2. «Əzizimin cəfası» romanı
Səhifə 8 / 11 · 64%
Tələbə Azərbaycanda adını yazıçı qoyub yazanların hamısından xəbərdar olduğu kimi, Mürşüd Gülcahanidən də xəbərdar idi, həmin müəllimin ««Şən həyat» kolxozunda» romanını oxumuşdu və tələbənin fikrincə o cür yazıçıların qalın-qalın romanları Azərbaycan ədəbiyyatına yalnız üzüqaralıq gətirirdi, amma, əlbəttə, bu barədə Xədicə arvadla mübahisəyə girişməyin mənası yox idi, buna görə də təbiəti etibarilə höcət olan, birdən-birə başqa tələbələrlə, universitetdəki və Yazıçılar İttifaqındakı ədəbi dərnək üzvləri ilə qızğın ədəbi mübahisəyə girişən, sərbəst şeri müdafiə edən, Avropa modernistlərinin, xüsusən, ekzisentalistlərin yaradıcılığına bir o qədər dərindən bələd olmasa da, onların təəssübünü çəkən, Yevgeni Yevtuşenkonun, A.Voznesenskinin, B.Axmadulinanın bəzi şerlərini rus dilində əzbər bilən və girişdiyi mübahisələrin axırını gözləməyib, əsəbiləşib yarımçıq çıxıb gedən Murad İldırımlı özünü məcbur etdi və Xədicə arvadın bədii zövqünün fərqinə varmadı. Xədicə arvad Muxtar Xudavəndə kimi qəzetdə ədəbiyyat şöbəsinin müdiri deyildi (illərdən bəri kötük kimi bitib o şöbədə qalmamışdı!) və Xədicə arvadın bədii zövqünün Azərbaycan ədəbiyyatının taleyinə dəxli yox idi.
Xədicə arvad öz otağında oturub danışa-danışa boyat küftəsini yedi, çox təmizkar olduğu üçün, o saat da durub (və yenə də danışa-danışa) tələbə Murad İldırımlı ilə Xosrov müəllimin otaqlarının arasındakı balaca mətbəxdə boşqabı yudu, dəsmalla qurulayıb yerinə qoydu, tələbənin otağının qabağından keçəndə Xosrov müəllimin bağlı qapısına tərəf işarə etdi, səsini yavaşıdıb: «Bu nöş indidən qapını bağlayıb?» – soruşdu, guya ki, Xosrov müəllim qapısını həmişə beləcə bağlamır. Sonra Xədicə arvad səsini daha da yavaşıdıb: «– Gecə durub su başına çıxanda, görürəm ki, bu fağır ağlayır yuxuda... – dedi. – Ölsə bunun xərcini kim çəkəcək? Mağul, bir uşağı-zadı da yoxdu, tək canıdı... Özünün pulu var görəsən? Hə?» Xədicə arvad bu sualı açıq-aşkar bir maraqla verdi və tələbə Murad İldırımlıdan bir cavab eşitməyəndən sonra lap yavaş səslə, az qala pıçıltıyla: «– Sən bunun beləliyinə baxmaginə e... – dedi. – Bir dəfə yayda Kislavodskiyə getmişdi... Yəqin pulu var də... Ancaq ölsə yazığın işi pis olıcek...»
Bu sözləri yazıq Xədicə arvad dünən deyirdi... Xınasının vaxtı keçdiyi üçün, dibi ağarmış, üstü xoruz pipiyi kimi qıpqırmızı qızarmış saçlarına köhnə (amma tərtəmiz) çit yaylılığının altından sığal çəkə-çəkə, arıq, nazik dərili və qırışmış sifətiylə gülümsəyə-gülümsəyə deyirdi...
Xosrov müəllimin hərdən gecələr yuxuda ağlamağını tələbə də eşitmişdi, daha doğrusu, əvvəlcə başa düşməmişdi ki, gecənin yarısı bu nə səsdir belə, amma sonra başa düşmüşdü və bu barədə Xosrov müəllimin özünə heç nə deməmişdi; düzdü, bəlkə Xosrov müəllimin özünün heç xəbəri yox idi ki, bəzən gecələr yuxuda ağlayır, amma bu uzun, arıq kişi o qədər dinməz-söyləməz bir adam idi ki, heç Xədicə arvad da gecələr ağlamağını ona deməmişdi.
Tələbə Murad İldırımlı səkkiz aya yaxın idi ki, Xosrov müəllimlə bir evdə yaşayırdı, amma təkcə onu bilirdi ki, bu adam əvvəllər məktəbdə rus dilindən dərs deyib, sonra köşkdə qəzet satıb, sonra da pensiyaya çıxıb, öz evi yoxdur və uzun müddətdir ki, ayda 70 manata Xədicə arvadın kirayənişinidir. Xosrov müəllim evdə olmayan vaxtlarda hərdən Xədicə arvad deyirdi: «–Xosrov müəllim veteran trudadı e!.. Nöşün gedib hökumətdən ev istəmir bu?.. Fağır, bu da belə qaragündü də!..»
Əlbəttə, Xosrov müəllim ev alsaydı, ayda Xədicə arvada 70 manat pul verməyəcəkdi (o verməyəcəkdi, başqası verəcəkdi), amma Xədicə arvad təəccübünü gizlətmirdi və ümumiyyətlə, Xosrov müəllimin qapalı həyatı hərdən tələbəni də düşündürürdü və bəzən tələbəyə elə gəlirdi ki, illər keçəcək, o özü eynilə Xosrov müəllim kimi bir adam olacaq; yəni bəzən tələbəyə elə gəlirdi ki, yaşlarının, boylarının, sir-sifətlərinin müxtəlifliyinə baxmayaraq, Xosrov müəllim də, o dünyanın eyni aqibətli, daha doğrusu, eyni qəlibdən çıxmış adamları zümrəsinə daxildirlər...
Sonra Xədicə arvad öz otağına getdi, oturub danışa-danışa qəzetdən təzə torbacıqlar düzəltdi, müştərilərin get-gedə azaldığından şikayət etdi, xeyli qovrulmuş tum qaldığı üçün, təzə tum qovurmadı, hətta birdən-birə tələbəyə dedi ki, istəyir, gəlsin, bir ovuc tum götürüb çırtlasın və səkkiz ay ərzində Xədicə arvad birinci (və sonuncu) dəfəydi ki, tələbəyə tum təklif edirdi. Tələbə, təbii ki, tumdan imtina etdi, Xədicə arvad da həmişəki səliqəsi ilə təzə torbacıqları bir-brinin içinə yığdı, tum torbasını ağzınacan doldurdu, bir sözlə, sabahın (yəni bu günün) hazırlığını gördü, sonra adəti üzrə bayır qapısının kilidini yoxladı, tualetə getdi, əllərini, üzünü həyətdəki krantda sabunla tərtəmiz yuyub gəlib yerinə girdi (ki, bir daha qalxmasın!) və otağının da qapısını həmişəki kimi açıq qoydu.
Tələbə Murad İldırımlı da işığı keçirib yerinə girdi, həmin göyümtül adyalı üstünə saldı və birdən-birə ondan əvvəl bu otaqda yaşamış adam barədə fikirləşməyə başladı. Murad İldırımlı o adamı görməmişdi, amma dünən gecə o adamla özü arasında qəribə bir doğmalıq hiss etdi: həmin keçmiş kirayənişin də beş il bu otaqda, bu dörd divar arasında yaşamışdı, o da gətirib ayda 70 manat Xədicə arvada pul vermişdi, gecələr bu dəmir çarpayıda uzanmışdı, üstünə şübhəsiz ki, bu göyümtül adyalı salmışdı, gecələr beləcə bu tavana, bu divarlara baxmışdı, krantın damcılamağına qulaq asmışdı, hərdən Xosrov müəllimin gecələr yuxuda ağlamağını eşitmişdi... Bəlkə o keçmiş kirayənişin də illərlə «Əzizimin cəfası» romanını axtarmışdı, dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin qohum-əqrəbasının adını əzbərləmişdi, amma bir halda ki, universiteti bitirdikdən sonra Bakıda qala bilməmişdi, çıxıb öz kəndlərinə getmişdi, deməli, axıra qədər də «Əzizimin cəfası» romanını tapa bilməmişdi. Əlbəttə, belə bir adda roman yox idi, amma Murad İldırımlı Bakıda keçirdiyi dörd illik tələbəlik dövründə başa düşmüşdü ki, indi Azərbaycanda və ümumiyyətlə, bütün Sovet İttifaqında hünər burasındadır ki, olmayan romanı oxuyasan! «Əzizimin cəfası» romanı yox idi, amma sən o olmayan, o yazılmamış romanı oxumağı bacarmalı idin və tələbə Murad İldırımlı buna qəti əmin olmuşdu ki, bu gün insanlar elə bir dövrdə və elə bir ölkədə yaşayırlar ki, o yazılmamış romanı oxuya bilməsən sənin işlərin heç vaxt düz getməyəcək...
Tələbə Murad İldırımlı gecələr həmişə belə bədbin ictimai fikirlərə qapılanda birdən-birə qaranlıq içindən bir əl çıxıb gəlib gözlərinin qabağında dayanırdı və o əlin barmaqlarının güclə sezilən hərəkəti, elə bil ki, rişxəndlə deyirdi: ay axmaq tələbə, hərənin bu dünyada öz yeri var, həmişə belə olub və həmişə də belə olacaq, – ibtidai icma dövründən tutmuş, bu günə qədər və min il bundan sonraya qədər! – amma sən o qədər vecsiz və lazımsız bir məxluqsan ki, nahaq yerə təqsiri zəmanənin və ölkənin boynuna yıxırsan, sənin kimilər bütün zamanlarda və bütün ölkələrdə, bax, bu əlin kölgəsində heyvan kimi ömür sürüb qara torpağa qarışıblar, çünki onlarla (və səninlə!) heyvan arasında heç bir fərq olmayıb.
Məsələ burasında idi ki, hərdən gecələr eləcə tələbənin gözlərinin qabağına gələn o əl Leonid İliç Brejnevin əli idi və tələbə dörd il bundan əvvəl Leonid İliç Brejnevin özünü yox, əlini görmüşdü; o vaxt ki, tələbə Murad İldırımlı ilk növbədə özü üçün gözlənilmədən universitetə daxil olmuşdu və dərslər də yenicə başlamışdı – 1978-ci ilin sentyabr ayında – Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri L.İ.Brejnev, Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Sov.İKP MK katibi K.U. Çernenko və onlarla birlikdə Sov. İKP MK üzvlüyünə namizəd, Sov. İKP MK Baş katibinin köməkçisi A.M. Aleksandrov, Sov.İKP Mərkəzi təftiş komissiyasının üzvü, Sov. İKP MK beynəlxalq informasiya şöbəsi müdirinin birinci müavini V.M. Falin, Sov. İKP MK işlər müdirinin müavini M.Y. Mogilevets yoldaşlar Azərbaycan paytaxtına Lenin ordeninin təqdim olunması münasibətilə Bakıya gəlmişdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Bakı şəhəri inqilabi hərəkatda, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında və möhkəmləndirilməsində xidmətlərinə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşist işğalçıları üzərində qələbəyə böyük köməyinə, təsərrüfat və mədəniyyət quruculuğunda şəhər zəhmətkeşlərinin qazandıqları müvəffəqiyyətlərə görə Lenin ordeni ilə təltif edilmişdi və L.İ.Brejnev yoldaş bu yüksək mükafatı Bakının bayrağına şəxsən sancacaqdı. Bu, L.İ. Brejnev yoldaşın Bakıya ikinci səfəri idi, birinci dəfə 1970-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 50 illiyi münasibətilə gəlmişdi. İndi universitetdə tələbələr danışırdı ki, L.İ. Brejnev yoldaş Bakıya üçüncü dəfə gələcək, bu yaxınlarda xalq təsərrüfatını inkişaf etdirmək haqqında Sov. İKP XXV qurultayı qərarlarının həyata keçirilməsində Azərbaycan SSR zəhmətkeşlərinin qazandıqları böyük müvəffəqiyyətlərə, sənaye və kənd təsərrüfatı məhsulu istehsalına dair onuncu beşillik tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsinə görə Azərbaycan Sovet Sosialist Respublikası SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə, Lenin ordeni ilə təltif edilmişdi və guya, bu dəfəki Lenin ordenini də respublikanın bayrağına şəxsən L.İ. Brejnev yoldaş taxacaqdı, amma demək olar ki, hər gün televiziya ilə göstərilən cürbəcür təltiflər zamanı hamı görürdü ki, rəhbərin dili söz tutmur və belə bir kökdə rəhbər Bakıya üçüncü dəfə necə gələcəkdi? Universitetdə tələbələr danışırdılar ki, guya, L.İ. Brejnev, yəni həqiqi L.İ. Brejnev Kremldə oturur, başqa yerlərə gedən isə onun oxşarı, «dvoynik» i olur və guya, Bakıya da özü yox, oxşarı gələcəkdi...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-olum-hokmu-2-ezizimin-cefasi-romani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Başqa şairlərin şeirləri
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Salamat qalEy dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.