Səhifə 5 / 7 · 57%

Ələmdar cəld otağın küncündə qoyulmuş televizora yaxın gəlmiş, düyməsini burub yandırmışdı, qara, uzun şokolada bənzəyən bir qutunu ⎯ pultu gətirib ona verərək:

⎯ Amerikanski kino göstərəcəklər indi, ⎯ demişdi, ⎯ baxarsan, hansı momentindən xoşun gəlsə, bax, bu qutunun bu düyməsini basarsan, dayanacaq o kadr. Elə ki, doyunca baxdın, o biri düyməni bas, filmin mabədinə tamaşa elə…

⎯ A… heç mən belə televizor görməmişəm.

⎯ Yaponskidi. Videodu. Bir də sən hələ çox şey görməmisən, Sim. Sənə mən bütün dünyanı göstərəcəyəm. Daha uşaq deyilsən, özün də bu gün-sabah həkimsən, ali savadlı…

⎯ Ha, ha… hələ qoy bir girim, sonra…

Vidiomaqnitofon cızıldayıb ekrandan qara fondakı ağ nöqtələr yox olanda Ələmdar:

⎯ Sən bax, mən indi gəlirəm, ⎯ deyərək o biri otağa keçmişdi. Bilirdi nə filmdi. Özü çox baxmışdı, kaseti seyfində gizləmişdi. Bayaq gələndə ilk işi o kaseti maqnitofona qoymaq olmuşdu. «Qoy baxsın, öyrənsin. Burda da baxmasa, hardasa, haçansa, kimsə göstərəcək ona. Onda gözlərini döyməsin…»

Stolun üstündəki bakala şampan tökmüş, üstünə də konyak əlavə eləyib qarışdırmışdı, barmaqlarının ucunda qapıya yaxınlaşıb qızın başını balışa söykəyərək çox diqqətlə, heyrətdən gözləri açılmış halda ekrana tamaşa elədiyini görüb sevinmişdi. «Baxır. Ay can, baxır. Bu elə tilsimdi ki, baxmamaq mümkün deyil. Utansaydı, acığı gəlsəydi, üzünü divara çevirərdi, başını balışın altında gizlərdi. Yox, xoşuna gəlib deyəsən».

Simuzər ekranda nə görürdüsə gah gözlərini bərəldir, gah əlini dodaqlarına aparıb nəsə pıçıldayırdı.

Ələmdar qəsdən içəri keçmirdi. Qız da, qəribəydi ki, ürəyində deyirdi: «Kaş gəlməyəydi, kaş bir az gec gələydi. Onun yanında…»

Bu zaman Ələmdar daha dözməyib əllərində bakal otağa girdi. Onu görən kimi Simuzər özünü itirərək əlindəki düyməni basdı.

Ələmdar onun yanına gəldi:

⎯ Yox, bu mümkün deyil, Sim. Yaponlar bunu elə düzəldiblər ki, qurdun, gərək axıracan baxasan. Yarımçıq saxlasan, lent pozulur, avtomatik pozulur.

⎯ …

⎯ Hə. Yaman bic millətdi bu yaponlar. Bizim müsəlman kimi gic deyil.

⎯ Mən baxmıram.

⎯ Baxmırsan, baxma… Amma qoy fırlansın öz-özünə… hə, fırlansın da. Bax, bu kişi var ha, axırda o qızılı saçlı qızı öldürəcək. Simuzər içini çəkdi:

⎯ Hə? Niyə?

⎯ O zənci var ha. O qara, zırpı kişi. Bax, o qızı onunla bir yerdə tutacaq… sonra… öldürəcək.

⎯ Vay!.. Amma ona o da azdı…

Simuzər qutunu, əlində tutmuşdu. Bir gözü Ələmdarda idisə, o biri gözü ekrandaydı. Bunu Ələmdar hiss eləmişdi.

⎯ Yaxşı, bu kişini çox burda saxlayacaqsan? Burax getsin də. ⎯ Nə təhər? Axı bu qutunu bu televizora heç nə birləşdirmir? Bunnan onun heç bir əlaqəsi yoxdu axı.

⎯ Yanındakı o biri düyməni bas, çıxıb getsin. Əlaqəsi var, Sim, ancaq biz görmürük. Buna da yapon müəllim deyərlər!

Doğrudan da düyməyə barmağını toxunduran kimi, uzun saçları çiyninə tökülmüş, üz-gözündən sırtıqlıq yağan kişi ekrandan yox olmuşdu, başqa adam ⎯ zənci və onun qara iti görünmüşdü.

Ələmdar Simuzərin böyrünə gəlmişdi. Bakalı ona verib:

⎯ Bir söz de, bunu da içək, Sim! ⎯ söyləmişdi.

⎯ Nə söz?

⎯ Bir sağlıq de…

⎯ Mən sağlıq deyə bilmirəm… Sağlığı ancaq kişilər deməz? Ələmdar gülmüşdü:

⎯ Kənddə də. Ancaq bura şəhərdi. Şəhərdə sən sağlıqlar deyən qadınlar görəcəksən ki, ağzın açıla qalacaq. Bax, sənin sağlığına içmişik, dədənin sağlığına içmişik. Əgəm bildin kimin sağlığı qalır? ⎯ Kimin? ⎯ Simuzər ekrana baxa-baxa soruşdu və təkrar elədi: ⎯ Kimin?

⎯ Fikirləş də.

⎯ A, tapdım. Sənin…

⎯ Ay bərəkallah. Hə, indi mənim sağlığıma bir söz de, içək, Sim!

Simuzər ondan bakalı aldı, dikəldi:

⎯ Sən… Sən yaxşı kişisən! Sən çox, çox yaxşı kişisən. ⎯ Və toqquşdurdu bakalını Ələmdarın bakalına…

İçdilər…

Və o gecə…

… Simuzər o yay Tibb institutuna daxil oldu, altı il oxuyub, bir il də internada qaldı, həkimlik diplomu aldı, əvəzində isə elə qiymətli bir şey itirdi ki, onu heç nəylə heç kəs geri qaytara bilməzdi. Ustalıqla, ehtiyatla o böyük şəhərdə yaşadılar Ələmdarla Simuzər. Nə Müseyib şübhələndi, nə Səltənət xanımın ürəyinə bir xal düşdü. Nazirin ömründə bircə dəfə də doğmayan arvadı Sulduz xanım da Simuzərin evinə gəlib-getməsinə adicə baxdı, çünki iki ailə ⎯ Müseyibin və Ələmdarın ailəsi qız tələbə olandan sonra o qədər qaynayıb-qarışdı ki, aralarından su da keçmədi. Bu yaxınlığı bir də o artırdı ki, beş-altı aydan sonra Ələmdar Müseyibi, vəd verdiyi kimi, Pambıq qəbulu məntəqəsinin müdiri qoydu, ağzını əməlli-başlı çörəyə çatdırdı. Əgər bir gün Ələmdar dara düşüb onun özünün, ya uşaqlarının başını istəsəydi, Müseyib çətin ki, yox deyə bilərdi. Ələmdar və xanımı Müseyibin evinin ən əziz adamları idi. İnsafən, onlar da rayondan Bakıya ⎯ mikrorayonda təkotaqlı mənzildə kirayənişin yaşayan qızlarına dəyməyə gələndə mütləq əvvəl Ələmdargilə düşər, Sulduz xanımın qonağı olar, kişi işdən dönənəcən gözləyib onu da görəndən sonra Simuzərin yanına gedərdilər…

Simuzər o yeddiili qayğısız yaşadı. Geymək, içmək, imtahan dərdi-sıxıntısı çəkmədi. Hər şeyini ⎯ paltarından tutmuş ev kirayəsinəcən Ələmdar verirdi. Atasının göndərdiyi pulu isə qız, Ələmdarın məsləhəti ilə, əmanət kassasına qoyurdu.

⎯ Yığ, qoy qalsın, qız!.. Pul həmişə gərəkdi. Pulsuz adam gözüqıpıq, ürəksiz olur. Amma əmanət kitabçasını evdə elə saxla ki, dədən-anan yanına gələndə görməsin ha. Görsələr, başa düşərlər. «Xərcləməmisən, bəs nəynən dolanmısan!»

Simuzər institutu bitirəndə kitabçasında iyirmi beş mindən çox pul vardı. Və hərdən o kitabçaya baxıb özünü doğrudan da güclü, ürəkli hesab eləyirdi. Lakin bu, məsələnin zahiriydi. Əslində isə, Simuzər bütün o illər ərzində itiyi itmiş adam kimi yaşamışdı. Qız yoldaşları vardı. Şən idilər, deyib-gülürdülər, tələbəliyin ləzzətini, qayğısını, əziyyətini duya-duya oxuyurdular. Sevirdilər, sevilirdilər. Az qala hər qızın oğlanlar arasında bir gözaltısı vardı. Eləsi də vardı ki, açıq-saçıq, heç kəsdən çəkinmədən gəzib-dolanırdı sevdiyi oğlanla, kinoya, teatra gedirdi ⎯ bir də görürdün nişanlanıblar. Bir başqası elə tələbə ikən ərə getmişdi.

Simuzər qrup yoldaşlarının arasında ən gözəgəlimlisi, gözəli, ən yaxşı geyinib-keçinəni idi. Subay, qəşəng oğlanlardan bir çoxu ona vurulmuşdu, arxasınca kölgə kimi gəzirdi. Yalvaranı, ağlayanı vardı hətta. Ancaq Simuzər heç birini yaxın buraxmır, sözlərini belə eşitmək istəmir, bəzən söyüb acılayırdı da.

⎯ Mənim nişanlım var, ⎯ deyirdi və hətta barmağına yalandan nişan üzüyü də taxmışdı. Təkcə oğlanlara yox, özünü sındırmamaq üçün qız yoldaşlarına da elə demişdi.

Qrupda ona çox yaxın olan, sirdaşlıq-yoldaşlıq eləyən Rahidəyə də elə demişdi. Hətta bir dəfə Rahidə zarafata salıb ondan soruşmuşdu:

⎯ Ay Simuzər, bə bu nə təhər nişanlıdı ki, bircə dəfə də sənin dalınca şəhərə gəlməyib?

⎯ Özüm icazə vermirəm.

⎯ Niyə? Çirkindi?

⎯ Yox. Çox gözəldi, Rahidə. ⎯ Qəmli-qəmli gülümsünmüşdü. ⎯ Qorxuram qızlar əlimdən alalar.

⎯ Yaxşı, sən allah. Səlim də, mənim nişanlım da, yaraşıqlıdı. Və heç əlimdən almırlar!..

⎯ Səninki yanındadı, gözünün qabağındadı. ⎯ Sonra Rahidənin gözləmədiyi sualı vermişdi: ⎯ Çox istəyir səni Səlim?

⎯ Boy, bu nə sözdü? Kölgəmdi ki, yazıq.

⎯ İkiniz bir yerdə, tək olanda Səlim sənin heç ayağından öpür? Rahidə təəccüblənmişdi:

⎯ Ayağımdan? Ta ayağımdan niyə, ay Simuzər?

⎯ Heç… Elə-belə… Xəbər aldım…

Simuzər bunu sadəcə maraq üzündən soruşmurdu. Çünki onun otağına gələndə, ya ikisi birlikdə Mərdəkandakı bağa gedəndə, Ələmdar ⎯ o boyda kişi elə qapının ağzında dizlərini yerə qoyub əvvəlcə qəşəng ayaqlarının altından öpürdü, ayaqqabı da olsa, corab da olsa, öpürdü. Və bu, Simuzərə hədsiz bir nəşə verirdi, bu anlarda Ələmdarın onu sonsuz məhəbbətlə sevdiyinə inanırdı. İnanırdı və özünü xoşbəxt sayırdı ⎯ aradakı yaş fərqi də yalnız bu zaman silinib gedirdi. Ələmdarın onun yanında olduğu saatlar ərzində bu fərqi əsla görmür, hiss eləmirdi. Ancaq o gedəndən, Simuzər tək qalandan sonra, hər şey sönür, öləziyib yox olur, o sevincin, o nəşənin yerini dərin bir qüssə tuturdu və uzun müddət o, süst, yorğun halda dolaşıq fikirlər məngənəsində çırpına-çırpına qalırdı. Qəribə idi ki, öz rəfiqələrini sevdikləri ilə əl-ələ tutub kinoya, teatra gedən görəndə Simuzərin ürəyində Ələmdara qarşı sonsuz bir nifrət oyanırdı, kədər onu boğurdu, evinə çəkilib ürəyi, gözləri boşalınca ağlayırdı. Və bu nifrət, Ələmdar yenidən onun yanına gəlincə, onlar görüşənə qədər davam eləyirdi. Görüşdülərmi ⎯ hər şey dəyişirdi, Simuzər təzədən bəxtəvərə dönürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

V fəsil

Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.

3 dəq
VI fəsil

Balaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?

2 dəq
VII fəsil

Tikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:

7 dəq
VIII fəsil

Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.

6 dəq

Başqa şairlərin şeirləri