(poema-düşüncələr)

Salam, Kainat!
Salam, ey böyük həyat!
ey sükutla dolu
səyyarələr akvariumu,
Pıçıltımı eşidib
Məndən soruşma ki,
“haqq varmı?”
Məni görə bilmirsən deyə
Boylanma öz dibindən dərinə,
göyündən yuxarı göyə.
Mən o qədər kiçiyəm
zərrələr arasından gözlərin məni
tapıb yığa bilmir,
O biri o qədər böyükdü
kainatın da göyünə
sığa bilmir.
Görə bilməyəndən sonra
sənə nə fərqi var
kiçikdi, ya böyükdü.
İkisi də götürə bilmədiyin yükdü.
Qaranlığın sükutundan üzən
yaşıl bir adadı səyyarəm.
Kainatın böyüklüyünə qərq olan
bir səsdi, sədadı səyyarəm.
Milyon, milyon günəşlər yanır
Ətrafında səyyarələr
qızınır, üzür, dolanır.
Günəşləri kimdi alışdıran?
Kainat ulduzlar burulğanıdı,
Bu qazanı kimdi qarışdıran?
Mən yer kürəsində
zərrədən kiçiyəm.
Məndən də kiçikləri var qat-qat.
Bu gecə yarı
məni dəli saymasın deyə yanımda arvad,

Səninlə ürəyimdə danışıram.
Eşidərsənmi məni, kainat?!
Deyəcəklər “bu da ağıllı” necə eşitsin,
kainat ürəyinin səsini.
Mən kainatın qaranlıq qüssəsini
eşidirəm.
Ulduzların işığının səsini eşidirəm.
Fəzanın nəhəng sükutunun
zümzüməsini eşidirəm.
Ürəyimin səsi də qoşulur o səslər dalğasına
uçur o sonsuzluğa gedən sona...
Eşidirəm
mənə gülən var,
özü yaman gündə üstümə gələn var.
– Ay rəhmətliyin oğlu
bağıra-bağıra qalmışam
səsimi eşitmirlər evlər idarəsində.
Eh... Sən də...
tutulub evimdə ayaqyolu.
– Günah özündədi!
Nəyi çeynəməmiş udmuşdun,
ay zalım oğlu?
Mən kainata uçmaq,
ulduzlar arasında üzmək istəyirəm,
sən ayağımdan tutub dartırsan aşağı.
Arvad böyrümə dürtmə vurur
– Ay kişi göylərə köçmüsən?
Deyir – əlini kəsib Günayın uşağı,
A kişi, bir dəqiqə en aşağı.
İndicə mələk idim,
arvad qanadlarımı qayçıladı.
Romantikanı reallıq qamçıladı.


Göyün ulduz göz yaşı var,
Göyün də göy gülüşü var.
Hər səyyarə ailəsinin
öz çırağı-günəşi var.
Hər ailədə, hər ulduzun,
öz dolanmaq yolu var.
Hər səyyarənin öz peyki var
hər peykin o səhnədə
öz rolu var.
Bu kainat ailələrdi
çadır-çadır.
Kainatda qaçqın olmur,
hər kəsə öz yeri çatır,
hər kəsə öz yurdu çatır.
Səyyarələr bir-birinin
hüduduna keçə bilməz.
Səyyarələr bir-birinin
işıq payın içə bilməz.
qanun-qayda.
Hamı birdir, bir ailədir,
hər kəs ayrı-ayrı ada.
Hər kəs təkdi, müqəddəsdi.
Hamı birdi kainatda,
bir ahəngdi, bircə səsdi.
Ulduzların zaman boyu hərəkəti,
nizamlı bir axını var.
Onlardan da öz həddini aşan olur.
Ona görə göydə
ulduz yığını var.
Yağan yağır, uçan uçur,
Öz yerində qalan olmur,
hamı haqqa doğru qaçır.


Allahsız yaşamaq mümkün deyil,
Allahsızın ömrü, günü də
bir gün deyil.
Uşaq vaxtı ata, ana üstünə

qaçdığı tək
Bir qaçan yeri, ümid yeri
olsun gərək
İnsanın.
Çətinlikdən, əməlindən,
həyatından usanan,
Ağlasın-sırtqasın, yalvarsın.
Bu hərislik
oldu bütpərəstlik.
Hərə öz Allahını yaratdı.
Kimi Allah yaradıb satdı.
Kimi də Allahını aldı,
evin bir küncünə atdı.
Kasıbın Allahı taxtadan,
o birininki gildən,
birinin Allahı da misdən.
Bunlar hamısı eyni vahimədən,
ümiddən, məhəbbətdən,
eyni hissdən
yaranmışdı.
Çörəyi çətin çıxanda,
bir-birinin evini yıxanda
lap elə-belə darıxanda
Qaçırdı üstünə Allahın insanı.
Taxtanın, gilin, misin ürəyi yumşalırdı,
Günahını yuyurdu, könlünü alırdı
İnsanın.
Allahsızlıq eşqi yaratdı Musanı
İsanı,
Dandılar Odları, inancları,
büt Allahları.
Geyimli, lüt Allahları.
Rədd olsun. Allahlar – dedilər!
Allah var! – dedilər –
Təkdi, uludu, müqəddəsdi,
görünməzdi.
Allah qeybdən gələn səsdi,
onu elçisi eşidir ancaq.
Bu bütlər,
Allahlar,
oyuncaqdı, oyuncaq.
Asimana bax,
ulduzlardan yuxarıdadı haqq;
Musanı didərgin saldılar,
çarmıxa çəkdilər İsanı.
Eşq olsun İnsana
Allah özünə çağırır İnsanı.
Məhəmmədi öldürdülər,
Kəsdilər nəvələrinin başını.
İndi min üç yüz ildi
tökürlər göz yaşlarını.
Ümməti qanı yumaq istəyir əlindən,
Bir yandan da
yenə əl çəkmir öz əməlindən.
haqq yolunda hər kəs
bir dəfə də olsa
haqsız olur.
Allah yolunda hər kəs
bir dəfə
Allahsız olur.


İnsan məhəbbətin işığı,
Kainatın yaraşığı,
Yer kürəsinə
səmadan düşüb aşağı,
Asiman uşağı İnsan
İnsanın xəmiri yerdən deyil,
Hamısı İnsandı, hamısı bir dən deyil.
Sarıdı, qaradı, ağdı.
Milyon ildi gözləyirik
Qaynayıb qarışacaqdı.
Min illər keçir

Məzar yerləri unudulur.
Şumlanır, əkilir.
Çörəyi bir torpaqdan çıxır,
Suyu bir quyudan çəkilir,
Yenə dünyaya,
qara qara gəlir, ağ da ağ gəlir.
Kainat genişdi.
Bu qaralar, sarılar,
Yer üzünə Allahın əlindən
Sürüşüb düşdü.
Yaradan özü bilir
bunların xəmirini
Hansı səyyarələrdən götürmüşdü.
İnsan Allahın dodağından düşən
işıqlı bir kəlmədi.
Kainatdan ulduz kimi axıb,
İnsan yer üzünə gəlmədi.
Təbiət onun öhdəsindən gəlmədi.
İnsan təbiəti çaldı, çapdı, taladı.
Ağacını qaladı,
heyvanını parçaladı.
İnsan təbiətə
göydən gələn bəladı.
Bu torpaqdan yarananlar
təbiətlə ana-baladı,
Meşəyə sığınan pələng kimi,
Suya sığınan bir balıq kimi,
Budağa sığınan bir quş kimi.
İnsan təbiət üstündən keçir qarğış kimi,
Ayağı altındakılar ölü qalır,
Ətrafındakı ağacların külü qalır.
Quşlar şişində gedir
Yeməlilər dişində gedir,
Dovşanlar minaya düşür partlayır,
Canavar tələyə düşür ulayır,
Pələng qəfəsdə tula kimi quyruq bulayır.
İnsan keçib gedir yer üzündən
Bəlkə yenidən qayıdacaq kainata
sakitlik çökəcək həyata...
Yaxşı, qonaqsan!
İnsan abırlı qonaq olar.
Uçmağı öyrənmisən,
hara desən uçmaq olar.
Adam da onu yaradanın üzünə ağ olar?
Allah yaradıb səni də,
Yer kürəsini də.
Yer kürəsinin də öz doğma adamı var.
Gözdən irağa qaçıb belələri.
Afrika cəngəlliklərində gizlənir
qəbilələri.
Dırmanıb ən uca dağlara
Nəhəngi, avamı.
Olub qar adamı.
İzini görəndə Adəm ovuna çıxmaq
istəyir hamı.
Bu İnsan deyil.
Dişi silahdı, ayağı, əli silahdı.
Yaratdığının ən kamili silahdı.
Min il qonşu olub yer üzündə
Yenə bir-birinə düşməndi.
Kim deyir ki, bunlar göydən düşmədi,
Bu xasiyyətlə bunlar göydən qovulandı.
İnsan olduğu da yalandı.
Bunlar iki zəhərli ilandı,
Qış yuxusundan oyanıb
Unudub özünün kimliyini, keçmişini.
Üz-üzə dayanıb
Qıcıyıb bir-birinə zəhərli dişini.
Allah cəza verib onlara
Bir-birinin gününü eyləyiblər qara...
Özlərini öyürlər,
Çörəyindən kəsib silaha verir,

Sonra döşlərinə döyürlər,
Allahın yaratdığı torpağa
“Mənimdi, mənimdi” – deyirlər.
Torpaq onları yeyir,
onlar da bir-birinin gələcəyini,
keçmişini yeyirlər,
Ayaqsız qalanların yerişini,
Atasız körpələrin gülüşünü,
Anaların yuxusunu oda qalayırsınız,
Siz çapıb talayırsınız.
Bu heç talamaq da deyil.
Quduz kimi bir-birinizi dalayırsınız.
Dayanın gəlmələr
artıq siz gəlib çatmısınız.
Allahın dediyi cəhənnəm budur
Onu siz özünüz yaratmısınız.
İlk günahkar kimi
özünüzü ora atmısınız.
Cəhənnəm odu öz içinizdəki
məkrdi, kindi.
İnsan-yaradan, quran yaşadandı,
bəs bunlar kimdi?..
...Amerikada da gəlmələrdi,
İnsan sözdürsə,
onlar da kəlmələrdi...
Ağalıq iddiasını
hər kəs soxub öz qarnına,
hamı qulluq eləyir
müqəddəs qanuna.
Qanun qarşısında
milliyyət, irqçilik yoxdu,
hamı İnsandı.
Ona görə işləyənlər toxdu,
yaşamaq asandı,
gördükləri də gündü.
deməli, belə də mümkündü.


Bir daşın üstündə oturmuşam
qarmaq atmışam dənizə
Dayanmışam dənizlə üz-üzə.
Qarmağıma balıq özü gəlir
Ən uzaq yerdən, üzə-üzə.
Balıq qarmağımıza düşməyə də bilərdi
düşür səbrimizə.
Küləklər dalğaları qovur,
Dalğalar sualtı axınları,
axınlar balıqları.
Zəncirbənd olub hamısı bir-birinə
Üstdən aşağı, altdan yuxarı.
Bir daşın üstündə oturub
Qarmaq atmışam dənizə.
Səyyarələrin üstündə oturub
Kainatdan qarmaq atıblar bizə.
Allah ulduzları qovur
ulduzlar taleyimizi,
taleyimiz bizi.
Mən də qarmağıma
bənd eləmişəm dənizi.
Səhər-səhər, bu dan üzü,
Hamımız bir ipdən asılıyıq,
Bu ip kimi nazikdi haqq
ipimizi kəsmə Allah...
Yaradan bir sapa düzüb
bütün kainatı.
Hamının həyatı
bir sapdan sallanır.
Udan çox sevinməsin
uduzanla bir sapa şərikdi.
Əslində aldadan
özü də aldanır.
Yazığın qisası yaman olur.

Udmaq üçün insan min oyundan çıxır
Axırda udan zaman olur.


Bu küləklər, mehlər
İnsan nəfəsidi.
Yaşayıb gedənlərin
harayıdı, səsidi.
Qayalar da daşa dönmüş səslərdi
qalıb bərkiyib qat-qat.
Səsdən yaranıb ilkin həyat.
Ol! – dedi,
Oldu hər şey.
Bir-birindən doğuldu hər şey.
Zəncir halqaları kimi törədi, artdı.
Yarananlar da başladı, yaratdı.
Dartdıqca uzandı, uzandıqca dartdı.
Hər şey nəhayətsiz elm oldu...
Allahın ən böyük kəşfi ölüm oldu.
Ondan sonra sualının
cavabını bildi.
Arxayınlaşıb görünməzə çəkildi.
Allahın bir zərrə ruhudu
bizi daşdıran, qaynadan
danışdıran, qaynadan
“Mən-mən” – demə, ey nadan.
Ruh yenə qayıdacaq sahibinə.
Yediklərinin hamballığı,
tullantısı qalacaq sənə,
Ruhun, beynin, əlin varkən
Yaxşı işin, elmin, əməlin olsun.
Xatirələrdə heykəlin olsun.
Zamanın ətəyində əlin olsun.
Verdiyini alır zaman
Ruh əmanətdi Allahdan.
Kainat ağzıbağlı sandıqdı.
Səyyarələr bəlkə də
Ruhların qoyub getdiyi
qəbiristanlıqdı,
Mənim min illərim
kainatda bir anlıqdır.
Səyyarələrin özləri göz qabağındadı,
yolları qaranlıqdı.
Eləsi var, hələ heç cana gəlməyib
Eləsi var, hələ ölməyib,
Zaman heç nəyi doğmaya, yada
bölməyib.
Zamanın karvanını çəkib gedir.
Bir sapa düzülüb hər şey
hamının zamanı gəlir bir-bir.
Səyyarələr də
əvvəl beşik olur,
sonra qəbir,
Səbir lazımdı,
Hər şey axırda düzəlir.
Allahın bir adı da
səbirdir, səbir.


Yaradan bütün yaratdıqlarının
sahibidi, yiyəsidi.
Allah yanında ən uca mərtəbə
İnsan səviyyəsidir.
O mərtəbəyə kimi
bütün ömürlər
yaşanır, keçilir,
İnsan olur, İnsan.
Bu mərtəbədə lap gözünü yumsan
Yenə görə bilərsən
Ağlının gözü ilə.

Ən keçilməz qapılardan
girə bilərsən
ağlının gözü ilə.
Bu mərtəbədə bir din var
sahibi Allahdı.
Bütün peyğəmbərlər din qardaşındı
Bir insan var Adəmdi
bütün millətlər
sənin qardaşındı.
Bu mərtəbədə bir ağan var
o da sənin öz başındı,
bəlkə belə demək günahdı,
amma günah olsa da sözüm haqdı.
Başının içindədi dostun, düşmənin.
Elmi dildə adını bilmirəm
Qafandakı beynin-düşünənin.
Odur ömrün boyu
başına ip salıb hərləyən.
Səni meymun kimi oynadan,
it kimi hürdürən,
at kimi yəhərləyən.
Axırda da cənnətə,
cəhənnəmə atan –
– Öz başındakı ağıldı,
ondan başqa
nə desələr nağıldı.
İnsan beyni –
kainatın eyni
modelidi.
Beyində mərkəzlər
kainatda ulduzlar
Onlar da mənasını bilmədiyimiz
sözlərdir, sözlər.
İnsan öz beynindəki
milyard ulduzlardan
beş-onunu tanıyır.
Soruşsan kainatdan da
beş-on ulduz adı sanayar.
Beynimizdə mərkəzlər
mürgülü, yuxulu,
Kainatda sükut içində yatır
ulduzların yolu.
İnsan beyni kainatdı,
gələcəyi uludu İnsan.
Neyləsin ki, özü hələ uşaqdı,
beyni yuxuludu İnsan.
Hansı nəhəngin beynidi kainat?
Bəlkə məndən o cavandı,
beynimizdən yenidi kainat.
Mən insanam beynimizdə kainatın
xəritəsi
Məni çağırır
uzaq ulduzların səsi.
İnsanı çağırır kainat
çağırır geri
Allah yanında
boş qalıb
İnsan mərtəbəsi,
boş qalıb
İnsan mərtəbəsi,
İnsan yeri.
Ona görə biz öz içimizdən
ucalmalıyıq.
Öz nadanlığımıza,
qalib gəlməli,
zəfər çalmalıyıq.
Beynimizin İnsan mərkəzi o,
yanmalıdı.
Oyanmalıdı!
günəş olub oynamalıdı
Onun nuruna
bütün varlıq boyanmalıdı.

O zaman yuxuda uçduqlarımız
çin olacaq.
İnsan göyərçin olacaq.
Ulduzlar mayak,
günəşlər ocaq.
Ömür zamanla uçacaq
yanaşı,
min illərlə ölçüləcək
insanın yaşı.
Yoxsa elə yaranandan
oturmuşdun cənnətdə
sənə daha nə gərək idi,
cənnət meyvəsi bəhanə idi,
Səni yaradana bəhanə idi.
Səni cənnətdən qovdu ki,
Desin get, Adəm, böyü, ucal, ol İnsan.
Yolunu gözləyir Yaradan,
Adəm, gözləyir ki, sən İnsan olasan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri