Səhifə 2 / 4 · 25%

Mən bu kitabı ayaq üstə, elə buradaca ötəri oxuyub qurtarmaq istəmirdim. Mən onu evdə, arxayın, əlimi çənəmə söykəyərək oxumaq, dinləmək istəyirdim. Odur ki, bütün ehtiyatı, çəkinməyi bir kənara qoyaraq ona dedim:

– Gedək bizə! Oturaq, söhbət edək.

– İndi yox – dedi. –Axşam gələrəm.

– Bizim evi tanımırsan ki.

– Tanıyıram – dedi.

Mən təəccüblə:

– Hardan? – deyə xəbər aldım.

– Mən sizi ilk dəfə görən gündən o saat ürəyimə damdı ki, siz azərbaycanlısız. O idi ki, sizə elə diqqətlə baxırdım. Sizi izləyirdim, nə isə həsrətmi, ya bilmirəm qanmı məni sizə sarı çəkirdi. Çox olub ki, hiss eləmişəm siz bundan təəccüblənibsiz. Demişəm daha izləməyəcəyəm, sizi görməyə getməyəcəyəm. Amma ürəyimlə bacara bilməmişəm. Bir də görmüşəm ki, Dadaşzadə dükanının yanındayam. Nə isə. O gün siz məndən farsca soruşanda ki, nə istəyirsiz? Elə bil üstümə dağlar uçdu, altında qaldım. Elə bildim, yanılmışam. Üç gün görünmədim, ancaq buna görə… İndi bildim ki, ürəyim məni aldatmayıb.

– Bəs nə bildin ki, mən harda yaşayıram?

– Bir dəfə dalınca gəldim. Evinizəcən…

– Sən çoxdan burdasan?

Özümü saxlaya bilməyib xəbər aldım.

– Eh, soruşma, qardaş, iyirmi beş ildi.

– Oho… - deyə bildim. Mən iki ildi vətəndən ayrılmışam, darıxıram. Amma bu iyirmi beş ildir ki, burdadır. Yenə təkrar elədim – Oho…

– Bəli… Bir igidin ömrüdü.

Gördüm əsir. Dedim:

– Yaxşı, sənə soyuqdur, get, axşam bizə gəl. Hökmən gəl, gözləyəcəyəm.

– Gələrəm – dedi. –Ancaq adını bilmədim, eloğlu.

– Əlidir adım.

– Mənimki də Xəlildi, bala.

Ayrılanda mən ona əl verdim. O, əfqanlar sayağı:

– Be amane xoda! – dedi. – Be omide didar. Sonra bu sözləri farsca dediyindən utandı deyəsən. Əlavə elədi

– Dilim öyrəşib, bala.

Ayrıldıq.

Axşama az qalırdı. Dağların şaxtası qarı dondura-dondura şəhərə sarı gəlirdi. Mənim otağım isə isti idi. Kömür peçini qalamışdım. Parça bozbaşın xoş iyi otağımı doldurmuşdu. Çay dəmləmişdim. Xəlil kişini yaxşı qarşılamaq istəyirdim. Qərib adamdır – deyirdim. Peçə bir az da daş kömür atdım ki, otaq qoy lap isti olsun. Bəlkə onun canı qıza. Saat yeddiyə az qalmış qapı astaca döyüldü…

– Gəl, - dedim. Gələn Xəlil kişi idi. Xoşgəldin elədim. O, qapının ağzında dayandı. Mən stulu ona yaxın çəkmək üçün geri dönəndə o, dizlərini yerə qoyub qapının ağzında oturdu.

– Xəlil kişi, neyləyirsən, orda niyə oturursan? – dedim.

– Elə bura yaxşıdı.

– Yox, yox, qoymaram. Bu stul sənindi. Otur burda…

– Stulda oturmağı yaddan çıxarmışam, bala. Neçə illərdi nökərçilik elədiyim evlərdə mənim yerim bax elə bu qapı ağzı olub…

– Burda olmaz, Xəlil kişi, qoymaram. Qolundan tutub qaldırdım. Stolun yanına çəkdim, peçə yaxın oturdu. Əllərini bir-birinə sürtdü.

– Evin istidi, maşallah.

– Hə.

Kişi otağıma – səliqəli otağıma baxırdı. Divarın dibində bir çarpayı qoyulmuşdu. Stolun bir küncündə qalın lüğətlər dururdu. «Kəhrəba» markalı qara rəngli saat aramla çıqqıldayırdı. Tranzistr susurdu. Arvadımın və oğlumun şəklini kitabın qırağına söykəmişdim. Gözümdən uzaq olmasın. Onlarsız yaman darıxıram. Xəlil kişinin baxışları şəklə zillənmişdi?

– Arvadındı?

– Bəli.

– Bu da oğlundu?

– Hə.

– Allah saxlasın. Xoşbəxt olsun.

– Sağ ol – dedim.

Armudu stəkanda çay töküb gətirdim.

– Nə zəhmət çəkirsən, bala.

– Heç bir zəhməti yoxdur. Burda heç sıxılıb eləmə. Elə bil öz evindir, Xəlil əmi.

– Ömrün uzun olsun, bala.

Çay içdik, ayağa durdum xörək çəkim.

– Neyniyirsən, a bala, orda? – dedi.

– Bir çörək yeyək, sonra…

– Yox oğul. Gəl otur, gəl bir danış görək o tərəflərdə nə var, nə yox. Mənim üçün fərqi yoxdur sən Azərbaycanın harasındansan. Ancaq danış, Azərbaycandan danış…

– Deyəsən, çox darıxmısan.

– Darıxmısan? Bu nə sözdü, bala? Darıxmısan? Yanmışam mən, kül olmuşam mən. Mənim çəkdiklərimin yanında darıxmaq nəmənədi ki? Otaq isti olduğuna görə kişinin rəngi açılmışdı, durulmuşdu. Ancaq dərinlikdə dəbərişən gözlərinin bəbəyindən həsrət oxunurdu. Nədənsə düşünürdüm ki, mənim hər sözümü eşitdikcə onun iyirmi beş ildən çox müddətdə alışıb-yanan həsrətinin üstünə su çilənir, ruhu toxtayıb dincəlir, qürbətin ağrısı-acısı yüngülləşib azalırdı.

-Darıxmaq nəmənədi ki, bala – deyə o, artıq söz tapmağa çətinlik çəkirmiş kimi təkrar eləyirdi. Yanmışam mən, kül olmuşam mən. – Sonra ah çəkib başını buladı.

– Siqaretindən birini çəkməyə icazə verərsənmi, bala?

– Buyur, buyur.

Götürüb yandırdı. Tüstünü ciyərlərinə çəkdi.

– Danış bala, danışan dilinə qurban olum. İyirmi beş ildə gördüyüm birinci azərbaycanlısan.

– Dili yadından çıxartmamısan?

– Yox, oğul, yox. Südnən gələn sümükdən çıxmaz. Mən bu illər ərzində özümdən başqa azərbaycanlı görməmişəm. Durmuşam özümü görmüşəm, oturmuşam dizimi. Əfqanca öyrənmişəm, dilim əfqanca danışıb, ürəyim azərbaycanca. Özümlə, ürəyimlə həmişə ana dilimdə danışmışam. Xəlvətə çəkilib gözlərimin qorasını sıxıb ağlayanda ana dilimdə ağlamışam, özümü tutduğum axmaq işə görə söyəndə ana dilimdə söymüşəm. Arvadım, balalarım gözümün qabağına gələndə, yuxuma girəndə onlarla ana dilimdə danışmışam.

O danışdıqca başına gələn qəzavü-qədəri öyrənmək həvəsim getdikcə çoxalırdı. Həyat tarixçəsini dinləmək mənim üçün dünyanın ən kədərli və ən şirin bir dastanını oxumağa bərabər idi. Odur ki, mən həvəsimə zor gələ bilməyib ona dedim.

– Xəlil əmi, əvvəlcə sən danış. Görək necə olub ki, bu yerlərə gəlib çıxmısan? Nə vadar eləyib səni?

– Yox bala, əvvəlcə sən danışacaqsan. Danışmasan aram ola bilmərəm.

Mən də bir papiros yandırdım.

– Mən müxbirəm, Xəlil əmi. Üç-dörd il qəzetdə, radioda müxbir işləmişəm: Azərbaycanın mərkəzindən tutmuş ən uca dağ kəndlərinə qədər, demək olar ki, qarış-qarış gəzmişəm. Sən denən haralısan, mən ordan danışım sənin üçün.

– Mən bakılıyam, bala.

Bakı sözünü dilinə gətirəndə kişinin gözlərində qığılcım yanıb söndü.

– Harasındansan Bakının?

– Lap mərkəzindənəm, bala. Onda Kommunist küçəsi adlanırdı. İndi bilmirəm nə adlanır…

– İndi də elə adlanır – dedim. – Bu sözlərdən sonra mən Bakıdan danışmağa başladım. Soyuqqanlı danışmırdım; çünki özümün də qəlbimdə həsrət yuva salmışdı. Düz bir il idi ki, ayrılmışdım. Onun geniş, yaraşıqlı küçələrini, artan, böyüyən üfüqlərini, yaşıl bağbağatlarını gözümün qabağına gətirib şirin-şirin danışırdım. Kişi elə bil nağıla qulaq asırdı. Xəlil əmi hərdən gözlərini yumub fikrə dalırdı.

Bilirdim ki, xəyalən küçələrdən keçir, kim bilir, bəlkə də evlərinin qapısını açıb içəri girirdi.

– Sən haralısan, bala? – deyə birdən söhbətimi kəsib soruşdu.

– Rayondanam, ancaq on beş ilə yaxındı ki, Bakıda yaşayıram… Kişi duruxdu, sonra asta səslə:

– Mənim orda arvadım və bir oğlum, bir qızım qalmışdı. Bir Allah bilir ki, onların başına nə gətirdilər – dedi.

– Kim, əmi?

– Kim olacaq, hökumət.

– Niyə ki?

– Mənə görə, bala.

– Sənə görə? Sən neyləmişdin ki?!

Xəlil əmi papirosunu axıracan sümürdü, ani sükutdan sonra dedi:

– Mən indi dəvəsi ölmüş ərəbəm. İndi, bu qədər əzab-əziyyət çəkəndən, ölüb-diriləndən sonra heç kəsdən qorxmuram. Səndən də, sənin hökumətindən də. Mən səninlə açıq danışacağam, oğul. Nə olacaq, qoy olsun.

-Danış, əmi – deyə sakit səslə dilləndim. Heç nədən qorxma. – Çünki onun axırıncı sözləri əsəbiliklə dediyini hiss elədim. Bu sözləri ancan cana doymuş, yaşamaqla ölüm arasında heç bir fərq bilməyən adam deyə bilərdi.

– Hamısını müharibə elədi, bala. Yoxsa oturmuşdum evimdəeşiyimdə… Camaat kimi gedib vuruşmuşdum, ölmüşdüm. Ölmüşdüm, qalmışdım, ya ki, qayıdıb gəlmişdim. Alnı açıq, üzü ağ… Calayi-vətən olmazdım.

Kişi bunları elə bil mənə yox, öz-özünə danışırdı.

– Axı necə oldu ki…

Sözümü kəsdi:

– Hə, bala, mən bir az nizamsız danışıram… - dedi.

– Yox, yox, lap yaxşı danışırsan.

O, bir papiros da yandırdı. Dərdinin ağrısını azaltmaq, ürəyinin yanğısını sındırmaq istəyirmiş kimi, acı tüstünü acgözlüklə sümürürdü. Gözlərini yumub ani sükut elədi, sonra asta-asta dilləndi:

– Sən belə başa düşürəm ki, qələm sahibisən, bala. Mənim sözümü-söhbətimi dürüst başa düşərsən.

– Dərdli adamı hamı başa düşər, əmi.

– Yox oğul, sən hələ cavansan. Sənin hələ dünyada gördüklərin çox azdır. Özü də sən həmişə yaxşı şeylər görmüsən dünyada. Amma mən… Qoy elə əvvəldən başlayım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, iyirminci fəsil

Rəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.

8 dəq
Üçüncü hissə, iyirmi birinci fəsil

Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:

4 dəq
Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 dəq
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 dəq

Başqa şairlərin şeirləri