Səhifə 4 / 7 · 43%

Beş dəqiqə keçmiş isə, Simuzər utana-utana, qəribə bir sıxıntı içində qayıdanda Ələmdar uşaq kimi sevinə-sevinə:

⎯ Bax, bu başqa məsələ, Simi! ⎯ demişdi. ⎯ Nə gözəl yaraşır sənə, Simi?.. Onsuz da gözəl idin, indi lap madonna olmusan!

⎯ …

⎯ Güzgüdə baxdın özünə?

⎯ …

⎯ Çox gözəlsən, Simi!

⎯ …

⎯ Gəl, gəl, otur. Yəqin lap acından birtəhər olmusan. Bura keç, bax, bura!..

Simuzər tərpənməmişdi, bu zaman Ələmdar yenə qabağa gəlib onun ayaqlarını yerdən üzərək, gətirib stulda oturtmuşdu. Qabağına qab, çəngəl, bıçaq qoymuşdu. Cavan oğlan kimi, mətbəxə keçib soyuducudan bir şampan, bir konyak şüşəsi gətirmişdi, əl uzadıb böyründəki servantdan irili-xırdalı bakallar, qədəhlər götürüb ortaya düzmüşdü:

⎯ Bu gün sənə özüm qulluq eliyəcəm. Bu gün sən hər cür ehtirama, hörmətə və diqqətə layiqsən, böyük qəhrəmanlıq eləmisən, Simi. İndi o müəllimlərdən «əla» almaq, kosmosa gedib-gəlmək kimi böyük bir qəhrəmanlığa bərabərdi.

Simuzər bayaqdan bəri ona öz minnətdarlığını bildirmədiyini xatırlayıb:

⎯ O sizin sayənizdədi… ⎯ söyləmişdi. ⎯ Yoxsa… mənə «əla» verən kim idi ki?

⎯ Əsas başdı, Simi! ⎯ O, şəhadət barmağını Simuzərin saçlarına toxundurmuşdu. ⎯ Yaxşı, imtahandan-zaddan danışmayaq, mən bəri başdan sənə söz verirəm ki, o qalan üç imtahandan da beləcə «beş» alacaqsan, Simi. Ürəyini buz kimi elə.

⎯ Doğrudan? Hamısından «əla»? Lap hamısından?

⎯ Laap hamısından. Əgər ondan yüksək qiymətləri olsaydı, onu da alardım sənin üçün, Simi…

⎯ Çox sağ olun!

⎯ Sənə Simi deyirəm, birdən acığın gələr ha…

⎯ Nə isə… qulağım öyrəşməyib. Adım Simuzərdi mənim. ⎯ İcazə ver mən sənə Simi deyim… Olar?

⎯ Ya da eləcə Sim… Nağıllarda olan kimi… Gəlim qapıda dayanım, yavaşcadan deyim: «Sim, Sim, qapını aç, mən gəlim». Hə? Simuzər gülmüşdü.

⎯ Demək danışdıq. Sən mənim «Sim-simimsən».

O, üyüdüb tökə-tökə şampanın ağzının məftilini, sarı jıq-jıq kağızını açmışdı. Part. Simuzər səksənmişdi. Şampan köpüyü şüşədən fontan vuranda tez bakallara tökmüşdü, birini onun qabağına, birini də öz qabağına qoymuşdu.

⎯ Mən içmirəm.

⎯ İçəcəksən, Sim. Bu gün elə gündü ki, gərək qeyd eliyək, əzizim. Onda mənim xətrimə dəymiş olarsan. Mən də ki, küsdüm, qurtardı. Hələm-hələm barışa bilmirəm. Ürəyim şüşə kimidi mənim, Sim. Çalış, heç vaxt onu sındırmayasan.

⎯ Çalışaram. Amma içmiyəcəm mən. İndiyəcən heç dilimə də vurmamışam.

⎯ Yox, əşi? Yəni indiyəcən üzüm yeməmisən?

⎯ Yemişəm.

⎯ Hə, onda deməli «şampan» da içmisən.

⎯ Üzüm hara, bu hara?

⎯ Ba. Şampan üzüm suyudu da! Xalis üzüm şirəsi. Hələ içinə də «qazirovannı» su vurublar. Yoxsa deyəcəksən «qazirovannı» su da içməmisən?

⎯ İçmişəm.

⎯ Hə, indi üzüm şirəsi ilə qarışdırılmış qazdı su içəcəyik, Sim. ⎯ O, Simuzərin qabağındakı bakalı götürərək ona tərəf uzatmışdı, qız nazirin əlini geri qaytarmağa ürək eləməmiş, tərəddüdlə almışdı. ⎯ Bu bakalları sənin bugünkü uğurunun şərəfinə içirəm, Sim, əzizim. Xoşbəxt ol, Sim!

⎯ Çox sağ olun.

⎯ Hə, iç. Səni gözləyirəm. Sən içməsən, mən də içməyəcəyəm, Sim. Bu gün nə isə yaman içmək istəyirəm. İç, iç… Ay sağ ol! Yox, axıra qədər. Saxlama. O, yaxşı əlamət deyil. Rus yoldaşlarnan oturanda əgər qədəhdə içki saxlasan, sağlığına tost deyilən adam inciyib deyir: «Çto, zlo ostavlyayeş?» Ay bərəkallah… Hə, indi ye!..

Qızın dalınca özü də sərin, hələ pıqqır-pıqqır qaynayan qızılı şampan bakalını birnəfəsə başına çəkmişdi.

Doğrudan da ac imişlər. İkisi də şirin-şirin yemişdi. İkinci bakalı da içmişdilər. Onu Müseyibin şərəfinə. Sən demə, Ələmdar Müseyibi ⎯ onun atasını çox istəyirmiş, lap çox. O qədər tərifləmişdi ki, Simuzərin fərəhdən ürəyi dağa dönmüşdü. Dediyi çoxlu təriflərin, yağlı sözlərin içində biri beynində əməlli-başlı həkk olunub qalmışdı:

⎯ Müseyib mənim nazirliyimin qızıl sütunudu, Sim. Yaxşı kişidi!..

Və Ələmdar qəfil:

⎯ Pay səni! Yadımdan lap çıxmışdı az qala! ⎯ demişdi. ⎯ Əvvəl kefimə elə soğan doğradın ki, dilxor oldum. Gör sənə nə gətirmişəm?.. ⎯ O, xalatının cibindən dördkünc, mavi rəngli, lentli bir qutu çıxartmış, tələsə-tələsə açmışdı. ⎯ Əgər bildin nədi bu?

Qız flakonu əlinə alıb burnuna tutmuşdu:

⎯ Ətirdi.

⎯ Ətirdi, hə. Özü də fransuzskidi, Sim!

⎯ Hə? ⎯ iynədi. ⎯ Ah, nə xoş qoxusu var? Eşitmişdim, amma görməmişdim. ⎯ Qapağını burmaq istəyəndə Ələmdar:

⎯ Dayan, mən özüm. ⎯ Əlindən alıb açmış, bihuşedici, yüngül ətir otağa dolmuşdu, tələsə-tələsə ovcuna töküb Simuzərin saçlarına səpmiş, üzünə, buxağına sürtmüşdü:

⎯ Elə yox, elə yox. Ətri elə vurmazlar. ⎯ Simuzər ondan şüşə qabı almışdı. ⎯ Ətri elə vurmazlar, heyifdi bu!

⎯ Bə nə təhər vurarlar? ⎯ Gülmüşdü Ələmdar.

Simuzər barmağının ucunu ətir şüşəsinin ağzına tutub isladaraq Ələmdarın yanağına, qulağının dibinə, bığ yerinə çəkmişdi:

⎯ Belə vurarlar ətri!..

⎯ Hə!.. Kişilər belə şeyi hardan bilərlər.

Simuzərə ətir ləzzət eləmişdi. Qutusunu götürüb üstünü oxumağa çalışmışdı, ancaq bacarmamışdı.

⎯ Adı nədi görəsən?

⎯ «Klima»dı, Sim. Fransızların ən əla ətridi. Bir dostum Parijin özündən mənə pay gətirmişdir.

«Şampan» yavaş-yavaş təsirini göstərməyə başlamışdı. Simuzərin üzünün cavan, sağlam dərisi qızarmışdı, iri, ala gözləri həm elə bir az işıqlanmışdı, həm də xumarlanmışdı.

⎯ Şampan sənə düşür, Sim!

⎯ Necə düşür yəni?

⎯ Rəngin açılıb, allaşıb. Daha da gözəlləşibsən, Sim. Onsuz da gözəl idin, ancaq indi lap gözəl olubsan.

⎯ Doğrudan? Siz allah düz deyirsiz?

⎯ Vallah, hə. İnanmırsan, dur güzgüdə bax özünə.

⎯ …

⎯ Dur, dur. Kömək eləyim? Yaxşı. ⎯ Qızın gözlərinin süzüldüyünü görüb Ələmdar onun qolundan tutaraq ayağa qaldırmışdı.

⎯ Vay, yeriyə bilmirəm. Ayaqlarım tutulub, başım gicəllənir. ⎯ Yaxşı, qucağımda apararam səni, ⎯ deyərək qızı bircə anda quş kimi qolları üstünə alıb yataq otağına ⎯ öz çarpayısının yanına, güzgünün qabağına gətirmişdi. Onu ayaq üstə yerə qoyaraq: ⎯ Hə, bax. Gör mən deyəndi, ya yox! ⎯ demişdi, böyründə dayanmışdı, qolunu da boynuna salıb sol çiynindən tutmuşdu.

Simuzər güzgüdə əksinə baxmış, başını silkələyib əlilə üzünə düşən üç-dörd tükü geri itələmişdi…

⎯ Vay,dədəm içdiyimi bilsə, məni tikə-tikə doğrayar!

⎯ Yox a?

⎯ Vallah.

⎯ Dədən hardan biləcək, Sim?

⎯ Birdən sən dedin? ⎯ Simuzər nə zaman ona «sən» dediyinin fərqinə varmamışdı, bunu Ələmdar tutmuşdu, sevinmişdi, ancaq üstünü vurub ürkütməmişdi.

⎯ Demərəm, dədə canı, demərəm. Birdən sən özün ağzından qaçırdarsan…

⎯ Yox, yox… Sən nə danışırsan. Heç anama da deyə bilmərəm. Anama bir söz deyən kimi, o saat qoyur kişinin ovcuna.

⎯ Mənim sirr saxlamayan adamlardan zəhləm gedir.

⎯ Məni demirsən heç?

⎯ Dədən ağzı bütöv adamdı. Quyu kimidi. Yanında baş kəs, üstünə diri ilan salsan da… bir kəlmə deməz.

⎯ Dədəmdən olmaz…

Ələmdar danışa-danışa qızın çiynindən sıxıb özünə tərəf çəkmişdi, o başını onun sinəsinə söykəmişdi. O qədər ustalıqla, tələsmədən təmkinlə hərəkət eləmişdi ki, Simuzər bunlara adi bir şey kimi baxmışdı, şübhələnməmişdi, fikrinə ayrı heç nə gətirməmişdi. Bütün bunları bugünkü böyük sevincin davamı hesab eləmişdi. Beyni o qədər dumanlanmışdı ki, içməyin də onun üçün qəbahət olduğunun fərqinə varmamışdı. Ələmdar yaşca atasından da böyük idi, dostu idi, bir «əla» almasına necə də sevinmişdi, aman allah! Hələ o boyda kişi, yoldan yorğun-arğın gəlməsinə baxmayaraq, zəhmət çəkib belə süfrə açmışdı, qızın imtahandan qayıdıb gəlməsini gözləmişdi, ac olsa da, ağzına bir loxma da almamışdı. Bunları Simuzər indi, güzgü qabağında, ayaq üstə güclə dayandığı halda, ürəyindən keçirmişdi: on səkkiz illik ⎯ yuxu kimi gəlib keçən və demək olar ki, yaddaşına, xatirəsinə elə də mühüm və yadda qalan bir şey yazmamış o on səkkizillik həyatının bu gün, bəlkə də, ən xoş, ən unudulmaz günüydü, kim bilir, bir də belə gün yaşamaq ona qismət olacaqdımı?

⎯ Yoruldun deyəsən hə?

⎯ Hə. Oturmaq istəyirəm.

Ələmdar yenə bir göz qırpımında onu qaldırıb çarpayının üstünə qoymuşdu.

⎯ Bura irahdı. Söykən balışa. Bax, belə. Üzünü də bu yana çevir. Burdan televizora baxacağıq.

⎯ Tele…viz…ora?

⎯ Hə. Bəs mən sənə deməmişdimmi ki, bu televizora əl vurma, sən onun dilini bilməzsən?

⎯ …

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

V fəsil

Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.

3 dəq
VI fəsil

Balaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?

2 dəq
VII fəsil

Tikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:

7 dəq
VIII fəsil

Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.

6 dəq

Başqa şairlərin şeirləri