Səhifə 3 / 3 · 67%

⎯ Bu bizi təhqir eləyir, Süleyman. ⎯ İcrakom səsini ucaltdı. ⎯ Səni təhqir eləyir. Belə olmaz.

Süleyman tutulmuşdu, əlindəki qələmi stolun üstə yavaşca vura-vura müəlliminə baxırdı: «Kişi başını itirib deyəsən… Məni də bunlara qatır».

Prokuror yerində qurcuxub:

⎯ Sən hələ saxtakarlıq da eləmisən. Atanın zəhmətkeşlərin qanını içən Canəli bəyə qoşulub xaricə qaçdığını tərcümeyi-halında, sənədlərində gizlətmisən, bununla da uzun illər partiyanı aldatmısan. Biz də gör nə qədər vaxt maymaqlıq göstərib balalarımızın, cavan nəslin tərbiyəsini sənin kimi siyasi cəhətdən ləkəli və şübhəli adama etibar eləmişik, ⎯ söylədi və Nəzərin bu gözlənilməz ittihamdan donub qaldığını görərək axırıncı zərbəsini vurdu: ⎯ Atan Kərim Türkiyədədi, İrandadı? Hə? Niyə cavab vermirsən? Heç əlaqə saxlayırsan?

⎯ …

⎯ Satqının oğlu bundan artıq olmaz.

Nəzər yazıqlaşdı, büzüşüb balacalaşdı. Öldüyü, qaldığı, qaçdığı bilinməyən, yeganə övladının üzünü belə görməyən Kərimin naməlum taleyinin zərbəsi, düz altmış iki ildən sonra, indi, burada heç gözlənilmədən, fırtınaya düşmüş Nəzərin başından elə dəydi ki, gözlərində od parladı, səmtini, müvazinətini itirdi. Anasının ⎯ Səlminaz alvadın o zaman, Kərim haqda ⎯ əri haqda dediyi sözlər qulaqlarında səsləndi: «Gözləmə onun yolunu, bala. O, yaxşı adam deyilmiş… Pis adam olmasaydı, məni, hələ dünyaya gəlməmiş səni ⎯ qız ya oğlan olduğunu bilmədən, üzünü görmədən… qoyub getməzdi, oğul…»

⎯ Mən… atamın heç üzünü də görməmişəm…

Prokuror rişxəndlə:

⎯ Bu, daha pis. ⎯ deyib güldü. ⎯ «Atasından xəbərsiz».

⎯ …

Süleyman Quliyevə baxıb narazılıqla başını yellədi.

Bu zaman Rahib yerindən qalxaraq:

⎯ Nəzər Nəzərli, ⎯ dedi, ⎯ partiya təşkilatının yekdil qərarına əsasən, sən keçmişini gizlədiyinə və kommunistə yaraşmayan nalayiq hərəkətlərinə görə partiya sıralarından çıxarılırsan!

⎯ Nə?

⎯ Bəli, çıxarılırsan partiya sıralarından. Xahiş edirəm, partbiletini stolun üstə qoyasan.

⎯ Yox, onu eləyə bilməyəcəyəm, Süleyman, ⎯ deyə o, Rahibə yox, katibə müraciət elədi, ⎯ mən o bileti sizə verə bilmərəm. Sizin əlləriniz təmiz deyil. Mənim biletim müqəddəsdi. Mən onu odun-alovun içində, səngərdə almışam, Süleyman. Onu sizə verə bilmərəm.

⎯ Sənin deməyinlə deyil ki? ⎯ Rahib söylədi. ⎯ Qərar var.

⎯ Sən nahaq artistlik eləyirsən, Nəzər. Bura sənin üçün teatr deyil. ⎯ İcrakom əsəbiləşdi. Və sonra üzünü Süleymana tutdu:

⎯ Səsə qoy.

Süleyman… İsrayılın gözlərində parlayan qəzəbi görərək çarəsiz-çarəsiz, yavaşcadan dilləndi:

⎯ Kim bu qərarla razıdısa, əlini qaldırsın. ⎯ Nəzər Süleymana nifrətlə baxdı və dönüb oturanlara ötəri nəzər saldı. Əllər qalxmışdı… Süleyman da əllərə baxıb öz əlini qaldırdı.

⎯ On nəfər… Kim əleyhinədi? Hə, sən, Baba?

⎯ Bəli, mən, yoldaş Həmidov. Mən qətiyyən bu qərarla razı deyiləm və onu yanlış, əsassız və ədalətsiz hesab eləyirəm. Nəzər müəllim kimi kommunisti… ⎯ Babanı qəhər boğdu və daha danışa bilmədi.

Araya sükut çökdü. Nəzərin gözləri alacalanıb doluxsundu. Bir addım irəli gəlib Süleymanın qənşərində dayandı və:

⎯ Heyif səndən, Süleyman, ⎯ dedi. ⎯ Bunlar səni də yedilər, səni də uddular. Heyif. Rəhmətlik İmran ⎯ sənin atan o vaxt deyirdi: «öz ata-anasının, doğma ocağının qədrini bilməyən el-obanın qədrini bilməz, Nəzər». Rəhmətlik deyirdi: «Bu boyda rayonun, bu qədər camaatın taleyini nahaq tapşırdılar Süleymana». Düz deyirmiş kişi. Mən inanmaq istəmirdim onda, amma… indi inandım…

Süleymanın rəngi ağardı və dodaqları titrədi. Daha dözməyib Quliyevə, Ağayevə müraciətlə:

⎯ Bu qocanın doğrudan da başı xarab olub!!.. ⎯ söylədi. ⎯ Nə danışdığını bilmir daha. Basın getsin. Eşidirsiz? Basın getsin. Orda ağlı gələr başına.

Dedi və ayağa qalxdı. Tələsik bir siqaret yandırdı.

Nəzər ona uzun sükut içində baxdı, baxdı, handan-hana:

⎯ Nə olar, eybi yoxdu, ⎯ dedi. ⎯ Onu bil ki, haqq incələr, amma üzülməz, Süleyman. Haqqın çırpınan qəlbini nahaq həmişə didib, parçalayıb, yemək istəyib, ancaq yeyə bilməyib, heç vaxt yeyə bilməyib. ⎯ Sonra çevrilib Babaya sarı addımladı. Hamının gözü ondaydı. Kabinetdə milçək uçsaydı səst eşidilərdi. Babanın qənşərində dayandı, tələsik bir hərəkətlə sağ əlini pencəyinin sol qoltuq cibinə salaraq partiya biletini çıxartdı, son dəfə vidalaşırmış kimi gözünün qabağına tutaraq baxdı, baxdı. Yerindən tərpənməyə taqəti olmayan Baba altdan-yuxarı sarsıntıdan, həyəcandan, on gün dörd divar arasında çəkdiyi əzablardan tamam qocalıb arıqlamış və əlləri tufan qabağında titrəyən kimi əsən qoca müəlliminə baxdıqda o:

⎯ Bu bileti sənə tapşırıram, oğul. Başqa heç kəsə verə bilmərəm ⎯ söylədi. ⎯ Onların ⎯ sol əlini oturanlara tərəf uzatdı, ⎯ natəmiz əli mənim bu təmiz, qan tökə-tökə, od-alov içində aldığım biletimə toxunsa, bağrım çatlar, inan, Baba, bağlım çatlayar. ⎯ Və partbileti həyəcanlanmış Babanın ovcuna qoydu. Baba heç özü də bilmədi ki, haçan ayağa qalxdı, bileti əlində tutduğu halda Nəzəri qucaqlayıb sinə-sinə çəkdi, sonra ondan azca aralanıb kövrək bir səslə:

⎯ Darıxma, Nəzər müəllim, darıxma, ⎯ dedi.

Nəzər Süleymana sarı döndü və onun ağarmış sifətinə ötəri baxıb:

⎯ Mən… indi öz dərdimi yox, bunun dərdini çəkirəm ki, mənim qəzavü-qədərimi eşidəndən sonra bu rayonda daha heç kəs darda qalan heç kəsə əl tutmayacaq, yaxşılıq eləməyəcək, Süleyman. Siz yaxşılığı, təmizliyi öldürdüz, Süleyman, yerində isə biganəlik toxumu əkdiz, ⎯ dedi və qonur gözlərindən axan, ağ saqqalını isladan göz yaşını əlinin arxasıyla silərək kəskin bir hərəkətlə geri döndü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on üçüncü fəsil

...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:

14 dəq
Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 dəq
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 dəq
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 dəq

Başqa şairlərin şeirləri