İkinci hissə, altıncı fəsil
Səhifə 2 / 2 · 50%
⎯ Niyə, birtəhər dolanıram, ay Nəzər müəllim, ⎯ demişdi Cəfərqulu. ⎯ Allah bu Arifin canını sağ eləsin, bir də bizim Nəzarət komitəsini bizə çox görməsin. Yoxsa… mən batmışdım.
⎯ Nə təhər yəni batmışdım, ay Cəfərqulu?
⎯ Elə heyləcə. Arif hərdən əllidən-yüzdən atır qabağıma. Bu Nəzarətin də adı ağırdı ⎯ hansı mağaza-dükana girirəm, uşaqlar, sağ olsunlar, hörmət eləyirlər.
Nəzər artıq Nəzarət komitəsinin gələcək işçisi kimi, bu söhbətə xüsusi maraq göstərmiş, ancaq üstünü vurmadan, Cəfərqulunu ürkütmədən soruşmuşdu:
⎯ Pul verirlər?
⎯ Yox, əşi… məsələn, ət alıram, pul götürmürlər, yağ alıram, pul götürmürlər… «Ayıb döyülmü, Cəfərqulu müəllim?» ⎯ deyirlər. Çox mərifətli uşaqlardılar, Nəzər müəllim. Ümumiyyətlə bizim bu rayonun adamları hörmətcildilər.
⎯ Hm…
⎯ Yoxsa… Maaşnan o boyda külfəti mən saxlayammazdım. Nə alıram ki…
Sonra… söz yayıldı ki, Nəzər müəllimi Nəzarət komitəsinə sədr qoymaq istəyirlər… Cəfərqulu ürəyində allaha yalvarırdı ki, bu xəbər yalan olsun… Sonra… büroda təsdiq elədilər və onda Cəfərqulu bərk sarsıldı. Neçə gün idarəyə gəlmədi. Ancaq beş gün qabaq həyətdə, dirəyin dibində görüşdülər, Cəfərqulu onu təbrik elədi. Nəzər ondan bəri neçə dəfə görüşsə də, o barədə dilinə heç nə gətirmədi. «Əşi, Nəzər müəllim heylə mərdimazar adam deyil. Söz idi, oldu, getdi…» ⎯ deyə özünə toxtaxtlıq verirdi Cəfərqulu. Ancaq… indi məlum oldu ki, o söhbət hələ davam eləyəcək…
⎯ Fakt? Fakt nə qədər istəyirsən, Nəzər müəllim.
⎯ Məsələn?
⎯ Məsələn, heç uzağa getməyək. Elə sizin kolxozu kötürək. Mikayılın məsələsini. Siz də bunu yaxşı bilirsiz. İndi hamı bilir. Ancaq o vaxt o kəndin aqronomu Qurban Qurbanov yazılı surətdə Xalq nəzarəti komitəsinə müraciət etmişdi ki, Mikayıl daha ipə-sapa yatmır, kolxoz dağılır, belə getsə kənddə işləyən qalmayacaq… Yadımdadı, Qurban özü gəlmişdi bura. Kişi yandığından az qalırdı ağlasın, elə bilirdin atasının var-yoxunu, mal-mülkünü dağıdıb talan edirdi Mikayıl. Arif neylədi? Məktubu cibinə qoydu, mindi maşına, getdi Mikayılın yanına. İki-üç gün qalıb yeyib-içəndən sonra qayıdıb gəldi və təmizlik aktına Cəfərquliyevə də qol çəkdirib qoydu seyfə. «Kişi işləyən adamdı, qoymurlar işləsin, böhtan atırlar», ⎯ deyirdi Arif. Amma gördüz sonra nələr oldu ⎯ Mikayılın aqibəti sizə bəllidi.
⎯ Yəni deyirsiz pul alırdı Arif Mikayıl kimilərdən?
⎯ Mən onun pul aldığını görməmişəm. Ancaq bu, uşağa da aydındı ki, əgər bir nəfər qaraya ağ deyirsə, yalana doğru deyirsə, nəyinsə xatirinə eləyir bunu. Arif elə də avam adam deyil ki, heç nəyin üstə başını bıçaq altına qoysun. Mən buna inanmaram.
⎯ Daha?
⎯ Daha nə? İşi elə qurmuşdu ki, bütün rayonda «narodnı kontrol» kimi ancaq onu tanıyırdılar. Yadımdadı, öz kəndimizdə kiçik bir məsələni yoxlamaq üçün kolxoz sədri Səfərin yanına getmişdim. Məni açıqca ələ salıb güldü Səfər. Dedi: «Bizim rayonda bir «narodnı kontrol» var, o da Arif Qulamovdu. Ondan başqa bir adamı mən yoxlamağa–filana buraxmaram. Arif özü isə… dünən burdaydı. Çox razı getdi, qız. Tak çto, sən get işinlə məşğul ol, bədənin girməyən yerə başını soxma…» ⎯ Xuraman duruxdu, nəfəsini dərdi, görünür Səfərin haçansa dediyi bu sözlər onun ürəyinə dağ çəkibmiş, yandırıbmış, elə yandırıbmış ki, ağrısı-acısı hələ də canından çıxmayıbmış, odur ki, qız həyəcanını gizləyə bilməyərək:
⎯ Bax, bizi belə ələ salıblar, bizə bu cür gülüblər, Nəzər müəllim, ⎯ dedi və sağ əlini örpəyinin ucundan çəkib oturanları göstərdi: ⎯ Bu yoldaşları bilmirəm, mən öz adımdan deyirəm: əgər yenə bu idarə elə olacaqsa, yenə biz oyundan çıxarılmış şahmat fiqurları kimi, gərəksiz, xeyirsiz, fəaliyyətsiz qalacağıqsa və siz də, Arif kimi, hər şeyi özünüz həll eləyəcəksizsə, onda xahiş edirəm, məni bu işdən bəri başdan azad edəsiniz. Belə işləmək olmaz. Mən şəxsən kəm-kəsirlərlə, nöqsanlarla, müzür adamlarla vuruşmaq əvəzinə, bu müqəddəs işin məsuliyyətini boynuna götürən adamla vuruşmaqdan bezmişəm və ümidsizləşmişəm. Kim buna dözə bilirsə, qoy qalsın, işləsin, mən daha dözə bilmirəm.
Xuraman çox həyəcanlanmışdı, əlləri əsirdi, bir az da danışsaydı, ağlayacağı aşkar idi. Bunu hiss elədiyi üçün idi ki, əyləşdi, beş barmağını çətir kimi açıb üzünü yelpiklədi. Nəzər qabağındakı qrafindən stəkana su süzüb:
⎯ Ə, Cəfərqulu, bunu ver qıza, ⎯ dedi: Cəfərqulu qəzəbdənmi, qorxudanmı qıpqırmızı qızarmış baxışlarını qaldırıb əvvəl Nəzərə, sonra stəkana zillədi, ani tərəddüddən sonra tənbəl-tənbəl qalxaraq stəkanı aparıb Xuramana verdi. Xuraman bir qurtum içim:
⎯ Sağ ol, ⎯ deyib stəkanı Cəfərquluya qaytaranda o, heç kəsin gözləmədiyi halda:
⎯ Boğazını yaşladın, dur yarım saat da danış, ⎯ deyə onu sancdı. Xuraman özündə olmadığına görə onun nə söylədiyini başa düşmədi. Oturanlar Cəfərqulu Cəfərquliyevin sözünə gülüşdü. Nəzər qanrılıb çəpəki ona zəhmli bir nəzər saldı; otağı yenə sükut bürüdü…
… Bu tanışlıq iclası uzun çəkdi. Təzə sədr öz «əsgərləri»nin hər biriylə yaxından tanış oldu, sinifdəymiş kimi, uzun illərin adətinə uyğun, qoltuq cibindən çıxardığı balaca, qara cildli cib dəftərçəsinə onların adlarını, hansı təşkilatı təmsil etdiklərini, bu idarədə haçandan işlədiklərini xırdaca hərflərlə yazdı və tələsmədən yenə qatlayıb cibinə qoydu. Söhbətləri tutmuşdu. Rəsmiyyət-filan yox idi arada. Dost kimi, yoldaş kimi danışırdılar. Çətinliklərindən, arzularından söz açırdılar və Nəzər, az bir zaman içində onların qəlbinə yol tapa bildiyinə görə uşaq kimi sevinirdi. Elə bilirdi təzədən məktəbə qayıdıb, yenidən dərs deyir; qabağında oturanlar isə şagirdləridi. Bu hissin təsirindən yamanca kövrəldi, məktəbdə, sinif otaqlarında keçən ömrün xoş dəqiqələrini, saatlarını gözünün qabağından, xəyalından keçirdi və Şakirin ətli, qırmızı sifətini fikrinə gətirən kimi bircə anda hər şey dəyişib özgələşdi. Nəzər oturmaqdan yorulduğuna və siqaretinin dəmi gəldiyinə görə ayağa qalxıb gülümsünə-gülümsünə:
⎯ Deyirəm, bugünlük bəsdi. Sizi çox yordum, ⎯ dedi. ⎯ Sonra elə bilərsiz mən iclasbazam və hər gün sizi bura yığıb vəzzariyyət oxuyacağam. Yox. Ayda bir dəfə iclasımız olacaq… Bizi bura iclas eləmək üçün yox, iş görmək üçün seçiblər… Mənim bu fikrimlə razısız?
Yerdən səslər eşidildi:
⎯ Əlbəttə.
⎯ Bəli…
Xuramanın səsi hamınınkından seçildi:
⎯ Elə bizim evimizi yıxan iclaslar deyil?
Nəzər bu sözü göydə tutdu:
⎯ Düz deyirsən, qızım. Ancaq sənin dediyinə bir düzəliş etmək istərəm.
Xuraman gözlərini geniş açdı:
⎯ Nədi o, müəllim?
⎯ Budu ki, bizim evimizi yıxan təkcə iclas deyil, qızım, bunun çoxlu səbəblərindən ancaq biridi. İclasbazlıq indi bir bəlaya çevrilib ⎯ hansı idarənin qapısını açırsan, şirin-şirin iclas gedir. Nə qədər adam mürgü vura-vura oturub, biri də ağzı köpüklənə-köpüklənə danışır. O şeyləri deyir ki, hamıya məlumdu. Yığ bu iclasları bir yerə ⎯ əvvəl rayon miqyasında, sonra şəhər, sonra respublika, sonra ölkə miqyasında... Gör neçə milyon adam neçə saatlarla boş-bekar dayanır, cəfəngiyyata qulaq asır və bunu da vur o qədər adamın o qədər saat ərzində görə biləcəyi işə ⎯ onu da çevir taxıla, paltara, maşına, ⎯ kəsəsi, sadəcə pula… Gör neçə milyardları biz havayıca yerə itirmiş oluruq.
⎯ Düzdü, müəllim. Lap adamın ürəyindən xəbər verirsiz… ⎯ Xuramanın sifəti açıldı. ⎯ Elə bizim kənddə bir dəfə saymışam, bir ayda on idarə heyəti iclası, iki komsomol, iki partiya, bir həmkarlar, bir ümumi kolxoz iclası keçirilib… Cəmi on altı iclas…
Nəzər güldü:
⎯ Sən lap əməlli-başlı hesab aparıbsan ki. İnanıram, qızım, inanıram… Bir oğul istəyirəm ki, böyük bir iclas çağırsın və o iclasda bu zəhlətökən iclasları ləğv eləyən bir qərar çıxartsın…
⎯ Nə yaxşı olardı, müəllim!
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Söz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.
İkinci hissə, iyirminci fəsilOrxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.
İkinci hissə, iyirmi birinci fəsilAxşam idi. Orxan telestudiyadan yenicə gəlmişdi — görkəmli ədəbiyyatşünas alim Mirzə Yanarın yetmiş illiyi ilə əlaqədar televizorda çıxış eləmiş, onun həyatından, əsərlərindən ürəkdolusu danışmışdı. Mirzə Yanar — az yaşamışdı, amma bu az ömründə Azərbaycan ədəbiyyatının onlarla nəhəng və naməlum şəxsiyyətini tədqiq edib öyrənmiş, haqqında əsərlər yazmış, xalqa tanıtdırmışdı. Özünü şəxsən görməsə də, Orxan ona güclü, istedadlı bir alim kimi çox pərəstiş eləyirdi, — doğrudan da, Mirzə Yanar öz ürəyini, beyninin işığını əsərlərinə köçürmüşdü, gecə-gündüz bilmədən, bütün diyarı gəzərək klassiklərin əsərlərini toplamış, onları itib-batmaqdan, unudulub ölməkdən xilas eləmişdi. Sonra vaxt gəlmişdi, tufan qopmuşdu, Mirzə Yanarı da köklü-köməcli yerindən qoparıb aparmışdı, qurunun oduna yaş da yanmışdı. Tək özü yox, əsərləri də oxucu üzünə həsrət qalmışdı. İndi bir neçə ildi ki, ədalət yerini tutmuşdu. Özü qayıtmamışdı, amma partiya onun təmiz adını və əsərlərini əsil sahibinə — xalqına qaytarmışdı.İndi onun altmış illiyini də qeyd edirdi ədəbi ictimaiyyət. Onun şərəfinə həsr edilmiş yığıncaqlar keçirilirdi, sağ qalan yoldaşları Mirzə Yanar haqqında xatirələr də danışırdılar. Üç gün əvvəl institutda elə Salman Qurbanzadə Mirzə Yanar barədə çıxış eləmiş, az qala gözləri yaşara-yaşara onunla birgə keçən günlərindən, təmizliyindən, xeyirxahlığından, böyüklüyündən xeyli söhbət etmiş, Mirzə Yanarın aramızdan vaxtsız getməsinə dərindən təəssüfləndiyini bildirmişdi. Orxan Mirzə Yanardan ürəklə, həvəslə danışmışdı bu gün televizorda. Televiziya Komitəsinin işçiləri onun çıxışını çox bəyənmişdilər. O, evə qayıdıb gələndən sonra da tanış-biliş, dostlar zəng eləyib Orxanı təbrik eləmişdilər. Zəng çalanlar içində Gülmirə, Cəfər, Nadirə də vardı. Salman isə xüsusi danışmışdı:
İkinci hissə, iyirmi ikinci fəsilVaxta az qalırdı. Bir azdan camaat geniş otağa yığışacaq, müzakirə başlanacaqdı. Gülmirə bərk həyəcan keçirirdi. İndi ona təsəlli, ürək-dirək vermək lazım idi. Orxan isə bayaqdan öz yerində oturub başını yuxarı qaldırmır, heç kəsin üzünə baxmırdı. Onun bu hərəkəti Gülmirəyə lap qəribə görünürdü. Ancaq dünənki yaxınlıq, vədələşmək yadından çıxmadığına görə o, indi nə üçünsə Orxandan utanır, ona yanaşıb bir şey soruşmurdu. Saat bir olanda professor ucadan danışa-danışa şöbəyə gəldi:– Hə, camaatı yığ, Gülalı. Başlayaq.
Başqa şairlərin şeirləri
Cana, bu sözlərin məni çox gətirdi riqqətə,Amma necə davam eyləyim dərdi-firqətə?
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Vətənin şərəfli oğlunaFirudin İbrahiminin xatirəsinə*Dostum, sənin xatirən əbədi munisimdir,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,