Birinci hissə, dördüncü fəsil
Səhifə 8 / 8 · 88%
⎯ Hm. Gedərsən, başa salarsan ki, şəhər örtülü qazan kimi qaynayır, oğru-əyri çoxalıb. Kimin harda əlinə girəvə keçir, ağına-bozuna baxmadan çalıb-çapıb aparır. De ki, hamısını yığışdır, ver mənə. Aparıb bağda gizlədəcəyəm.
Aslanın hövsələsi lap daraldı:
⎯ Əşi, cəhənnəm olsun qızıl-mızıl. Mən nə haydayam, sən… Onun özüylə neyləyim ⎯ soruşuram!
Leyla qaşlarını çatıb fikrə getdi, bir anlığa gözlərini yumdu. Aslan o, gözlərini hər dəfə yumanda qorxurdu ⎯ ona elə gəlirdi ki, o qəşəng, o kədərli gözlər yumulanda daha çox və daha uzağı-keçmişi də, sabahı da ⎯ yaxşı görür və hər dəfə də ondan yeni bir şey eşidəndə təəccübü qat-qat çoxalırdı. İndi, o bir anlıq sükutdan sonra Leyla gözünü açanda nədənsə qımışaraq: ⎯ Özüylə heç nə, Aslan. Axı neyləmək istəyirsən? ⎯ soruşdu.
⎯ Nə bilim, başımı itirmişəm. Heç özüm də bilmirəm neyləyim.
⎯ Sən heç nə, Aslan. Onsuz da onun ömrünə az qalıb. ⎯ Necə? Az qalıb? ⎯ Aslanın öləzimiş gözləri parıldadı: ⎯ Yoxsa demək istəyirsən ki, o da Mehmanın qaynanası kimi qolunu-qıçını uzadıb birdən öləcək? Kəl kimi sağlamdı itin qızı. ⎯ Yox, özü ölməyəcək, Aslan, onu öldürəcəklər!
⎯ Öldürəcəklər! ⎯ Bu xəbər özlüyündə dəhşətli xəbər idi və onu eşidən adam mütləq sarsılmalı və qorxmalı idi. Ancaq ⎯ Leyla fikir verdi ⎯ Aslanın gözlərində qəribə bir nur parladı və sevinclə: «Nə yaxşı oldu, mənim əlim o murdarın murdar qanına batmaz!» ⎯ mənası vermək olardı və yəqin ki, bu, belə də idi. Lakin sevinc tez sovuşub yox oldu və Aslan bərəlmiş gözlərini lap-lap döyərək: ⎯ Öldürəcəklər? ⎯ deyə bir də soruşdu və tələsik sual da verdi: ⎯ Kim öldürəcək onu?
⎯ …
⎯ Mehman?
⎯ Yox.
⎯ Bəs kim?
Leyla susdu. Hiss olunurdu ki, tərəddüd içindədi.
⎯ Kim öldürəcək axı?.. Mehmandan başqa…
⎯ Yox, Mehmanı fikrindən çıxart, Mehmanın onu öldürməyə əli gəlməz ⎯ qıymaz. Çünki ona çox bağlanıb Mehman. ⎯ Bəs onda kim?
Leyla gözünün qabağında haldan-hala düşən Aslanı təpədən dırnağa süzüb:
⎯ Ağciyərlik eləməzsən ki? ⎯ dedi. ⎯ Gedib arvadını xəbərdar eləməzsən ki… Birdən rəhmin gələr, deyərsən.
⎯ Mənim ona rəhmim gələr? Ona ha? Mənim heysiyyətimi, namusumu hərraca qoyan adama rəhmim gələr deyirsən? Sən onda hələ məni yaxşı tanımırsan, Leyla. Mən…
Leyla gülümsündü:
⎯ Mən səni sənin özündən yaxşı tanıyıram, Aslan. Nə isə, indi sənin şəxsi ⎯ mənəvi keyfiyyətlərini, xasiyyətini müzakirə eləmək vaxtı deyil. Mən sadəcə ehtiyat edirəm ki, sən ya onun özünə, ya orqanlara ⎯ filana xəbər verərsən, sənin Siranuşun aradan çıxar…
⎯ Yox, yox, heç kəsə, heç kəsə bir kəlmə də olsa…
⎯ And içirsən?
⎯ And içirəm. Nəyə desən and içərəm.
Leyla güldü.
⎯ Niyə gülürsən?
⎯ Sən ömrün boyu o qədər yalandan and içmisən ki, sənin andlarının bir zərrə qədər olsa kəsəri-təsiri qalmayıb.
Aslan əsəbi-əsəbi gəzindi. Sanki yeni and yeri tapmış kimi sevindi:
⎯ Sənin əziz canına and içirəm, Leyla.
Bu, Leylanın xoşuna gəldi və üzü təbəssümdən işıqlandı. ⎯ Hə, bu təzə andındı. Birinci dəfədir ki, belə and içirsən. Ancaq mən bu dəqiqə ayrı şey fikirləşirəm.
⎯ Nə?
⎯ Onu fikirləşirəm ki, sən həm də necə də qəddar adamsan, Aslan, hər necə olsa, o, Siranuş sənin arvadındı, uzun illər yaşamısız bir damın altında. Can bir qəlbdə olmusunuz. İndi isə… Onun ölüm məsələsi gələndə…
⎯ Mən ona nifrət eləyirəm, Leyla. Bu, sənə aydın olmalıdır. Ancaq de görüm ⎯ bəsdir ürəyimi çəkdin ⎯ onu kim, niyə və necə öldürəcək?
Leyla Aslanın çox aydın verdiyi bu suala birdən birə cavab vermədi, susdu, nəyisə götür-qoy elədi və nəhayət, dilləndi:
⎯ Onu bir nəfər öldürməyəcək ki, adını sənə deyim. Niyə öldürəcəklərinin səbəbi aydındır. Necə öldürüləcəyinin də məncə, elə bir əhəmiyyəti yoxdur.
⎯ Axı kimdi bunlar?
⎯ Bunlar Azərbaycanın bir dəstə qeyrətli oğlanlarıdır, Aslan. Çox gözlədilər, gördülər bu işə siz ⎯ dövlət səviyyəsində bir əncam çəkmirsiz. Şəhərdə ermənilər hələ də yaşayır ⎯ xüsusilə qadınlar. Bir çox «qeyrətlilər»imiz də onlara havadar çıxır, adlarını, pasportlarını pul alıb dəyişir, dünənki Anuş beş dəqiqənin içində dönüb olur Anaxanım, nə bilim nə. Onlar da burda qalıb sabah nə pəstahlar çıxardacaqlar, bir allah bilir. Bax, həmin o dediyim qeyrətli oğlanlar «Qartal» adlı bir dəstə yaradıblar, küçəbəküçə, evbəev dolaşıb (əlbəttə, gizli surətdə) öyrənirlər, ermənilərin siyahısını tuturlar, sonra da bir-bir aradan götürürlər. Hərəsini bir yolla! Erməni…
Aslan tələsik onun sözünü kəsdi:
⎯ Axı mənim arvadımın erməni olduğunu heç kəs bilmir, Leyla.
⎯ Heç kəs bilməsə də, onlar bilir, Aslan. Onların siyahısında onun da adı var.
⎯ Paho!… Onda…
⎯ Onda sənin işin fırıxdı.
Aslanın elə bil təpəsinə ağır bir zərbə endirdilər. Gözləri qaraldı, qığılcımlar yanıb söndü, oturdu. Bir anda xəyalı min yerə uçdu.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?
İkinci hissə, on altıncı fəsilHavalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».
İkinci hissə, on yeddinci fəsilKitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:
İkinci hissə, on səkkizinci fəsilElə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.