Məcnun ki, ona nəzarə qıldı,
Razi-dilin aşikarə qıldı,

Çəkdi fələkə fəğanü ahı,
Sultanının oldu dadxahı:

"K'ey qədri bülənd padşahım,
Bildir mənə kim, nədir günahım?

Fərmana müxalifətmi qıldım?
Ə'daya müvafiqətmi qıldım?

Bədxahlərinmidir bu tədbir?
Qəmmazlərinmidir bu təzvir?

Mən mö'təqidəm bu asitanə,
Ya Rəb, nola rəddimə bəhanə?

Kimdəndir ola, bu məkrü hiylə,
Kim oldu ola buna vəsilə?

Ta xaki-dərindən olmuşam dur,
Aşüftəvü xəstəhalü rəncur,

Gahi çəkərəm şikənceyi-qəm,
Gahi oluram bəlaya həmdəm.

Tənha keçər oldu ruziganın,
Səhrada nə munisü nə yarım.

Sən xud gözəlim, qəmim yeməzsən,
"Ol şiftə qandadır" - deməzsən.

Məndən bu təğafülün əcəbdir,
Guya ki, nişaneyi-qəzəbdir.

Mən böylə neçün zəbunü xarəm,
Ha gəldim, əgər günahkarəm.

Çökdüm yerə gərdənimdə zəncir,
Bismillah, əgər olursa tə'zir,

Fərman səndən, qəbul məndən,
Olma, gözəlim, məlul məndən!

Zülfü müjə, xəncarü rəsən bəs,
Hökmünü yerit, həm asü həm kəs!

Gər arada bir qübar' qoyma,
Öldür məni, şərmsar qoyma!

Tə'zirimə eyləsən təəllül,
Lazım məni öldürər təğafül.

Ey laləüzarü ənbərin mu,
Gəncinəcəmalü mar geysu!

Ta zülfünə olmuşam giriftar,
Zənciri-cünuna rəğbətim var.

Qəm silsiləsinə paybəndəm,
Divanələr içrə sərbüləndəm.

Sövdadə dönüb ziyana sudim,
Peyvəstə bu şe'rdir sürudim:

Bu qəzəl Məcnun dilindəndir

Küfri-zülfün salalı rəxnələr imanimizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə.

Səni görmək mütəəzzir görünür böylə ki, əşk
Sənə baxdıqda dolar dideyi-giryanimizə.

Cövrü çox eyləmə kim, olmaya nagəh tükənə,
Az edib, cövrü cəfalər qılıban canimizə.

Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm al
Hər gələn qəmli gedər, şad gəlib yanimizə.

Var hər həlqeyi-zəncirimizin bir ağzı,
Müttəsil verməgə ifşa qəmi-pünhnimizə.

Qəmi-əyyam, Füzuli, bizə bidad etdi,
Gəlmişiz əcz ilə dad etməgə sultanimizə.

Təmamiyi-süxən

Bir ləhzə qılıb bu rəsmə fəryad,
Suitaninə zülmi-eşqdan dad,

Zəncirini etdi parə-parə,
Tutdu yenə xəlqdən kənarə.

Əndamı şikəstə, çeşmi nənmak,
Rüsvavü xərabü məstü bibak.

Ardınca qoşun-qoşun uşaqlar,
Əhvalına kim gülər, kim ağlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri