Səhifə 7 / 8 · 75%

⎯ Düşdüm… Yəni deyirsən… indi də…

⎯ Hə, lap indi də, sənin Siranuşun əməlli-başlı öz milləti naminə çalışır. Və indi bu saat sənin bu gözəl Bakında iyirmi mindən çox erməni qadın və erməni döşündən süd əmənlər yaşayır ⎯ halbuki sən Ermənistanda nümunə üçün öldürüb muzeyə qoymağa bir nəfər də olsa azərbaycanlı tapa bilməzsən, Aslan, inan, tapa bilməzsən. Bax fərqə. Bu sən, o da erməni. Utanmalıdı, ağlamalıdı, vallah.

⎯ Mən onun ciyərini çıxardacağam.

⎯ Çıxarda bilməyəcəksən.

⎯ Yəni deyirsən buna da qeyrətim çatmayacaq?

⎯ Nə bilim, bəlkə də çatdı. Ancaq bu işi sən yox, başqaları edəcəklər, sən burda da gecikəcəksən.

⎯ Necə yəni?

⎯ Sadəcə, bu işi səndən qabaq görən oğullar tapılacaq…

⎯ Kim? Mehman?

⎯ Yox. Nə danışırsan? Mehman onu çox istəyir, Aslan. Sən heç təsəvvür eləməzsən ki, necə çox istəyir.

⎯ Axı… axı Mehman onun oğlu yerindədi?

⎯ Yenə başladın? Sən özün bilirsən ki…

⎯ Hə, hə. Başa düşdüm, Leyla… Yaxşı, bu küçük, bu mənim çörəyimi yeyən bu qoduq necə oldu ki, belə bir işə qol qoydu?

⎯ Onun, sənə deyim, heç bir günahı yoxdur, Aslan. Sənin arvadın, yəqin özün bilməmiş deyilsən ki, necə surətpərəst, şəhvətpərəst bir qadındı ⎯ Açığını deyim ki, o, sənin arvad variantındı. Yəni sən indi daha açıq danışdığıma görə məni qınama ⎯ necə arvadpərəstsən, bəlkə səndən on qat artıq o, kişipərəst qadındı.

⎯ İcazə ver, burada səninlə razılaşmayım, Leyla xanım. Mənim bildiyim, müşahidə elədiklərim, mənə deyir ki, o, çox soyuqqanlıdı ⎯ düzdü cavanlığında, biz təzə evlənəndə… çox şəhvətliydi, temperamentli idi, ancaq bir az sonra… soyumuşdu, yorğan-döşək əhvalatına biganələşmişdi.

Yaxın düşməsən, heç yadına da düşməzdi. Özü də insafən, neçə dəfə deyib ki, əh, bu nədir ey, bu olmasa olmaz? Balıq kimi soyuqqanlı…

⎯ Burada da səni aldadıb, Aslan!

⎯ Necə yəni?

⎯ Çox sadə. Bəs sən ağlına gətirməyibsən ki, təzə evlənən vaxtlarında elə həvəsli, şövqlü olan sənin arvadın niyə bir az sonra elə dəyişdi? Düşünməyibsən heç bu barədə?

⎯ Səbəbi aydın olan şey barədə nə düşünməliydim ki? İllər keçdikcə, yaşlaşdıqca… istər kişi olsun, istər qadın ⎯ ehtirası sönür, azalır, öləziyir…

⎯ Elə tez?

⎯ …

⎯ Yox, Aslan! O sadəcə ilk vaxtlar səndən başqa kişi görməmişdi, sonra ki, əldən ələ düşdü, gördüklərini gördü, onda onun bir qadın kimi, sənə olan marağı azaldı, sən adiləşdin… Və sən şübhələnməyəsən deyə o sözləri də sənə söylədi ki, arın-arxayın yaşayasan, ürəyinə heç nə gətirməyəsən…

⎯ O mənim «levi» işlərimi bilirdi?

⎯ Səncə bilmirdi?

⎯ Yox. Bilsəydi, bir dəfə də olsa üzümə vurardı, dava-dalaş salardı, qadınlar belə şeylərə dözmürlər…

⎯ Düzdü, dözmürlər, ancaq cavabsız da qoymurlar ⎯ bir eləyirsən, beş cavabını verirlər, Aslan. Sən qadınlarla çox oturub durubsan, onların psixologiyasını gərək yaxşı biləsən…

⎯ Bilirəm.

⎯ Məncə o qədər də yox. Nə isə, bu barədə səninlə mübahisə eləmək istəmirəm. Ancaq sənin Siranuşun sənin əməllərinin çoxunu bilirdi…

⎯ Bə niyə susurdu?

⎯ Ona görə ki, səni sevmirdi ⎯ Sən onun üçün bir ər kimi lazım idin, ər kimi də vardın. O, sənin ancaq özü üçün yaşayan bir adam olduğunu, öz qadın ağlı ilə çox tez başa düşdü, Aslan. O da başladı özü üçün yaşamağa…

⎯ Sənin dediyindən elə çıxır ki, onun Qasan Qasanıçın məşuqəsinə çevrilməsində mən günahkaram?

⎯ Yox, mən elə demirəm. Sən onda təmiz idin. Səni ilkin o aldatdı, o dəyişdi. Sonralar isə… biləndən sonra isə… Özünü çox rahat hiss elədi…

⎯ Hm… Çox adam olub həyatında?

⎯ Qanını daha da qaralda biləcək qədər çox. Ancaq… onlar keçici olublar. Qonaq kimi gəliblər, gediblər. Siranuş əsməyib onların üstündə… Ən çox istədiyi…

Leyla susdu, bir az fikirləşdi. Ancaq Aslan dözmədi.

⎯ Kim olub?

⎯ Ən çox istədiyi əvvəl Həsən olub, indi də…

⎯ Mehmandı, hə?

⎯ …

⎯ Mehmandı?

⎯ Hə, Mehmanı çox istəyir. «Sən mənim həyatımsan, ⎯ deyir ⎯ Sən mənim iki gözümsən!» ⎯ deyir ona. Qəribə bir istəklə bağlanıb bu uşağa. Gah «oğlumsan!» ⎯ deyir, gah «sevgilimsən!» ⎯ deyir.

Sənsiz mən necə yaşaya biləcəyimi heç cür təsəvvür eləyə bilmirəm, Mehman, əzizim.

Aslan duruxdu, gözləri ilə stolun üstə nə isə axtardı, heç nəzərdə tutmadığı halda, qeyri-iradi yenə konyak süzüb başına çəkdi, ağzına heç nə atmadı:

⎯ Qancıq!.. ⎯ söylədi ⎯ Vaxtilə o sözləri mənə deyirdi. İndi o küçüyə deyir. Acığına gəlməsin, görürsən qadınlar necə əclaf olur?

⎯ Elə kişilər də. Ancaq qadınların hamısı elə deyil, Aslan. Kişilərin də hamısı elə deyil. Qadınlar içində… Siranuş kimi alçaqlar olduğu kimi, kişilər içində də…

⎯ Mənim kimi alçaqları var, hə?..

⎯ Özün məndən yaxşı bilirsən, Aslan!

⎯ Dünya çirkab içindəymiş.

⎯ Elə demə. Dünya gözəl dünyadı ⎯ onu yaradan gözəl yaradıb ⎯ ancaq, onu əclaflar çirkaba batırıblar, Aslan.

⎯ Off… Düzdü. Yaxşı… bunlar… çoxdan…

⎯ Çoxdan başlayıblar demək istəyirsən?

⎯ Hə də.

⎯ İki ildi.

⎯ Ay Allah! Öl, yerə gir, Aslan. İki ildi… Sənin gözünün qabağında… Sənin arvadın…

⎯ Hə, demək olar ki, lap gözünün qabağında…

⎯ Axı… bu necə oldu başladı?

Leyla durub otaqda bir az gəzişdi, eyvana çıxıb dənizə tamaşa elədi, sonra qayıdıb içəri girəndə Aslanı necə qoyub getmişdisə, eləcə, yerində donub oturmuş gördü; başa düşdü ki, sualının cavabını gözləyir. Özünə də, ona da bir stəkan çay töküb əyləşdi və Aslanın qan çanağına dönmüş gözlərinə ani nəzər salıb sözünə başladı:

⎯ Bəli, iki il bundan qabaq… Mitinqlər başlanmışdı, yaman başlanmışdı. Camaat küçələrdəydi. Sən onda Mərkəzi Komitədəydin ⎯ səhər gedirdin, gecə yarı qayıdırdın. Bəzən orada yatıb qalmalı olurdun ⎯ çünki çıxmaq imkanınız olmurdu.

⎯ Hə, elədi…

⎯ Ancaq sən arvadının mitinqlərə getməsini qadağan eləmişdin. Niyə?

⎯ Yaxşı çıxmazdı axı… Qara camaata qoşulub… Həm də onlar bizim hakimiyyətdən getməyimizi tələb eləyirdi. Sən deyirsən mənim arvadım da onlara qoşulub qışqırmalıydı ki, rədd olun, satqınlar, xainlər? Səhər yedirib-içirib işə yola saldığı kişisinin, günortadan sonra getməsini tələb edəydi? Gülünc çıxmazdı? Tanışa-bilişə rast gəlsəydi, yaxşı düşməzdi axı…

⎯ Hə, orası elədi. Ancaq sənin arvadın çox istəyirdi getsin mitinqlərə, öz gözləri ilə görsün qışqıranları, çıxış edib imperiyanı, öz satqın rəhbərlərimizi necə söydüklərini öz qulaqları ilə eşitsin, ən mühümü isə Qarabağ haqda nə dediklərini öyrənsin, bilsin. Təşnə idi Siranuş ⎯ səndən xəlvət bir neçə dəfə də getmişdi. Lakin sonralar, ermənilər əleyhinə dalğalar güclənəndə, o, qorxdu və daha oraya getməkdən çəkindi. Bax, onda Mehman yadına düşdü. Mehman əvvəldən xoşuna gəlmişdi. Cavan oğlandı, boylu-buxunludu. Sənə və ailənə canı-dildən qulluq etməyi xoşlayır…

Mehman bir gün onu dəlləyə aparanda dedi:

⎯ Sən mitinqlərə gedirsən?

⎯ Yox, Leyla xanım. Mənim orda nə işim var? Başda kim oturur-otursun, bunun mənə bir dəxli yoxdu. Şofer babayam. Ölənəcən də maşın sürəcəyəm.

⎯ Bəs sən nə təhər azərbaycanlısan? Bütün millət ayağa qalxıb.

Və sonra Mehmana tapşırdı ki, getsin, nə olub, necə olub, gəlib ona danışsın. Danışırdı, amma Siranuşun ürəyi soyumurdu ⎯ diktafon verirdi; yaz, bittə-bittə yaz, gətir, qulaq asım ⎯ ürəyim soyusun. Belə şey olmaz, vətən əldən gedir. Mən Aslançikə demişəm, əgər Qarabağı ermənilər alsalar, elə mən özüm səni boğacağam. Və bu söhbətlər onunla nəticələnirdi ki, Siranuş Mehmana əvvəl yemək verirdi, sonra pul verirdi... sonra da...

⎯ Alçaq!.. Yaxşı, bunlar elə bizim evdə görüşürdülər?

⎯ Çox vaxt evdə. Sizdə. Sən Bakıda olmayanda bağa da gəlirdilər. Elə vaxt olurdu gecə də qalırdılar.

⎯ Yeyib içirdilər, hə?

⎯ Təbii ki, hə!

⎯ Yəqin axşamkı siqareti də Siranuş onunçün gizlədibmiş burda, hə? ⎯ deyə Aslan qabağındakı siqaret qutusuna işarə elədi.

⎯ Bəli. Onunçün. Yoxsa sən elə bilirsən sənin üçün?

⎯ Yox…

Aslan büzüşdü, balacalaşdı.

⎯ İndi mən neyləyim deyirsən?

⎯ Sən? Sən heç nə… Birisi gün… şəhərə gedəndə… Qızıllarını-zadı hara qoyur?

⎯ Qamota. Mücrinin içinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on beşinci fəsil

Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?

5 dəq
İkinci hissə, on altıncı fəsil

Havalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».

3 dəq
İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 dəq
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 dəq

Başqa şairlərin şeirləri