İkinci hissə, I
Səhifə 2 / 2 · 50%
Hümmət:
– İşi vacibdi, ağa, – dedi. – Sizinlə tez görüşmək istəyir.
Böyük bəy, elə bil, nəsə hiss edib, Fəxrəndə xanıma baxdı:
– Siz gəzişin, – dedi və tələsik imarətə tərəf addımladı.
Fəxrəndə xanım nigarançılıqla ərinin ardınca baxdı, sonra üzünü Şahnaz xanıma tutub dedi:
– Bu gecə qardaşın gözünü də yummayıb...
– Niyə?
– Bütün Şuşa əhli danışır ki, Böyük bəyin bacısı bir ovçuya aşiq olduğu üçün heç kimə getmir, elçini elçi dalınca geri göndərir...
Şahnaz xanım çoxdan bəri ürəyində yığılıb qalmış sözləri, birnəfəsə Fəxrəndə xanımın üzünə çırpdı:
– Eybi yoxdu, o sağ gəlsə, mənim ərim olacaq, ölmüş olsa, mən onun xatirəsiylə yaşayıb heç kəsə getməyəcəyəm. Qoy desinlər ki, Mehmandar ağanın qızı bir kasıb ovçunun dərdindən qarıyıb evdə qaldı!
Bu sözlər Fəxrəndə xanıma təsir etdi və bu dörd ildə saçlarına adda-budda dən düşmüş, iri qara gözlərinin qıraqlarında güclə seziləcək qırışlar əmələ gəlmiş bu qadın dərin bir mütəəssirliklə:
– Böyük bəy həmişə sənə ata, mən də həmişə ana-bacı olmuşam, – dedi. – Adam anasıyla, böyük bacısıyla belə danışmaz... – Və Fəxrəndə xanım tələsik addımlarla uzaqlaşdı.
Şahnaz xanım bu hündür ağaclar arasında, bu böyük bağda tək qaldı...
...Kəriş bəy Böyük bəyin otağında var-gəl edirdi, addım səsləri eşidib, qapıya tərəf baxdı. – Böyük bəy tələsik içəri daxil oldu:
– Salam, Kəriş bəy, xeyir ola?
Kəriş bəy Böyük bəyin əynindəki bu qəribə libasa fikir vermədən birbaşa mətləbə keçdi:
– Dünən Müsavat nazirləri hökuməti bolşeviklərə təhvil veribdi. Gəldim sizə deyim ki, nə qədər camaat xəbər tutmayıb, özünüz barədə bir tədbir görəsiz.
Kəriş bəyin sözləri Böyük bəyi tamam sarsıtdı və bəy cibindən bir papiros çıxarıb yandırdı:
– Mən bunu gözləyirdim, – dedi.
Kəriş bəy yenə də var-gəl edə-edə:
– Vaxt itirmək olmaz, bəy, – dedi. – Qırmızıların on birinci ordusu Bakını alıb, ordadı, yeriyəcək ağzı bu tərəfə.
Böyük bəy əlindəki papirosu hirslə yerə çırpdı:
– Bəs siz onları necə qarşılayacaqsınız? Siz, Müsavat naçalnikləri?
Kəriş bəyin sifəti sərt bir görkəm aldı və yerində dayanıb sərt də dedi:
– Böyük bəy, boş mübahisənin yeri deyil. Mən sizinlə bir süfrədə duz-çörək kəsmişəm, bununçün da özümə borc bildim ki, sizi şəxsən xəbərdar edim!
Böyük bəy özünü ələ aldı:
– Bağışlayın, bəy, – dedi. – Bəs, siz özünüz nə eləmək fikrindəsiz?
– Atlılarım sizin həyətdə gözləyir məni. Yarım saatdan sonra gedirəm Araz qırağına – öz kəndimiz Hacımahmudluya.
– Sonra?
– Sonra da baxarıq işin gedişatına... Lazım gəlsə, keçərəm Arazın o tayına. Rus ordusu sərhədi pozub Arazı keçməz. İran, hər halda, İrandı...
– Demək qaçırsınız?
Kəriş bəyin sifəti yenə də sərt bir görkəm aldı:
– Başqa nə etmək olar, bəy? Rusiyanın hırnan-zırı qanmayanları ayaq açıb üstümüzə yeriyir. Bizim millətin satqınları da onlara bələdçilik edir!..
– Hökuməti şəxsən kimlərə təhvil veriblər?
– Hökuməti Müsavatdan təhvil alanlardan mənə ikisi məlumdu: Həmid Sultanov, Çingiz İldırım.
Böyük bə, az qala, qəhqəhə çəkib güldü:
– Qubadlı İldırım bəyin oğlu Çingiz İldırım?! – dedi. – Kommunist imiş demək! Öz xadimlərinin kim olduğunu bilməyən hökumətin aqibəti, əlbəttə, belə olar! – Və Böyük bəy qəfildən əlini iri yazı mizinin ortasına çırpdı. – Yox, mən qaçmayacağam.
Kəriş bəy istehza ilə dedi:
– Kəhrizli Əhməd bəyin qızı Ayna xanım da beş yüz atlı ilə Bərdənin yolunu kəsib, gözləyir ki, bolşevikləri Qarabağa buraxmasın...
Bu xəbər, bu istehza ilə deyilmiş sözlər, elə bil, bir dirək oldu Böyük bəy üçün, yapışdı ondan:
– Afərin, Ayna xanım! Kişi qızıdır! Siz müsavatçılarsa qaçın gizlənin, aralıq sakitləşəndən sonra hərəniz qolunuza bir qırmızı bağlayıb çıxarsınız ortalığa!
