Biri haray salar,Elə sanar ki,Dünya oyanacaq onun səsindən.Biri səssiz-səssiz elə yanar ki,İqlimlər nurlanar hər şöləsindən.

Küləyin nə rəngi, nə ünvanı var,Gah başı sığallar, gah öpər yeri.Qalxdımı –Çırpılar, sınar qapılar,Tökər ev üstündən kirəmitləri.

Nə qədər qulağı batırar səsi,Pozar ahəngini neçə nəğmənin.Onun dörd tərəfə başsız əsməsiQəlbinə sıxıntı gətirər sənin.

Günəş üfüqlərdən qalxar, boylanar,Yayar kainata öz şöləsini.Səmanı, torpağı nura boyayar,Çıxarmaz bir an da fəqət səsini.

Lazımsa əridər. sal buzları da,Qəlblərdə ümiddən məşəl yandırar.Gecələr ayı da, ulduzları daSonsuz səxavətlə işıqlandırar.

* * *

Deyin, bu dünyada nə görmüşəm mən?Ən gözəl günlərim hələ daldadır.Günəş alovundan nur alıb gələnİşıqlı səhərim hələ daldadır.

Mən sakit göl kimi durulmamışam,Köpürüb daşmaqdan yorulmamışam.Sanki heç ömrümdə vurulmamışam,Məhəbbət əsərim hələ daldadır.

Vurğunam insanın səadətinə,Onun dözümünə, mətanətinə.Çıxıram qəlblərin səyahətinə,Ən böyük səfərim hələ daldadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri