Dünyanın bəxtəvəri
Səhifə 5 / 5 · 80%
Gəlin:
– Harda qalıb bu uşaq? – dedi. – Nöş gəlib çıxmadı?..
Əri:
– Gələr... – dedi və gəlin ərinin dediyi o bircə kəlmədə o qədər yorğunluq, o qədər özündən inciklik (yəni mən nə atayam ki, üç qızın bir qardaşı oğluma kömək eləyə bilmirəm...), o qədər dünyadan narazılıq hiss elədi ki, ərini yaxşı tanıdığı üçün, daha səsini çıxarmadı, çünki əri həmişə naəlac olanda, özündən inciyəndə, dünyanın işlərindən zinhara gələndə heç nədən dava salırdı.
O sarı bülbül də nəsə narahat idi, qəfəsin içində özünü o küncə, bu küncə atırdı, amma oxumurdu və qoca gözlərini qarşısında oturmuş bu dazbaş kişidən çəkib qəfəsin içində vurnuxan bülbülə baxdı, bülbülün o narahatlığı, özünü o küncə, bu küncə çırpması, elə bil, qocaya da sirayət elədi, qoca həyəcanlandı və birdən-birə bərkdən:
– Yaşasın yoldaş Bağırov! – dedi. – Mircəfər Abbasoviç!
Gəlin:
– Bağırovun sümükləri çoxdan çürüyüb qəbirdə!.. – dedi. – Necə yaşasın?..
Qoca zəndlə gəlininə baxdı və:
– Yaşasın yoldaş Stalin! – dedi. – İosif Vissarionoviç!
Oğlu:
– Adlarını gör nə yaxşı yadında saxlayıb?!.. – dedi, alnını qırışdırdı və başının dərisi də qırış-qırış oldu və elə bil ki, başının dərisinin eləcə qırışması bu adamın gözlərindəki və sözlərindəki yorğunluğu və narazılığı bir daha təsdiq edirdi.
Qoca təəccüblə otaqdakı bu naməlum adamlara, qızarmış kartof yeyən bu kişiyə, ayaq üstə dayanıb təzədən çörək doğrayan bu arvada baxdı, içini bürümüş o həyəcan daha da artdı və sözləri daha dəqiq tələffüz edə-edə təzədən:
– Yaşasın yoldaş Stalin! – dedi.
Gəlin:
– Ay-hay!.. – dedi. – Stalin qırx ildi ölüb gedib!.. Əvvəlcə movzaleyə qoydular, Leninin yanına, sonra da bayquş kimi gecə xəlvətcə gəlib movzaleydən çıxarıb torpağa basdırdılar! Gorbagor elədilər! O vaxt kim arvadını boşamışdı, indi deyir ki, Stalinin üstündə olub! Lenin hələ qalıb movzaleydə... Ordadı hələ...
Qoca bütün bu sözlərin hamısını başa düşürdü, amma heç birinə də inanmırdı və elə bil ki, bu deyilən sözlərin olub-olmadığını bir daha yoxlamaq üçün:
– Mikoyan da ölüb? – soruşdu. – Anastas İvanoviç?
Gəlin:
– Çoxdan gorbagor olub! – dedi.
Qoca sidq-ürəkdən:
– Ola bilməz! – dedi.
– A-a-a!.. Nöş olmur? Stalin ölə bilər, Bağırıov ölə bilər, Mikoyan ölə bilməz?
– Gəlin, doğrudan da, təəccüb etdi, elə bil yadından çıxartdı ki, qayınatasının sözlərinə təəccüb etmək lazım deyil, sonra həyətdən eşidilən addım səslərindən oğlunu tanıdı. – Uşaq gəldi! – dedi. – Ya Allah!..
Məlum oldu ki, bu dəfə oğlanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında oturan rəisin yanına buraxıblar, rəis sənədlərinə baxıb: « – Get, sabah gələrsən!» – deyib.
Anası:
– Day heç nə demədi? – soruşdu.
– Yox.
– Dedi sabah gəl də...
– Həri.
– Elə-belə nöş deyirdi sabah gəl? Düzələcək Allah qoysa!
– Mən nə bilim? – Oğlan atasının qabağındakı qızarmış kartofa baxa-baxa çiyinlərini çəkdi və udqundu.
– Necə «mən nə bilim?» Nöş deyirdi ki, sabah gəl? Düzələcək də!..
Gəlin heç oğluna yemək verməmiş elə ev paltarının üstündən tələsik paltosunu geydi ki, gedib evlərindən üç tin aşağıda «Qırmızı Oktyabr» yay kinoteatrının yanındakı telefon avtomatdan Firuzəyə zəng eləyib əhvalatı desin.
Və bu vaxt qəfəsin içindəki o sarı bülbül, elə bil, ora-bura vurnuxmaqdan təngə gəldi, bunun mənasızlığını başa düşdü, birdən-birə o payız günü səhər tezdən ötdüyü kimi, oxumağa başladı və qocaya yenə də elə gəldi ki, bülbülün otağa yayılan səsini də saysız-hesabsız xırda qəfəsciklərə salıblar və o xırda qəfəsciklər otaq boyu uçuşur, gəlib qocanın boz kostyumuna, hətta, əllərinə, boynuna, üzünə toxunur; qoca hiss edirdi ki, bu görümdə nəsə bir tanışlıq var, səslərin beləcə qəfəsciklərə salınıb, dustaq edilib uçuşmasını haçansa görüb, amma yadına sala bilmirdi ki, bütün bunlar elə bir günün əhvalatlarıdı, bugünkü səhərin, günortanın xatirələridi. Qoca sulanmış gözlərini paltar dolabının üstündəki o sarı bülbülə dikdi və baxdıqca da birdən-birə gözlərinin qabağına sapsarı yarpaqlar gəldi, qoca yadından çıxartmışdı ki, o sarı yarpaqların yüngüllüyünü yenə də hiss etdi, hətta, içindən bir nigarançılıq keçdi ki, birdən bir meh ötə bilər və o sarı yarpaqları gözünün qabağından uçurub aparar; bu dəm o sapsarı yarpaqlarda qoca üçün bir məhrəmlik, doğmalıq, mehribanlıq var idi.
Gəlin qayıdıb gəldi və kefi də açıq-aşkar əvvəlkindən yuxarı idi, çünki Firuzə, milisioner Əliabbasın arvadı yox, o biri Firuzə çox arxayın danışırdı, elə bil ki, uşaq daha düzəlib orda işə. Təki olsun! Kor nə istər, iki göz, biri əyri, biri düz.
Oğlan:
– Ordakı milisənerlərin tapançası var! – dedi.
Anası:
– A-a-a!.. Əlbət ki!.. Sekadı də... – dedi.
Təkcə həyətdə yox, bütün məhəllədə hamı bilirdi ki, milisioner Əliabbasın belinə bağladığı qoburda heç vaxt tapança olmur və milisioner Əliabbas durub işə gedəndə o qoburun içinə günorta yemək üçün arvadı Firuzənin qəzet parçasına büküb verdiyi pendir-çörəyi qoyur.
Bülbülün səsi eləcə xırda qəfəsciklərin içində otaqda uçuşurdu və qoca bu barədə ətrafındakı bu yad adamlara bir söz demək istəyirdi, amma o sözləri tapıb deyə bilmirdi və o xırda qəfəsciklər otağın içində uçuşduqca qoca istəyirdi ki, belə axşam yox, səhər olsun, elektrik lampasının işığı yox, günün işığı olsun və qoca narazılığını bildirdi:
– Bu nə gündü e, belə?
Gəlin hələ də Firuzənin arxayın sözlərinin təsirilə həmin payız axşamı birinci dəfə gülümsəyib:
– A-a-a!.. – dedi və tez dodaqlarını yığışdırdı, çünki eləcə gülümsəyəndə dodaqlarının qırağından metal dişləri görünürdü və gəlin o metal dişlərdən utanırdı.
– Ay bədbəxt!.. Sən heç özün bilirsən ki, nə gündəsən?.. Sənə nə var e, uşaq kimi şeysən!..
Qəribə idi, gəlinin dediyi o sözlərin içində bir kəlmə: « – Ay bədbəxt!..» ilişib qocanın beynində qaldı və bir azdan qoca gəlinin təkidilə ayaqyoluna gedib qayıdandan sonra, yatmaq üçün şüşəbəndə (onun yeri şüşəbənddə idi) keçəndə pəncərədən küçəyə baxdı: uzun-uzun illərdən bəri hər gün gördüyü bu küçə mənzərəsi həmin payız axşamı da qoca üçün tamamilə yeni və maraqlı idi və qoca yenə də gəlinin təhriki ilə boz kostyumunu soyuna-soyuna öz-özüylə danışmağa başladı, ətrafında dolaşan, cürbəcür sözlər deyən bu tanınmaz adamların qarasına deyindi:
– «Ay bədbəxt!» – Qoca gəlini yamsıladı. – Niyə bədbəxtəm mən? Bədbəxt-zad deyiləm! Bədbəxt niyə oluram? Dünyanın ən bəxtəvəri elə mən özüməm! – Qoca yenə gəlini yamsıladı. – «Ay bədbəxt!» Kim dedi bunu? – Qoca gözlərini qıyıb fikirləşdi. – Kim dedi mənə «ay bədbəxt?» Qoy gedim soruşum... Kimdən soruşum e? Kimdi bunlar belə? Hardan gəliblər? Nə istəyirlər məndən? Allah bilir... «Ay bədbəxt!» Niyə? Bədbəxt niyə oluram mən? Dünyanın ən bəxtəvəri elə mən özüməm!..
Mart, 1990.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-dunyanin-bexteveri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı, şlanqı əlinə alıb ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), evin arxasında əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq Əbdül əkmişdi ki, küləyin qabağını kəssin.Düzdü, kənddə deyirdilər ki, Zübeydə səkkiz dəfə ərə gedib, amma, əslində, Zübeydə bircə dəfə, yəni rəsmi surətdə bircə dəfə ərə getmişdi, onda da Əbdülə. Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül gülə aşiq olan kimi, Zübeydəyə aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb (faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən əvvəl və müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz dodaqlarını qaldırıb dişlərini ağardırdı.
V fəsilAğagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «İsgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.
VI fəsilZübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağcaqanad idi, özü də ağcaqanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, Bilgəhdə, ya o tərəfdə, Nardaranda biri də yox idi.İndi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana? Yat, atalar deyib ki, hər gözəlin bir eybi var... Bəs, bir gözəlin yüz eybi olanda necə olsun? Əşşi, çor olsun, zəhrimar olsun, yat, vəssalam... Niyə yata bilmirdi, balam? Nə idi axı, bayaqdan yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatirə idi, işıqlı idi, işığı lap zəif də olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə Nisənin vağzal bağında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatirədə şampan tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq sağlıqları, vurğun baxışlar yox idi. Çox sadə idi, dama-dama məktəbli dəftərinə oxşayırdı...
VII fəsilAğagül əvvəlcə elə bildi ki, bu toyuq səsini yuxuda eşidir, çünki bütün gecəni qatmaqarışıq yuxular görmüşdü və qırmızı çil toyuq da Nisənin gözlərindən süzülən yaş gilələri kimi yuxudan-yuxuya keçmişdi, amma Ağagül gözünü açanda və külafirəngidən başını qaldırıb həyətə baxanda gördü ki, qırmızı çil toyuq, doğrudan da, həyətdədi, hasarın dibinə düşüb qalıb, bərkdən də qaqqıldayır; sonra qırmızı çil toyuq çırpınıb ayağa qalxdı və hirslə qaqqıldaya-qaqqıldaya ki, bu nə gecə macərasıdı belə mən düşmüşəm, o tərəf-bu tərəfə yeriməyə başladı.Sonra hasarın o biri tərəfindən torbanı da qırmızı çil toyuğun dalınca həyətə atdılar.
Başqa şairlərin şeirləri
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
GördümMəqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
DərdsizNalayıq sözləri, ağır sözləri,Heç zaman eşitmək istəməz adam.
Dağlar, sizdə nəyim qaldı, gəncliyimDağlar, sizdə nəyim qaldı, gəncliyim,Gəncliyimi bir də mənə qaytarın.