İkinci hissə, səkkizinci fəsil
Səhifə 6 / 7 · 71%
Süleymana kimsə zəng elədi, dəstəyi götürüb qulaq asdı, «hə, hə» dedi və dəstəyi yerə qoyub üzünü Nəzərə tutdu:
⎯ Ancaq, Nəzər müəllim, sən hər şeyi qara görürsən, sənə nədənsə elə gəlir ki, bizim rayonun adamlarının az qala hamısı əliəyridi, oğrudu.
⎯ Xeyr, xeyr, mən qətiyyən o fikirdə deyiləm, Süleyman. Bizim camaatımız zəhmətkeşdi, təmizdi, işgüzardı, bunu görmək ən azı vicdansızlıqdı. Məni bura, sənin yanına gətirən elə budu ki, onlara yazığınız gəlsin, qoymayın onların əlinin zəhməti, alnının təriylə qazandıqları var-dövlət beş-altı oğrunun, julikin cibinə axıb dolsun, dövlətimizə ziyan dəysin. Yəni biz bu qədər acizik ki, o beş-altı adamın öhdəsindən gələ bilmirik? Burda məncə, çətin bir iş yoxdu, Süleyman. Dəmir qayda-qanun yaratmaq lazımdı, vəssalam. Oğrunu-əyrini qamarlayıb dama bassaq, o birilərə dərs olar!.. Camaatın da ürəyi soyuyar, rahatlanar. Sovet hökuməti o boyda faşistin qabağında aciz olmadı, indi beş-üç gədə-güdənin, gözükölgəlinin qabağında aciz olacaq?! Sən görmürsən ki, Müseyib pambıq məntəqəsində milyoner olub daha dərisinə-qabığına sığışmır? Sən görmürsən ki, raykoopittifaq Mustafa o arıq canıyla nə qədər yesə doydum demir? Gərək hökmən əlində, cibində bir şey tutasan, sonra cinayət məsuliyyətinə cəlb eləyəsən? Mən nəyə desən and içərəm, yerə-göyə and içərəm ki, onlar oğrudu, rüşvətxordu, şərəfsizdi, partiya biletinin arxasında gizlənib dövlətin, xalqın ətək-ətək pulunu yeyən boynu qalstuklu mədəni quldurdu. And içirəm, Süleyman. Bax, mənim burda oturmağım xəyal, nağıl, yalan deyil ki? Yox, həqiqətdi? Hə. Bax, Müseyibin də, Mustafanın da oğru olması elə bir həqiqətdi, Süeyman!..
Nəzər danışdıqca boğazının yan damarları şişirdi, elə ürəklə deyirdi bu sözləri ki, inanmamaq mümkün deyildi, elə bil kişi, gözləri ilə görmüşdü, inanmışdı. Süleymanın öz kabinetində çox yaxın dostu ⎯ o biriləri də yaxın idi, ancaq birinci kimi yox ⎯ Müseyibin ünvanına başqa bir adam o sözləri desəydi, şübhəsiz, onu otaqdan qovardı, böhtançı kimi lap tutdurardı da. Ancaq neyləmək olardı, belə danışan özgəsi yox, Nəzər müəllim idi.
Süleyman fikrə getdi, barmaqlarını şaqqıldadıb tutqun baxışlarını Nəzərə tərəf çevirdi:
⎯ Bəs indi neyləyək deyirsən, müəllim? Deyirsən bütün vəzifəli adamlarımızı tutub basdıraq dama?
Nəzər müəllim narazılığını gizləməyərək dedi:
⎯ Ta bu olmadı, Süleyman! Mən məgər deyirəm bütün vəzifəli adamlarımızı tutaq? Yox! Mən burda konkret ad çəkirəm ⎯ Müseyibin, Ağayevin, Mustafanın adını çəkirəm. Deyirsən, neyləyək? Komissiya təşkil elə! Yoxlatdır işlərini, gəlirlərini, çıxarlarını. Qoy ələk-vələk eləsinlər. Əgər üstünə əliboş gəlsələr, əgər bir şey tapmasalar, onda mən adımı dəyişərəm, onda bu sən, bu da mən. Al canımı, al partbiletimi, tutdur məni!
⎯ Komissiya yaratmaq üçün əldə gərək əsas olsun, müəllim.
⎯ Əsas var, Süleyman!
⎯ Nədi, müəllim?
