Ömür keçir, saç ağarır, göz nurdan düşür,Qamət sınır, boy kiçilir, qürurdan düşür,Dost seyrəlir, cərgəmizə daha dən düşür,Yalan yaşar, amma meydan yalana qalmaz.Biz gedərik, dünya burda qalana qalmaz.

Ömür də bir yol deyil ki, eniş-yoxuşu,Yazdı, yaydı, bir də gördün, payızdı, qışdı,Mən rahatlıq tapanacan cavanlıq uçdu,Gözəllik də ondan ilham alana qalmaz.Biz gedərik, dünya burda qalana qalmaz.

Nə uduzduq, nə də udduq, bu bir oyundu,Bizi özü yoğunlatdı, özü də yondu.Lilim çökdü, suyum uçdu, odunum yandı,Torpaq heç vaxt özü torpaq olana qalmaz.Biz gedərik, dünya burda qalana qalmaz.

Güləşənlər, yıxılanlar, yıxanlar gedir,Fit verənlər, əl çalanlar, baxanlar gedir,Qulluq üçün dərisindən çıxanlar gedir,Bu “sur” ki var, qiyamətdə çalana qalmaz.Biz gedərik, dünya burda qalana qalmaz.

Dünya üzü üzlər görüb min yol düzlənib,Uralanıb, malalanıb, südü üzlənib,Dünyamızı yaradan da qaçıb gizlənib,“Mənəm-mənəm” – deyib taxt-tac salana qalmaz,Biz gedərik, dünya burda qalana qalmaz.

Yer yananda ona göylər yanır, ağlayır,Yer kürəmiz qocalıbdı, oxu laxlayır,Yaddaşında yaxşıları ancaq saxlayır,At oynadıb burda qılınc çalana qalmaz.Biz gedərik, dünya burda qalana qalmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri