İkinci hissə, səkkizinci fəsil
Səhifə 3 / 7 · 29%
⎯ Çox qəliz oldu bu, Nəzər müəllim. Mən başa düşdüm səni, ancaq xahiş eləyirəm, xırdala.
⎯ Xırdalamalı bir məsələ yoxdu, Süleyman, hamısı iri-iri məsələlərdi. Heç bilmirəm hansından başlayım.
⎯ Ürəyin hansından istəyir! ⎯ deyərək Süleyman keçib öz yerində oturdu və əlini üzünə dayayıb qulaq asmağa başladı.
Nəzər də pəncərə ağzından qopub bükülüsünün yanında əyləşdi:
⎯ Ayağın çörəkliymiş deyəsən. Yəqin taleyin istəmir ki, səni bura göndərən yoldaşların yanında başı aşağı, gözü kölgəli olasan.
⎯ Nə bilim. Dünyada ən çox elə bundan qorxuram.
⎯ Qorxma, Süleyman, camaatımız səni xəcil eləməz, çünki sən bu torpağın oğlusan, burdan pərvazlanıb gedibsən. Səndən qabaqkı katiblər gəlmə olublar, buralara bağlı adamlara olmayıblar, qonaq hesab eləyiblər özlərini. «Dörd-beş il, lap on il işləyib axırı gedəcəyik» ⎯ deyə çamadan üstə oturublar həmişə. Uzun-uzun illər həsrət çəkmişik ki, görəsən haçan özümüzünkülərdən biri bu rayona katib gələcək. Yəni doğrudan bu torpağın elə bir yetirməsi olmayacaq? Şükür, nəhayət, sən gəlibsən. Ancaq… gərək sən… özündən əvvəlki katib kimi olmayasan. Əgər istəyirsən həm işin getsin, həm də el-oba içində hörmətini-izzətin olsun, gərək onun kimi olmayasan…
⎯ O nə təhər idi ki, Nəzər müəllim?..
⎯ O… katib deyildi, Süleyman, o, faşist idi. Hə… görürəm, qaşların qalxdı alnının ortasına. Təəccüb eləyirsən görürəm. Amma eləmə, bala. Mən həqiqəti deyirəm. Ha fikirləşirəm ki, axı necə olur bizim aramızda belə adamlar yaranır, partiyaya girir, kommunist adı daşıyır; necə olur? Ən təəccüblüsü isə budu ki, necə olur elələrinə bizimkilər vəzifə də tapşırırlar axı?! Heç cür başa düşə bilmirəm.
⎯ Axı o necəydi ki?
⎯ O bir despot idi, Süleyman. Sən təsəvvür elə ki, bu boyda rayonda kimin nə cürəti var idi ki, cınqırını çıxartsın, ona kəc baxsın, haqqında bircə kəlmə tənqid desin?! Heç kəsin! Hamını əzmişdi, ləyaqətsiz, şəxsiyyətsiz eləmişdi. Bu rayonda indi axtarsan fərli-başlı bir kişi çətin taparsan. Hələ uzun müddət də olmayacaq. Çünki o, kişilik, ləyaqət hissini öldürüb adamların ürəyində. Onu diriltmək, təzədən cücərtmək isə… beş-on günün işi deyil, onunçün illər, bəlkə də on illər lazımdı. Amma kişi əvəzinə nə qədər yaltaq, baş əyən, müti adam desən taparsan… Sən de, əl çalsınlar. Dediyini başa düşməsələr də, nəticəsini anlamasalar da, əl çalsınlar… O, on beş il belə öyrədib camaatı… Adamların çoxu indi də elə o havaynan yaşayır, Süleyman. Bu ötən on beş ildə camaatımızın beli çöldə, tarlada yağır oldu, əyri bitdi, ziyalılarımızın əli çəpik çalmaqdan qabar oldu, Süleyman. Zalım oğlunu ancaq bir şey düşündürürdü: plan! Plan, vəssalam. Ölsən də, qalsan da plan. Bir dəfə dedim ona…
⎯ Hə? Bəs deyirsən heç kəs cürət etmirdi… ⎯ Süleyman qımışıb soruşdu.
⎯ Hə. Elədi. Ancaq mən… daha dözmədim, dedim…
⎯ Maraqlıdı. Nə dedin, Nəzər müəllim?
⎯ Dedim ki, bu camaat yazıqdı, yoldaş katib, qul deyil bu camaat. İndi doqquz-on ayını gecəni-gündüzə qatıb işləyən bu adamlara yazığın gəlsin. Sovet hökuməti həftədə bir gün istirahət eləmək ixtiyarı verib. Qoy heç olmasa bir həftə işləyəndə bir gün də dincəlsinlər. Allahdan qorxmursan, bilirəm, heç olmasa o partiya biletindən qorx, kişi. Alallar, əlindən, qalarsan başına-dizinə döyə-döyə. Güldü, dedi: Plan, Nəzər müəllim, plan. Əgər planı doldurmasam, bax, onda alallar əlimdən biletimi.
⎯ Yazıq düz deyirmiş, Süleyman. Sən demə, bizimkilər üçün plan hər şeydən üstünmüş. Neçə il dalbadal planları doldurduğuna görə, axırda ona, bilirsən, Sosialist Əməyi Qəhrəmanı adı verdilər. Halbuki, o, xeyirdən çox ziyan vermişdi dövlətə, partiyaya, bu camaata.
⎯ Nə ziyan?
⎯ Mənəvi ziyan, Süleyman. Adamları əzdi o, mənəvi şikəst elədi, üzünə düz söz deyəni məhv elədi, inamı öldürdü ⎯ ədalətə, Şura hökumətinə, partiyaya olan inamı öldürdü. Halbuki, bu inam ⎯ bizim ən böyük sərvətimiz idi. Öz ordusuna zülm eləyən, onu təhqir edən, gecə-gündüz qabağına qatıb aman verməyən sərkərdə döyüş meydanlarında həmişə məğlub olub, Süleyman. Keçmişdə bəylərin, ağaların nökərləri olardı ⎯ onlar öz nökərlərini ac-yalavac saxlamamağa çalışardı. Kim ki, ac, çılpaq saxlardı, o nökər oğurluq eləyərdi, canı-dildən işləməzdi, imkan düşən kimi də, vəzncə yüngül, qiymətcə ağır şeylərdən götürüb aradan çıxardı.
⎯ Yəni deyirsən o, camaatı ac-yalavac saxlayırdı?
⎯ Demək olar ki, hə.
⎯ Nə təhər yəni?
⎯ Çox sadə. Adamlar işləyir, əməkgünü alırdı. Əməkgününə isə… çox az şey verilirdi. Kağız üzərində mənim beş yüz əmək-günüm olsun ⎯ onun ki, bahasına heç nə verməyəcəksən, deməli, mən acam, çılpağam.
Sənin bəlkə də yadına gəlməz… uşaq olardın onda… Xadimələr, kiçik qulluqçular… müharibədən sonra 350-400 manat pul alardılar. Bir gün Stalinə söyləyirlər ki, axı bu maaşla adam dolana bilməz, yoldaş Stalin. Əlini bığına çəkib qımışaraq cavab verir ki, mən də bilirəm dolana bilməz. Amma heç şikayət eləyən yoxdu. Düz deyirdi Stalin. Şikayət eləyən yox idi. Ancaq onda onun qorxusundan ac qalsa da, oğurluq eləyən də yox idi. Amma sonra… o öləndən, o qorxu, o zəhm bütü aradan gedəndən sonra, qorxu da aradan getdi… Bax, buna görə yavaş-yavaş əyri əllər yarandı, özü də bir yox, beş yox, yüz-yüz və uzandı və xalqın, dövlətin cibinə, halal zəhmətinə… Və əxlaq fənaya uğramağa başladı, Süleyman… Yalançılar, oğrular, vicdansızlar əmələ gəldi ki, indi qabağını ala bilmirik…
Süleyman köksünü ötürdü:
⎯ Hə. Düz deyirsən, Nəzər müəllim. Sən lap sosioloq kimi təhlil edirsən. Bunlar çox incə iqtisadi-sosioloji məsələlərdi.
