Birinci hissə, dördüncü fəsil
Səhifə 5 / 8 · 50%
Aslan gəzinirdi və ildırım sürətiylə beyninə, ürəyinə axıb dolan bu suallara cavab tapa bilmirdi, yenidən siqaret yandırırdı və yenidən konyak içirdi. Leyla lal-dinməz ona baxırdı, heç nə demirdi, od içinə düşmüş kimi qıvrılan Aslanın bu çırpıntılarından özünün də izah eləyə bilməyəcəyi qəribə, anlaşılmaz bir ləzzət alırdı… «Yan, yaxıl, yaramaz» ⎯ deyə səssiz-səmirsiz eşidib təmkinlə onun dillənəcəyi anı gözləyirdi. O isə lal olmuşdu elə bil.
Leyla gülümsünərək:
⎯ Axırıncı fikrin düzdü, bəy ⎯ dedi nəhayət ⎯ Sən onu sevmirdin. Ona elə belə, cavanlıq eşqi ağlını başından alanda, gözəlliyinə görə evlənmişdin ⎯ Sən gözəllik dəlisi idin (elə indi də eləsən) «O gözəl qız mənim olmalıdı» ⎯ fikriylə, nəticəsini, gələcəyini düşünmədən almışdın onu. Kim deyibsə düz deyib: ⎯ qısqanclıq o yerdə olur ki, orda məhəbbət var.
Tikan orda var ki, orda gül var, bəy. Sənin qəlbin boş olub Siranuşa qarşı, bir arvad kimi baxmırsan ona, vəssalam. O da sənə, insafən, yaxşı qulluq eləyib ⎯ o, sənə öz uşağı kimi baxıb və bütün bunları ona görə eləməyib ki, səni çox istəyir, ona görə eləyib ki, bütün ağıllı arvadlar kimi bunu öz qadınlıq vəzifəsi sayıb. Sevmədən də kiməsə qulluq etmək olar. Eləcə də tərsinə.
⎯ Həqiqətən mən Siranuşu qısqanmamışam.
⎯ Demək, sevməmisən.
⎯ Elədi. İndi, bax bu dəqiqələrdə, sənin qarşında gəzə-gəzə başa düşürəm ki, sevməmişəm.
⎯ Amma buna baxmayaraq, onun sənə xəyanət elədiyini eşidəndə mən gördüm ki, necə varından yox oldun, bəy. Çox pis təsir elədi sənə.
⎯ Hə.
⎯ Bilirsən niyə?
⎯ Niyə?
⎯ Sadəcə, bu xəbər, sənin kişilik qüruruna toxundu. Ona görə… hər necə olsa o, sənin kəbinli arvadındı və hara getsə, uşaq kimi, əsər kimi, sənin adın onun üstündədi. Lap boşasan da, sonra, məsəl üçün deyirəm, başqa bir ərə də getsə, yenə sənin adın onun üstündə qalır.
⎯ Məni yandıran bilirsən nədi?
⎯ Nədi?
⎯ Odu ki, axı o nəyin xatirinə belə elədi?.. Nəyi çatışmırdı. Mən cavan idim…
⎯ Bəli, sən cavan idin… Ancaq onda sən kim idin? Heç kim, heç kim. Quruca maaşabaxan bir cavan. Onda nəyiniz vardı? Bir dəst yorğan-döşəyiniz, bir-iki dəst də pal-paltarınız. Eviniz yox, mebeliniz yox…
⎯ Deyirsən ehtiyac üzündən?
⎯ Yox, mən elə demirəm. Hər halda bunlar da az rol oynamayıb. Məsələ təmin olunub-olunmamaqda deyil. Sən də, mən də elə qadınlar tanıyırıq və xoşbəxtlikdən belələri o qədər çoxdur ki, ehtiyac onları sındırmayıb. Təmiz yaşayıblar, təmiz də gediblər. Məsələ əxlaqdadı, bəy. Əxlaq gözə görünməz bir şeydi. O, qarpız deyil, maşın deyil ki, bir dəfə baxan kimi görəsən. Onun kökü-rişəsi nəsildən gəlir, indi sizin alimlərin dediyi gendən gəlir,bəy. Və onu bəzən içində yaşadan, gəzdirən adamın özü də görməkdə aciz olur. Sənin Siranuşun kim idi?.. Yəqin anası ilə, atası ilə tanış idin və bəlkə də onlar haqda pis heç nə deyə bilməzsən. Ən çox tanıdığın Haykaz idi, əmisi…
⎯ Bəlkə… hallı-əhvallı kişi idi. Yeyib-içən idi. Respublikada elə bir vəzifəli, saytal-samballı adam tapa bilməzdin ki, Haykaz onu tanımasın, dost olmasın. Bir söznən, rəhmətlik yaxşı adam idi.
⎯ Bəli, ancaq eyni zamanda o, qeyrətsiz-şərəfsiz idi. Sənin Siranuşunu Həsənin qucağına o itələdi. «Razve tı nexoçeş çtobı tvoy çernomazıy turok stal priliçnım çelovekom?» ⎯ deyərək öz doğma qardaşı qızını əxlaqsızlıq, namussuzluq girdabına itələyən Haykaz olmadımı? Sən bunu heç hiss eləmədin o vaxt? Yox, hardan hiss eləyə bilərdin? Nə olsa da bizimkilər belə əclafsızlıqlar eləməkdən, şükür Allaha ki, hələlik uzaqdılar.
Aslan Leylanın Haykazın dilindən rusca eşitdiyi o sözlərdən titrəyib gərildi. Və elə o an qəribə bir maraq doğdu içində ⎯ soruşmaq, öyrənmək, Siranuşla harada, haçan, hansı şəraitdə onu dəyişdiyini və əmisinə də, o əclaf «Qasan Qasanıça» da Aslan haqda nə dediyini bilmək marağı. İlk sarsıntılar keçmişdi. Daha olan da olmuşdu və geri qaytarılası bir şey də qalmamışdı. Və bu da qəribə idi ki, dəqiqələr sovuşub getdikcə, Aslana elə gəlirdi ki, söhbət onun özü, arvadı haqda yox, tamam yad və kənar bir adam haqda gedir və Aslan da, məhkəmədə çıxış etməyə hazırlaşan bir vəkil, yaxud kitab yazan yazıçı kimi, material toplayır, hər şeyi yerli-yataqlı bilmək istəyir.
⎯ Yaxşı, Haykaz elə deyəndə… Siranuş nə cavab verdi?
⎯ Sən bilən nə cavab verə bilərdi?..
⎯ …
⎯ «Nu, koneçno, dyadya. Tak mı propadyem. Moy turok bolşoy neqodyay i kruqlıy idiot» ⎯ dedi sənin Siranuşun, bəy.
⎯ Vay, qancıq!
⎯ Nə isə… Mənə elə gəlir bu barədə kifayətdi, bəy.
Aslan yalvarıcı bir səslə birdən:
⎯ Başına dönüm, yalvarıram sənə, mənə bəy demə. Onda elə bilirəm məni qəsdən təhqir eləyirsən, Leyla. Sən qardaşının canı, bir də o sözü demə mənə. Siranuş məni bəy eləyib, bəsimdi ⎯ dedi və gəlib öz yerində oturduqdan sonra: Yox, hələ qurtarmadıq, Leyla ⎯ söylədi. Mənim hələ suallarım var… Mən hər şeyi bilmək istəyirəm…
⎯ Hm… Ta nəyi bilmək istəyirsən? Bu sənə bəs deyilmi ki, sənin arvadın Qasan Qasanıçın aşnası idi və sən, o Haykazın uzaqgörənliyi, Siranuşun «fədakarlığı» nəticəsində, az bir zaman içində, necə deyərlər, adam olub adamlara qoşuldun ⎯ beş otaqlı ev aldın, xüsusi maqazinə yazıldın, naz-nemət içində üzməyə başladın və bir müddətdən sonra isə Siranuşu da Qasan Qasanıç çəkib oraya ⎯ Mərkəzi Komitəyə apardı… Çünki o, itiyazan idi, stenoqrafiya deyirsiz, nə deyirsiz… Qasan Qasanıç ⎯ onu öz yanına yox, İKİNCİnin yanına düzəltməli idi… O kişinin famili nə idi?..
⎯ …
Aslan gözlərini döydü. Leyla gülə-gülə:
⎯ Camaat arasında Qoyunzadə deyirmişlər ona o vaxt ⎯ deyəndə:
⎯ Hə, yadıma düşdü ⎯ dedi… ⎯ Yoxsa… onunla da?..
⎯ Səninçün ağır da olsa, hə, Aslan…
⎯ Paho… elə mənim gözümün qabağında? Heç cür inanmaq istəmirəm, Leyla.
⎯ Öz işindi. Mən səni inandırmağa çalışmıram da, sadəcə nəzərinə çatdırıram. Sənin də gözünün qabağında, elə Qasanıçın da gözünün qabağında.
⎯ Düz deyirmişlər, qadın istəməsin, istədimi, sandığın içinə salsan, ağzını da qıfıllayıb açarını cibinə qoyasan, yenə elədiyini eləyəcək… Yaxşı, bu, çox davam elədi?
⎯ Bu, nə?
⎯ Yəni məsələn, Qasan Qasanıçla…
⎯ Yox, təxminən bir il… Sonra Qasan Qasanıç təzəsini tapdı və sənin Siranuşunu unutdu. Daha doğrusu, saymadı. Siranuş çox atdandı-düşdü, əl çəkmək istəmədi. Hətta yalvardı da. Ancaq sənin Qasan Qasanıçın bal arısı kimi bir şey idi, bir çiçəyin üstünə iki dəfə qonmağı xoşlamırdı. Bu barədə Siranuşun özünə də dedi: «Mən gör səni nə qədər çox istəyirəm ki, bir ilimi sənə sərf eləmişəm». Siranuşla salam-kəlamı, münasibəti kəsmədən, səssiz-səmirsiz uzaqlaşdı.
⎯ İKİNCİynən ondan sonra başladı?
⎯ Yox, elə onun vaxtında… hiss eləmişdi ki, Həsən ondan soyuyur, onda…
⎯ Axı… İKİNCİ… ondan çox böyük idi ⎯ demək olar ki, qocaydı…
⎯ Hm… Qocaydı… Deyəsən özünə təsəlli vermək üçün bəhanələr axtarırsan? Belə şeyləri gəl məndən soruşma, Aslan, sən özün yaxşı bilirsən… Yoxsa sən… özündən, 30 il, 35 il kiçik olan qızlarla, qadınlarla az oturub durubsan, hə? Soruşuram də. Az oturub durubsan yoxsa?
⎯ …
⎯ Görürsən, cavab verə bilmirsən…
Aslan yenə siqaret yandırdı.
⎯ Yaxşı, tutaq bu qadındı, özü də lap axmaq qadındı ⎯ hardasa bunu başa düşmək olar. Ancaq mən bu Haykazı heç cür anlaya bilmirəm. Öz qardaşı qızını…
Leylanın dodaqlarına rişxəndli bir təbəssüm qondu.
⎯ Sən mənə, fərz edək, o vaxt rast gəlsəydin və o vaxt məndən bu sualı soruşsaydın, bəlkə də haqq qazandırardım, Aslan. Ancaq indi… İndi heç cür anlamıram. Yəni bu qədər hadisələrdən sonra sən və sənin kimilər, yenə ayılmayıbsınız? Axı Haykaz kim idi? Soruşuram, kim idi?
⎯ Baksovetdə işləyirdi.
⎯ Onu soruşmuram, hansı millətdəndi?
⎯ Erməni…
⎯ Bax, budu əsas məsələ, Aslan. Erməni idi Haykaz. Erməni idisə, deməli, onun içi, ürəyi, qanı sənə, sənin millətinə qarşı dərin bir qəzəblə dolu idi ⎯ o sənə qardaşı qızını vermişdi, qohum olmuşdu, səninlə yeyirdi-içirdi, «can» deyirdi hər sözünə, ancaq bütün bunlar dildə idi, üzdə idi, batində isə onun səni görən gözü yox idi. Onların hamısı məmə yeyəndən, pəpə yeyənə qədər sənə, mənə nifrət bəsləyən anaların döşündən süd əmiblər və yer üzündə onların yalnız bir düşməni var ⎯ türk, yəni sən, mən. Bizimkilərin ⎯ sənin, sənin kimilərin qanını içməyə hazır olan bu millət bizi əritməyə, qul etməyə, yox eləməyə lazım olan, xidmət edən hər şeyindən, hətta namusundan belə keçməyə hazırdı. Heç görübsən bir erməni başqa ermənidən soruşsun ki, sən haralısan? Yox, görməyibsən, görə də bilməzsən. «Hayes?» ⎯ Vəssalam. Bu, onların milli paroludu. Ancaq mənimki bədbəxtlər bu boyda Azərbaycanı vilayətlərə, zonalara, mahallara böldülər, ürəkləri soyumadı, indi də məhəllələrə bölürlər. Daha yer üzündə «Haralısan?» ⎯ deyə soruşmağa adam qoymamışıq deyə axırda göydə uçan durnadan da soruşuruq ki, ay durna, sən haralısan? Zəhrimar haralısan, çor haralısan. Əl çəkin, əl çəkin, yalvarıram sizə, ayağınızın altına düşürəm, əl çəkin «haralısan?» soruşmaqdan. Birinizi bir vəzifəyə qoyurlar, çəkib-yığırsınız başınıza qohum-əqrabanızı, qohum-əqraba qurtarandan sonra dost-tanışınızı, o da qurtarandan sonra kəndçilərinizi, rayonlularınızı və s.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?
İkinci hissə, on altıncı fəsilHavalar yamanca soyumuşdu. Başdan papaq aparan küləklər əsir, arabir selləmə yağış yağır, hərdən də zəif, adamın canını güclə isindirən qış günəşi sarımtıl üzünü göstərib, tez də buludlar arasında gizlənirdi.Müzakirədən sonra əsərini bir də diqqətlə nəzərdən keçirib professora təqdim eləmiş Orxan bu qış havası kimi tutulub-açılır, ağır, yorucu zəhmətdən sonra duyduğu yüngüllük, xoş əhvali-ruhiyyə getdikcə narahatlıqla əvəz olunurdu. Bu iki ayda, demək olar ki, Orxan canına, ürəyinə zülm eləmişdi. Vaxt, zaman heç bir şeylə hesablaşmadan keçib gedir, üçüncü ay da tamam olurdu, ancaq professor hələ də Orxanın işini oxuya «bilməmişdi».
İkinci hissə, on yeddinci fəsilKitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:
İkinci hissə, on səkkizinci fəsilElə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.