Səhifə 7 / 11 · 55%

Amma bir gün axşamçağı tələbə Murad İldırımlı Xədicə arvadın otağında oturub dəhrə ilə ət döyürdü, həyətin küçə qapısı cırıltıyla açıldı və o cırıltı eşidilən kimi, Xədicə arvad dedi: «– Balaniyaz gəldi...» Elə bil ki, həyətin o küçə qapısının dili var idi və başqa heç kimin yox, məhz Balaniyazın gəldiyini Xədicə arvada xəbər verirdi.

Xədicə arvad ayağa qalxdı və kötüyün üstündə yenicə döyülməyə başlamış təzə qoyun ətinə nigaran bir nəzər saldı, elə bil, arvad qorxurdu ki, Balaniyaz gəlib bu ətə şərik çıxacaq. Palazın üstündə bardaş qurub oturmuş tələbə, Balaniyazla birinci görüş məqamında ət kötüyünün arxasında, əlində dəhrə özünü çox naqolay hiss etdi, amma ayağa qalxmağa macal tapmadı, Balaniyaz içəri girdi və Balaniyaz onu beləcə kötük arxasında, əli dəhrəli gördü. Xədicə arvad: «– A-a-a, xoş gəlmisən... – dedi. – Sənnən nə əcəb?». Balaniyaz: «– Nöşün? – dedi. – Gəlib-ələmirəm begəm?..». Balaniyazın səsi siçan civiltisinə yox, pişik səsinə oxşayırdı və ümumiyyətlə, Balaniyaz siçana yox, pişiyə oxşayırdı, – gödəkboylu, dolu, girdəsifətli, göygözlü və balaca boyu ilə uyuşmayan iri və ucları iti qulaqları. Tələbə Murad İldırımlı ayağa qalxıb otaqdan çıxmaq istədi, amma Xədicə arvad qoymadı (oğlu ilə təkbətək qalmaq istəmirdi).

Balaniyaz otaqdakı üç taxta kətildən birində əyləşdi, Xədicə arvad ikinci taxta kətildə əyləşdi, tələbə Murad İldırımlı isə xəcalət təri tökə-tökə ət döyməyinə davam etdi və Xədicə arvad: «–Bilirsən nə yaxçı oğlandı bu tələbə? – dedi. Bilirsən nə yaxçı kömək ələyir mənə?.. Qəzet alır gətirir mənə, kulok düzəldirəm. İndi də ət alıb gətirib, xörək bişiriceyəm onunçun!.. Sən necəsən e?» Balaniyaz cavab verdi ki, yaxşıyam, anası uşaqları xəbər aldı, Balaniyaz cavab verdi ki, yaxşıdırlar, anası arvadını xəbər aldı və bu zaman Balaniyaz birdən-birə gözlərini otağın qapısının kənarında döşəmənin dibinə dikib: «– O deşiyi tutmaq lazımdı! Əl-əlbət! –dedi. Ordan siçan gəlir!» Xədicə arvad da, tələbə Murad İldırımlı da, istər-istəməz, Balaniyazın gözlərini dikdiyi səmtə baxdılar və orada güclə sezilən bir deşik gördülər, sonra Xədicə arvad heyrət və qorxu dolu gözləriylə oğluna baxdı. Balaniyaz diqqətlə nəyəsə qulaq asırdı və bir müddət beləcə sükut içində oturdular, dəhrə tələbənin əlində qalmışdı, bu sükutu pozmağa ürək eləmirdi; sonra Balaniyaz: «–Siçandır e.... – dedi və gülümsədi. – Siz eşitmürsüz, hə? – yenə diqqətlə qulaq asdı. – Toçnu siçandı!..» Xədicə arvad. «–A-a-a... Bizdə heç siçan olmazdı axı...» – dedi. Balaniyaz açıq-aşkar bir qürur hissi ilə: «– Əh, siçanın qabağını almaq olar? Əl-əlbət belədir!.. – dedi. – İtalyada təcrübə ələyiblər. Siçovulu iyirminci mərtəbədə salıblar zaxoda, suyu da çəkiblər üstünnən, əl-əlbət! Bilirsən nolub? Siçovul birinci mərtəbədən diri çıxıb!» Xədicə arvad bu əhvalatı başqa cürə başa düşdü: «–Pay atonan! – dedi. – İtalyada zaxodun təmizliyinə bax, ağəz e!..» Balaniyaz göy gözlərini siçan deşiyindən çəkib məzəmmətlə anasına baxdı: «– O öz yerində, – dedi. – Sən siçovulun canına bax e, siçovulun...» Sonra Balaniyaz yenə diqqətlə otağın o baş-bu başına baxdı, diqqətlə qulaq asdı, bir-iki dəfə gözucu tələbənin qabağındakı ətə nəzər saldı, amma anasından heç nə istəmədi və qəflətən gəldiyi kimi, qəflətən də durub getdi və Balaniyaz çıxıb gedəndən sonra, Xədicə arvad torbacıqlardan artıq qalmış qəzet parçalarını bürmələyib oğlunun göstərdiyi həmin deşiyə pərçim eləyə-eləyə və son dərəcə dərin bir pərişanlıq içində: «– Ağəz, – dedi, – mən həmişə siçannan qorxmuşam... Bunun atasının da, fağırın, siçandan əti ürpəşirdi. Bəs, bu kimə oxşadı belənçinə, ağəz?.. Nöş bu siçantutan oldu?..»

