Səhifə 4 / 6 · 50%

İkisi də polisdə işləyirdi. Böyüyü mayor idi, amma polkovnik vəzifəsində işləyirdi və lap bu yaxın günlərdə həmin rütbəni də növbədənkənar alacaqdı – Müseyib bu məsələni artıq həll etmişdi.

Kiçiyi hələ kapitan idi.


Hərdən Zibillikdə (bəzən elə o hündürmərtəbəli binaların həyətlərində də) Əliqulunun rəqibləri peyda olurdu və bu adamlar peşəkar şüşəyığanlar deyildi, çünki peşəkar şüşəyığanların meşə heyvanları kimi, hərəsinin öz ərazisi olurdu və onlar çalışırdı ki, bir-birinin ərazisinə girməsin, bir-birinin işinə qarışmasın; o qəfil peyda olan rəqiblər alkoqoliklər idi, tapdıqları şüşələri tələsik dükana aparıb əvəzində pivə, bəxtləri gətirsəydi, yəni, şüşə çox olsaydı, şirin çaxır alırdılar və bu alkoqoliklər tək olanda dünyanın ən köməksiz və cəsarətsiz yazıq bəndələri idi, amma elə ki, iki nəfər, üç nəfər oldular, əməlli-başlı qorxulu olurdular, boş şüşə üstündə lap adam da öldürərdilər və o isti iyul səhəri elektrik qatarından düşüb adamın təpəsini deşən gün şüalarının altında Zibilliyə tərəf gedən Əliqulu uzaqdan orada iki nəfərin qaraltısını görəndə qanı qaraldı və bir az da yaxınlaşanda məlum oldu ki, bu iki nəfər iki alkoqolik rus qadınıdır, hərəsi əlinə bir taxta alıb Zibilliyi eşələyir.

O alkoqolik rus qadınlarından biri başını qaldırıb qapaqları şişmiş rəngsiz gözlərini günün şüaları altında qıya-qıya bu cılız kişiyə – Əliquluya baxıb, elə bil, çoxdan onu gözləyirmiş kimi:

– A-a-a!..– dedi.– Prişol da!.. Oqraş!.. – Sonra da bir yağlı rus ana söyüşü söydü.

İkinci qadın da Əliquluya baxdı, amma, deyəsən, onun birinci qadın qədər enerjisi yox idi, quruyub çatdamış və qaralmış dodaqlarının kənarları ağappaq köpüklənmişdi və bu qadın təkcə elə:

– Svoloç!– deməklə kifayətləndi.

Əlbəttə, bu qadınlar üçün bu saat bu Zibillikdə beşcə dənə boş şüşə tapıb aparıb əvəzinə bir dənə Xırdalan pivəsi almaq və adama bir stəkan o sərin pivədən içmək bu səfeh dünyanın bütün məna və məzmununa dəyərdi və həqiqət bundan ibarət idi ki, Əliqulunun, ayaq üstə güclə dayanan və Abşeronda iyul gününün bu cırhacırında pivəsizlikdən alışıb-yanan o qadınabənzər məxluqlara cani-dildən yazığı gəlirdi və hərgah o şüşələri Əliqulu eşələyib Zibillikdən çıxarsaydı, vallah, bəlkə də, könüllü olaraq bu bədbəxtlərə verərdi.

Amma o iki rus qadınının, əlbəttə, Əliqulunun bu gözəl fikirlərindən xəbəri yox idi və Əliqulu bu dəm onlar üçün şikarlarına şərik çıxa biləcək bir rəqib idi və onlardan nə desən, gözləmək olardı, buna görə də Əliqulu o iki qadına tərəf getməyib, Zibilliyin arxa tərəfinə keçdi və kim bilir, bəlkə də, elə Allah qəsdən o iki alkoqolik rus qadınını ora gətirmişdi ki, Əliqulu Zibilliyin arxa tərəfinə keçsin?

Əliqulu Zibilliyin arxa tərəfinə keçdi və elə o an ki, çubuğunu Zibilliyə tərəf uzatdı, elə ondaca o sarı dəmir işıltısını gördü: o yerə ki, indicə çubuğu toxunacaqdı, düz elə həmin yerdə o sarı dəmir işıldayırdı.

İndi cürbəcür içki şüşələrinin cürbəcür də qapağı olurdu, o cümlədən, sarı dəmirdən qapaqlar olurdu və onlar da günün şüası altında hərdən beləcə parıldayırdılar, amma bu dəfə Əliqulu elə o işıltını görən kimi hiss etdi ki, bu, şüşə qapağının işıltısı deyil və çubuğu heç zibilliyə toxundurmadan kənara atdı, bir addım irəli gedib o sarı dəmir parçasını götürdü.

Əvvəllər də zibil yeşiklərində, lap elə bu Zibillikdə olurdu ki, nəsə tapırdı: xırda pullar, qızıl suyuna çəkilmiş üzük, sırğa və sairə bu kimi şeylər, hətta sovetin axır vaxtlarında bir dəfə bir göy əllilik tapmışdı, ən çox dolaşığa salan da lotereya bileti olurdu, cırmayıb atırdılar zibil yeşiyinə və bilmirdin ki, bunları yoxlayıb atıblar, ya səhvən gəlib bura düşüb, ona görə də hər dəfə zibil yeşiklərindən bütöv lotereya biletləri tapanda, Əliqulu «Araz» kinoteatrının yanındakı Əmanət Kassasının giriş qapısına gedirdi və həmişə orada asılan uduş cədvəllərində o lotereyaları yoxlayırdı, amma hələ bu çağacan heç nə udmamışdı, o lotereya biletlərini ya artıq yoxlayıb tullamışdılar, ya da sahiblərinin bəxtinə bir şey düşməmişdi.

Amma bu dəfə məsələ tamam başqa idi: Əliqulunun ovcunda...

neçə idi?

bir... iki... üç...

on altı...

düz on altı qızıl dişdən ibarət bir karonka dayanmışdı.

Əliqulu ovcunu yumdu, təzədən açdı və o on altı dişdən ibarət karonka eləcə ovcunun içində idi.

Əvvəlcə Əliquluya elə gəldi ki, nəsə oğurluq kimi bir iş görür, sonra o hiss keçdi, çünki Bakı da daxil olmaqla, bu boyda Abşeronda bu dişlərin sahibini necə tapmaq olardı?– bu mümkünsüz bir iş idi, sonra o hiss bir nigarançılıqla əvəz olundu, görəsən, kim imiş bu dişlərin sahibi? bəlkə onu öldürüb bu dişləri bura atıblar? bəlkə bu dişlərin başında nəsə bir qəzavü-qədər var? sonra o nigarançılığın yerini bir təşviş hissi tutdu...

... amma nahaq...

... bu qızıl dişlərin sahibi kasıb adam deyildi – bu, bir... ... ikincisi, şübhəsiz ki, bu adam yaşlı adam idi, çünki indi heç kim ağzına bu qədər qızıl diş qoymurdu...

... üçüncüsü isə, buna – qismət deyərdilər, bəxt deyərdilər, nə bilim, naxış deyərdilər və bu qismətdən, bu bəxtdən, naxışdan imtina etmək, əlbəttə, düzgün olmazdı.

Əliqulu ayaq barmaqlarının ucuna qalxıb Zibilliyin o biri üzünə tərəf boylandı, elə bil ki, o iki rus qadını indicə gəlib haray-həşirlə bu qisməti onun əlindən alacaqdılar, amma zibil təpəsi elə hündür idi ki, o iki rus qadınını buradan görmək mümkün deyildi və ümumiyyətlə, Əliqulunun onlarla nə işi var idi?

Tez buradan çıxıb getmək lazım idi.

Əliqulu o qızıl karonkanı pencəyinin yan cibinə qoydu, daha doğrusu, o qızıl karonkanı ovucunda büküb əlini cibinə qoydu və bir müddət əlini eləcə cibində saxladı, elə bil, o qisməti cibinə qoyub, əlini cibindən çıxarsaydı, karonka cibindən düşüb itəcəkdi.

Əliqulunun özünün ağzında cəmi yeddi diş qalmışdı, arvadının da ağzında – beş idi, ya altıydı,– diş var idi və Əliqulu özünün də, arvadının dişlərini düzəltdirmək fikrində deyildi, çünki bir dəfə qonşuları klarnetçalan Fətulla məhəllədə, qoşa tut ağacının altında oturub nərd oynayanda Əliqulu da oradaydı və Fətulla təzə saldırdığı qızıl dişini göstərib: «– Alə, bilirsüz neçəyə salıblar bunu? İki yüz otuz min manata! Alə, əlli dollar eləyir e!.. Neyniyim, muzukantam də, gərək mırığ olmayım! Ona görə, kəsdim uşaqların boğazından, dedim, davay e!..»– deyəndə o «əlli dollar» sözü Əliquluya elə təsir etmişdi ki, ondan sonra özünün də, arvadının da dişini heç yadına da salmırdı və arvadı da qapının ağzındakı kətildə oturub qovrulmuş tum sata-sata, o tumdan özü çırtlaya bilmirdi, hərdən tum dənəsinin qabığını dırnaqları ilə təmizləyib atırdı ağzına və damaqları ilə əzməyə çalışıb udurdu.

Onu əlliyə vuranda eləyir beş yüz. Beş yüz!.. Altını da əlliyə vuranda eləyir nə qədər? Üç yüz! Üç yüz, o da beş yüz, elədi səkkiz yüz. Səkkiz yüz! Səkkiz yüz dollar!

Əliqulu cibində saxladığı o on altı qızıldişli karonkanı ovucunda sıxdı və ovucunda heç vaxt duymadığı bir hərarət hiss etdi, o hiss, elə bil, günün o cırhacırında yüngülcə bir sərin meh olub əsdi, elə bil, uzaqları da yaxınlaşdırdı və birdən-birə heç vaxt görmədiyi Svyatoslavın sifəti gəlib durdu Əliqulunun gözlərinin qabağında və bu uşaq sifətinin cizgiləri, düzdü, tam dəqiq deyildi, amma saçları sarışın və gözləri də gömgöy idi.

Əliqulu cibində ovcunu bir də bərkdən sıxdı, hətta elə sıxdı ki, qızıl dişlər şüşə yığmaqdan, torba daşımaqdan cadar-cadar olmuş ovcunu incitdi, elə bil, o dişlər Əliqulunun ovcunu dişlədi və bu hissiyyat ilə, yəni, o dişlərin onun ovcunu incitməsi (dişləməsi!) ilə o səkkiz yüz dollar möcüzəsi arasında elə bir uyuşmazlıq var idi və bu uyuşmazlıqla Svyatoslavın o gözəl sarışın saçları və göy gözləri o dərəcədə bir-biri ilə tutuşmurdu ki, Əliqulu az qala cismani olaraq başa düşdü: bu məsələni tez qurtarmaq lazımdır.

Amma necə?

Və bu vaxt Qızıl Müseyib onun yadına düşdü.

Qızıl Müseyib – əlbəttə, o zaman «Qızıl Müseyib» deyildi, adicə Müseyib idi, uşaqlar ona Müsü deyirdilər – Əliqulu ilə bir məhəllədə böyümüşdü, on dörd-on beş yaşı olanda köçüb getdilər və Əliqulu onu bir də otuz beş-qırx ildən sonra təsadüfən gördü: boş şüşə sorağı ilə Bakının mərkəzindəki gözəl və böyük bir binanın mənzillərini gəzəndə, o mənzillərdən birinin qapısını Müsü açdı və Əliqulu onu görən kimi tanıdı, amma Əliqulu tanışlıq versə də, öz evlərinin yerini – qoşa tut ağacının qabağını – nişan versə də, o, Əliqulunu yaxşı yadına sala bilmədi, buna baxmayaraq, evində nə qədər boş şüşə var idi, hamısını yığıb gətirib Əliquluya müftə verdi. Sonralar Əliqulu o binanın həyətinə gəlib-getdikcə bina sakinlərinin Müseyibə necə hörmət etdiklərini, onunla hesablaşdıqlarını görmüşdü (misal üçün, Müseyib keçəndə həyətdəki skamyada oturanlar varıydısa, ayağa qalxıb onunla salamlaşırdılar, ya səhər-səhər Müseyib maşınını işə salanda həyətdəki uşaqlar tez qaçıb həyətin dəmir darvazanı açırdılar və s.), Müseyibin diş həkimi və «Qızıl Müseyib» olduğunu bilmişdi və bu müddət ərzində də Müseyib hərdənbir həyətdə Əliqulunu görəndə, özü: «Gəl, qalxaq evə, yaxşı boş şüşələr yığmışam səninçün»– demişdi və yenə də boş şüşələri ona müftə vermişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XV fəsil

Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..

10 dəq
XVI fəsil

Gözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə

1 dəq
XVII fəsil

Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.

2 dəq
XVIII fəsil

Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi:

1 dəq

Başqa şairlərin şeirləri