Səhifə 2 / 2 · 50%

Cahangir ciddiyyətlə cavab verdi:

– Qorxulu bir şey yoxdur.

– Təki olsun, təki olsun!..

Üstündən xeyli keçəndən sonra Sədəf gördü ki, Cahangir əvvəlki adama oxşamır; nəsə fikirli-qayğılı gəzib dolanır, az danışır, az gülür. Bir də görürdün ki, dayanıb Sədəfə, Rəhimə uzun-uzadı baxır, üzünü o yana çevirib yavaşcadan köks ötürür.

Havalar soyumağa başlayanda bir səhər çay süfrəsi arxasında Sədəf xəbər aldı:

– Nə olub, ay Cahangir, bu uşağa, mənə niyə elə baxırsan? Cahangir zorla gülümsəməyə başlayaraq:

– Doymaq istəyirəm, Sədəf,— dedi. Arvad təəccübləndi.

– Məgər bir yerə-zada gedəcəksən? Cahangir asta-asta başını tərpətdi:

– Hə, gedəcəyəm Sədəf...

– Hara Cahangir?

—…

– Demirsən bizə?

– Gedəndə...deyəcəyəm.

Təqribən elə o vaxtlar Cahangirin Yusif adlı bir tanışı onlara kəlmnşdi. Yeyib-içəndən sonra Cahangir ona dedi:

– Yaxşı oldu elə sən gəldin, yoxsa səhərdə — biri gündə idarəyə, yanına gələcəkdim.

– Nə olub ki?

– Qardaş, sən ictimai-təminat şöbəsində işləyirsən, belə işləri gərək beş barmağın kimi biləsən.

– Nəyi?

Cahangir azca duruxub, qəmli-qəmli dinləndi:

– Bu Yaxınlarda mənim köhnə dostlarımdan biri rəhmətə gedib.

Stəkan-nəlbəkini yuyub təmizləyə-təmizləyə söhbətə qulaq asan Sədəf soruşdu:

– Kimdi ay Cahangir? — Qadın sevindi ki, nəhayət, kişinin qaradinməzliyinin, dərdinin səbəbini bildi. — Bəs belə... Demək yaxın dostu ölüb!..

– Sən tanımazsan, Sədəf!

– Sənin dostlarının hamsını mən tanıyıram, Cahangir.

– Dedim ki, tanımazsan, o bizə gəlməyib. Sədəf Yusifə baxıb gülə-gülə:

– Onda yaxın dost olmayıbsınız, — dedi.

– Yox, Sədəf,— deyə Cahangir ona sarı baxdı.— Lap canbir qəlbdə olmuşuq.

Sədəf çiyinlərini çəkib dinmədi.

– Hə ölüb... Ailəsinin halı məni yaman düşündürür. Dolanışıqları...

– Arvadı işləmir?— deyə Yusif xəbər aldı.

– Yox.

– Neçə uşaqları var?

– Birdi deyəsən.

– Ayrı yerdən gəlirləri — filanları yoxdu?

– Yox. Ancaq kişinin maaşıynan dolanırdılar.

Sədəf köksünü ötürdü:

– Yazıqlar.

Cahangir özü də kənarda oturub kitab oxuyan Rəhimə, böyründə başsız qalan ailə üçün ah-uf eləyən Sədəfə baxıb qəmgin bir səslə:

– Yazıqlar!—deyə arvadının sözünü təkrar elədi.

– İş stajı nə qədərdir?— Yusif xəbər aldı.

– On səkkiz ildi.

Sədəf özünü saxlaya bilməyib yenə söhbətə qarışdı:

– Ay Cahangir, elə deyəsən, səninlə bir işə başlayıb o yazıq.

– Hə. Qəribədir... bir ildə, bir gündə doğulmuşuq, bir ildə işə getmişik, bir ildə evlənmişik. Rəhim anadan olan ili onun da oğlu olub. — Cahangir nədənsə qorxmuş kimi, tez əlavə elədi: — bircə fərqimiz var; o ölüb, mən hələ sağam...

– Pensiya kəsərlər.

– Təxminən nə qədər, Yusif?

– Vallah, indi hələ bir şey deyə bilmərəm. Gərək onun bütün sənədləri, kağızları əlimizdə ola ki, bilək nə qədər.

Araya ağır bir sükut çökdü.

– Yusif,—deyə nəhayət, Cahangir asta-asta dilləndi, —mən onun sənədlərini hazırlayacağam. Sənin yanına gətirəcəm. İşdi, əgər mən gətirə bilməsəm, Sədəf özü gətirər, ona kömək eləyərsən, onlara təqaüddən-zaddan bir şey düzəldərsən.

– Mən tanımıram ki, Yusif qardaş işləyən yeri.

Cahangir papiros çəkən deyildi, ancaq Sədəfin bu sözündən sonra Yusifin qutusundan bir siqaret götürüb yandıraraq sümürdü və daha heç nə demədi.

İyirmi gün keçdi, Cahangir bir qarlı qış axşamı yatdı, səhər isə durmadı. Deyirlər, hər gecədən sonra bir səhər açılır. O gecə isə Cahanigirin sonuncu gecəsi oldu, çünki o gecənin dalınca onun üçün bir də heç vaxt səhər açılmayacaqdı...

Anasının danlağından hələ də qırışığı açılmayan Rəhim köhnə, ağarmış bufetə sarı getdi, stəkanın içindən pul bükülüsünü gətirib Sədəfin qabağına qoydu:

– Pensiyanı gətiriblər...

Sədəf pula gözünün ucuyla da baxmadı. Onun xəyalında Cahangirin nigarançılıq həkk olunmuş solğun sifəti, qarlı qış günü qəbiristanlığa doğru gedən izdihamlı küçə, kişinin yeddisi çıxandan sonra masasının üstündən tapılan göy rəngli qovluq canlandı. Qulaqları küyüldədi, bacısı Nadirənin təzə qonşusunun «qulluqçu» sözü beynində uğuldadı.

Gözlərində yaş gilələndi. Belə hallarda ürəyinə dolub onu ovundurmağa çalışan hiss indi də ruhunun dərinliklərindən oyanıb təskin etdi. Sədəfə elə gəldi ki, Cahangir ölməyib, harasa uzun müddətli uzaq bir səfərə gedib, maaşının yarısını da ailəsinə göndərir, hər ay göndərir, hər ay...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on beşinci fəsil

Kiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.

13 dəq
İkinci hissə, on altıncı fəsil

Siminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»

11 dəq
İkinci hissə, on yeddinci fəsil

Ətiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı

8 dəq
İkinci hissə, on səkkizinci fəsil

Heyranın gəlişi ilə Nəcməddinin çoxdan bəri sükunətə qərq olmuş malikanəsində həyat əvvəlki qaydasına düşürdü yavaş-yavaş. Nə vaxtdan qadın nəfəsi, qadın əli dəyməyən ev-eşik indi isinmişdi, səliqə-sahman yaranmışdı. Ürək sıxan məhzunluq, kədər harasa uçub getmişdi. Tək qalıb çox zaman öz-özünə danışan, körpə ilə oynayan, başını qatmağa çalışan, ancaq bütün bunlarla da həyatında əmələ gəlmiş boşluğu doldura bilməyən, buna görə də son dərəcə üzüntülü günlər keçirməyə məcbur olan Əbdül, Heyranın gəlişini əvəzsiz bir nemət kimi qiymətləndirir, söhbət etməyə, dərdi-dil eləməyə, məsləhətləşməyə bir həmdəm, bir nəfəs tapdığından uşaq kimi sevinir, yerə-göyə sığışmırdı. O indi bu evin ağası, başıpapaqlısı, külli-ixtiyar sahibi olsa da, özünü lap Dünya xanımın, ağayi Nəcməddinin sağlığında olduğu kimi sadə, demək olar ki, nökər kimi aparır, qüdrətini, gücünü hiss etdirmir, mehribanlığı, qayğıkeşliyi, canıyananlığı ilə Heyranın xoşuna gəlməyə çalışır, burada özünü qərib, kənar adam kimi hiss eləməyə qoymurdu. Danışır, gülür, Heyranın sıxılmasına, çəkinməsinə qətiyyən imkan vermirdi. İstəyirdi ki, o, şad yaşasın, boş-bikar qalıb çox istədiyi mərhum ərinin yoxluğu barədə düşünməsin: unutsun onu da, dərdini də. Lap əvvəl gündən, burada qalacağının razılığını aldığı gündən Əbdül Heyranı yaxşıca yedirdib qonaq eləyəndən sonra yanına salıb otaqları bir-bir gəzdirmiş, evin üzdə olan bər-bəzəyini göstərmişdi. Heyran siftə gələndə bu otaqlara ötəri baş çəkmişdi, ancaq, həyəcanlı olduğundan, heç nəyə diqqətlə, doyunca baxa bilməmişdi, indi arxayın-arxayın hər şeyə tamaşa eləyir, zəngin, müzəyyən bir muzeyi xatırladan otaqlar, ömründə heç vaxt, heç yerdə belə bərbəzəkli ev-eşik görmədiyi üçün onun gözlərini qamaşdırır, könlünü oxşayır, fərəhləndirirdi. Dünya bacısının bu cah-calal sahibi olması ona qəribə, inanılması mümkün olmayan bir nağıl, əfsanə kimi görünürdü. Əbdülün dediyindən məlum olurdu ki, bu otaqlar elə beləcə, bax bu səliqə-sahmanda da qalmalıdı, çünki onu Dünya xanım belə düzəltmişdi, Əbdül istəmirdi ki, bu nizam pozulsun. Heyran evləri silib-süpürəcək, ancaq səliqə-sahman elə-belə, olduğu kimi qalacaq. Sonra Əbdül Heyranı həyət-bacada gəzdirmiş, qarajı, hamamı, anbarı, vaxtilə özünün yaşadığı hücrəni göstərmişdi. Hücrənin içinə baxanda Əbdül ona demişdi:– Mən buranı sizin üçün nəzərdə tutmuşdum. Demişdim ikiniz yaşarsınız. Ancaq... qismət olmadı. Heyran kədərli-kədərli köks ötürüb:

13 dəq

Başqa şairlərin şeirləri