⎯ Əsasın mini içəridədi ⎯ idarələrindədir, kandarlarından ayağını qoyan kimi özün görəcəksən, bircəciyi isə çöldədi ⎯ hamının gözünün qabağındadı, Süleyman ⎯ o da onların cah-calalıdı. Bəs mənim niyə elə cah-cəlalım yoxdur? Hə? Soruşuram da. Mən də, sənin dədən İmran kişi də ⎯ onlarnan, yüzlərnən bizim kimisinin də adını çəkərəm ⎯ bütün ömrümüz boyu işləmişik, buralarda Şura hökumətinin birinci kolxozlarını biz yaratmışıq, banditlərlə biz mübarizə aparmışıq. Bəs niyə bizim yoxdur, hə? Elə bilirsən mən bilmirəm sən öz kəndimizə ⎯ atanın evinə niyə getmirdin? Çünki sən indi katibsən, utanırdın o alçaq, yoxsul evə getməkdən. Bəlkə deyəcəksən Müseyibin pinəçi dədəsindən qalıb o var-dövlət ona? Bəlkə deyəcəksən caydaq Mustafanın ömrü boyu idarələrdə süpürgəçi işləyən anasından yadigar qalıb o imarət, sərvət? Ya bəlkə yetim Bəhmən Lənkərandakı detdomdan gələndə özüynən xəzinə gətirmişdi? Ya deyəcəksən bu adamlar çox nadir başa, biliyə, istedada, qabiliyyətə malik adamlardı? Bilmirsənsə, bil Süleyman, onların üçü də kəmsavaddılar, sənin büronda, aktivində, iclaslarında hərdən çıxış eləyirlər, elə bilirsən o çıxışları onlar özləri yazırlar? Yox, yazdırırlar. Vallah, yazdırırlar, billah, yazdırırlar.
Mənim yadımdadı, o vaxt, otuzuncu illərdə, kolxoz təzə qurulan çağları biz, komsomollar qapısında beş-altı camışı, iki-üç inəyi, iyirmi-otuz qoyunu, keçisi, bir at arabası olanı qulaqlayıb «kulak» kimi sürürdük, gedirdik. İndi səndən soruşuram ⎯ bizim bu vəzifəli adamların var-dövləti çoxdu, o sürdüyümüz adamların? Əlbəttə, bunların! Sən heç bilirsənmi ki, məsələn, Müseyibin neçə maşını var? Yox, bilmirsən. Müseyibin üç maşını var, Süleyman. «Slujeb-ni»sindən başqa. Özünün bir «QAZ-24»ü var, iki oğlunun hərəsinin də bir «Jiquli»si. Deyəcəksən onlar ⎯ «Jiquli»lər uşaqların öz adınadı. Bəli, elədi. Yoxsa, Müseyib deyəcək ki, uşaqların institutda yaxşı oxuduqlarına görə hərəsinə bir maşın da bağışlayıblar? Mən bilən, hələ Şura hökumətinin belə qanunu yoxdu, Süleyman! Bəs, onda, soruşuram, hardandı? Sənə elə gəlmirmi ki, bu, yeni formalı, yeni məzmunlu kulakdı? Lap bir az da aydın desək, mülkədar deyil bu? Axı mən köhnə bir müəllim, məfkurə cəbhəsinin bir əsgəri kimi düz qırx il məktəbdə boğaz yırtmışam ki, biz hamımız bərabərik! İndi vicdanla de, Süleyman, sənin dədən İmran, ya mən Müseyiblə bərabərik? Yox, deyə bilməzsən. Bəs yernən-göy qədər olan bu fərqi görən uşaq, böyük mənim sözümə, lap elə sənin sözünə inanarmı? Yox, inanmaz. Vallah, inanmaz, billah, inanmaz, Süleyman!
Süleymanın gözləri böyümüşdü: «Qırmızı məktəb»də oxuyarkən Nəzər müəllimi sevmişdi, onun həqiqətpərəstliyi, mehribanlığı və dərindən düşünəndə sənin xeyrinə olan qəribə sərtliyi Süleymanın xoşuna gəlmişdi; onu özünə ideal seçmişdi.
Nəzərin ürəyi və vicdanı Süleymana tanış idi. Başa düşürdü ki, Nəzəri adi, quru vəzifə hissi yox, qeyrət danışdırır, müəllim ürəyi, müəllim vicdanı, ziyalı heysiyyəti dilləndirir. Dediklərində həqiqət çox idi ⎯ Süleyman belə düşünürdü ⎯ şişirtmələr də var idi, sözsüz. Ancaq həqiqəti, şişirtməsindən çox idi, bunu katib özü də bilirdi. Və fikirləşə-fikirləşə Nəzərə baxır, ürəyindən keçirirdi ki, kaş hamı sənin kimi olaydı, Nəzər müəllim. Onda işləmək və yaamaq necə də asan olardı!
