, bərk toxundu, ancaq Sərvər Əjdərin məsləhətindən çıxa bilmədi, onun üzünə durmağa ürək eləmədi. O gün Sərvər axşamacan şəhəri dolandı, axşam evə qayıdıb Əjdərin yolunu gözlədi, çünki onun fikrincə, Əjdər o axşam mütləq bu evə gəlməli idi. Ancaq o axşam Əjdər o evə gəlib çıxmadı; onun səhərisi də Əjdər o tərəflərdə görsənmədi. Sərvər günortayacan gözlədi. Günorta bazara cumdu, ancaq orada da Əjdəri tapmadı. O, bazarda öz şeylərini də tapmadı; bazarı əldən-ayaqdan saldı; dünən şeylərini tapşırdığı o adam da elə bil əlli-ayaqlı göyə çəkilmişdi... Əjdərin yer-yurdunu öyrənmək üçün bazardan Marqo arvadın evinə qayıdanda yol boyu Sərvər çox fikirləşdi, çox baş sındırdı, ancaq bu işdən heç nə anlaya bilmədi. Üstəlik, Marqo arvad da Əjdərin yerini demədi. Elə bil qəsdən demədi. Əlac bircə Teymura qaldı və o gün axşamüstü – bazar bağlanana yaxın – Kömürçü bazarında Sərvər Teymurun üstünü kəsdirdi:
– Ə, Teymur, Əjdəri görməmiçən ki?
– Görmüşəm. Səhər tezdən Tiflisə getdi.
– Necə yəni Tiflisə getdi?
– Getdi də. Necəsi yoxdu ki.
Sərvər az qaldı ki, uşaq kimi ağlasın.
– Bəs mənim barəmdə bir söz demədi?
– Dedi. Dedi ki, gəzib-dolansın, çıxıb getsin kəndə. Dedi, ondan alver eləyən çıxmaz.
Sərvər səsi gəldikcə bağırdı:
– Bəs mənim pullarım, bəs mənim şeylərim?!
Teymur heç halını da pozmadı:
– Mən pul işini bilmərəm, – dedi, – onu özünüz bilərsiz. Mənə söz tapşırıblar, mən də sənə deyirəm... Dedi ki, tək gün getsin, cüt gün getməsin. O günlər Əjdərin tanış pravadniki var – yeddinci vaqonda. Dedi ki, bilet-zad almasın, vaqonun pravadnikinə səni tapşırıbdır. Poyez gecə bir tamamda gedir, pravadnikə Əjdərin adını verəcəksən... Yeddinci vaqon, yadından çıxmasın...
Əgər onlar on il bir yerdə oxumuş olmasaydılar, bəlkə söhbət buradaca bitəcəkdi. Ancaq söhbət burada bitmədi, çünki onlar on il bir yerdə oxumuşdular. Çünki söhbətin lap axırında, özü də lap axırıncı sözü deyəndə Teymur azca ehtiyatsızlıq eləmişdi, bir balaca qımışmışdı və bu anda onun gözünün içindən nəyinsə qaçıb gizləndiyini Sərvər aşkar sezə bilmişdi və qaçıb gizlənən o bapbalaca işartıda Sərvər haçanınsa fırıldaq Teymurunu görmüşdü. Buna görə də o, qəfildən Teymuru yaxaladı:
– Əjdər Tiflisə-zada getməyib, – dedi. – Sən mənə yalan deyirsən. Sən Əjdərin yerini bilirsən, məndən gizlədirsən!..
Teymur əl-ayağa düşdü:
– Əjdərin yer-yurdu nə gəzir. On ildir ki, Əjdər nizakonnı yaşayır, heç yerdə propiskası-zadı yoxdur.
– Deyirsən, Tiflisə gedib, hə?.. Adam ol, ə, vicdanın olsun!.. Axı görürəm ki, yalan deyirsən, gözlərinin içindən görürəm!
Bir müddət Teymurun səsi gəlmədi. Sərvər hiss elədi ki, Teymur yumşalıb, özü də yumşaq danışmağa başladı: – Mən onu adam bilirdim, – dedi. – Nə biləydim ki, əclafın, diləncinin biridir... Yüz kilo şeyi götürüb çıxıb aradan... Belə də vicdansızlıq olar?!
Teymur dedi:
– Taxsır özündədir, özün oturub sataydın.
Və Sərvər yenə də özündən çıxdı:
– Vicdansız qoydu ki, satım?! Mən haradan biləyim ki, bu adam afirisdir, alçağın, julikin biridir.
Teymur yenə də səsini çıxarmadı. Beləcə səssiz-səmirsiz də onlar piştaxtanın üstündəki şeyləri yığışdırdılar. Bir yerdə, kisələrin ağzını bağlayıb, bazarın qaravulçusuna tapşırdılar. Bazardan çıxdılar və bir müddət Əjdərin söhbətini eləmədilər.
– Havanı görürsən?
– Yaman soyuqdur!
– Amma təmizdir, görürsən?.. Lap Buzbulağın havasına oxşayır.
Sərvər dedi:
– Buzbulağa da qar yağıbmı görəsən... Mən gələndə yağış yağırdı.
Bu yerdə Teymur özü Əjdər söhbətinin üstünə gəldi:
– Belə havalarda Əjdərin pristupu tutur, – dedi.
– Nə pristup?
– Bəs bilmirsən? Əjdər naxoşdur da... Asmadır, nədir, bir axmaq naxoşluqdur. Hava soyuq olanda yazıq nəfəs ala bilmir. Hava ki belə oldu, Əjdəri bazarda-zadda görməzsən, dəniz tərəfdə bir restaran var, badvaldır, gedib orda oturur.
– Deyirsən, indi də orda olar?
– Bəlkə olar, nə bilim, ancaq mən ölüm, mənim adım olmasın!
Daha Sərvər heç nə soruşmadı. Teymuru yolda qoyub, dəniz tərəfə qaçdı və o, “badval” restoranın qaranlıq bir küncündə Əjdəri tapdı.
– Paho!.. Tiflisə gedən burda imiş!.. Afirist!.. Əclafın biri, əclaf!..
– Otur görüm, Pişik Ağaların oğlu, artıq-əskik çərənləmə.
Sərvər dedi:
– Dur gedək mənim şeylərimi ver, mən sənin kimi əclafnan oturmaram.
Əjdər onun əlindən dartıb oturtdu:
– Şeylərini satmışam, – dedi. – Görürsən də – bala-bala ötürürəm içəri. – Deyib, qabağındakı araq şüşəsini göstərdi.
– Pullarımı verməsən... – Sərvər yumruğunu Əjdərin üstünə tuşladı.
Əjdər ehmalca onun qolundan yapışdı:
– Çıxarıq bayırda vurarsan, – dedi, – burda olmaz, Pişik Ağaların oğlu!..
– Deməli, dədəmə də sataşırsan! Yaxşı, baxarıq, çöldə danışarıq!
Əjdər dedi:
– Mən o Pişik Ağaların xayasından öpərəm, sənin kimi oğul böyütdüyünə görə!
O, Sərvər üçün də araq süzdü. Ofisiantı çağırıb yemək sifariş elədi. Ancaq Sərvər nə o arağı içdi, nə o yeməyə əl vurdu.
– Gərək o vaxt mən səni tutduraydım, – dedi. – Əgər o vaxt səni tutdurmuş olsaydım, indi belə əclaf olmazdın.
Əjdər hirslənmədi, güldü. Sonra gözlənilmədən soruşdu:
– Leninqrada nəyə gedirdin?.. Düzünü de, qızın-zadın var, yoxsa gedib alver eləyəcəkdin?
Sərvər dedi:
– Sənə dəxli yoxdur, sən mənim pullarımı ver!
Əjdər bir müddət susdu. Sonra bir cibindən beş-altı badam çıxartdı, o biri cibindən üç dənə cövüz çıxartdı və onları stolun üstünə qoyub altdan-altdan Sərvərin üzünə baxdı:
– Tanıyırsan?
– Tanıyıram! Hamısını sənin xirtdəyindən çıxardacağam!
– Arağını iç.
– İçmirəm!
– Çörəyini ye.
– Yemirəm!
Əjdər stolun üstünə qoyduğu badamdan birini götürdü:
– Şövkətin badamındandır, düz tapmışam?
Sərvər təəccübləndi.
– Bu da Gülgəz arvadın bizim barının yanındakı cövüzündəndir, sizin dal həyətdəki pişpişənin bu tərəfində. O pişpişənin böyründə bir əncir ağacı vardı, yarpaqları payızda da gömgöy olurdu. Bir də bir alça vardı, tövlə tərəfdə, divarın lap dibində, payızda çiçək açırdı... O alça dururmu hələ?..
Sərvər dedi:
Durur, niyə durmur... Sən mənim başımı bişirmə. Mənim pullarımı ver.
– Pişpişə də durur?
– Məni dolayırsan?
– Dolamıram, soruşuram, dururmu o pişpişə?
– Durur, nə olsun ki?
– Mən o pişpişənin dibində Əli oğlu Mürsəlin qızını öpmüşəm.
Sərvər dedi:
– Sən piyansan, ağzına gələni çərənləyirsən!
Əjdər susdu, xeyli vaxt körük kimi fısıldadı, sonra öskürdü, sinəsindən dəhşətli xırıltı qopdu və birdən bu xırıltının içindən qəribə, vahiməli bir səs çıxdı:
– O pişpişəyə deyərsən ki, Əjdər ölür!..
Və birdən-birə Sərvər baxıb gördü ki, Əjdərin gözləri dolub, gördü ki, Əjdər ağlayır, gözlərinin gildir-gildir yaşı pencəyinin yaxasına tökülür. Onun Əjdərə yazığı gəldi, bərk yazığı gəldi, bir xoş söz demək istədi, deyə bilmədi, bunun yerinə qabağındakı arağı götürüb başına çəkdi...
– Çörəyini ye.
– Meylim çəkmir.
– Bir araq da gəlsinmi?
– Özün bilərsən.
Və stolun üstünə bir araq da gəldi.
O arağın çoxusunu Sərvər içdi, qəsdən içdi. İçdi ki, Əjdər çox içib lap sərxoş olmasın. Ancaq Əjdər onsuz da sərxoş idi.
– Bu gün ayın neçəsidir?
– On üçüdür.
– Bu gün mənim ən xoşbəxt günümdür.
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-urek-yaman-seydir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.
Büllur külqabının nağılıI**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Başqa şairlərin şeirləri
Qonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,
DilənçiSərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz,Uğuldayan küləklərlə sarsılmada soqaqlar.
YeBiz yemirik iç-diş ağa, sən buyur,Övkə, qarın, bağırsaq ye, bağır ye.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,