Səhifə 5 / 8 · 50%

Mir Cəfər Bağırov mətləbə dəxli olmayan söz danışan adam deyildi və Komissar o zaman sövq-təbii ilə hiss etdi ki, Beriya ilə əlaqədar nəsə ciddi bir hadisə baş verəcək, doğrudan da, dörd gündən sonra Beriya SSRİ Xalq Daxili İşlər Komissarı təyin edildi.

Bəs, Beriya özü necə, daimi idi? İndi hamı, Mir Cəfər Bağırov da Beriyanı tərifləyirdi, amma nə olsun? Bəyəm Yejovu hamı, o cümlədən də Mir Cəfər Bağırov tərifləmirdi? Keçən il Azərbaycan SSR Ali Soveti təsis edildi, ilk deputatlar namizəd göstəriləndə yoldaş Stalindən sonra ən tərifli sözlər Yejovun haqqında deyilirdi, qəzetlərdə Yejovun haqqında elə tərifli sözlər yazılırdı ki, heç Molotovun, Kaqanoviçin, Mikoyanın, Voroşilovun haqqında o cür sözlər yazılmırdı. Yox, daimi ancaq yoldaş Stalin idi, Azərbaycanda da daimi ancaq Mir Cəfər Bağırov idi.

Yoldaş Stalin yəqin ki, Mir Cəfər Bağırovu Beriya kimi Moskvaya, daha böyük vəzifəyə aparmayacaqdı. Mir Cəfər Bağırov ÜİK(b) P MK-nın adicə üzvü idi, amma bu adicə MK üzvü, eyni zamanda, Azərbaycanın sahibi idi (partiya, sovet işçiləri Mir Cəfər Bağırovu öz aralarında elə beləcə də çağırırdılar: xozyain!).

Azərbaycan İranla, Türkiyə ilə sərhəddə idi, azərbaycanlıların Sovet Azərbaycanında yaşayanlardan üç dəfə artıq hissəsi Cənubi Azərbaycanda, İranın tərkibində qalmışdı, buna görə də bu respublikada yoldaş Stalinin ən etibarlı adamı rəhbər olmalı idi. Ən başlıcası isə, yoldaş Stalinin də, Beriyanın da fəaliyyətinin böyük bir hissəsi Azərbaycanla bağlı idi. Bakıda yoldaş Stalini, Beriyanı tanıyan adamlar çox idi: düzdü, onların böyük bir qismi 37-38-də Mir Cəfər Bağırovun şəxsi rəhbərliyi və fəaliyyəti nəticəsində xalq düşməni kimi ifşa olunub güllələndi, amma arxivlər qalırdı, ifadələr qalırdı və bu kağızdakı faktlarla mübarizədə də Azərbaycanda ən etibarlı bir adam lazım idi.

Komissar Bakıda arxivlərdən itirilən sənədlərin taleyini yaxşı bilirdi, Beriya SSRİ Xalq Daxili İşlər Komissarı təyin edildikdən bir neçə gün sonra V.N. Merkulovu özünə birinci müavin elədi və yenə də bir neçə gündən sonra Merkulov Mir Cəfər Bağırovun şəxsi qonağı kimi Bakıya gəldi, Yeni il qabağı Moskvaya qayıdanda Bakının arxivlərindən axtarıb seçib götürdüyü qovluq-qovluq sənədləri də özü ilə apardı. O sənədlərdə yoldaş Stalin haqqında, Beriya haqqında nələr var idi? Bunu yəqin ki, daha heç kim heç vaxt bilməyəcəkdi...

