Dördüncü fəsil
Səhifə 5 / 7 · 57%
⎯ Hə, bala. Elə məni yandıran da bu olub həmişə. Öz çayımızın quşunu öz çayımızın daşı ilə vurublar həmişə. ⎯ Bu sözləri deyəndə Qasım kişinin gözləri dolmuşdu.
⎯ Bəs sonra… neylədin?
⎯ Məni tutacaqdılar. Partiyadan çıxartmışdılar, onun dalıyca da tutmalıydılar. Ancaq o zaman «Azneft»də bir yaxşı kişi işləyirdi. Babazadə. Ramanalıydı. İndi ölüb. Allah ona rəhmət eləsin. O məni başa saldı ki, aradan çıxım. Qaçdım Türkmənistana. «Türkmənneft»də üç il fəhlə işlədim. Sonra Tümenə getdim. Beş il də orada Sibir soyuğuna dözə-dözə yaşamalı oldum. Onda Tümen neftinin izinə təzə düşmüşdülər. Sonra torpaq çəkdi, qayıdıb gəldim Vətənə. Gəldim gördüm atam-anam dünyadan köçüb. Bax, ata mülküm olan bu həyət-baca sahibsiz, it günündədi. Qonşumuzda bir Həsən dayı var idi. Tək kişiydi. Evlənməmişdi, oğul-uşağı yox idi. Qırçı işləyirdi. Məni yanına köməkçi götürdü. Sonra bu Əminə xalanla evləndim. Gec evləndim. Ona görə mənim övladlarım belə körpədilər yaşıma görə.
⎯ Bəs təzədən dənizə, neft işinə necə qayıtdın, Qasım dayı?
⎯ Elə belə. Qara fəhlə kimi. Diplomumu-filanımı üzə çıxartmadan.
⎯ Başın müsibətlər çəkibmiş ki, sənin, Qasım dayı?
⎯ Hə, oğul. Belə-belə işlər. Sənin Qasım dayının həyatı belə keçib. İndi qocalmışam daha. Təqaüdə çıxmağıma az qalıb. Amma hərdən fikirləşirəm, görürəm ömrüm hədər gedib və bu, məni yaman çox sıxıb əzir. Sən hələ cavansan, həyatını elə qur ki, axırda mənim kimi peşimançılıq ocağında yanıbyaxılmayasan. Çox böyük, mən deyərdim ki, yerə-göyə sığmayan arzularım var idi. Heç birinə çata bilmədim, bala. İndi… saçımın-saqqalımın bu çal vədəsində tək bircə arzuyla yaşayıram.
⎯ Nədi o arzu, Qasım dayı? ⎯ Turxan başına gələnləri dinləyəndən sonra yazığı gəldiyi Qasım kişidən soruşmuşdu. ⎯ Nədi o arzu?
⎯ Uşaqlarımı oxutdurub yerbəyer eləmək, vəssalam. Başqa heç nəyin fikrini eləmirəm, oğul.
O qarlı dekabr gecəsi, Səlimin həyətdəki «buz heykəl»i şaxtadan donub şüşələnən, özü isə nazik yorğan altında büzüşüb yata bilmədiyi o soyuq gecə, təklikdən, arxasızlıqdan, yetimlikdən yana taleyindən küskün olan Turxan, Qasım dayıya rast gəldiyinə görə və onunla belə qaynayıb-qarışıb dostlaşdığına görə çox sevinmişdi və ona elə gəlmişdi ki, eyni vaxtda iki Universitetdə oxuyur: gündüzlər birində, axşamlar digərində. Bir Universitetdə ⎯ elm öyrənir, o birində isə həyatın özünü. Ancaq sən demə, bunu da çox görəcəkmiş Turxana. Tezliklə Qasım dayını Əminə xala kimi, Səlim və Nigar kimi, çox sevdiyi o mavi gözlü dəniz kimi, Turxan da itirəcəkmiş tezliklə.
Dekabrın otuzunda, günortadan sonra Qasım dayının meyidini gətirmişdilər həyətə. Sabah gələsiydi, yeni ili arvad-uşağının yanında, isti ocağının başında keçirmək üçün. Söz vermişdi ki, mütləq gələcək. Amma gələ bilməmişdi, verdiyi vədədən də bir gün qabaq gətirmişdilər. Dənizdə bərk fırtına qopub, külək güclənib və ağarıb köpüklənmiş dalğa estakadanın üstündə dayanmış Qasım dayını vurub dənizin dəli qoynuna atıb. Bəlkə də xilas eləmək olarmış, ancaq bədbəxtlikdən başı armatura dəyib parçalanıb. On beş dəqiqə keçməmiş dalğaların qoynundan çəkib çıxaranda artıq kişi keçinmişmiş. ⎯ Bunu Qasım kişinin meyidini gətirən fəhlə yoldaşları danışmışdı. Yazıq yoldaşları yamanca pərt olmuşdular. Başlarını qaldırıb Qasım dayının arvad-uşağının üzünə baxa bilməmişdilər. Gələnlər Turxanı mərhumun oğlu sanıb onu bir kənara çəkmiş, başsağlığı vermiş, oğlanın cibinə də beş yüz manat pul qoymuşdular: «Trestin Həmkarlar Komitəsi yardım kimi ayırıb mərhumun ailəsinə». Dəfnin yəqin ki, sabah olacağını öyrənib çıxıb getmişdilər. Əsil müsibət bundan sonra başlanmışdı. Əminə xala da, Nigar da sanki sonradan başa düşmüşdülər ki, üstüörtülü bu tabut nə deməkdi və vay-şivən təzədən başlamışdı, özü də necə başlamışdı, aman allah. Turxan da dözə bilməyib onlara qoşulmuşdu, arada gah Əminə xalaya, gah da özünü az qala öldürən Nigara təsəlli verməyi də unutmamışdı. Adamsız olmağın dəhşətini Turxan yaxşı bilsə də, bu dərəcədə təsəvvür eləməmişdi. Yenə sağ olsun qonşular. Yığışıb gəlmişdilər, böyük otaqda, mizin üstünə qoyulmuş tabutun ətrafında oturub sabahkı dəfnin tədbirini tökmüşdülər. Arvadlar o biri otağa yığışmışdılar ⎯ deyə Əminə arvada heç kəsin əli çatmamışdı. Onsuz da onun söz soruşmalı, məsləhət verməli bir halı qalmamışdı. Buna görə də elə qonşular da, evin oğlu kimi, hər şeyi Turxana demişdilər. Turxan da necə məsləhət olmuşdu, o cür də hərəkət eləmişdi. Birinci növbədə Sovet küçəsindəki poçtxanaya qaçaraq Qazaxıstana, Səlimin hərbi hissəsinə təcili bir tel vurmuşdu: «Atan ağır xəstədir, təcili gəl». Öldüyünü yazmağa əli gəlməmişdi. Gecə yarı olanda qonum-qonşu dağılışıb ev-eşiyinə gedəndə, yaşı səksəni haqlamış Mürsəl baba Turxana demişdi:
⎯ Gecə gərək bir nəfər meyidin yanında qalsın, bala. Əminəni qoyma, arvad xeylağıdı, qorxar.
⎯ Yox, yox. Qoymaram, Mürsəl baba. Özüm qalaram.
⎯ Allah köməyin olsun, oğul. Sabah tezdən gərək məscidə aparılsın, yuyulsun, kəfənlənsin. Sonra da qəbir qazdırmaq üçün adam göndərmək lazımdı. Saat üçdə-dörddə dəfn olunar. Onacan da Səlim hayanda olsa özünü yetirər.
⎯ Eləyərik, Mürsəl baba. Çax sağ olun, ömrünüz uzun olsun. ⎯ deyə ölü sahibi kimi dil-ağız eləmişdi Turxan Mürsəl babaya. Gecə yarıdan keçənəcən Əminə, Nigar və Turxan meyid olan otaqda oturub ağlayıbsıtqamışdılar. Əminə lap əldən-dildən düşmüşdü. Gözləri ağlamaqdan şişib qızarmışdı. Sağ üzünü dırnaqları ilə necə cırmışdısa, qanı hələ də qurumamışdı. Nigar aşağı tərəfdə, köhnə divanın üstündə əyləşmişdi, göz yaşlarını saxlaya bilmirdi. Belini əyib dirsəklərini dizlərinə dayamışdı. Turxan isə daha təsəlli verməyə söz tapmırdı. Eləcə kənarda dayanıb key kimi tamaşa eləyirdi. Saat birdə Turxan görmüşdü ki, Nigar oturduğu yerdə yatır.
⎯ Sən dur, get yat, Nigar. Gecə yarıdan keçib. ⎯ demişdi Turxan asta, hüznlü bir səslə. Öz dərdlərinə, müsibətinə qapılıb gözlərini üstünə qara örtük çəkilmiş tabutdan çəkə bilməyən, yanıb vaysına-vaysına başını tərpədən Əminə Turxanın sözlərini eşidib qızına baxmışdı və uşağın qızarmış gözlərinin yumulduğunu görərək:
⎯ Dur get yat, ay qız. ⎯ söyləmişdi. ⎯ Get gir öz yerinə, yat.
⎯ Mən qorxuram…
⎯ Nədən, ağəz?
⎯ Bilmirəm. Qorxuram…
⎯ Əminə xala, siz də gedin yatın. Mən burdayam. Sabah onsuz da iş çox olacaq. Yatmasaz, ayaq üstə dura bilməzsiz. Uşağı da götürün, gedin yatın.
Nigar o dəqiqə ayağa qalxmışdı və nə üçünsə Turxana tərs-tərs baxıb qapıya sarı getmişdi. Turxan bu baxışın mənasını başa düşə bilməmişdi. Ancaq nə qədər qəribə olsa da, elə o an ⎯ bu gərgin və müsibətli anda Nigarın qəlbində anlaşılmaz bir duyğu baş qaldırmışdı ⎯ elə bil o ana qədər Nigar Turxanı görmürmüş, onda birinci dəfə rast gəldiyi bir adam kimi ani olaraq baxmışdı və nədənsə o pəncərənin qarşısında əzizi ölmüş kimi qollarını qucaqlayıb dərin kədərinin kölgələndirdiyi baxışlarını ona zilləyib o sözləri deyən Turxan birdən-birə ona çox doğma görünmüşdü. Bütün vücudunu saran, gözlənilməz tufan kimi gəlib qəlbini bu vaxta qədər duyub hiss eləmədiyi bir titrəyişlə tərpədən o anlaşılmaz duyğunun dalınca eşitdiyi «Uşaq»
sözü qızı özündən asılı olmayaraq qəzəbləndirmişdi. Sən demə, Nigarı yerindən qaldırıb qapıya sarı çəkən də elə o qəzəb hissi imiş. Turxan Nigara uşaq demişdi
Ay aman, bu nə dəhşətli dünyadı, necə başaçılmaz aləmdi, ilahi. Nigarın dünyada hamıdan çox istədiyi bir adam ⎯ doğma atası vəfat eləyib, meyidi necə deyərlər, hələ soyumayıb, yara hələ istidi, gözlərini yaş hələ göynədir Nigarın, ⎯ bu dəmdə o nə hiss idi axıb doldu birdən-birə ürəyinə? Məhəbbət idi bu? Məhəbbət yəni belə olur? Məhəbbət yəni belə naqolay anlarda gəlir və ya gələ bilər? Bax o hiss qızın cavan ürəyində doğulan o anlarda Turxanın kədərli gözləri necə də gözəl idi, aman allah. Bəs niyə bu neçə ayda Nigar onları görməmişdi? Niyə? Elə bu iki daşın arasına qalmışdı yəni bu? Yox. Heç nə anlamırdı indi Nigar. Elə Turxan özü də heç nə başa düşmürdü ⎯ niyə bu qız birdən-birə ona elə tərs-tərs baxmışdı? O sehirli an bir sözsüz mahnı idi sanki. Oxunmuşdu, dinlənilmişdi, ancaq sözə çevrilə bilməmişdi. Çünki çox namünasib bir məqamda doğulmuşdu. Bunu hələ sonralar, o qəmli və müsibətli gecədən neçə il sonra açıb-ağardacaqdılar və dilə gətirəcəkdilər. İndi isə…
Əminə Nigarın dalınca duranda, Turxan bayaq kambinzonlu, saqqallı fəhlənin cibinə dürtdüyü pulu çıxarıb irəli uzatmışdı.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-yandirilmis-adam-dorduncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.
Birinci hissə, on ikinci fəsilGünortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.
Birinci hissə, on üçüncü fəsil...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
Birinci hissə, on dördüncü fəsilƏbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Qarabağdır(nəğmə)*Nə zamandır torpaqlarım işğaldadır,