Beş qəpiklik motosikl
Səhifə 3 / 4 · 50%
Tolik dedi ki, yorulmuşam. Sonra da dedi ki, zəhləm gedir göldən, çünki sən heç nə danışmırsan. Dedim ki, nə danışım? Dedi ki, nağıl danış. Soruşdum ki, Cırtdanın nağılını danışım? Soruşdu ki, Cırtdan kimdir? Dedim ki, heç kim. Dedi ki, «Qar qız» nağılını danış. Dedim ki, sonra danışaram, indi gedək qayığı qaytaraq, yoxsa saatımız orda qalar.
Saat orda qalsa nə olar ki, gün qaraldacaq, yeri bilinməyəcək. Fərqi varmı? Yəni fərqi varmı ki, yeri qalsın, ya qalmasın? Onsuz da, saat ki yoxdur, istəyir yeri görünsün, istəyir yeri görünməsin.
Fira heç zaman məni sevə bilməzdi, çünki mən eyni bir adamla, lap xoşlamadığım bir adamla bir il bir otaqda qalıb heç hara çıxmaya bilərəm, bir il mütəmadi onunla nərd, ya «Duraki» oynaya bilərəm; uduzsam da yandırmaz, udsam da sevindirməz.
Saatı qoluma taxdım. Tolik dedi ki, darıxıram, sən heç nə danışmırsan, mamam da gedib Bakıya mənə babamın «Moskviç»ini gətirsin, amma gəlmir. Tolik, doğrudan da, darıxırdı, çünki Tolikin yerinə olsaydım, mən də darıxardım, hərçənd son dəfə darıxdığım yadıma gəlmir. Yəqin ona görə ki, həmişə darıxdırıcılıq içində olmuşam və bu barədə fikirləşməmişəm – mənası yoxdur, ona görə.
Bəs, niyə indi fikirləşirəm?
İndi ki, fikirləşirəm, qoy lap möhkəm deyim: yoldaş sənətşünaslıq namizədi Sabir Məlikov, bilirsənmi, niyə darıxmırsan, daha doğrusu, darıxmağın yadına gəlmir? Çünki həmişə sükunətin içindəsən, çünki bunun sənin üçün fərqi yoxdur – nə darıxmağın, nə də darıxmamağın.
Bu nə fikirlərdir girir başıma?
Tolikə dedim ki, gedək parkda gəzək, sonra da axşam naharı eləyək. Tolik dedi ki, əvvəlcə gedək yenə «Fantomas»a baxaq, sonra gedək gəzək, lap sonra da yeyək; Fantomas belə gülür: ha-ha-ha. Mən dedim ki, o cür yox, belə gülür: xa-xa-xa. Avtobus dayanacağındakılar dönüb mənə baxdılar. İstədim onlara baş əyim, diqqətlərinə görə təşəkkür edim.
Tolikə yemək yedizdirəndə Fira mənə əl çalardı, mən də qalxıb ona baş əyərdim. Fira deyərdi ki, bilmirəm, bu camaat niyə səni duzsuz hesab eləyir, yenə həvəssiz adam hesab eləsəydilər, deyərdim hə.
Bütün tanışlığımız müddətində Fira birinci və axırıncı dəfə mənə həvəssiz adam dedi və mən, demək olar ki, bütün gecəni Sürrəyyanın yanında qurcalanıb Firanın necə də hədəfə dəydiyinə təəccüb edirdim. Əslinə baxsan, bu mənim üçün bir kəşf idi. Fikirləşirdim ki, həvəssiz adamam ona görə ki, arzusuzam.
Bax, indi bu saat mənim nə arzum var? Birincisi: Sura Bakıdan tez qayıtsın, Tolik darıxır yaman; ikincisi: gələn il yenə bura gələk, buradakı fəaliyyətsizlik mənim üçün gündə yavaş-yavaş beş şüşə yaxşı çaxır içib həmişə samovar kimi dəmdə olmağa bərabərdir – heç nə barədə fikirləşmirsən, hər şeyi başından çıxardırsan; fikirsizlik idilliyası – əgər çox gurultulu demədimsə; üçüncüsü: doktorluq dissertasiyasını yazıb qurtarıb tez müdafiə etmək ki, həm məvacib artsın, həm də yük götürülsün çiynimdən, nigarançılıq qurtarsın; dördüncüsü... Nədir dördüncüsü? Dördüncüsü yoxdur.
Fira heç vaxt məni sevə bilməzdi.
Avtobusda biletsatana on beş qəpik verib iki bilet aldım. Biletsatan pulun qalığını – sarı bir beşqəpikliyi qaytardı. Beşqəpiklik təptəzə idi, çıraq kimi yanırdı. Tolik bu beşqəpikliyi məndən aldı.
İndi Firagildə ara qarışıb, məzhəb itib yəqin, qırğın-qiyamətdir. Üç bacı idilər, ikisi Firadan kiçik, ikisi də ərdə, amma Fira ən qəşəngi idi. Bir də anaları var, Bikə xala, yaxşı düşbərə, qutab bişirir. Atası yoxdur.
Firanın atasına nə olub, nə vaxt ölüb? İndiyə qədər bu barədə heç nə soruşmamışam, indi yadıma düşür. Bəlkə müharibədən qayıtmayıb, bəlkə o da maşın altında qalıb ölüb?
Yeddi il idi, demək olar ki, hər gün Firanı görürdüm, təkcə İosif Samoyloviç Bassın hüzurunda olduğumuz vaxtlardan başqa.
Tolik dedi ki, bax, əvvəlcə «Fantomas»a gedəcəyik ha. Mən də dedim ki, yaxşı, özü də qorxma, axşam olmamış axşam naharı eləməyəcəyik, axşama da hələ çox qalıb.
Bir dəfə mən birinci kursda oxuyanda Hacıgilə yığışmışdıq – Hacı həmişəki kimi xudmani bir məclis düzəltmişdi; atası tez-tez gedirdi rayona, ev də qalırdı onun ixtiyarında, anası da qulluğunda müntəzir. Dörd-beş nəfər idik, hamımız da bir yerdə oxuyurduq. Birdən Hacı dedi ki, hərə öz arzusunu söyləsin: ən böyük arzusunu. Hərə bir-bir ən böyük arzusunu söyləyirdi, növbə mənə çatanda deməyə söz tapmadım, çox əttökən bir arzu quraşdırıb ekspromt dedim. Dedim ki, mənim də ən böyük arzum budur ki, sizin arzularınız həqiqətə çevrilsin. Hacı durub üzümdən öpdü ki, ən böyük arzu səninkidir. Mən isə özüm öz süni arzumdan utandım, gecə də evdə yatanda arzusuzluq dərdi yuxumu qaçırtdı, cürbəcür fantastik şeylər arzulamağa başladım: öz xalqımın və öz Vətənimin qəhrəmanı olacağam, bütün dərdləri sağaldacağam, elə an olacaq ki, Danko kimi ürəyim əlimdə bərq verəcək və s. Bunlar özü də arzudan daha çox obıvatel xəyallarına bənzəyirdi – özüm çox gözəl başa düşürdüm bunu.
Həvəssizlik arzusuzluqdan gəlir, arzusuzluq biganəlikdən doğur, bəs biganəliyin səbəbi nədir; ancaq odurmu ki, bir vaxt gələcək – hamımız öləcəyik?
Jan Mare birinci dəfə güləndə Tolik həmişəki kimi: «Ux ta...» – deyə içini çəkdi, sonra mənə pıçıldadı ki, görürsən, Fantomas mənim kimi gülür.
Mən də vahimələnərək: «Da, da...» dedim.
İki-üç ay bundan əvvəl Hacı mənə bir söz dedi, heç yadımdan çıxmır o söz, çünki ən zəhləm gedən sözdür. Küçədə təsadüfən görüşdük, dedi ki, gedək futbola – «Neftçi» ilə «Dinamo» Kiyev oynayırdı. Dedim ki, yox, mən televizorla baxacağam. Hacı da mənə baxıb dedi ki, nə olub belə, səni əməlli-başlı ətalət basıb, bir az özünü silkələ.
Yaman hirslənmişdim Hacıya, amma elə bil kim isə içimdən mənə deyirdi ki, heç hirslənib-eləmə, belədir ki, var.
Axı, niyə, nə səbəbə məni ətalət basmalıdır?
Ətalətin səbəbi mənasızlıqdır, heç nədə məna görməmək.
İlk dəfədir Kislovodskda belə şeylər barədə fikirləşirəm, ətalət kimi mücərrəd anlayışların sosioloji köklərini aramağa cəhd edirəm – əhsən mənə, həm bu fikirlərə görə, həm də bu gurultulu cümlələrə görə; amma de Fyunesin göz-qaşla danışmasına tamaşa etsəm, hamısından yaxşıdır.
Tolik kimi gülə biləydim. Bax, bu da bir arzudur, dördüncü arzu.
Tolik kimi gülə bilmərəm ona görə ki, Tolik hər şeyi həqiqət kimi qəbul edir – bu, onun üçün xoşdur və belə bir hal yaşdan asılı deyil; ola bilsin ki, Tolik mənim də yaşıma gələndə beləcə səmimi, ürəkdən gülsün, hər şeyi yenə də həqiqət kimi qəbul etsin, çünki bu onun üçün xoşdur, bu onun həyatını mənalı edir. Mən isə hər bir həqiqətdə bir yuxu qarışığı görürəm, yəni bu həqiqət mənasızlıq çalarlı olur.
Dostum sənətşünaslıq namizədi, yaxşısı budur dinməz-söyləməz otur və de Fyunesə tamaşa et. Tamaşa et, əzizim Sabir, bu məlumdur ki, İsgəndərə qalmayan dünya sənə də qalmayacaq və bu da məlumdur ki, sənin etirazın dünya gerçəkliyi müqabilində bir heçdir.
Kefli İsgəndər də deyirdi ki, mən bir heçəm.
Bir dəfə boz payız idi, işdə oturub pəncərədən çölə baxırdım, bədlik basmışdı məni. Otaqda mən idim, bir də qoca sənətşünas var, özü də vurandır yaman – Kamal Əcəlsiz təxəllüslü – o idi. Mənə baxıb dedi ki, bu boz həyata nə tamaşa edirsən belə, qanını da qaraldırsan, gəl sənə elə bir mehrab göstərim ki, üzünü çevir ona mənim kimi, həmişəlik. Sonra da bir naməlum rəngli köhnə portfeli var idi, açıb içindən yarımlitrlik «Moskovski» çıxararaq mənə göstərdi, yenə «Moskovski»ni portfelinin içində gizlədib çox ciddi surətdə gözlərini mənə zillədi. Mən də dedim ki, yox, Kamal Əcəlsiz, o mehrabın qabağında durub namaz qıla bilmərəm. Dedi ki, özün bil, mən sənə yol göstərdim, borcum idi, sonra da gözlərini zillədi qarşısındakı köhnə əlyazmasına.
Mən ona görə belə cavab verdim ki, araqdan zəhləm gedir, çünki araqda da bir məna görmürəm, ikincisi mənim ailəm var, Toliki böyüdüm gərək.
Bax, bu da beşinci arzu: Toliki böyüdüb boya-başa yetirmək.
Maraqlı olardı ki, bu saat durub gedib telefonxanadan Hacıya zəng edəsən, salamsız-kəlamsız soruşasan ki, yadına gəlirmi, bir dəfə sizdə oturmuşduq, dörd-beş nəfər idik, bir-bir arzunuzu söylədiniz, mən də ən böyük arzumu söylədim ki, sizin arzularınız həqiqətə çevrilsin, indi nə oldu. Həqiqətə çevrilibmi o arzularınız? Yəqin elə bilər ki, dəm-zadam, ya da soruşar ki, hansı arzular idi biz söylədiklərimiz? Mən də deyərəm ki, deməli, boş arzular imiş o arzular, çünki yadınızdan çıxıb artıq, özünüz özünüzü aldadırmışsınız, deməli, həqiqətə çevrilməyib o arzular; bir də ona görə həqiqətə çevrilməyib o arzular ki, mənim arzum yalançı arzu idi, yəni mənim elə bir arzum yox idi ki, sizin arzularınız həqiqətə çevrilsin.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bes-qepiklik-motosikl
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Günlərin bir günündə1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
Başqa şairlərin şeirləri
Məni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,