Kəriş bəy acıqlı-acıqlı:
– Mən belə sözlərə dözmərəm, bəy! – dedi. – İnciklik düşər araya! Vaxtı deyil! Əgər bir su səni aparırsa, ona sel deməyi bacarmaq lazımdı!
Böyük bəy qışqıra-qışqıra:
– Yox, Kəriş bəy! – dedi. – Yox! Bolşevik hökuməti axıra qədər davam gətirməyəcək! Rusiya camaatı acından qırılır! Xaricdən heç kim kömək eləmir. Təkcə lütlərlə dövlət yaratmaq olmaz! Ona görə də bizim müqavimətimiz məqsədəuyğundur. Biz, imkan düşdükcə, bolşeviklərin qabağını kəsib onları içimizə buraxmamalıyıq. Biz Bakı neftinin Rusiyaya daşınmasına mane olmalıyıq. Bu saat Rusiyaya neft hava, su kimi lazımdı! Mən bilirəm ki, siz deyən selin qabağında dayanmaq çətindi. Ona görə də əl-ələ vermək lazımdı!..
– Mənasız işdi, bəy!
– Niyə? Niyə? Nə üçün?
– Çünki Lenin deyir: torpaq kəndlinin olmalıdı! Bilirsiniz bu nə deməkdi? Bəy, ac – qılınca çapar! Min illərdən bəri həsrətində olduğu torpağı kəndliyə boyun olandan sonra, onun qabağında da durmaq olmaz! Mən gedirəm, bəy, qoy Allah özü sizə kömək olsun!..
...Kəriş bəy başda olmaqla atlılar çapıb həyətdən çıxdı...
...Fəxrəndə xanım başıalovlu Böyük bəyin otağına girdi:
– Bu nə xəbərdi, Böyük?
Böyük bəy arvadını qorxutmasın deyə özünü ələ aldı, imkan daxilində, mülayim və sakit danışmağa çalışdı:
– Düzdü, Fəxrəndə, bolşeviklər hökuməti yıxıblar Bakıda. Naçalnik Kəriş bəy buna görə gəlmişdi. Başımıza çarə qılmağımızı təklif edirdi.
– Bəs sən nə qərara gəldin?
Böyük bəy daha özünü saxlaya bilmədi qışqıra-qışqıra:
– Vuruşacağam! – dedi. – Axır nəfəsimə kimi vuruşacağam! Bolşevikləri buraxmayacağam Qarabağa! Hümmət! Hümmət!
Hümmət tələsik içəri girdi:
– Bəli, ağa, nə buyurursunuz?
– Gədələrdən üç-dörd nəfərini götürüb çaparsan Şahsevən Vəli bəyin evinə. Mənim adımdan deyərsən ki, Araz qırağındakı bəylərin hər biri yüz atlı ilə birigün səhər tezdən Bərdədə hazır olsun. Nə qədər patron ehtiyatları var, nə qədər yaraq-yasaq var, götürsünlər! Di tərpən!
Hümmət otaqdan çıxa-çıxa:
– Baş üstə, – dedi...
...Hümmət başının üç-dörd atlısı ilə birlikdə çapıb bəyin həyətindən çıxdı... ...Rəngi-ruhu qaçmış Fəxrəndə xanım soruşdu:
– Atlıları Bərdəyə niyə çağırırsan?
Böyük bəy, elə bil ki, daha bu dəqiqənin özündən vuruşda idi, ehtirasdan və hirsdən yana-yana qızdırmalı-qızdırmalı dedi:
– Kəhrizli Əhməd bəyin qızı Ayna xanım beş yüz atlı ilə Bərdədədi. Fikrim budu ki, onun atlıları ilə birləşib Yevlaxa gedək. Orda Gəncə, Şəmşir bəyləri ilə birləşək. Mən bu saat Kürdüstana çapıb Soltan bəylə görüşəcəyəm. Soltan bəy min beş yüz atlı çıxara bilər. Sonra Qazağa, o tərəfdən Qubaya, Lənkəran tərəfə, Şamaxıda Mehdi bəyə çapar göndərmək lazımdı. Gürcü menşevikləri ilə əlaqəyə girməyə çalışacağam, belə bir gün onları da gözləyir! Daşnaklardan kar aşmaz! Hə, başımıza çarə qılmalıyıq, düzdü! Nə qədər ki, Rusiyada bolşevik hökuməti hələ yerini möhkəmləndirməyib, başımıza çarə qılmalıyıq! Sonra gec olacaq! Bakıda düzəlmiş bolşevik hökumətinin bütün üzvlərini divara dirəyib bir-bir güllələyəcəyəm!..
Fəxrəndə xanım Böyük bəyə yaxınlaşıb iki əli ilə də ərinin güclü qollarından yapışdı:
– Böyük bəy! Mən sənin o vuruşlarına indidən xeyir-dua verirəm!
Böyük bəyin gözləri doldu və o, Fəxrəndə xanımı bərk-bərk bağrına basıb:
– Sağ ol, Fəxrəndə! – dedi. – Başqa cürə ola da bilməzdi. Sənin damarlarından gəncəli Cavad xanın qanı axır...
... Böyük bəy başının on-on beş atlısı ilə çapıb darvazadan çıxdı.
Fəxrəndə xanım da, Şahnaz xanım da, evin bütün qulluqçu-qaravaşı, hamı Böyük bəyin ardınca su atdı...
...Böyük bəyin atlıları Şuşadan çıxıb Laçın yoluna düşdü və çapa-çapa Turşsu dağları arasında gözdən itdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-aman-ovcu-vurma-meni-ikinci-hisse-i
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Felyetonvari)NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu.
ZirehSonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə Şahinin çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib pəncərənin gözlüyünü açım.Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də əməlli-başlı yatım gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi yatmırdı.
Qırmızı ayı balasıRəhman BədəlovaC. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq?
On ildən sonraSonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.