Dünyanın
Başıma daş salıb, durduğum yerdə,Başına daş düşsün belə dunyanın!Başı qarışıqdı, işi dolaşıq,Niyyəti qaradır hələ dünyanın!
Mehri-məhəbbəti, qılığı yoxdur,İstidi, soyuqdu – ilığı yoxdur.Yanmış ümidlərin qalığı yoxdur,Torpağı oxşayır külə dünyanın.
Xeyri imkansızdı, şəri imkanlı,Çörəyi qılçıqlı, gülü tikanlı.Səni alıb-satar bazar, dükanlı,Övladı sərvətə kölə – dünyanın.
Acı zəqqum dadır ən şirin suyu,Dadını dəyişmir bir ömür boyu.Hər addım başında qazılıb quyu,Yolu başdan-başa tələ – dünyanın.
Dünya sarayının kərpici qəmdir,Çölü yaraşıqdı, ta içi qəmdir.Göz yaşı qarışıq sevinci qəmdir,Qəmi bülənd olub zilə dünyanın,Hər günü bərabər ilə dünyanın.
May, 2004
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-dunyanin
← → düymələri ilə keçid, R — təsadüfi şeir