Və elə həmin gecə tələbə Murad İldırımlının qapısını eləcə palto geyinmiş, eləcə şərf taxmış, eləcə şlyapa qoymuş boz bir pişik döydü və şlyapasının yanlarından da pırtlayıb çıxmış yekə və tüklü qulaqları şəklənmiş o pişik siçan axtarırdı, o pişiyin göy gözləri siçan hərisliyi ilə işıldayıb yanırdı; tələbə qapını açandan və pişik içəri girəndən sonra Murad İldırımlı başa düşdü ki, özü siçandır və indi pişik onun özünü kötüyün üstündə dəhrə ilə döyəcək; sonra məlum oldu ki, Xosrov müəllim də siçandı– uzun, arıq, tükləri tökülmüş bir siçandı və Xosrov siçan bərkdən ağlaya-ağlaya Balaniyaz pişiyin ayaqlarına yıxılmışdı: «– Mənim gözü yolda olan balalarım var!..» O gözəl dağlar da, o meşələr də başdan-başa siçan deşiklərinə dönmüşdülər və tələbə Murad İldırımlının nənəsi də siçan idi, seyrək dişləri Balaniyaz pişiyin qorxusundan bir-birinə dəyirdi və nənəsi nazik səsi titrəyə-titrəyə Xosrov siçanı göstərib tələbəyə deyirdi: «– Qoy onu yesin!.. Qoy onu yesin, biz qaçaq...» Sonra siçan nənəsi nəvəsini gözləmədi, tələbəni tək qoyub qaçdı...

Və həmin gecə tələbə Murad İldırımlı tərin içində yuxudan oyanandan sonra səhərə kimi yata bilmədi, bu cavan adam balıncının, sovruğunun tər iyini hiss edə-edə, həyətdə damcılayan krantın səsinə qulaq asa-asa qaranlıqda, bu balaca otağın divarları arasında bir həzinlik içində özünü dünyanın ən unudulmuş bir kimsəsi bildi və ona elə gəldi ki, həqiqət indicə gördükləridir, real həyatda yaşamağı isə – yalandır. O zaman o biri otağın açıq qapısından Xədicə arvadın rahat və qayğısız nəfəsi eşidilirdi, protez dişlərini gecə çıxarıb stəkanın içində suya qoyduğu üçün (günortalar da çörək yeyəndə o dişləri çıxarırdı, çünki onlarla bir şey çeynəmək mümkün deyildi), hərdənbir yuxuda damaqlarını marçıldadırdı və o rahat nəfəs də, o marçıltı da, elə bil ki, həmin qeyri-real həyatın səsi idi.

... Xədicə arvadın cənazəsini məsciddən gətirdilər və o yazığı yük maşınından düşürüb evə qaldıranda məhəllə arvadları yenə də ağlaşmağa başladı. Xosrov müəllim gəlib tələbə Murad İldırımlının yanında, mizin arxasında oturdu və həmişəki kimi sükut içində məhəllə kişilərini bir-bir nəzərdən keçirdi, sonra gözlərini Molla Əsədullaya dikdi. Molla Əsədulla dodaqaltı pıçıldaya-pıçıldaya Quran oxuyurdu və hər səhifəni oxuyub qurtarandan sonra barmağını dodağına çəkib səhifəni çevirirdi. Sonra Siçan Balaniyaz gəlib çıxdı və hamı ona başsağlığı vermək əvəzinə, Balaniyaz özü məhəllə kişilərinə başsağlığı verməyə başladı, üzrxahlıq etdi:

– Allah rəhmət eləsin!.. Allah səbr versin!.. Əl-əlbət!.. Son qəmüvüz olsun!.. İş adamıyam da, mən... Gecikdim... Obyektə getmişdik... Allah rəhmət eləsin! Əl-əlbət işimiz çoxdu yaman!.. Allah rəhmət eləsin!..

Və Balaniyaz da keçib mizin arxasında əyləşdi, diqqətlə həyətin küncünə-bucağına baxmağa başladı. Həyətin yuxarı başındakı o krant isə elə hey damcılayırdı və krant eləcə damcı-damcı axdıqca tələbəyə elə gəlirdi ki, bütün bunların hamısı əvvəllər də haçansa olub, indi ikinci dəfə təkrardır, yəni əvvəllər də haçansa bir dəfə Xədicə arvad ölüb, əvvəllər də burada belə bir yas məclisi qurulub, Xədicə arvadı məsciddən ikinci dəfə gətirirdilər, ikinci dəfəydi ki, o arvadın cəsədini gecələr tələbənin üstünə saldığı o göyümtül adyala bükürdülər, Balaniyaz ikinci dəfə gəlib məhəllə kişilərinə beləcə başsağlığı verirdi, işinin çoxluğu üçün üzrxahlıq edirdi, Molla Əsədulla da ikinci dəfəydi ki, Xədicə arvadın matəm məclisini aparırdı və əvvəlki o yas məclisi zamanı da krant bax beləcə damcılayırdı.

Tələbə Murad İldırımlı barmağını tez ağzından çəkdi ki, dırnaqlarını çeynəməsin. Məhəllənin yeniyetmə oğlanları (onlar da bu gün məhəllədəki yasa görə məktəbə getməmişdilər) mizin arxasında əyləşmiş kişilərin qabağına (o cümlədən, tələbənin qabağına) çay düzdülər. Məhəllənin simsiz teleqrafı öz işini görmüşdü: vaxtıyla bu məhəllədə yaşayan, sonra təzə ev alıb Bakının mikrorayonlarına, Əhmədliyə, 8-ci kilometrə, Musabəyov qəsəbəsinə, Günəşliyə və ilaxır kənar-bucaq yaşayış yerlərinə köçmüş adamlar bir-bir həyətə girdi, kişilər bir-biri ilə görüşüb, bir-birinə başsağlığı verib mizin arxasında əyləşdi, arvadlar evə qalxdı, tələbənin də, Xosrov müəllimin də otaqları arvadlarla doldu, Xədicə arvadın cənazəsi isə öz otağında qoyulmuşdu.

Əlbəttə, dünən axşam heç kimin ağlına gəlməzdi ki, bu gün bu həyətdə belə bir yas məclisi qurulacaq; dünən hər şey krantın o yeknəsəq damcılarının müşayiəti ilə daimi (sanki daim!) bir eynilik içində idi. Elə ki, iş saatı qurtarırdı, adamlar işdən çıxıb gedib evlərinə çatırdılar, uşaqlar məktəbdən qayıdırdılar, bu küçə də boşalırdı, qaranlıq düşəndən sonra isə tamam bomboş qalırdı; məhəllənin adamları evlərinə çəkilirdilər, gediş-gəliş kəsilirdi və Xədicə arvad tum kisəsini balaca taxta kətilin küçə qapısının ağzından götürüb evə qayıdırdı. Dünən də belə olmuşdu. Xosrov müəllim otağına girib qapısını həmişəki kimi, açarla bağlamışdı. Tələbə də öz otağında oturub kitab oxuyurdu, amma tələbə öz qapısını Xosrov müəllim kimi açarla bağlaya bilmirdi, çünki Xədicə arvad min bir bəhanə ilə gəlib qapını döyürdü, tələbə də durub qapını açmalı olurdu (Xosrov müəllim kimi qaradinməz adamın isə qapısını döyməyə cəsarət etmirdi). Dünən tum satmaqdan qayıdanda yenə tələbəni öz otağında kitab oxuyan gördü: «–Sənnən qabaqkı da (Murad İldırımlıdan əvvəl beş il bu otaqda kirayənişin olub, institutu bitirib öz rayonlarına qayıtmış oğlanı nəzərdə tuturdu) kitab oxuyanıydı, ancaq day sənün kimi yox də... Sən alayı şeysən... Yaxçı eləyirsən!.. Oxumağın axırı yaxçı olur də... Ode, Molla Əsədulla mürdəşir üzünü yumuşun həyətində Mürşüd Gülcahani yaşayırdı. Çoxdan e-e-e... Yarımdəstə Mürşüd deyirdilər, nöşün ki, bazara gedəndə göyü yarım dəstə alıb gətirirdi. Sonra kitab yazdı, böyük adam oldu. Özüm görmüşəm onun kitabını... qəzetdə şəkilləri çıxırdı, kulok düzəltmirdim onnan, saxlayırdım, bilmirəm hara qoydum sonra... Ev verdilər əntiqə, köçdü getdi burdan...»

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 dəq
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 dəq
Mənə niyə gülürlər?

Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...

1 dəq
Gör necə top vuraram

Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.

1 dəq

Başqa şairlərin şeirləri