Səhifə 2 / 2 · 50%

– Eşitmirsən? Danış körüm?... — Dünyanın zabitəli səsi eşidiləndə Əbdül miskin bir görkəmlə başını qaldırdı:

– Nə danışım, xanım?

– Sən çayda niyə çimirsən, Əbdül?

– Bəs harda çimim, xanım?

– Evdə hamam yoxdur ki, sən çayda çimirsən? Əbdül köks ötürdü:

– O hamam mənim üçün deyil, xanım. Mənim o hamamda çimməyə ixtiyarım yoxdur, xanım.

– Necə yoxdur? Bunu sənə kim deyib? Ağa deyib? Zərrintac deyib?

– Yox, xanım, başına dönüm, — Bu sözü eşidəndə Dünyanın dodaqları qaçdı, — heç kəs deməyib. Özüm bilirəm ki, o hamamda çimə bilmərəm.

– Niyə axı? Səni yandırar?

– Yox. Yandırmaz. Ancaq o hamam ağa üçündür, xanımlar üçündür, xanım.

Dünya onu təpədən dırnağa süzdü. Enli çiyinləri, dolu sifəti, dərinliklərdə qorxudan öləzimiş gözləri Dünyaya cazibədar göründü. O, bir anlığa Əbdülü təzə paltarda təsəvvür etdi; gözləri qabağına ortayaşlı, sağlam, bir qədər də kobud bir adam gəldi.

– Demək, sən çayda çimirsən?

– Bəli, xanım çimirəm, paltarlarımı da yuyuram çayın suyunda, sərirəm günün altına. Quruyanacan özüm çayda yuyunuram — Bu sorğu-sualın evə gec gəldiyinə görə baş verdiyini kəsdirən Əbdül ondan - xanımdan üzr istəmək qərarına gələrək söylədi:

– Bağışlayın, xanım.. Bir də gec gəlmərəm evə. Gün az idi, paltarım gec qurudu, ona görə gecikdim, xanım. Bax, hələ də heç yaxşı qurumayıb.

Dünya baxdı. Həqiqətən tumanı ala-nəm idi, uzun köynəyinin ətəyindən su damcılayırdı. Dünyanın ona rəhmi gəldi.

– Bir də belə qələtlər eləmə.

– Baş üstə, xanım.

– Çimmək istəyəndə hamamı yandır, çim. Mən icazə verirəm. Eşitdin?

– Bəli, xanım, eşitdim.

Əbdül minnətdarlıq hissilə Dünya xanıma nəzər salıb getmək istəyəndə Dünya xanımın ürəyində yenə o sehrli işıq yandı və o işıqdan qamaşan, qaynayan gözlərini Əbdülə dikib aramla, amiranə bir səslə dedi:

– İndi get, hamamı yandır!

– Baş üstə, xanım.

Əbdül uzaqlaşdı. Dünya elə pilləkənin başında, oturduğu yerdəcə qaldı. Göyərçinlər qurultu ilə gəzinirdilər, öpüşürdülər; qızılpipikli xoruz bu dəfə sarı fərəni yanlamışdı, böyür-başına keçirdi. Bu gün xoruz Dünyanı lap əsəbiləşdirmişdi. Elə bil, qəsdə durmuşdu, Dünyanın ürəyində gizli surətdə alovlanan atəşin üstünə yağ çiləyir, şölələndirirdi. Əlacı olsaydı, əlindən gəlsəydi, bu dəqiqə onu tutub başını üzərdi.

Əbdül hamamı yandırmışdı. Buxarıya daş kömür doldurub od vurmuşdu. Kömür qızıl külçəsi kimi közərirdi. O, buxarının dəmir qapısını açıq qoyub üst-başını istiyə verir, paltarlarını qurudurdu. Soyuqdan uyuşmuş bədəninin qırışığı açılır, canı qızırdı.

«Zabitəli arvaddı ha. Adamnan elə danışır ki, bir sözünə etiraz eləmək olmur. Bax, indi deyən gərəkdi ki, ay xanım, dünən çimibsən, indi neynirsən hamamı? Adam da gündə-gündə çimər? Lap su quşudu elə bil! Yox, bəlkə mənə yazığı gəldi, elə paltarlarımı qurutmaq üçün, canımı qızdırmaq üçün yandırtdırdı bu hamamı?» Yerinə kaşı düzülmüş aynalı hamam otağı artıq qızmışdı; vannanı təmiz yudu, suyu yoxladı, sonra üst-başı qurumuş halda çölə çıxıb eyvana sarı gəldi. Xanımı elə pilləkənin başında oturmuş görüb:

– Hamam hazırdı, xanım! — dedi,

– Hazırdı?

– Bəli, xanım.

Dünya əvvəlcə Əbdülün ayaqlarına, sonra dizlərinə baxdı, daha sonra onun sifətinə nəzər salıb xeyli susdu:

– Hə, indi get təzədən çim, bədəninin çirkini pasını tök! — dedi.

