Səhifə 6 / 11 · 45%

– Çəkil sən... Qoy mən aparım, sən çəkil...

Xosrov müəllim qupquru quruyub qaxac olmuş barmaqları ilə tələbə Murad İldırımlını kənara elədi, özü Xədicə arvadın cənazəsindən yapışdı və məhəllə cavanları ilə birlikdə həyətdən çıxdı, cənazəni yük maşınına qaldırdılar, özləri də (o cümlədən, Xosrov müəllim) yük maşınına mindilər və maşın yerindən tərpəndi.

Əlbəttə, hesabla tələbə Murad İldırımlı bir yüngüllük hiss etməliydi, Xosrov müəllimə minnətdar olmalıydı, amma həmin dəm bu cavan adamın içində Xosrov müəllimə qarşı bir kin-küdurət baş qaldırmışdı: tələbə özünü məcbur edəcəkdi, o, cənazəni başqaları ilə birlikdə aparıb maşına qoyacaqdı, məscidə gedəcəkdi, özü özünə sübut edəcəkdi ki, həyatın hər üzünə hazır adamdı və Xədicə arvadın o cansız qılçı da həyatın su içmək, çörək yemək, tualetə getmək kimi, təzə doğulmuş uşağı qucağına almaq kimi, bir parçası, bir hissəsidir... Tələbə özünü məcbur edəcəkdi ki... İndi ona elə gəlirdi ki, bu həyətdə, bu məhəllə camaatının arasında təpədən-dırnağacan bir biabırçılıq içindədi.

Həyətdəki mizin arxasında oturmuş kişilər isə yavaşdan bir-birləri ilə söhbət edirdilər, krant damcı-damcı axırdı, evə toplaşmış məhəllə arvadları daha ağlamırdı və bu gün universitetə dərsə getməyən (dördillik tələbəlik həyatında birinci dəfə idi ki, dərs buraxırdı) tələbə Murad İldırımlı həyətin küçə qapısı ağzında dayanıb yenə də bilmirdi ki, nə eləsin... Molla Əsədulla əvvəllər də hərdənbir məhəllədə gözünə dəyən bu kirayənişin oğlana baxdı və tələbəyə elə gəldi ki, molla bu saat onu camaatın yanında məzəmmət edəcək, utandıracaq, amma Molla Əsədulla həmin boğuq səsiylə:

– Ayaq üstə nöş durmusan? – dedi. – Gəl otur...

Tələbə gəlib aşağı başda – mizin arxasında əyləşdi və mollanın bu sakit dəvəti (elə bil, heç nə olmayıb!..), kişilərin sakit söhbəti tələbəyə də sirayət etdi (axı, doğrudan da nə olmuşdu ki?..) və tələbə Murad İldırımlı birdən-birə o gözəl dağları, o gözəl meşələri xatırladı. Yazıq Xədicə arvad ömründə o gözəl dağları, o meşələri görməmişdi, bu həyət-bacadan başqa, yəqin ki, ömründə başqa bir yerə getməmişdi və o yazıq bir daha bu həyətdə, bu küçədə görünməyəcəkdi, amma bu həyət-baca haçansa sökülənəcən, dağılanacan Xədicə arvadsız da necə vardısa, eləcə qalacaqdı və indi Murad İldırımlı da o dağların qoynunda deyildi, amma o dağlar da, o meşələr də elə-eləcə qalırdı... Tələbə fikirləşdi ki, bütün bunlar, əlbəttə, məlum məsələdir, amma, hər halda, qəribədir... Sonra yadına düşdü ki, dırnağını çeynəyir, tez barmağını ağzından çəkdi.

Molla Əsədulla sağ əlində çevirdiyi təsbehə baxa-baxa boğuq səsiylə, elə bil, özü özüylə danışdı:

– Bu Siçan nöş gəlib çıxmadı belə?.. – Sonra sol əli ilə ağappaq saqqalını sığalladı və yalnız bundan sonra tələbə gördü ki, molla əminin dodaqları bir balaca qaçdı.

Miz arxasında oturmuş məhəllə kişiləri də, elə bil, bir az rahat nəfəs aldılar və səhərdən bəri bu həyətə çökmüş təziyə ovqatı, daxili gərginlik azaldı, Molla Əsədullanın bu sualı bir yüngüllük gətirdi. Kişilərdən biri:

– Uşaqlar gedib dalıyca, – dedi, – gələr indilərdə...

– Başı qarışıqdı də kişinin...

Çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu ehsan ətini gətirib evə qoyandan sonra həyətdə oturmuşdu, üzünü Molla Əsədullaya tərəf tutub:

– Neyləsin?– dedi. – Siçan basıb da şəhəri...

Bu sözləri deyən məhəllə kişilərindən heç biri gülmürdü, amma tələbə bu sözlərdəki yüngül zarafatı, istehzanı açıq-aşkar hiss etdi: ölənlər gedirdi, həyat isə öz qaydasıyla davam edirdi... O yazıq Xədicə arvadı mürdəşir indi məsciddə yuyurdu, sonra kəfənə sarıyacaqdılar, sonra aparıb qəbiristanlıqda torpağa tapşıracaqdılar, sağ qalanlar necə yaşamışdılarsa, eləcə də yaşayacaqdılar, sonra onlar da həyatlarını başa vuracaqdılar, həyat isə davam edəcəkdi, davam edəcəkdi... Belə fikirləşən, bunu görən, əlbəttə, tək tələbə deyildi (və tələbə burasını çox gözəl başa düşürdü!), amma dünyanın beləcə bir əlacsızlığı bu sadə fikri həmişə özü ilə nəsillərdən nəsillərə ötürürdü, bu gün bu həyətdə bu barədə tələbə fikirləşirdi, min il bundan sonra isə (əgər insan atom bombalarının və raketlərin köməyi ilə özünü məhv eləməsə!) eyni fikir bir başqasının ağlına gələcək – dünya dəyişəcək, əlbəttə, tamam başqa bir dünya olacaq, amma bu sadə fikir həmişə insanın hisslərinə təsir edəcək– tələbənin fikrincə məhz belə olacaqdı.

Xədicə arvadın oğlu Siçan Balaniyaz Səhiyyə Nazirliyinin Respublika Sanitar-Epidemioloji Stansiyasında işləyirdi və sənəti evlərdə, idarələrdə tələ qurub, zəhər verib, siçanlarla mübarizə aparmaq idi. Xədicə arvadın əri müharibədə həlak olmuşdu və nəçiydi, necə adam idi – tələbənin bundan xəbəri yox idi, amma Siçan Balaniyazı tanıyırdı. Xədicə arvad deyirdi: «– Camaatın on uşağı olur, biri pis olanda, fərsiz çıxanda, o birisi yaxçı olur, fərli çıxır... Mən bəxtiqaranın də bir oğlu oldu də, neyniyim?.. Atasını bunun, yazığı götürüb apardılar davaya, getdi, Hitlerin ciyəri yansın, necə ki, yandı da, öldü davada, tək başıma böyütdüm bunu semiçka sata-sata. Pisdi, yaxçıdı, bir dənədi də...»

Arvad bu sözləri tələbədən artıq özü özünə deyirdi; elə ki, qaranlıq düşürdü, balaca taxta kətili ilə, yarısı boşalmış tum torbasını götürüb evə qayıdırdı, tum qovuranda da, kağız torbacıqlar düzəldəndə də, boyat küftə yeyəndə də, boş-bekar olanda da otağın qapısını açıq qoyub elə hey öz-özünə danışırdı; gecədən, sakitlikdən qorxurdu – nəydi?

«–Getdi girdi arvadının evinə, arvadı oldu onunçun mənnən əziz... Neynəsin e, uşaqlarının anasıdı də. Fağır, siçan tutmağnan oturub uşaqlarını dolandırır də... Arvadı tatardı, uşaqları da rusca danışdırır, mən də ki, rusca heç nə bilmirəm... Gəlmir yanıma də görürsən? Ayda-ildə bir dəfə gəlir... Qorxur pul istəyərəm onnan... Neynirəm pulu? Tək canımdı də, acından ölmiyəciyəm ki... İndi sovet hökumətində kim ölür acınnan? Hərə bir cürə başını girriyir də... Neynirəm pulu!..»

Xədicə arvad belə deyirdi, amma tələbə Murad İldırımlı bu səkkiz ayda açıq-aşkar görmüşdü ki, bu arvad, əslində, pulgirin biridi və çox xəsisdir. 70 manat tələbədən ev kirayəsi alırdı, 70 manat Xosrov müəllimdən alırdı, əri II Dünya müharibəsində həlak olduğu üçün, nə qədərsə pensiya alırdı, bir tərəfdən də ki, tum satırdı. Tək qala bilmirdi, öz otağının qapısını həmişə açıq qoyurdu, amma elə ki, otağın qapısını bərk-bərk bağlayırdı, bu o demək idi ki, oturub pul sayır– tum satanda, əsasən, xırda pul verirdilər və bəzən tələbə o bağlı qapı arxasından yerə düşən, yaxud bir-birinə toxunan dəmir pulların cingiltisini eşidirdi.

«– Yaxçıdı hələ mənimki gəlib üstümə düşmür ki, pul verginən mənə... Ode, o yazıq kor Əminənin oğlu... İt oğlu, atası da ələ özü kimi əclafıydı... Gedib bir dənə rus matişkəsi alıb, qəhbənin birini, özü də gündə gəlib düşür yazıq arvadın canına ki, pul verginən mənə... hardan versin, ay oğraş? Pul yağış-zaddı beyəm ki, ya göydən tökülsün?... Mənimki, fağır, siçan tutur, nolsun, balalarını dolandırır də... Mənnən də pul istəmir... Nöşün ki, bilir yoxdu də məndə, pul yoxdu məndə... Bir quru canımdı, bir də özüməm də, bilmir begəm?..»

Hərdən tələbəyə elə gəlirdi ki, Xədicə arvad bu pul söhbətini bir tərəfdən də öz cavan kirayənişininə (elə Xosrov müəllimə də) eşitdirir, yəqin qorxur ki, bir yerdə yaşadıqlarına görə, gecələr otağının qapısını açıq qoyduğuna görə, gəlib onu soyarlar. Bəlkə də belə deyildi, bəlkə də Xədicə arvad heç belə şeylər fikirləşmirdi, amma, hər halda, hərdən tələbə Murad İldırımlıya belə gəlirdi.

Nə qədər ki, məhəllədə hamının «Siçan Balaniyaz» adlandırdıqları bu adamı görməmişdi, tələbə Murad İldırımlı nə üçünsə belə təsəvvür edirdi ki, Xədicə arvadın oğlu sifətdən də siçana oxşayır və o vaxtlar ki, Xədicə arvad öz-özünə danışıb yorulurdu, yerinə girib işığı keçirirdi (amma otağın qapısını bağlamırdı), Xosrov müəllimin də otağının qapısının açar deşiyindən görünən işıq sönürdü, tələbə də qəzetdən, kitabdan, jurnaldan bezikib-yorulub işığı keçirirdi, çətin və tənha gecələrində yuxuda, ya qarabasma zamanı bəzən qapı döyülürdü, əynində palto, boynunda şərf, başında əzik şlyapa bir siçan içəri girirdi; balaca, tüklü sifəti əzik şlyapasının altından güclə görünürdü, amma gözləri işım-işım işıldayırdı, qara və uzun burnunun ucu həmişə yaş olurdu, nazik uzun bığları titrəyirdi. «– Ayda neçə manat verirsən anama?– soruşurdu. – Neçə manat? Hesablayıram pullarını... Bilirəm harda gizdədir. Öləndən sonra götürəcəyəm. Neçə verirsən? Başa düşmədin? Xədicə anamdı də, oxşamır? Əh, çuşka ki, çuşka də!.. Rayonnan gələnlərin hamısı çuşka olur!.. Anamdı də Xədicə... O da siçandı də!..» Tələbə o əzik şlyapalı siçanla üzbəüz dayanıb bu sözlərə qulaq asa-asa qorxurdu ki, birdən özü də siçan olar və tərləyirdi, o qorxu içində yuxudan, ya mürgüdən oyanırdı, bir müddət o yuxunun, qarabasmanın təsiri altında olurdu, elə bilirdi ki, Xədicə siçan o açıq qapıdan indicə gəlib onun yerinə girəcək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 dəq
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 dəq
Mənə niyə gülürlər?

Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...

1 dəq
Gör necə top vuraram

Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.

1 dəq

Başqa şairlərin şeirləri