İkinci hissə, səkkizinci fəsil
Səhifə 5 / 7 · 57%
⎯ Nə bilim. Müəmmadı.
⎯ Həyat özü müəmmalarla doludu, Süleyman. Ancaq daha belə yox!.. Biz lap ağ eləmişik! Deyirsən mən maaş təyin eləmirəm. Düzdü, eləmirsən. Amma axı bu maaşı kimsə insan təyin eləyir də, maşın, mexanizm, robot yox ki!.. Bəs o yoldaş da, yoldaşlar da fikirləşmirlərmi ki, doxsan manatla adam yaşaya bilməz?.. Onlar özləri bu maaşla yaşaya, dolana bilərlər? Yox. Deməli, özümüz bilə-bilə, görə-görə adamlara deyirik: gedin oğru olun, gedin rüşvət alın! Maddiyyat ⎯ hər şeyin əsasıdı. Marks da, Lenin də belə deyib! Bəs… biz niyə unuduruq bu müdrik kəlamı? Biz deyirik: «paraya dəymə, bütövü kəsmə, özün də doğra, doyunca ye!»
Buna görə sənin, mənim vaxtilə gördüyüm o təmizlik, o paklıq, o sədaqət qalmayıb adamlarda. Sən bir raykom katibi kimi, görməlisən və bilməlisən ki, kimi hara, hansı vəzifəyə qoyursansa, birinci növbədə, özünü, qohumunu düşünür, gözü öz qabağına eşir və elə ilk gündən baş sındırır ki, aya, mən buradan nə apara bilərəm, nə çırpışdıra bilərəm?! Bəlkə sənin xəbərin yoxdu ⎯ məncə, olmalıdı ⎯ mənim isə xəbərim var. Bax, sayım sənin üçün. Meşəyə meşəbəyi qoyursan, meşəni qırıb satır; qoruğa müdir qoyursan, brakonyerləri tutur, soyur, alıb buraxır; sonra özü də o qırmızı kitaba düşməli olan quşları, heyvanları dost-aşnası ilə yeyir, üstündən də su içir. Allahın briqadiri də pambığı, sovkanı yeyir, ay kişi. Bunlar hələ xırda şeylərdi, Süleyman. Uzağa niyə gedək, götür kolxoz sədrlərimizi. Əlbəttə, bunların içində təmizləri də var, buna mənim sözüm yoxdur. Onların bir çoxu kolxozun, camaatın malını hamının gözünün qabağında elə yeyir ki, heç kəs görmür, amma hamı bilir. Bax, «Sülh» kolxozunun sədri Mikayılı götür. Gördünmü camaatın nə qədər pulunu yemişdi o şərəfsiz! O, fələyin qəminə gedib qabağa düşdü, çünki kolxozun adamları daha dözmədi, yazdılar ⎯ katibə yazdılar, heç nə eləmədi, yuxarı yazdılar ⎯ Bakıdan komissiya gəldi, üç ay yoxladı, sonra bir dənə də əskik çöp tapmayıb təmizlik aktı yazdı, çıxıb getdi ⎯ niyə? Ona görə ki, Mikayılın pulu çoxuydu, ciblərini, ətəklərini doldurdu gələnlərin, ağızlarını yumdu, gözlərini də bağladı. Sonra Moskvaya yazdılar ⎯ ordan gələn komissiya hər şeyi açıb tökdü ortalığa, onda onu pulları da saxlaya bilmədi ⎯ kökü kəsilmiş ağac kimi gurluguruppaz kəlləsi üstə gəldi yerə. Sən elə bilirsən bu rayonda Mikayıl təkdi, ta eləsi yoxdu? Diqqətnən yoxlasan görərsən, on beş kolxoz sədrindən ən azı ⎯ mən ən azı deyirəm ha, ⎯ dördü-beşi heylədi, bəlkə ondan da dəhşətlidi, faşist oğlu faşistdi.
Üzü bozarmış Süleymanın dodaqları qaçdı.
⎯ Nəyə gülürsən, Süleyman?
⎯ Heç. O «faşist oğlu faşist» sözünə gülürəm. Hələ də tərgitməyibsən. Gör neçə illər keçir, Nəzər müəllim…
⎯ Belə getsə, deyəsən, heç tərgidə bilməyəcəyəm. O söyüşü mən müharibədən gətirmişəm, Süleyman. O söyüşü və bir də bax bu dizimin altındakı qəlpəni. Hə. ⎯ Nəzər sanki qorxdu ki, araya başqa söz-söhbət, xatirə-filan gəlib düşə bilər və sözü yarımçıq qalar, odur ki, buna imkan verməyib davam etdi. ⎯ Belə. Camaatı aldadırlar? Aldadırlar! Səni aldadırlar? Aldadırlar!..
⎯ Necə yəni məni aldadırlar, Nəzər müəllim?
⎯ Çox sadə. Səfər aldadan kimi. Səfər min hektar əvəzinə iki min hektar pambıq əkir ⎯ hər hektardan iyirmi beş sentner güc-bəla ilə məhsul götürür, yazıb məlumat verir ki, hər hektardan əlli sentner pambıq götürmüşəm. Sovkada aldadır, pambıqda aldadır, maşın-traktor üçün yanacaqda aldadır. Ta nə istəyirsən? Ta aldatmağın buynuzu-zadı olmur ki?! O biri sədrlərin bir çoxu da heylə.
Süleymanın qaşları çatıldı.
⎯ Niyə, keçən dəfə, büroda bu məsələ qalxmadı? ⎯ deyə Nəzər davam elədi ⎯ kolxoz sədri Abbas Abbasovu sən divara dirəyən-də o kişi nə söylədi? Yadından çıxıb? Hələ bizim kolxozun sədrini ⎯ Qurbanı da qaldırdın, soruşdun… Yadında döyül?
⎯ Yadımdadı.
⎯ Keçmiş, səndən əvvəlki katib bunu bilirdi, çox gözəl bilirdi. Amma üstünü heç vurmurdu. Niyə vurmurdu, sən bilən? Ona görə ki, Cəfərzadəyə Sosialist Əməyi Qəhrəmanı olmaq lazım idi. Aldı da. Bəlkə sən də onun yoluynan getmək istəyirsən? «Geroy» olmaq istəyirsən, hə?
⎯ Yox, yox. ⎯ Elə bil bu dəqiqə Süleymana o yüksək adı verəcəkdilər, tələsik etiraz elədi. ⎯ Mən o fikirlərdən uzağam.
⎯ Sözdə hə, ancaq əməldə, bu, görünmür. Sən o sahələri ölçdürübsən? Yox. Sən kolxozların pambıq məntəqəsinə göndərdikləri məhsulun başının üstünü kəsdirib çəkdirib yoxlatdırmısan? Yox. Sən ancaq o «svodka» deyilən şeyə baxırsan ⎯ rəqəmlər öz yerində, gözünü-könlünü oxşayır, fərəhlənirsən, elə həmin axşam da sevinə-sevinə götürüb Bakıya zəng eləyirsən ki, bəs biz bu gün dövlətə filan min ton pambıq, filan min ton üzüm təhvil vermişik. Bir yalan milyon yalan doğurur, Süleyman. Sənin xəbərin varmı ki, kənddə ət, süd, yağ, pendir yoxdur, kimyaya dönüb? Niyə? Bilirsən niyə? Camaatın az qala həyətinə də pambıq əkiblər. İnək, qoyun, keçi, camış saxlamağa heç kəsin imkanı yoxdu, kişi!.. Mal-heyvanın gərək otlağı olsun, otu olsun ⎯ bunlar yoxdu ⎯ pambıq hamısını yeyib, Süleyman. Mən pambığın çox qiymətli xammal olduğunu yaxşı başa düşürəm, mən onun əleyhinə deyiləm. Ancaq, sən rayonun rəhbəri kimi bilməlisən ki, təkcə pambıqla qarın doymaz. Kolxozçunun, kəndlinin özünün malı-heyvanı, toyuğu-cücəsi olmalıdı. Yaşamaq və işləmək üçün bunlar olmalıdı. Amma sən yəqin bilirsən ki, ət də, süd də, yumurta da indi kağızdı? Bilirsən bunu?
⎯ Necə yəni yağızdı?
⎯ Bəli, kağızdı. Kolxoz yumurta əvəzinə, ət əvəzinə, yağ əvəzinə hazırlıq məntəqəsinə pul gətirir, pulu alıb kağız verir sənin məntəqən ki, bəli, bu qədər məhsul aldıq. Bu da kağızı! Sonra mağazalara gedir guya bu məhsullar, guya camaat alıb yeyir, mağazadan təzədən pul qayıdır, gedir girir dövlətin bankının cibinə. Beləcənə biz kağız yeyirik, Süleyman. Dayan, sözümü kəsmə, qoy deyim, mən hər dəqiqə danışan adam deyiləm, hər dəfə də gəlib sənin başını ağrıtmayacağam. Bəli. Belədi, Süleyman. Bax, götürək elə sənin gözünün qabağında dik-dik gəzib dolaşan pambıq məntəqəsinin müdiri Müseyibi, raykoopittifaqın sədri caydaq Mustafanı, ya da elə… çörək zavodunun müdiri Şamili… Sənin məsul işçilərindi, sən onların dolanışığına fikir vermisən heç? Yox! Gərək baxasan, göz qoyasan, Süleyman, təmiz adam o saat bilinir. Onlar oğrudu, Süleyman, onlar julikdi, Süleyman. Quruca maaşnan o cah-cəlalı yaratmaq olmaz. Vallah, yaratmaq olmaz, billah, yaratmaq olmaz. Mən baxan kimi bilirəm, bu adam oğrudu ya yox? Sizə deyirəm, siz bir ölçü götürməsəniz, mən Nəzarət komitəsinin sədri kimi, bu adamlarla məşğul olacağam, görüm bunlar nə tilsim eləyirlər ki, yüz əlli manatnan, iki yüz manatnan özlərinə belə xaniman, belə şərait yaradıblar. Yoxsa bu xalq, bu dövlət yazıqdı, Süleyman. Vallah, yazıqdı, billah, yazıqdı. Bayaq, siqaretdən danışanda dedim, bəs milis hara baxır? Əşi, milis neynəsin? Hansını tutsun? Hansını bassın!.. Bir də milisdə də az yoxdu, Süleyman.
«Nəzər müəllim bu illər ərzində qətiyyən dəyişməyib ⎯ o vaxt, bizə dərs deyəndə necə çılğın idisə, necə təmiz və namuslu idisə, eləcə də qalıb». Bu, Süleymanı sevindirirdi və eyni zamanda düşünürdü ki, indi dediyi, qəlbini deşən bu sözləri deməyə bilməzdi Nəzər müəllim. Deməsəydi, görməsəydi, onda o, Nəzər müəllim olmazdı, tamam başqa bir adam olardı!
Nəzər hövsələsizlik eləyib onun fikirlərinin zəncirini qırdı:
⎯ Hə, nə fikrə getdin, ay Süleyman?
Süleyman gəlib yenə əyləşdi:
⎯ Çox dərin söhbət oldu bu, Nəzər müəllim. Doğrudan da, mən sənin qabağında özümü otuz il qabaqkı şagird kimi hiss eləyib diqqətlə qulaq asdım. Sən ağsaqqal kimi, ziyalı kimi məsələlərə çox doğru toxundun. Kənardan baxırsan bu işlərə, ürəyi yana-yana danışırsan. İndi gör mən nələr çəkirəm, axı, gecə-gündüz bu işlərin içindəyəm. Bunları görmək, demək asandı, ancaq eləmək çox çətindi, müəllim. Deyirsən, səlahiyyətin var, katibsən, sənin sözün qanundu. Düzdü, çox düzdü, müəllim. Amma gəl bir az ətraflı götür-qoy eləyək, bir az dərindən baxaq sən dediyin şeylərə. Mən bura, bu rayona katib gələn kimi, səhəri gün çıxdım şəhəri gəzməyə, tanış olmağa, gəzə-gəzə gəlib bazara çatdım. Bazar elə o vaxtın köhnə bazarıdı, pərakəndə, pinti, səliqəsizdi. Bir dükan burda, biri orda, biri küçədə, biri yol üstə… Rayispolkoma göstəriş verdim ki, bu kustar dükanları yığışdırın burdan, bu nədi, elə bil on doqquzuncu əsrin şərq bazarıdı. O da dedi baş üstə… Axşam, saat on ikidə evdə oturmuşdum, Bakıdan bir məsul yoldaş zəng çaldı, məni təbrik elədi və sonra da dedi ki, o bazarın girəcəyində çəkməçi dükanı var ha, onunla işin olmasın, bizim adamdı. Mən də nə deyəcəkdim: «Baş üstə» ⎯ deyib dəstəyi asdım və fikirləşdim ki, bu rayonda işləmək mənim üçün çox çətin olacaq! Gör indi adicə çəkməçinin Bakıda çox məsul bir idarədə adamı varsa, o biri vəzifəlilərin yəqin Moskvada, əgər bir az axtarsan ⎯ o, burada kiridi ⎯ lap BMT-də adamları olmamış olmaz!.. Məni düzgün başa düş, Nəzər müəllim, bununla onu demək istəyirəm ki, indi münasibətlər çox mürəkkəbdi, bilmirsən kimin dalında kim dayanıb.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
GetdiBilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır