Səhifə 3 / 3 · 67%

A s y a qorxusundan guya üzünü cırır, təəccüb edir.

S o l t a n b ə y (təəccüb və heyrətlə). Qızım sən istədiyin kimdir, söylə görək.

A s y a qorxur. Musiqi.

G ü l ç ö h r ə. (Oxuyur).

Məni saldı olmaz dərdə, arşın mal alan, (2 dəfə)
Qalmadı heç taqət məndə, yanaram. (2 dəfə)
Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dəfə)
Ola bilməz özgə fikrim, arşın mal alan, (2 dəfə)
Onu görcək aşiq oldum, arşın mal alan, (2 dəfə)
Günü-gündən dərdə doldum, yanaram. (2 dəfə)

S o l t a n b ə y (bərk hirslənir). Qızım, arşın mal alan kimdir? (Kənara). Yoxsa o xalası olandır?
G ü l ç ö h r ə. Mən getsəm, ona ərə gedərəm.
S o l t a n b ə y. (Birdən qışqırır). Nə danışırsan, axmaq qızı axmaq. Bazarın gədəsinə ərə gedəcəksən, dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşiq olubdur, pəh-pəh, pəh! İndi bildim ki, nə üçün ərə getmək istəmirsən. Amma onu sən yəqin bil ki, əgər belə axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram ki, bir kərə nəfəsini çəkərsən. Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşınmalçıya baxırsan. Qoy bir o arşınmalçı gözümə görünsün: ona mən bir patron çaxım ki, iyi-tozu qalmasın. Onu bil ki, mənə Soltan bəy deyərlər. Mən binamusluğu qəbul edən adam deyiləm. Səni də öldürərəm, onu da öldürərəm!
G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ata, vallah, öldür mənim canım qurtarsın.
S o l t a n bəy (çığıra-çığıra). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir də arşınmalçı adı tutsan, səni tikə-tikə doğracayam. Belə binamusluq olar ki, mənim qızım gədə-güdəyə bənd olsun? (Ayağını yerə vurur). Dur bu saat rədd ol gözümün qabağından. İtil burdan, binamus. (Gülçöhrə durub bərk ağlaya-ağlaya gedir. Soltan bəy hövlnak ora-bura gəzir. Asya və Telliyə.) Nə vaxt arşınmalçı, bura gəlmişdi?
A s y a (qorxa-qorxa). Vallah, xəbərim yoxdur.
S o l t a n b ə y. Necə xəbərin yoxdur? Yalandan məndən gizləyirsiz. Cəhənnəm olun siz də burdan. (Asya və Telli qaçırlar.) Əcəb başıma kələk gəldi; itin birisi qapıma gəlib qızımı özünə bənd eləyir; belə də binamusluq olar? İndi başa düşürəm ki, nə üçün xalasının əvəzində qızımı istəyirmiş. Cəhənnəm olsun onun xalası da, istəmədik…. Qız lap dəli kimi olubdur. Gərək tezliklə ərə verim, çıxsın getsin, yoxsa işdən sonra bir xata çıxar. Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getməyəcəkdir. Mənim də hirsim tutar, vurub öldürərəm. Ay qız, Asya, Telli. Bura gəlin. (Asya və Telli daxil olur.) Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara).
A s y a (Telliyə acıqla). İndi biz fəqir nə qayıraq, bizdə nə taqsır var ki, Gülçöhrə bir gədəyə aşiq olubdur. Ay qız get Gülçöhrəni çağır bura. (Telli gedir.) Gör, sən allah. Qızın cürətinə bax. Atasına açıq deyir ki, arşınmalçıya bənd olmuşam. Lap xatadır bu qızın işi.

G ü l ç ö h r ə ilə T e l l i gəlirlər. G ü l ç ö h r ə yenə taxtın üstə yıxılır.

M u s i q i

A s y a və T e l l i.

Bəsdir bunca ahü zarın (2 dəfə)
Nəyə lazım bu fəryad (2 dəfə)
Layiqdirmi ola yarın, (2 dəfə)
Atan ola sənə yad! (2 dəfə)

G ü l ç ö h r ə.

Getmiş əldən ixtiyarım, (2 dəfə)
Kimsədən yox heç imdad.
Ağlar oldu böylə halım,
Necə qılmam mən fəryad?! (2 dəfə)

A s y a və T e l l i.

Heç yaraşmaz ah edəsən. (2 dəfə)
Gəl ol sən də biz tək şad. (2dəfə)
Səy qıl kim qala səndə (2 dəfə)
Xalq içində yaxşı ad. (2 dəfə)

M u s i q i

P ə r d ə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ovzaımız

Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.

3 dəq
Tələbələr məsələsi

Qəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.

3 dəq
Ordan-burdan 44

Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:

1 dəq
Ayrı söhbət

Rəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.

1 dəq

Başqa şairlərin şeirləri