⎯ Mən gördüyümü deyirəm, Süleyman. Stalin deyirdi şikayət eləyən yoxdu. Kimə şikayət eləməliydi?.. Kimin yaxasından yapışsan, deyəcək mən neyləyim, qanun belədi. Axı bu qanunu kim yaradır? İnsan özü yaratmırmı? Yaradır və özü də onun əlində əsir-yesir olur.
⎯ Hər qanunun iqtisadi-əxlaqi-mənəvi əsası olmalıdır.
⎯ Bəli, olmalıdır. Ancaq təəssüf ki, bəzən bunlar tam və hərtərəfli nəzərə alınmır. Qanun kitabına «güllələnsin» hökmünü yazan adam ancaq özü güllələnməyə məhkum ediləndə onun əsl mahiyyətini başa düşür və fikirləşir ki, məsələn, bu günaha görə güllələmək də olarmış. Qırx altıncı ildə ⎯ çörəyin lap şirin vaxtında ⎯ bizim kənddə xırmanın keşikçisi Qardaşxan kişi ciblərinə buğda töküb gətirəndə tutmuşdular. Kiloyarım, iki kilo olardı, ya olmazdı. Beş il verdilər, elə həbsxanada da öldü. Mən onun mühakiməsində iştirak eləyirdim. O qoca, şikəst kişi ağlaya-ağlaya deyirdi ki, vallah, mən oğru deyiləm. Evdə uşaqlar acından ağlayırdılar. Gətirdim ki, qovursunlar, heç olmasa qovurğa yesinlər. Hakim deyirdi: «Gözləyəydin, kolxoz əməkgününə taxıl böləndə alardın haqqını». «Mən gözlədim, ey, ay möhtərəm hakim, ancaq uşaq gözləyə bilməzdi», ⎯ deyirdi Qardaş-xan ⎯ əməkgününə taxılı payızda verəcəklər…» Qardaşxan oğru idi? Yox. Amma «oğru» damğasıyla basdılar getdi. Axı deyirik kolxozun malı kolxozçunundu. Demirik?
⎯ Deyirik, ⎯ Süleyman fikirli-fikirli cavab verdi.
⎯ Demək onda… nə təhər olur bə bu? ⎯ Nəzər müştüyünə siqaret qoyub yandırdı, acgözlüklə tüstünü ciyərlərinə çəkib üfürdü ⎯ heç bizim balıqçıların yanına ⎯ vətəgəyə getmisən? ⎯ Süleymandan soruşdu.
⎯ Hə, bir dəfə atüstü getmişəm. Necə məgər?
⎯ Sənə şikayət-zad eləyən olmayıb ki?
⎯ Yox, məgər şikayət eləməliydilər?
⎯ Əslində eləməliydilər. Ancaq görünür qorxublar, çəkiniblər. Çünki səndən qabaqkı katibin qorxusu hələ canlarından çıxmayıbdır.
⎯ Nə şikayət eləməliydilər ki, Nəzər müəllim? Mən hətta soruşdum da… Dillənən olmadı…
⎯ Sən yəqin vətəgənin direktorunun üzünə baxmamısan o anda. Baxsaydın, görərdin ki, o, başı ilə onlara necə «susun» işarəsi verir.
⎯ Hə?
⎯ Bəli, qoymurlar camaat dərdini-sərini öz rəhbərinə ⎯ katibinə deyə bilsin. Guya bu onların şəninə kəsir gətirər. Dərdi deməmək ⎯ bu da bir cür yalandı. Bütün yalanların anası isə zülmdü, Süleyman.
Süleyman, görünür, heç yerə tələsmirdi. Arxayın-arxayın oturmuşdu. Bu söhbətlər, əslində onun üçün çox maraqlı idi; hiss eləyirdi ki, Nəzər rayonun problemlərini, qayğılarını çox dərindən bilir. Özü bir il də idarələri, müəssisələri, kəndləri gəzib-dolaşsaydı, o qədər şey öyrənə bilməzdi bəlkə də... Bunu da hiss eləyirdi ki, Nəzər müəllim balıqçılardan nahaq söz salmayıb ⎯ nəsə mühüm bir mətləb açmaq istəyir. Odur ki, soruşdu:
⎯ Axı, balıqçıların nə şikayəti ola bilərdi, Nəzər müəllim?
⎯ Balıq şikayəti, Süleyman.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
GetdiBilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır