Səhifə 4 / 4 · 75%

Mən durub beş gün bundan qabaq Sultandan aldığım məktubu gətirdim.

– Budur, bax, inanmırsansa bu da onun məktubudur. Bax, oxu, Sultan Salmanzadə…

O, məktubu əlimdən qapıb gözlərinin qabağına gətirdi. Baxdı, baxdı, ürəyinin üstünə qoyub uşaq kimi ağladı… Sonra məktubu öpüb gözlərinin üstünə qoydu.

– Xəttinə qurban olum ay bala. Xəttinə qurban olum ay bala. Bir bunu oxu görüm ay bala, ciyərparam nə yazır.

Mən məktubu alıb Sultanın ailəsi, güzəranı ilə bağlı olan yerləri oxumağa başladım.

– «Əziz qardaşım Əli. Biz lap yaxşıyıq. Kefimiz kök, damağımız çağ. Sənə şad xəbər verirəm: təzə ev aldıq, Nərimanov prospektində. Səmirə yavaş-yavaş danışır. Həlimə xalan deyir ki, lap o biri rəhmətlik Səmirəyə oxşayır. Anam elə hey səni soruşur. Deyir görəsən uşaq qürbətdə neyləyir?! Bu günlərdə xəstələnmişdim. Boğazıma soyuq dəymişdi. İşə çıxa bilmədim...»

Birdən məktubu bir kənara atdım. Saata baxıb radioya sarı cumdum. Hələ vaxta iyirmi dəqiqə vardı.

– Radiodur? – dedi.

– Hə.

– İyirmi ildi arzusundayam ki, bir dənə radio alım. Ala bilmirəm. Bakıya qulaq asmaq üçün. Mənim çəkməçi dükanımda bir dənə çətirə oxşarı vardı. Səhərdən axşamacan qulaq asırdım. Bir dəfə burda

– sahibin evində radionu qurub Bakının səsini eşitmək istəyirdim. Ağa girdi içəri, məni qovladı. – Əlini vurma – dedi. Sən nə bilirsən radio nədir. Neçə illərdi bu həsrətlə yaşayıram. Amma…

O danışanda sözünü kəsmirdim. İndi «amma…» deyəndən sonra sözünün dalını demədi. Üzümə baxdı, görünür mənim məktubu yerə atıb radionun üstünə cummağım kişinin diqqətindən qaçmamışdı.

– Bakıya qulaq asmaq istəyirsən?

– İstəyirəm bala, çox istəyirəm. Bu arzum ailəmi görmək kimi qüvvətli olub həmişə.

– Oğlunun necə, səsini eşitmək istəyirsənmi?

– Oğlumun?

– Hə, Sultanın.

O, təəccüblə üzümə baxdı.

– Sən lap sehrkar adamlara oxşayırsan, bala. Allah səni hardan göndərdi mənim üçün?

Düyməni burub Bakını tutdum. Konsert idi. Zeynəb oxuyurdu. Onun səsindəki məlahət adamın ürəyini riqqətə gətirirdi. Zeynəbin səsini vətəndə dinləmək bir ayrı şeydi, qürbətdə dinləmək bir ayrı şey. Vətəndə o səs səni düşündürürsə, ləzzət verirsə, qürbətdə o səs səni ağladır. Zeynəb oxuduqca kişinin gözlərindən yaş axırdı. O, dərdlərinəmi ağlayırdı, ayrılıqmı ağladırdı onu, ya da musiqi ağladırdı? Billə bilmədim.

– Sənin oğlun, mənim dostum Azərbaycan radiosunda diktor işləyir. Yaxşı diktordur.

Kişi möcüzə qarşısında dayanmış kimi idi. Möcüzə baş verəcəkdi.

Konsert qurtardı. Efirdə zərif bir xışıltı eşidildi. Sonra aydın, səlis, qəvi bir səs:

«Danışır Bakı!» - dedi. Bu səsi eşidən kimi dedim:

– Bax, Sultandır əmi, danışan.

Kişi vəhşi bir hərəkətlə üstümə cumub radionu əlimdən qapdı, bağrına basdı.

– Oğul, deyə var səsi ilə qışqırdı. – Oğul, səsinə qurban olum, oğul!

– Son xəbərlərin verilişinə başlayırıq!

– Oğul, məni eşidirsən? Mən atanam, mən atanam. İtkin düşmüş atan.

Oğul səsini alçaldıb eləmədən sözünə davam edirdi.

– Biləsuvar rayonunun zəhmətkeşləri…

– Sultan, bala, mənəm, mən, mənə cavab ver.

Ata qışqırırdı, oğul eşitmirdi. Ata ağlayırdı, oğul danışırdı. Ata oğulu eşidirdi, oğul atanı yox. Bu qəribə səhnə ömrüm boyu yadımdan çıxmaz. Çünki bu səhnə məni ağlatdı… Ağlamaq isə yaddan çıxmır. Göz yaşında nə hikmət varsa unudulmur, bir damcısı da unudulmur.


Biz ayrılanda mən radiomu ona bağışladım. Gecə yarıdan keçmişdi. Mənə necə təşəkkür edəcəyini bilmirdi:

– Məni vətənə getməyimdən keçmiş ola, bala. Çox sağ ol ki, məni nigarançılıqdan qurtardın. Mənim ölümümə az qalıb. Məni ailəmlə elə bil təzədən görüşdürdün. Çox sağ ol. Bu həddiyən isə əvəzsizdir mənim üçün.

– Mən sənin vətənə qayıtmağına kömək eləyərəm. İndi zəmanə sən görən zəmanə deyil. Özü də…

– Axı günah məndə olmadı, bala. Məcbur elədilər məni.

… Bizim evimiz – mənim hücrəm Şahzadə xiyabanının yanındadır. Birinci daxma mənimdir. Elə ətraflı dedi ki…

Mən sabah imkan tapıb ona dəymək fikrində idim. Gedə bilmədim, o biri gün getdim. Soruşdum, bir uşaq qapısını nişan verdi. Qapını döydüm, səs gəlmədi, itələdim açıldı. Bura alçaq, yarıqaranlıq bir daxma idi. Səs-səmir yox idi. Radio balaca taxta çarpayının yanında xırıldayırdı. İrəli yeridim. Xəlil əmi taxtın üstündə uzanmışdı. «Yazıq, radioya qulaq asır!»

– Xəlil əmi.

– …

– Xəlil əmi…

– …

Elə bu zaman radio səsləndi. Sultanın aydın səsi eşidildi.

– Danışır Bakı. Ədəbi verilişimizə başlayırıq.

– Xəlil əmi, dur ayağa, Sultan danışır.

Xəlil əmi tərpənməyəndə canımdan bir gizilti keçdi.

– Xəlil əmi – deyə onu silkələdim – Sultan danışır.

Xəlil əminin əlinə əlim toxunanda hər şey aydın oldu. Kişi keçinmişdi. Sultan isə hansısa şairin bu beytlərini oxuyurdu:

Ömrümün gülləri bükdü boynunu,

Əsdi, yaman əsdi yeli qürbətin.

Başıma dağlartək qar ələndi, qar,

Gəzdi saçlarımda əli qürbətin.

Həsrətdən quzutək mələyir ürək,

Çarə yox, hər dərdə dözəsən gərək.

Yağ-bal yedirsə də, ögey anatək,

Zəhər tuluğudur dili qürbətin.

Radionu söndürdüm.

– Danışma, bəsdi, dostum. İntizarla, ümidlə gözlədiyin, bəzən də nifrətlə yad elədiyin atanı burda tapdım, burda da itirdim – dedim ürəyimdə. Və Xəlil əminin solğun, meyid üzünə baxıb ağladım.

… Onu şəhərdən azca aralı, «Qəriblər» qəbristanlığında dəfn elədim…

25.11.1966 – 12.01.1967, Kabil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, iyirminci fəsil

Rəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.

8 dəq
Üçüncü hissə, iyirmi birinci fəsil

Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:

4 dəq
Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 dəq
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 dəq

Başqa şairlərin şeirləri