– Mən?

– Bəli, sən!

– Yox, xanım, mən indicə çimmişəm, xanım. Siz çimin!.. Dünya tam ciddiyyətlə:

– Mənim bir sözümü iki eləməyə sənin ixtiyarın yoxdu, bildin? — dedi.

– Baş üstə, xanım...

– Hə, indi get çim!.. Yaxşı-yaxşı çim. Heç indiyəcən hamamda çimibsən?

– Yox, xanım!

– Hə, get çim. Sonra mənim ömrümə dua eləyərsən.

– Allah sənin ürəyinin bütün mətləblərini versin, xanım, xoşbəxtlik quşu sənin başının üstündən heç yana uçub getməsin, xanım.

– Get! Get!!!

Əbdül hamama girib qapını bağladı, Dünya sinədolusu ah çəkib pilləkənləri yuxarı qalxmağa başladı, axırıncı pilləkənin üstündə ayaqları getmədi. Elə bil, onu yerə mıxladılar. Dayanıb həyətə boylandı, hamama sarı baxdı, baxdı. Beləcə on dəqiqədən çox durdu. Sonra sanki gözəgörünməz bir əl onun qolundan yapışıb, ehmal-ehmal pillələri endirdi, heç yana yox, düz birbaşa barmaqları ucunda hamamın qapısına gətirdi. Orda o gözəgörünməz əl onu tək qoyub harasa getdi. O, çırpınan ürəyi ilə kaşı döşəmənin üstündə tək qaldı. İçəridən su şırıltısı gəlirdi. O gözəgörünməz əl yenə onun qolundan tutdu, qaldırdı, dəstəyin üstünə qoydu, təzədən qeyb oldu. Dünyanın əli soyuq dəstəyin üzərində neçə saniyə qaldı. Qulaqları guruldadı. İçəridən qəti bir səs eşitdi:

– Yox! Dünya, yox!».., — Əli dəstəkdən sürüşüb yanına düşdü. Və o geri çəkildi, uzaqlaşdıqca su şırıltısının səsi azaldı, həyətin ortasına çıxanda lənətə kəlmiş o xoruz yenə qabağına çıxdı və o geri qayıtdı. Bu dəfə qapı ağzına gəlmədi, daş divarın dibinə keçib pərdə salınmış tək pəncərəyə boylandı. Boyu çatmırdı, pərdə də kip örtülmüşdü. Barmaqları ucunda qalxdı. Yox. Çatmadı boyu. Hasarın dibindəki yeşik gözünə sataşdı, qaça-qaça gedib onu gətirdi, ayağının altına qoydu. Və... sol gözünü yumub içəri baxdı. Əbdül vannanın içində ayaq üstə dayanmışdı. Başını sabunlayırdı. Duşdan su şırıltı ilə axıb tökülürdü. Bədəni tüklü idi. Arxası pəncərəyə tərəf durmuşdu, şəkli tutqun halda qarşı divardakı güzgüyə düşmüşdü. İçəri buğla dolu idi deyə güzgü tərləmişdi. Əbdül birdən çevrildi, yanakı durdu. Dünyanın cəmi bir neçə an davam edən bu tamaşası onun bütün həyatını, indiyə qədər bildiklərini və eşitdiklərini alt-üst elədi və o, daha orda dayana bilməyib yerə hoppanaraq birbaşa evə qaçdı, qapını təpiklə açıb özünü çarpayının üstünə saldı və hönkürtü vuraraq: — Aman allah, dünyada necə kişilər varmış! — deyə hıçqırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, altıncı fəsil

Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

9 dəq
İkinci hissə, yeddinci fəsil

Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:

9 dəq
İkinci hissə, səkkizinci fəsil

Neçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.

8 dəq
İkinci hissə, doqquzuncu fəsil

Möhsün düz deyirmiş; onun-evini tapmaq çətin oldu. Şəhərin ucqarlarının cikini-bikini əlinin içi kimi tanıyan Ziyaülhəqq Möhsünün ailəsinin yaşadığı yeri iki gün axtarandan sonra güc-bəla ilə tapdı.Gün günortadan əyilmişdi. Payızın boz-buludlu səmasında qızaran günəş qərbdəki dağların zirvəsinə tərəf meyllənmişdi. Soyuq külək əsirdi. Maşını aşağıda qoyan, plaşının yaxalığını qaldırmış Ziyaülhəqq ətəyi şəhərə toxunan dağın döşündə salınmış, yastı-yapalaq , alçaqlı-ucalı evciklərin arasından düşmüş dar, dolanbac çığırla üzüyuxarı qalxırdı. Əlləri plaşının cibində idi. Sol cibində pul bağlısı, var idi. Elə bil od aparırdı cibində. Hərdən barmaqları pula toxunanda kişinin əli yanırdı elə bil...

6 dəq

Başqa şairlərin şeirləri