Dünyanın bəxtəvəri
Səhifə 3 / 5 · 40%
qapısını döyübsə, nə isə bir iş üçün gəlib, amma macal vermirdi, çay dəmləyə-dəmləyə, sonra çayla o gözəl şorqoğalından yeyə-yeyə elə hey ordan-burdan danışırdı, məktəb illərindən, ölüb getmiş müəllimlərindən, yaddan çıxmış sinif yoldaşlarından, gəlin üçün elə bil ki, uzun illərin keçilməz beton hasarından o tayda qalmış və izləri-soraqları kəsilmiş xatirələrdən danışırdı, məktəbdə bir yerdə oxuduqları və gəlinin uzun-uzun illərdən bəri xatırlamadığı (xatırlamağa imkanı olmadığı) cavan, yaraşıqlı, sağlam oğlanların baxışları, təbəssümləri həmin illərin buzunu qırıb səkkizinci mərtəbədəki o mənzilə hərarət gətirirdi və bütün bunlar çox gözəl idi, amma vaxt gedirdi, qoca evdə tək idi, bir azdan qızlar məktəbdən qayıdacaqdı, sonra əri işdən gələcəkdi, gəlin isə, yeməyə bir şey hazırlamamışdı. Firuzə elə hey danışırdı, görünür, əri işdə olanda həmişə evdə tək qaldığı üçün qurtarmaq bilmirdi və gəlin, nəhayət ki, yağış kimi, amma gözəl, mülayim, xoş bir yağış kimi (əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış gənclik illərinin həzin – amma işıqlı! – hisslərini adamın bütün varlığına yayan gözəl, mülayim, xoş bir yağış kimi) Firuzənin yaraşıqlı dodaqlarından yağan sözlərin arasından imkan tapıb gəlişinin səbəbini dedi və Firuzə də o saat telefonla əri ilə danışdı, özü də elə danışdı ki, heç bir şəkk yeri qalmadı: o hörmətli kişinin (o keçmiş kasıb və kimsəsiz tələbənin) imkanında nə varıydısa eləyəcəkdi ki, Firuzənin məktəb rəfiqəsinin işi düzəlsin; sonra belə danışdılar ki, axşam əri işdən gələndən sonra (yəni nazir müavini işdən gələndən sonra), gəlin Firuzəgilə telefon eləsin və cavabını öyrənsin. Axşam evlərindən üç tin aşağıda, «Qırmızı Oktyabr» yay kinoteatrının yanındakı telefonavtomatdan Firuzəgilə zəng elədi və Firuzə xüsusi həvəslə dedi ki, sabah, yəni bu səhər saat onda uşaq getsin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına, kişinin adını verib girsin rəisin yanına, sonra sabah axşam, yəni bu gün axşam yenə zəng eləyib cavabını onlara desin.
Gəlin oğlunu təkrar yamsıladı:
– «Neyniyim?..» Necə neyniyim? Diribaş ol də, göstər dokumentlərini! O boyda kişi ağız açıb!.. Zamministr!.. Düzəldəceylər! Onnarın da ona işi düşür də!.. Kanalizasiya da ona baxır, deyirlər, tramvaylar da, hər şey! Utanıb boynunu bükmə e, diribaş ol!..
Qızlar pendir-çörəklərini yeyib qurtarıb, çaylarını içib məktəbə getdilər. Oğlan da durub Tarix İnstitutuna getdi ki, tapşırıqlarını alsın, məktublarını götürsün, sonra da özünü saat on üçün çatdırsın Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına. Anası o payız səhəri oğlunu evdən yola salanda gecə yorğan-döşəkdə öz-özünə pıçıldayıb əhd elədiyi nəziri bir daha ürəyində söylədi: əgər bu iş baş tutsa, yaxşı un tapacaq, yağ tapacaq, halva çalacaq, özü elektrik qatarına minib, Mərdəkana gedib o halvanı Ətağanın qəbrinin üstündə kasıb-kusuba paylayacaq və əlavə də üç manat pul verəcək.
Gəlin mizin üstündəki stəkan-nəlbəkiləri yığışdıra-yığışdıra həmişəki kimi üzünü qocaya tutub (günün çox vaxtını ikisi evdə tək qaldıqları üçün, adət eləmişdi, bütün sözlərini qocaya deyirdi, əslində isə, özü özüylə danışırdı) dedi:
– Düzələcək e, Allah qoysa, düzələcək!.. Nöş düzəlmir? Gül kimi oğlandı! Əsgərlikdən xarakteristi də əntiqədi, özü də azərbaycannı qol çekməyib ki, desinlər ki, bu heç, özümüzünküdü, rus qol çəkib, İvanov mayor! O boyda kişi də ağız açıb, o boyda ministerliydi, bir nəfər özünnən böyüyüdü, vəssalam! Kanalizasiya da ona baxır!..
Qoca pendir-çörəyini yeyib, çayını içmişdi və indi də yerində oturub diqqətlə bu arvada baxırdı və bu arvadın dediyi bu çoxlu sözləri bu qulağından alıb, o biri qulağından buraxırdı, təkcə o «kanalizasiya» sözü bir an ilişib beynində qaldı və qoca yenə soruşdu:
– Ayaqyoluna getmişəm mən?
Gəlin nəm əsgi ilə o girdə mizin üsündəki qəhvəyi klyonkanı silə-silə:
– Getmisən e, getmisən... Rahat olginən!.. – dedi. – Bayaq özüm yola saldım səni ora da, day oğlunun yanında demədim, əyibdi... Ancaq gecə mənim yadımdan çıxmasın, yaduva salım sənin, gedəsən ayaqyoluna. Getmirsən, sonra gecə yaş əliyirsən yerivi. Oğlun da hirsdənir. Bilirsən nöş hirsdənir? Sən onnan inciməginən!.. Mənə görə hirsdənir e! Utanır mənnən... Deginə ki, mənim neyimdən utanırsan, ay bədbəxt oğlu, bədbəxt? Hə?..
O köhnə dolabın üstündəki sarı bülbül isə yenə də hərdən ötürdü və sarı bülbül ötdükcə də xırda qəfəsciklərə salınmış səsi güclə sezilən şəffaf sabun qovuqcuqları kimi otaq boyu uçuşurdu.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-dunyanin-bexteveri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
V fəsilAğagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «İsgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.
VI fəsilZübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağcaqanad idi, özü də ağcaqanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, Bilgəhdə, ya o tərəfdə, Nardaranda biri də yox idi.İndi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana? Yat, atalar deyib ki, hər gözəlin bir eybi var... Bəs, bir gözəlin yüz eybi olanda necə olsun? Əşşi, çor olsun, zəhrimar olsun, yat, vəssalam... Niyə yata bilmirdi, balam? Nə idi axı, bayaqdan yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatirə idi, işıqlı idi, işığı lap zəif də olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə Nisənin vağzal bağında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatirədə şampan tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq sağlıqları, vurğun baxışlar yox idi. Çox sadə idi, dama-dama məktəbli dəftərinə oxşayırdı...
VII fəsilAğagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünki bütün gecəni qatmaqarışıq yuxular görmüşdü və qırmızı çil toyuq da Nisənin gözlərindən süzülən yaş gilələri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı çil toyuq, doğrudan da, həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayır; sonra qırmızı çil toyuq çırpınıb ayağa qalxdı və hirslə qaqqıldaya-qaqqıldaya ki, bu nə gecə macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı.Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı çil toyuğun dalınca həyətə atdılar.
Başqa şairlərin şeirləri
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
DərdsizNalayıq sözləri, ağır sözləri,Heç zaman eşitmək istəməz adam.
Dağlar, sizdə nəyim qaldı, gəncliyimDağlar, sizdə nəyim qaldı, gəncliyim,Gəncliyimi bir də mənə qaytarın.