Əgər vəziyyət Nəzər müəllim deyən kimidirsə, onda nə etmək lazımdır? Bax, bu sual katibi çaşdırmışdı, çünki belə şeylə birinci dəfəydi ki, rastlaşırdı. Susub yollar, çarələr axtarırdı.
⎯ Üzdə olan, ortalığa çıxartmalı üç-dörd adamımız var, onları da ləkələyib tutdursaq, bütün respublikada biabır olarıq, Nəzər müəllim.
Süleymanın məqsədini Nəzər o dəqiqə başa düşdü və tərəddüd elədiyini görüb bu inamsızlığı onun ürəyindən çıxarmaq üçün qətiyyətlə söylədi:
⎯ Ondan qorxmaq lazım deyil. Əksinə, bu, həm rayon camaatının ürəyincə olacaq, həm də respublika partiya təşkilatının. Baxarsan, onlar «çox sağ ol» deyəcəklər sənə. Bu, çoxdan, səndən çox-çox qabaq, illərlə davam eləyib gələn, artıq şişib yetişmiş bir prosesdir ⎯ çiban yetişib, deşib irini çıxartmaq gərəkdi, Süleyman. Sonra gec olar! Bu, gec-tez açılacaq, onlar ilişəcək, onlar qan qusacaqlar, səndən sonra açılsa bu yara, bax, onda verməyə cavab tapmayacaqsan.
⎯ Düz deyirsən, Nəzər müəllim.
⎯ Mən görürəm, sən ya mənə inanmırsan, ya da tərəddüd eləyirsən, Süleyman.
⎯ Elə deyil, Nəzər müəllim. Mən sənə inanıram. Ancaq, düzü, çaşıb qalmışam, heç bilmirəm…
⎯ Açığını deyim, sənin bu vəziyyətin məni çox nigaran eləyir. Sənə partiya bu boyda etimad göstərib. Gərək prinsipial olasan, gərək qətiyyətli olasan, gərək qoymayasan ki, camaatın sənə olan inamı itə. Səni bura təkcə ona görə qoymayıblar ki, doldurasan, bayraq alasan. Bunlar çox lazımdı, bunu heç kəs inkar eləyə bilməz. Ancaq bizim həyatımız təkcə işləməkdən, plan doldurmaqdan ibarət olmamalıdır
⎯ bizim ondan da qiymətli sərvətimiz var ⎯ o, bizim əqidəmizdi, məfkurəmizdi, biz onu göz bəbəyi kimi qorumalıyıq, yoxsa heç kəs bizə inanmaz, dalımızca getməz, Süleyman. Partiya işçisinin zəif olmağa, mütərəddid olmağa haqqı yoxdur. Partiya işçisi gərək hardasa bir az filosof olsun, hardasa bir az sosioloq olsun, bir az iqtisadçı olsun, bir az romantik olsun, bir az hakim olsun, bir az da həkim olsun, Süleyman. Mənim təcrübəm, mənim yaşım belə deyir.
Süleyman pərt olmuşdu, qanı qaralmışdı ⎯ müəllimin sözləri ağır idi, çox ağır idi. Özünün ürəyində haçandan bəri tutqun şəkildə gəzib-dolaşan və əzab verən bu duyğuları, düşüncələri Nəzər bir sehrkar kimi oxuyub onun gözünün içinə söyləyirdi.
Telefonlardan hansısa cingilti ilə səsləndi, Nəzər sözünü kəsdi, Süleyman qırmızı dəstəyi götürüb:
⎯ Bəli, mənəm, ⎯ dedi və ciddiləşdi ⎯ salam, salam. Necəsiz, yoldaş Qədirov? Yaxşıyıq. Siz yaxşı olun. Nə? Haçan? Bu gün çıxırsız Bakıdan? Xoş gəlirsiz, səfa gətirirsiz. Müseyib? Hə, burdadı, yəni demək istəyirəm ki, rayondadı. Hə, onun balığı həmişə var. Baş üstə. Mütləq. Zəng eləyib deyəcəyəm. Bəli, bəli… Sağ olun, sağ olun, Ələmdar müəllim.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
GetdiBilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır