Səhifə 6 / 7 · 71%

O şirin, təkrarolunmaz, geriqayıtmaz illər beləcə gəlib sona çatmışdı. İnstitutu bitirəndə, təyinat məsələsi ortalığa gələndə Ələmdar onu şəhərdə, gözünün qabağında saxlamaq istəmişdi, buna onun hər cür imkanı vardı. Ancaq bu zaman anlaşılmaz bir vəziyyət yaranmışdı: Simuzər daş atıb başını tutmuşdu ki, qalmır şəhərdə, rayona gedir, vəssalam. Ələmdar çox yalvarmışdı, qız da eşitməmişdi. Görünür, Simuzər bu gizli oyuna son qoymaq istəyirdi. Qız deyən kimi də olmuşdu. Simuzər təyinatını rayona almışdı və Ələmdarın bir zəngi ilə yeganə xəstəxananın baş həkimi təyin edilmişdi. O vaxtdan bir il keçmişdi. Bu aylar ərzində Simuzərin işi nə qədər çox olsa da, Ələmdarı tez-tez xatırlamışdı, hər gün zəngini gözləmişdi, ancaq o, susmuşdu. «Unutdu» ⎯ düşünmüşdü Simuzər və sinəsini soyuq ahlar yandırmışdı. Lap bərk darıxanda, neçə dəfə, ata-anasına demədən Bakıya getmək arzusu oyanmışdı qəlbində, ancaq böyük iradə gücünə, o istəyini boğub bu fikrindən daşınmışdı. Günləri mənasız, yeknəsəq keçmişdi bu il. Deməmişdi, gülməmişdi. Səltənət xanım isə, qızının bu dərdini başa düşməyib gözlərini döyə-döyə qalmışdı.


O dumanlı gün Səltənət xanım həyətdə tək idi. O başda, qarajın yanında manqal tüstülənirdi, balıq kababının iyi adamı uzaqdan vururdu. Kimsə üzü o yana tərəf dayanaraq manqalı yelpikləyirdi. Boy-buxunundan Müseyibə oxşamırdı. Qapı-bacada yalnız Səltənəti görən Ələmdar bir az tutuldu: «Müseyib yəqin hələ işdədi. Sim də evdə yoxdu ki, qabağıma çıxmayıb!»

⎯ Xoş gəlibsiz, Ələmdar qardaş! Səfa gətiribsiz. ⎯ Səltənət qabağına gəldi.

⎯ Sağ olun.

⎯ Bə tək niyə, Ələmdar qardaş. Sulduz bacını da gətirəydiz də!

⎯ İşdədi o! Necəsiz, Müseyib kişi, Simuzər bala necədi?

⎯ Şükür, eyzən salamatlıqdı, Ələmdar qardaş. Kişi idarədədi, qız da yuxarıdadı.

Ələmdar pəncərələri pərdəli uzun eyvana göz gəzdirdi. Simuzəri görmədi.

⎯ Naxoş-zad deyil ki, qız, allah eləməmiş?

⎯ Yox, ay əmisi, naxoş deyil. Ancaq gələndən heç qaşı-qabağı açılmayıb. Mat-məəttəl qalmışıq… Bir yeri-zadı ağrımır ki, deyəsən xəstədi.

Ələmdar çox yaxın ev adamı kimi ərklə:

⎯ Bəs niyə ərə vermirsiz? Ta vaxtıdı. Qız ki, yetişdi, gərək verəsən gedə. Qalsa çox əngəli var, ⎯ söylədi.

⎯ Mən də heylə deyirəm, Ələmdar qardaş. Deyir istəmirəm… ⎯ Qızı öz xoşuna qoysan, ya halvaçıya gedər, ya zurnaçıya. Verin getsin…

⎯ Nə bilim…

⎯ Bəs oğlanlar necədi? ⎯ Müseyibin iki oğlu Bakıda oxuyurdu. ⎯ Heç xəbərimiz var? Mən istəyirdim sizdən soruşum.

⎯ Gəlmirlər, qırışmallar!

⎯ Utanıllar da yəqin. O qədər əziyyət veriblər ki, sizə.

⎯ Eybi yoxdu. İmtahanlar yaxınlaşanda özləri gələcəklər, Səltənət xanım.

⎯ Min dəfə demişəm, tapşırmışam ha, vaxt-bivaxt gedin əminizə, xalanıza baş çəkin, hal-əhval tutun. Mən deyirəm, mən eşidirəm.

⎯ Cavandılar. İndiki cavanlar belədi də. Neyliyəsən.

Ələmdar danışa-danışa pilləkənlərə doğru addımladı, bunu görən Səltənət:

⎯ Siz çıxın, əl-üzünüzü yuyun, ⎯ dedi və qızı hayladı: ⎯ Simuzər, Simuzər! Bir gör kim gəlib!

Yuxarıdan səs-səmir eşidilmədi.

Onlar geniş aynabənddə üz-üzə gəldi. Simuzər qonaq otağının qapısı ağzında əlləri qoynunda donub qalmışdı. Ələmdar onu görən kimi bir anlığa özünü itirdi, nə edəcəyini bilmədi, dönüb geri baxdı: Səltənət yox idi, aşağıda qalmışdı. Birdən iti addımlarla irəli cumdu; yerində cansız kimi dayanmış Simuzəri bağrına basıb üzündən, gözlərindən, saçlarından öpməyə başladı:

⎯ Sim, Sim!.. Mənim əzizim! Sən niyə belə elədin, sən məni bu yaşımda niyə tək qoyub gəldin, Sim! ⎯ deyirdi. Ələmdar tez-tez və elə hey öpürdü. Simuzər tərpənmirdi ⎯ elə bil öpülən, oxşanan o deyildi, başqa bir adamdı; elə bil o, kənarda dayanmışdı və bir-birinə uzun müddət həsrət qalmış iki insanın bu qəribə görüşünü tam soyuqqanlıqla uzaqdan seyr eləyirdi. Ələmdar onun əlini busələrə qərq edirdi, o isə qapıya baxırdı.

⎯ Niyə bir söz demirsən, Sim? Axı… mən gəlmişəm!

⎯ …

⎯ Sən sevinmirsən, Sim?

⎯ …

Ələmdarın əlləri boşaldı, qızdan qopub geri çəkildi və ona diqqətlə tamaşa eləməyə başladı. Sükut uzun çəkdi. Simuzərdəki o təravət qalmamışdı. Arıqlamışdı. Qəşəng ala gözlərinin altı kölgələnmişdi. Baxışları mənasızdı, nə sevinc, nə nifrət ifadə eləyirdi. Susmağı yersiz sayan Ələmdar, bir az toxtayıb:

⎯ Sənə nə olub, Sim, əzizim? ⎯ dedi.

Bayaqdan ilk dəfə qəşəng, amma solğun dodaqları tərpəndi: ⎯ Heç nə…

⎯ Bə niyə belə eləyirsən, Sim?

⎯ Nə təhər eləyirəm?

⎯ Mən gəlmişəm ey, Sim?

⎯ Görürəm…

Ələmdar susdu, daha doğrusu, sarsıldı, deməyə sanki söz tapmadı. Qəzəbqarışıq bir incikliklə, hardan ağlına gəldisə, birdən dedi: ⎯ A… bildim… Adamın var, hə? Düzünü de, kimi tapmısan? ⎯ …

Bu sözləri eşitməyəydi kaş! Elə bil başına bir qazan qaynar su tökdülər. Ələmdarı tanıdığı və gəncliyini bağışladığı bu illər ərzində heç nə ⎯ hətta o birinci gecənin itkisi də Simuzəri belə yandırmamışdı. Qızın gözləri əvvəlcə böyüdü, sonra qıyıldı və bəbəklərindən kin qığılcımları parladı. Qabağa yeriyib onun ətli, qırmızı sifətinə yağlı bir şillə çəkmək arzusunu boğdu içində və var qüvvəsini cəmləşdirib soyuqqanlıqla (buna özü də heyrət elədi) bircə kəlmə çıxartdı ağzından:

⎯ Hə, tapmışam!

Dedi və onu görmürmüş kimi, yanından ötüb o biri otağa keçdi, qapını da arxasınca bağladı. Ələmdarın tərpənməyə də taqəti olmadı, dalıyca getmək, onun könlünü almaq, ya da əsəbi bir gərginliklə basıb şillələmək istədi, lakin bu zaman Səltənətlə Müseyib gəlib çıxdı. Səltənət Ələmdarı qapı ağzında, tək-tənha dayanan görüb:

⎯ Bəs Simuzər hanı? ⎯ dedi. ⎯ Ağız, əmin gəlib ey, eşitmirsən? ⎯ deyə ağzını böyük otağa sarı tutub ucadan səsləndi. ⎯ Bu vaxt, ruzi paylanan vaxt, adam yatar? ⎯ o, danışa-danışa yan otağa keçəndə… Müseyib mehribancasına qonağın ⎯ nazirinin əlini sıxırdı, Sulduz xanımın kefini soruşurdu. Və Ələmdar məhz bu anda onun gəlib çıxmağına sevinə-sevinə cavab verir, heç bilmirdi nə deyirdi. O qədər çaşqın idi ki, bu, Müseyibin gözündən yayınmadı.

⎯ Sizə nə olub, Ələmdar Haşımoviç? Gözümə birtəhər dəyir-siz?

⎯ Hə… ⎯ O, ağlına gələni dedi. ⎯ Bir az nasazam. Gərək yataydım, müalicə olunaydım, amma iş qoyur ki… Kişi hamımızı qovub rayonlara. «Pambıq» ⎯ deyib dad çəkir.

⎯ Özünüzə fikir verin, Ələmdar Haşımoviç. İş qurtaran döyül. Pambıq da qaçmır. Bizə qalan canımız olacaq. Eybi yoxdu, indicə keçib gedər. Dincələrsiz… hər şey yaxşı olar… Soyunun, rahatlanın.

… Böyük otaqda, qırx çıraqlı çilçırağın altındakı stolun arxasında oturmuşdular. Səltənət, yaxşı, səliqəli bir süfrə açmışdı. Simuzərin gəlib süfrə başında oturmaması Ələmdarı yamanca pərt eləmişdi. Hələ bilmirdi ki, Səltənət bunun üçün içəridə qızına çox yalvarıb: «Yaxşı deyil, ayıbdı, qız! Dur kişiyə heç olmasa xoş gəldin elə, canım-ciyərim!» ⎯ deyib. «Yox! Pis hiss eləyirəm özümü. Başım gicəllənir!» «Qorxma, ölməzsən!» «Ölərəm, ana!» «Bıy, başıma xeyir. Yox, sən ölməyəssən, ancaq sənin dərdin məni öldürəcək, qız!»

Onun süfrə başına gəlməməsinə Müseyib də bərk təəccüblənmişdi. Arvadına gözaltı baxıb qızı işarə ilə soruşanda o, him-cimlə başa salmışdı ki, üstünü vurmasın, ancaq Ələmdar qardaşı da eşitsin deyə, ortalığa, əslində, qonaqdan üz üzr istəyirmiş kimi:

⎯ Qız yatıb, silkələdim də, oyanmadı, ⎯ dedi. ⎯ Eybi yoxdu, səhər görüşər əmisiynən.

⎯ Hə. Narahat eləmə qızı. Qoy yatsın, ⎯ dedi Ələmdar və ac olduğuna görə, əlini çörəyə uzatdı, fətirin üstünə ikra, yağ çəkib dürməklədi, yeməyə başladı. Müseyib Ələmdarın şakərini bilirdi: konyak qoymuşdu ortalığa. «Napaleon» konyakı. Uzun boylu, qara bığlı, üzü tük basmış bir oğlan əlində tutduğu şişlərdə balıq kababı gətirəndə Ələmdar birinci dəfə gördüyü Bəhramı təpədən-dırnağa süzdü. Oğlan salamsız-kalamsız, qonağa «xoş gəldin» də eləmədən şişlərin tikələrini dərin boşqaba fətirlə sivirib tökdü. Ələmdar Simuzərin əlindən qəzəbliydi deyə, acığını töküb ürəyini boşaltmağa adam axtarırmış kimi, oğlanın ədəbsizliyini üzünə vurmaq üçün:

⎯ Salamməleyküm. Xoş gəlmisən! ⎯ dedi və oğlanın dinmədiyini görüb: ⎯ Ə, a bala, salamın-kalamın hanı? Görürəm, kababı əla bişirmisən, xına təkin qızartmısan, amma… ⎯ dedi.

Oğlan yenə Ələmdarın üzünə baxmırdı ⎯ elə bil qonağın səsini, sözünü eşitmirdi. Müseyib də çaşıb qalmışdı ki, Ələmdar kimnəndi. Birdən hər şeyi başa düşüb:

⎯ Ələmdar Haşımıç, siz onunnasız? ⎯ soruşdu.

⎯ Hə.

⎯ Əşi, ona fikir verməyin. O laldı, Ələmdar Haşımıç.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

V fəsil

Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.

3 dəq
VI fəsil

Balaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?

2 dəq
VII fəsil

Tikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:

7 dəq
VIII fəsil

Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.

6 dəq

Başqa şairlərin şeirləri