Nəhayət, Azərbaycanda Bakı partiya təşkilatı SSRİ-nin ən nüfuzlu partiya təşkilatlarından biri idi. Bakı proletariatı Leninqraddan sonra ölkədə ən güclü inqilabi ənənələrə malik fəhlə sinfi sayılırdı və buna görə də burada etibarlı adam olmalıydı. Ölkənin tarixinin bu qızğın çağında Bakı proletariatı S.M. Kirov kimi, yoldaş Stalindən sonra ikinci bir lider yetişdirməməli idi (Kirovun yetişməsində Bakı proletariatının, əlbəttə, böyük rolu olmuşdu). Mir Cəfər Bağırov yalnız Azərbaycan K(b) P MK -nın birinci katibi yox, eyni zamanda, Bakı partiya komitəsinin birinci katibi idi, amma Mir Cəfər Bağırov rəqib deyildi və yəqin ki, o özü də heç vaxt Moskvaya işləməyə getmək istəməzdi: Moskvada o yalnız icraçı olacaqdı, Azərbaycanda isə o, yoldaş Stalinin icraçısı olmaqla bərabər, həm də hakimi-mütləq idi (xozyain!). Azərbaycanda yoldaş Stalin daha artıq dərəcədə Mir Cəfər Bağırovun qorxusuna təriflənirdi. Bütün Azərbaycan 37-38-dən sonra Mir Cəfər Bağırovun əlində idi, nə qədər istəsəydi, ovucunu sıxa bilərdi (və sıxırdı!), bu ixtiyarı, bu hüququ ona yoldaş Stalin vermişdi. Əlbəttə, Mir Cəfər Bağırovun özü də 37-38-dən sonrakı bütün yüksək vəzifəli partiya və dövlət xadimləri kimi, yoldaş Stalinin ovucunda idi, amma nə qədər qəribə olsa da, yoldaş Stalinin özünün də Mir Cəfər Bağırova ehtiyacı var idi: bütün Azərbaycan Mir Cəfər Bağırovdan qorxurdu və bu dəhşətli qorxu hissinə görə də hamı yoldaş Stalini sevməyə məcbur idi; Azərbaycan şairləri yoldaş Stalini tərifləməkdə bir-biri ilə bəhsə girirdi ki, Mir Cəfər Bağırovun diqqətini cəlb etsinlər, orden alsınlar, deputat seçilsinlər, Mir Cəfər Bağırov onlardan razı qalsın, çünki xalq düşməni kim ifşa olunmuş Hüseyn Cavidin də, Mikayıl Müşfiqin də aqibəti onların gözünün qabağında idi. Azərbaycan tarixində saray şairləri şahları, hökmdarları o qədər tərifləməmişdilər ki, nə qədər cəmi bircə ayda Azərbaycan sovet poeziyası yoldaş Stalini tərifləyirdi; mətbuatda dərc edilən fotomontajlarda yoldaş Stalin bir günəşə bənzədilirdi, Azərbaycan isə iki əllərini də o günəşə doğru uzadıb, gələcəyin maddi və mənəvi qələbələrinə doğru irəliləyirdi.

Komissar ilk gənclik çağlarında dəllək olsa da, təbiəti etibarilə küt adam deyildi, bütün bunları bilirdi və burasını da yaxşı başa düşürdü ki, çox bilir, çox bilməyin isə aqibəti onun gözünün qabağında idi; Komissar bilirdi ki, onun çox bildiyini Mir Cəfər Bağırov da yaxşı bilir və Mir Cəfər Bağırov belə şeyləri qulaqardına vuran, yaddan çıxaran adam deyil...

Bəli, əbədi yalnız yoldaş Stalin idi, burada isə Mir Cəfər Bağırov idi. Azərbaycan bir böyük şüşənin içinə doldurulmuş hava idisə, Mir Cəfər Bağırov yoldaş Stalinin bu şüşənin ağzına tıxadığı, üstünü də surqucladığı tıxac idi və bu tıxac əbədi idi, çünki yoldaş Stalinin haçansa o tıxacı dartıb o şüşənin ağzından çıxartmağa heç bir mülahizə, heç bir ehtiyac yox idi; bir də ki, o tıxac həmin şüşənin ağzında elə pərçim olub oturmuşdu ki, onu dartıb çıxarandan sonra, əvəzinə yeni bir tıxac pərçim eləyənə kimi, ətrafa hava yayılacaqdı, bu isə heç kimə, ilk növbədə isə yoldaş Stalinin özünə lazım deyildi. Yoldaş Stalin lazım olanda Mir Cəfər Bağırovdan İttifaq miqyasında da istifadə edirdi və Mir Cəfər Bağırovun yoldaş Stalinlə, indisə, eyni zamanda, Beriya ilə xüsusi yaxınlığını bildikləri üçün, İttifaq komissarları, hətta Siyasi Büro üzvləri ondan ehtiyat edirdilər.

Cəmi il yarım bundan əvvəl, o zamankı SSRİ Xalq Ədliyyə komissarı Nikolay Vasilyeviç Krılenko nüfuzlu bir adam idi, hamı bilirdi ki, o Leninin yaxın silahdaşıdır, sovet ədliyyəsi sahəsində böyük nəzəriyyəçidir, amma SSRİ Ali Sovetinin ilk sessiyasında Mir Cəfər Bağırov Krılenkoya elə hücum çəkdi ki, axırı Ədliyyə komissarı üçün çox pis qurtardı.

Mir Cəfər Bağırov sessiyadakı çıxışında dedi: «–Yoldaş Stalin demişdir – kadrlar hər şeyi həll edir. Kadrları diqqətlə seçmək, yetişdirmək, irəli çəkmək və yeni kadrlar hazırlamaq Xalq Ədliyyə Komissarlığının bilavasitə vəzifəsidir. Yoldaş Krılenko bu məsələlərlə məşğul olmur. Xalq Ədliyyə Komissarlığının rəhbərliyi özünə qarşı böyük təşəbbüskarlıq və ciddi münasibət tələb edir. Əgər əvvəllər yoldaş Krılenko vaxtının əsas hissəsini turizmə və alpinizmə sərf edirdisə, indi bütün vaxtını şahmat oyununa həsr edir. Mən bizim ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən, turizmin də, alpinizmin də, şahmatın da inkişaf etdirilməsinin böyük tərəfdarıyam. Lakin mən Xalq Ədliyyə Komissarlığı kimi mühüm bir komissarlığın işində və rəhbərliyində kiçicik zəifləmə ilə belə, eləcə də yoldaş Krılenkonun rəhbərlik etdiyi komissarlığın işinə qeyri-ciddi münasibətilə barışa bilmirəm. Biz, hər halda, özümüz üçün aydınlaşdırmalıyıq ki, söhbət kimdən gedir və yoldaş Krılenkonun simasında kimi görürük – alpinisti, yoxsa ədliyyə komissarını? Bilmirəm, yoldaş Krılenko özünü daha artıq dərəcədə kim hesab edir, amma ədliyyə komissarı kimi o, çox pisdir. Mən inanıram ki, yoldaş Molotov Xalq Soveti Komissarlarının yeni heyətini Ali Sovetə təqdim etdikdə bunu nəzərə alacaq».

Molotov bunu nəinki nəzərə aldı, hətta öz çıxışında Mir Cəfər Bağırova xüsusi istinad etdi. SSRİ Ali Sovetinin ilk deputatlarını Mir Cəfər Bağırovun üslubunda güldürdü: «Nelzya ne priznat reç tov. Baqirova vpolne obyektivnoy. On ukazal v otnoşeniye tov. Krılenko, narkoma yustitsii, ne tolko, na nedostatki, no i na polojitelnıye storonı, koqda on qovoril nasçot alpinizma, turizma i şaxmatnoqo dela».

Sessiyadan sonra lap qısa bir müddət keçdi, düz bir il bundan əvvəl – 1938-in əvvəllərində, gərək ki, yanvar idi, bilavasitə Yejovun əmri ilə bu şahmat həvəskarını – Krılenkonu həbs etdilər, keçmiş ədliyyə komissarını ittiham etdilər ki, Buxarin, Pyatakov və Preobrajenski ilə birlikdə sovet hökumətinin, şəxsən yoldaş Stalinin əleyhinə qəsddə iştirak edib – yazıq bütün bunların hamısını boynuna aldı, məhkəmə cəmi 20 dəqiqə çəkdi və Krılenkonu güllələdilər.

Komissar burasını da yaxşı bilirdi ki, Rudzutakın, Kosiorun, Eyxelin, Postışevin – çoxlarının xalq düşməni kimi ifşa olunmasında Mir Cəfər Bağırov müstəsna rol oynayıb: Bakıda Mir Cəfər Bağırovun əmri ilə həbs edilən xalq düşmənləri öz ifadələrində terrorçuluq məqsədilə bu adamlarla əlbir olduqlarını göstərirdilər. Həmin ifadələrin alınmasında Mir Cəfər Bağırovun əmri ilə Komissar özü bilavasitə iştirak etmişdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri