Adi həqiqətlər
Gördüklərim gözümün qərəlidi.
Görə bilmədiyimə yoxdur demirəm.
Onlar da görənlərə bəllidi.
Bu kainatda gördüyüm
bir zərrə də
mənə təsəllidi.
Bir ömrə bu da bəsdi.
İnsan ömrü ani bir səsdi.
Ülvi məhəbbətin ölməz sözü var.
Dönər əfsanəyə min illər yaşar.
Leylinin, Məcnunun oğlu-qızı var,
Nakam məhəbbətdən deyər, danışar.
Bütün cavanların üzünə qonur,
Bizi bu dünyaya gətirin deyir,
Bütün gözəllərin gözünə qonur,
Siz bu əfsanəni bitirin deyir.
Leylinin, Məcnunun oğlu, qızı var.
Min ildir yol gələn ruhdular onlar,
Qanana deməli dərdi, sözü var.
Görə bilməyənə yoxdular onlar.
Allah ən əvvəl
Leyli, Məcnun əfsanəsini yaradıb.
Əfsanədən xoşu gəlib
Sonra, insan, səni yaradıb.
Əvvəl sözdü...
Yaradan əvvəl bu sözü yapdı,
Az sonra Adəmlə Həvvanı
yoğurdu yapdı,
Onların içinə nur qoydu,
özünə oxşar yaratdı.
Onlar cütdü
həm də hər biri təkdi.
Görüş, ayrılıq
həyatın iki üzüdür,
ikisi də gərəkdi.
Biri dünyaya gəlişdi,
biri dünyadan gedişdi.
Onlar vüsal, hicran, sevinc, kədər deyil,
adi işdir.
Hər kəs doğulanda
ölümü ilə əkiz doğulur.
Görüşün içində doğulur hicran,
hicranın sonunda görüşdü.
Onların arasındakı vaxta
ömür deyirik,
Əslində bu ömür dediyimiz də
adi bir işdi.
Əsl ibadət
Yaradana oxşamaqdı.
Yaradıb yaşamaqdır.
Gözəl arzularını
gerçək elə sən,
Səhranı çiçək elə sən,
Fikrini qanadlandır,
Adsızı adlandır,
Piyadanı atlandır.
Balaca bir həyətin olsun,
Həyətin kainatı olsun.
Həyətində toyuq-cücən, mal-qaran,
atın, itin olsun.
Su verəndə ağaclarının yarpaqları,
Şirin-şirin meyvəsi, barı,
pıçıldayıb ibadət edəcək sənə,
Həyətinin daşı torpağı adət edəcək sənə.
Gözəl nemətlər yaradacaq
ətrini dəmət edəcək sənə.
Bu həyətin yaradanı sənsən.
Səni sahib sayan mal-qara,
sənə yalan deməz.
Sənin atın
heç sənin padşahına da
yalman verməz.
Sən də etibarlı atı,
Həyəti qoruyan iti,
Yumurta yaradan toyuğu,
Süd yaradan inəyi,
daha nəyi, nəyi...
Yaxından izləyirsən
Daha çox əzizləyirsən.
Hər ayağa gələn ayaqqabı –
– Minişgil yabı,
Banlayan toyuq,
Hamıya yaltaqlanan köpək,
Ağız artığı yeyir,
bir də kötək.
Özümüzə kötək dəyəndə,
Tale bizi döyəndə.
Günahkar sayırıq
qonşunu, milləti,
rəhbəri, dövləti.
Bərk ağrıyanda yarası
Allaha da olur ası,
özü heç nə yaratmayan insan
Özün də heç nə olursan.
Evim, xanımım, uşağım var,
Öz pəncərəm
pəncərəmdə öz işığım var,
Qəlbimdə bir sonsuz səhra var,
Ruhum o səhrada Məcnundu,
Leylinin adı gizli.
Bu eşqin odu gizli-gizli,
Qara saçlarımı yandırdı,
ağ külə döndərdi.
Günlərimi ilə döndərdi.
Ömrüm birdi,
yaşadığım başqa-başqa
iki həyatdı.
Ruhum qəlbimdəki səhrada
Məcnundu,
Leylim İbni Səlamı da aldatdı, atdı.
Evim, xanımım, uşağım var,
Öz pəncərəm,
pəncərəmdə öz işığım var
Hələ məzarımın da yerini
indidən bilirəm,
gəlirəm, gəlirəm...
Yazıq Məcnun ruhum
gecə-gündüz ürəyimin içindən
qapımı döyür.
Ağlayır, gülür, yalvarır, söyür.
Kainat dediyimiz
Allah yaratdığı bu bağın
hər kəsə yaxından-yaxın.
Hər kəsin ürəyində,
beynində pıçıldayan
Allahın səsidir.
Yaranan gündən
səndə Allah nuru olur.
O yaşadır səni həyatda.
O nurun adına ruh da deyirlər,
duyğu da,
altıncı hissiyyat da.
Aləmlərin ən uzaq nöqtəsindən
dayanıb sənə baxır Allah.
heç kəsi Allahsız qoymur,
heç kəsi tək buraxmır Allah.
Bir zərrə Allah nuru var
hər kəsdə
yaşayan da, yaradan da odur.
Allahın Adəmə üfürdüyü nur
bütün canlıları qızdırır,
o nurun bir zərrə odu.
Bu odun min bir adı var.
Amma hər şeyin canında
Allah odu var
yanan ocağın odu
yanmamışdan harda idi?
Kül olandan sonra
hara yox oldu?
Ürəyimin başındakı
odsuz, ocaqsız daimi hərarət,
Canımdakı hürriyyət,
Beynimə düşən niyyət.
Bu fikirləri beynimə salan
Hərdən məni məndən alan
Bəs kimdi?
Mən başqa bir şeyəm
ruhumdakı hökm
başqa bir hökmdü.
Keçib gəlmişəm,
Ulduzlar arasındakı uzaq bir yolu,
Mavi şəhralar keçmişəm
sükutla dolu.
Adəm cənnətdən qovulandan
Zamandan zamana keçirəm.
Pərvanələr kimi
günəşdən günəşə uçuram.
Biz gün işığına
yetişirik,
bişirik,
qovruluruq.
Deyəsən, hər birimiz
doğulanda cənnətdən qovuluruq.
Bəlkə cənnət yaratmağa gəlmişik,
gələcək illərə.
Gələcəkdə gələcək,
imanı kamillərə.
Bəlkə cəhənnəm bu dünyadı.
Özümüzdəndi odunu, odu,
Özünsən çömçə bulayan,
od qalayan,
Özün də bala-bala yan,
Yan bala, yan!
Həmişə keçmir zor, bala yan!
Bəlkə də insan olardın,
Oddan və qandan başqa,
bir şey görsən,
bir şey tanısan,
Bura cəhənnəmsə
sən Allahın,
bura qovduğu şeytanısan.
Yandır, yan, bala yan!
Tavandan yuxarıda insan,
Döşəmədən aşağıda insan,
Divarların arxasında insan.
Evdə oğlun, qızın arvadın insan.
Özünün də adın insan.
Özün də köks qəfəsinin içində
tək tənha olasan.
Bax bu böyük dərddi.
Dərdi dərd yanına qoyub
kiçiltmək də bir adətdi.
Allahın dərdi daha böyükdü.
Onun dərdi kainata yükdü.
Ondan aşağıda
ondan yuxarıda Allah yoxdu.
Sevəni, aşiqi çoxdu,
sevgilisi, uşağı yoxdu.
Keçmişi, bu günü, gələcəyi yoxdu.
Doğulduğu, öləcəyi günü yoxdu.
Yaratdıqları acgözdü,
özünün gözü həmişə toxdu.
Aləmləri yaşadır eşqinin odu,
Əvvəllindən tək tənhadı.
tənhalıq bütün dərdlərin
sərhədini aşır.
Tənhalıq bəlkə elə təkcə
Allaha yaraşır.
O tək-tənhadı, yalqız deyil.
O boyda təkliyə dərd demək
bəlkə heç düz deyil,
Özü təkdi
Amma əkdiyini cüt əkdi,
Yaratdığını cüt yaratdı,
Kainata dağıtdı,
səyyarələrə atdı.
Taleyini də yazdı
ovcuna, alnına,
Ağıl adlı olmazına, olanına.
Həyat verdiyinə ölüm də verib.
İkisini də bir əlində verib.
Deyib özün bilərsən
nə çəkdirsən, nə çəksən,
Amma mən deyən ölümə
özün gələcəksən.
Ölümsüz bir Allahdı,
Ölümsüz olan təkdi, haqdı.
Bilirdin öləcək atan, anan,
Bu həqiqəti qanırdın,
qanırdın, həm də inanırdın.
heç nə qanmayan, hər şeyi qanan,
Bilirdin öləcək bacın, qardaşın,
Özün dünyanın xaqanı olsan da,
Bir gün ölüm ayağına
əyiləcək başın.
Bilirdin,
bilə-bilə dünyaya gəlirdin,
Onda dərd sözü nədi?
Ölüm hamının bildiyi
adi həqiqətdi.
Bəs dərdin özü nədi?
Tez ölür?
Gec ölür?
Onu da Allah bilir.
Yaradanla bu barədə söz olmayıb.
Aramızda müqaviləmiz olmayıb.
İnsan! Axı nə düz olmayıb!
Bir əzizin öləndə
Böyük dərdim var deyib,
Özünü içəridən
Qabıq, qabıq soğan kimi soyursan.
Hamının gözünü yaşarda-yaşarda,
Hamıdan əziz olan Allahı
haqsız sayırsan.
Tutaq ki, haqlısan,
Nə olar soyuyarsan bir az ağlasan,
Amma gərək yanmağın yandırmasın
işıq olsun.
Yanmağın da insan ömrünə yaraşıq olsun.
Yanırsan şam kimi yan,
Batan günəş kimi, düşən axşam kimi yan.
Bəlkə elə bu da o tək-tənhanın
Qurduğu oyundu, əyləncədi.
Onun mətləbi çox böyükdü,
Həqiqəti görünməzdi,
zərifdi, incədi.
Bu dünyaya gəldiyimiz
yolu unutmuşuq.
Bilmirik burdan hayana üz tutmuşuq.
Əlimizdə əvvəli sonu olmayan
yarımçıq bir yazı...
Soruşmaq ayıb olmasın
biz nədən narazıyıq,
nədən razı?!
Atam getdi,
Məndən kiçik qardaşım getdi.
Neçə dostum, yoldaşım getdi
Bu günlərdə uçdu uçmaq öyrədir.
Mən ayağı yerə bağlı insanam,
İndi inanmışam,
indi xeyli ürəklənmişəm.
Sizlər uçub getdiyiniz budağa,
indi mən də enmişəm.
Kərtənkələ sülaləsindən biri,
Allaha yalvardı ki,
məni qaytar geri.
Arvadlı, kişili,
erkəkli, dişili,
ikimizi bir canda yarat.
Onda biz çox yaşayarıq qat-qat.
Nə Leyli Məcnun məhəbbətini,
Nə də etibarsızlığın nifrətini,
vermə mənə.
O artıq əzabları
rəva görmə mənə.
Balam da bir olsun,
bir olsun bəbir olsun,
Mənə dəxli olmasın
Od olsun, ya şir olsun.
Deyirlər yer üzündə
Bir növ kərtənkələdir,
Övladı öz ömrünə
Qurulmuş bir tələdir.
Nə erkəkdir, nə dişi,
Hissiz, duyğusuz, işsiz,
Yatıb durmaqdı işi.
Ömrünün sonlarında,
Qarnında maya olur
Mayası bala olur.
Canına bəla olur.
Ananın qarnında,
Açılır buta kimi,
Ananı içindən yeyir,
Yeyir yumurta kimi.
Yeyir, yeyir ananı,
Canını alanacan.
Bala yeyir ananı,
Qabığı qalanacan.
Sonra qabığı deşib,
Çölə üz qoyur bala,
Çönüb baxmır da dala.
Qarşıda anasının,
Taleyi gözlər onu,
Ana-bala gedirlər,
Bir-birinin yolunu.
Onu görk yaradıbdı,
Görk də yaşadır Allah.
Onu axtarmaq üçün
Çölə-düzə düşməyin.
Anasını pis günə
qoyan oğula, qıza bax.
Olan-olmazın alır,
Varını satır gedir,
Ananı, ya atanı,
Qocaldır, atır gedir.
Ata-ananı atır,
Ya qocalar evinə,
ya tale umuduna.
Ata-analar yanır,
Yanır övlad oduna.
Kərtənkələ axtarma,
Dönər sənə deyər ki,
Nə gəzirsən, ay axmaq
Səni qoca yaşında
atan övladına bax.
Ey aləmi yaradan,
Nurunla qızınır kainat,
Bir zərrə nurun ruh olur,
Həyat verir, həyat.
Bu aləmdə milyonlarla yer kürəsi var,
hamısında da canlı səsi var.
hər canlıda Allah zərrəsi var.
Adı ruhdu.
Adəmin Həvvanın soyuq canına,
Allahın üfürdüyü odu – ruhdu.
Sonra da onları atdı yer üzünə,
Yeni bir təsərrüfat yaratdı özünə.
Adəmlə Həvva örədi, törədi,
Altı milyardı keçir indi.
İki zərrə ruh vermişdi,
Milyonlarla ruh içir indi.
Kainatda yer kürəsi,
Milyonlardan bir həyatdı,
tullantısız bir təsərrüfatdı,
özü-özünü nizamlamağı var.
Yaradanın kainat adlı bir bağı var.
Səyyarələr arasında,
Həmişə qaçhaqaçdı-qovhaqovdu,
Allah cənnətdə adəmlər, həvvalar
yaratdı.
Sonra səyyarələrə qovdu.
İnsan da yaradanın
dediyi bir kəlmədi,
Kainatdan gəlmədi.
Doğulanda xəyal adlı
əlvan qanadları olur.
Mələk kimi görünməz yaranır.
Nur kimi təmiz doğulur.
Xəyalı qanadlarını açır.
Yuxularında uçur, uçur,
Yer nemətlərini yedikcə,
Nemətinə şükür, ya rəbb, dedikcə
Kainat səyyarəyə parçalanır.
Səyyarə vətənə,
vətən şəhərə, kəndə, həyətə,
həyət toyuğa, mala,
ata, itə parçalanır.
Xəyalında uçan insanın,
qanadları qayçılanır.
Bal arısı kimi
gecə-gündüz çalışırıq,
İşləyirik, vuruşuruq,
küsürük, barışırıq.
Torpaqda nə varsa,
dadlı, ləzətli, yaraşıqlı,
işıqlı.
Yığıb doldururuq,
bədənimizə, canımıza,
gödənimizə,
boyumuza, enimizə.
Bədənimiz dəyib yetişəndə,
sapımız, saplağımız,
qırılıb biz düşəndə.
Düşürük torpağın açılmış ağzına.
Adı çoxdu
məzar da, qəbir də deyirlər ona.
Özü də əzizlərin bükür gətirir səni.
Deyir cənab torpaq buyur götür,
Nuş olsun,
əzizlərin də üstün örtür,
torpaqlayır.
Sonra da oturub ağlayır.
O yaradan kişi
Gör nə məharətlə qurub firmanı.
Necə məharətlə gördürür işi.
Bir zərrə ruh qoyur cana.
Bədən çalışır, böyüyür, şişir,
Sonra Allah öz zərrəsini alır.
Bədəni yetişmiş meyvə kimi,
Torpağın açılmış ağzına salır.
Elədi haqdı,
Amma unutma ki,
səni də yaradan Allahdı.
Ruh dediyin zərrə də onundu.
Tale dediyin ömür də.
Ölüm dediyin sonuncu əmr də.
Bir də ömürdən əvvəl,
ömürdən sonra,
bir də...
Leyli Məcnunlar dünyada olanda
Yaradana Məhəbbət,
qalardı ikinci planda.
Yaradan özüdür canı, məhəbbəti,
verən də, alan da.
Ona məhəbbətdən böyüyü,
məntiqsizdi, yalandı.
Allahın verdiyi ruh olmasa,
o hansı məhəbbətdi.
İnsan ruhsuz bir parça ətdi,
sonra da bir ovuc torpaqdı.
Allah yaratdığı əfsanəyə baxdı,
Dedi ki, əlimin altındakı gildi,
torpaqdı,
Adəmlə Həvvanı gildən yoğurdu.
Duz vurdu, su vurdu, qurdu,
yaratdı.
Yaxşı bilirsiniz bir-birinizin
tamın
Əlbət ki, şiti var, duzlusu var adamın.
Onları da tamahı aldatdı.
Oğurluq yedilər,
Onları cənnətdən,
Allah yer üzünə atdı.
İnsan örədi, artdı.
Yarımız haqlıyıq,
yarımız haqsız,
Allahlı,
Allahsız.
Ruhumuz Allahdandır,
Adəmdən, Həvvadan
oğurluq var qanımızda.
Birində bir az çox,
birində bir az az.
Bizdən Leyli Məcnun olmaz.
Tamah şeytandı, bizimlə əkizdi.
Ruhumuz Allahdandı, təmizdi.
Böyük təsəllimiz budur.
Bizi də Allah yaradıb,
Ona öz yaratdığı əzizdi.
Kainatda ulduzların karvanı
öz köçündədir.
Biz də bu qaranlıqda işıldaquşlarıq.
Hər kəsin düşməni öz içindədi,
adı tamahdı, iblisdi,
Özümüzə qalib gələk
olaq mələk,
Leylinin Məcnunun,
oğlunu, qızını,
dünyaya gətirək.
Əfsanəni bitirək.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-adi-heqiqetler
← → düymələri ilə keçid, R — təsadüfi şeir