Söyüd
Ay Muğanın gəlini,Bitmisən şimalda da.Belə yayma telini,Birdən hava aldadar.
Yandırar şaxta səni,Yaşıl çətrin gözəldi.Gördüm uzaqda səni,Duyğular dilə gəldi.
Yol salmısan bura sənBəlkə Kür qırağından?Nolar, bir cüt verəsənZümrüdü yarpağından?
Astaca qopararam,İnciməzsən qətiyyən.Onları apararamGünəşli cənuba mən.
O yerə ki, xəyalənİsinərsən oduna,Qışın şaxtasında sənGətirərsən yadına.
O yerə ki, sevənlərKölgəndə pünhan-pünhanSənə minbir ad verər:Məcnun, salxım, ağlağan...
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-soyud
← → düymələri ilə keçid, R — təsadüfi şeir