Mərsiyə dər həqqi-xamisi-ali-əba həzrəti-seyyidüş-şühəda
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
Mahi-məhərrəm oldu şəfəqdən çıxıb hilal,Qılmış əza, töküb yüzə xun birlə əşki-al.
Övladi-Müstəfayə mədəd qılmamış Fərat,Keçirməsinmi yerlərə anı bu infi’al.
Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla,Əlbəttə çox hekayət olur mövcibi-məlal.
İbrətlə bax, qəmi-şühəda şərhin etməyəHər səbzə Kərbəladə açıbdır zəbani-hal.
Təcdidi-matəmi-şühəda qıldı ruzigar,Zar ağla, ey könül, bugün olduqca ehtimal.
Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl,Gərduni-duni guneyi-matəm siyah qıl.
Mahi-məhərrəm oldu, məsərrət həramdır,Matəm bugün şəriətə bir ehtiramdır.
Təcdidi-matəmi-şühəda nəf’siz degil,Qəflətsərayi-dəhrdə tənbihi-amdır.
Qovğayi-Kərbəla xəbərin səhl sanma kim,Nəğzi-vəfayi-dəhrə dəlili-təmamdır.
Hər zərrə əşk kim, tökülür zikri-Alilə,Səyyareyi-sipehri-ülüvvi-məqamdır.
Hər məddi-ah kim, çəkilir Əhli-beyt üçün,Miftahi-rövzeyi-dəri-Darüs-səlamdır.
Şad olmasın bu vaqiədə şad olan könül,Bir dəm bəlavü qüssədən azad olan könül.
Tədbiri-qətli-Ali-Əba qıldın, ey fələk,Fikri-qələt, xəyali-xəta qıldın, ey fələk.
Bərqi-səhabi-hadisədən tiğlər çəkib,Bir-bir həvaleyi-şühəda qıldın, ey fələk.
İsmət hərəmsərasinə hörmət rəva ikən,Pamali-xəsmi-bisərü pa qıldın, ey fələk.
Səhrayi-Kərbəladə olan təşnələblərəRigi-rəvani seyli-bəla qıldın, ey fələk.
Təxfifi-qədri-şər’dən əndişə qılmadın,Övladi-Müstəfayə cəfa qıldın, ey fələk.
Bir rəhm qılmadın cigəri qan olanlara,Qürbətdə ruzigari pərişan olanlara.
Basdıqda Kərbəlayə qədəm şahi-Kərbəla,Oldu nişani-tiri-sitəm şahi-Kərbəla.
Düşmən oxuna qeyr sipər görməyib rəva,Yaxmışdı canə daği-ələm şahi-Kərbəla.
Dudi-dili-püratəşi əhli-nəzarədənEtmişdi pərdədari-hərəm şahi-Kərbəla.
Olduqca ömrü rahəti-dil görməyib dəmi,Olmuş həmişə həmdəmi-qəm şahi-Kərbəla.
Ə’da müqabilində çəkəndə səfi-sipah,Qılmışdı məddi-ahi ələm şahi-Kərbəla.
Ya şahi-Kərbəla, nə rəva bunca qəm sənə,Dərdi-dəmadəmü ələmi-dəmbədəm sənə.
Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn,Vey Kərbəla bəlalərinə mübtəla Hüseyn.
Qəm parə-parə bağrını yandırdı dağilə,Ey laleyi-hədiqəyi-Ali-Əba Hüseyn.
Tiği-cəfa ilə bədənin oldu çak-çak,Ey bustani-səbzeyi-tiği-cəfa Hüseyn.
Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr,Ey şəm’i-bəzmi-bargəhi-kibriya Hüseyn.
Dövri-fələk içirdi sənə kasə-kasə qan,Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn.
Yad et, Füzuli, Ali-Əba halin, eylə ahKim, bərqi-ahilə yaxılır xərməni-günah.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-mersiye-der-heqqi-xamisi-ali-eba-hezreti-seyyidus-suheda
← → düymələri ilə keçid, R — təsadüfi şeir