Qızıl diş
Səhifə 6 / 6 · 83%
Neçə illər idi Əliqulunun ürəyində heç kimə demədiyi bir istək yaşayırdı, xüsusən də yay vaxtları, damda yatanda, xüsusən də hava bu cür dayanıb duranda, göyün üzü də beləcə tərtəmiz, beləcə aylı-ulduzlu olanda o istək birdən-birə tərpənib canlanırdı, gözəl bir arzuya çevrilirdi, elə bil ki, susuzluqdan saralıb-solmuş bir şitil idi,– nə bilim, pamidor şitili, ya bibər, ya da bir başqa şey,– birdən su verirdin ona, gözgörəsi özünə gəlirdi, yarpaqları qalxırdı, boyu dikəlirdi, yaşılı qayıdırdı.
İndi də o istək beləcə birdən-birə Əliqulunun içindən baş qaldırdı.
Əliqulu eşitmişdi ki, guya, başqa ulduzlardan Yer kürəsinə əcaib-qəraib məxluqlar uçub gəlir, «uçan boşqab» deyirlər onların minib gəldiyi o təyyarə kimi şeylərə və onlar, guya, yerdən adamları oğurlayıb özləri ilə aparırlar, öyrənirlər ki, yer kürəsindəki insanlar necə məxluqlardı və Əliqulu çox istəyirdi günlərin bir gözəl günündə o əcaib-qəraib məxluqlar gəlib onu da eləcə oğurlayıb aparsınlar, aparsınlar o uzaq-uzaq yerlərə, həmişəlik aparsınlar, bir də heç vaxt kürreyi-ərzə qayıtmasın.
Yəqin ki, o ulduzlar dünyasının içi indi burdan göründüyü kimi gözəl bir şey deyildi, çünki uzaqdan gözəl görünən bir şey yaxına gələndə, görürsən ki, içi zibil yeşiklərinin içi kimi bir şeydi, amma Əliqulu buna hazır idi, əsas o idi ki, ora tamam başqa bir dünya idi və Əliqulu da o başqa dünyanın sakini olacaqdı və bir də heç zaman Yer kürəsinə qayıtmayacaqdı.
Əliqulunun bütün həyatında – evlənənə qədər də, evlənəndən sonra da, ancaq bir qadın olmuşdu, o da arvadı idi və arvadı indi belinə yuyulmaqdan adda-budda süzülmüş ağ mələfə salıb və böyrü üstə nazik döşəyin üstündə uzanıb o on altı qızıl dişli karonka macərasından xəbərsiz yavaşdan xoruldaya-xoruldaya yatmışdı və hərgah, doğrudan da, bir möcüzə baş versəydi, yəni, o əcaib-qəraib məxluqlar Əliqulunu götürüb özləriylə o ulduzlar dünyasına aparsaydı, bəs, bu yazıq arvadın işi necə olacaqdı?
Onda bu yazıq arvadın gedib məsçidin qapısında oturub dilənçilik eləməkdən savayı bir çarəsi qalmayacaqdı.
Yox, lazım deyildi o ulduzlar dünyası, bu gözəl arzunu ürəyindən çıxarıb atmaq nə qədər kədərli bir şeydisə də, belə olmalı idi, çünki kimin alnında yazılmışdısa, o da o ulduzlar dünyasında yaşayırdı, Əliqulunun isə alnında yazılmışdı ki, bu Yer kürəsində yaşasın, burda ölüb, burda da izi-sorağı itsin, Yer kürəsinin torpağında çürüyüb qalıqları milyon-milyon insanın qalıqlarına qarışsın.
Dünyanın zibil yeşikləri üfunət qoxumayaydı, onlardan ətir iyi gələydi, onda nə olardı?
Onda başqa dünya olardı.
Bir nəfərin bütün içi xərçəng yarasıydı, metastaz bütün sümüklərinəcən işləmişdi və həkimlərin verdiyi möhlət barmaqla sayılası günlər idi.
O adamın qarabasma, mürgü və ayıqlıq arasındakı şüuruna birdən-birə başı qarlı böyük bir dağın surəti gəlib qondu və onun qarabasma, mürgü və ayıqlıq arasında çapalayan, tamam qaranəfəs olan, bir ocaq istisindəymiş kimi yanan şüuru o dağdan, elə bil ki, bir sərinlik götürdü, o sərinlik bütün bədənindən keçdi, hətta artıq hiss etmədiyi ayaqları da, elə bil ki, o tərtəmiz dağ sərinliyindən bir az üşüdü və qəribə bir hadisə baş verdi: bədənindən keçən o sərinlik, gücdən düşmüş ayaqlarının o xəfif üşüntüsü onun şüurundakı o qarabasmanı qovmağa, o mürgünü dağıtmağa başladı, elə bil, özü ilə bir aydınlıq, bir yüngüllük gətirdi və o adam neçə gündə ilk dəfə ağzını açıb söz dedi: «– Məni dağa aparın...»
Həyatının son istəyi kimi, o adamın dediklərinə əməl etdilər, onu böyük bir dağa apardılar və dağın ətəklərinəcən nə qədər yol varıydısa, o qədər də getdilər və o adamın şüuru, elə bil, kiçik bir quş oldu, qanad açıb o dağın ətəklərində süzdü, sıldırım yarğanlarının üstündən ötdü, o dağın qarşısında qıpqırmızı günəşin çıxmasını gördü, o günəşin göyə qalxmasını, əyilməsini və sabah yenidən doğmaq üçün dağın arxasında batmasını gördü, dağın qarlı başı buludları yarıb keçmişdi və o balaca quşu buludlardan o tərəfə çağırırdı, o yerlərə ki, orada saflıqdan başqa bir şey yox idi və o xəstə son aylarda ilk dəfə ayağa durdu, addım-addım o dağa qalxmağa başladı, yaxınları, əzizləri əvvəlcə onun əlindən, qolundan tuturdular, sonra xəstənin addımları bərkidi, sonra yaxınları, əzizləri onunla ayaqlaşa bilmədi və o xəstə təkbaşına qalxa-qalxa buludlardan o tərəfə keçdi, buludlardan o tərəfdəki o saflıq içində düz zirvəyə qədər qalxdı və geri qayıdanda yaxınları, əzizləri xəstə əvəzinə, sağlam, gümrah bir kişi gördü.
Hamı bu sağalmanı möcüzə hesab etdi.
Amma burada möcüzə yox idi.
Sadəcə olaraq, o adamın ürəyindəki saflıqla dağın o saflığı üst-üstə düşmüşdü.
Və bu əhvalat keçmiş zamanlarda və uzaq diyarlarda baş vermişdi...
21 avqust 2001.
Zuğulba.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-qizil-dis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbülfətin hərdən gəlib Buzovnadakı Fəhlə Yataqxanasının həyətində təkcə şuşalı qaçqın uşaqlarıyla yox, ümumiyyətlə, bu həndəvərdəki kənd yeniyetmələri ilə bir yerdə futbol oynamağı, təkcə onunla oynayanların yox, bütün Yataqxana camaatının həyatında (gündəlik güzəranında) iki-üç saatlıq gözəl bir hadisə olurdu və bu hadisə, elə bil, o həyətə bir hərarət gətirirdi, daimi bir yeknəsəqlik, kəsafət, kasıbçılıq, ümidsizlik içində mürgü döyən o həyət (boz rəngli həyət) birdən-birə canlanırdı.– Eysebio gəlib!..
XVI fəsilGözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacınınaltındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə
XVII fəsilÇəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi İbadulla Buzovnanın məşhur futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, amma heç kim – nə kənd camaatı, nə də daimi müştərilər –Cümü (Qızıl Diş Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi İbadulla, əslində, özü öz bufetindən xəcalət çəkirdi...İyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi İbadulla iri dəsmalı ilə yay-qış həmişə tərli olan boynunu, sifətini silə-silə və həmişə də bu bufetdən əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, fransız yumurtası, İran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan (bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq süpürgəçi Marusyanın bişirdiyi kampot idi.
XVIII fəsilSara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi.Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi: