İkinci məclis
(Yenə vaqe olur həmən otaqda. Söhrab bidamağ anasının qabağında durub, şüştər oxuyur.)
Söhrab
Sinnim əyər azdır, ey anacan
Amma özüm əjdahayi-dövran
Davaya əgərçi qılsam ahəng
Kimdir ki, mənimlə eyləsin cəng
Söhrabi qəzənfəri-dilirəm.
Dava günü bir acıqlı şirəm
Amma ki sən ey xəstəcə madər
Lütf et mənə doğrusun xəbər ver
Məndən sorur hər görən atamı
Kəşf eylə mənə nədir nişanu namı.
Könlümdə görə ah iştiyağın
Ver nami nişan tapım surağın.
(Təhminə təsnif oxuyur. Musiqi)
Təhminə
Söhrabım, bu sirri mən sənə
Kəşf edim yeməyəsən heç qəm
Sən deyirsən kim atan kimdir
Səndən soruşur hərdəm
Bilginən oğlum atan sənin
Hər yerdə məşhurudur Rüstəm.
(Söhrab bayatı-kürd oxuyur.)
Söhrab
Ana, ana, nə deyirsən məgər o Rüstəm-Zal
Ki şöhrəti tutmuş cahanı mala-mal
Mənim atam əgər o şiri qərrandırsa
Yararmı kim ola pünhan mənə bu əhval
Mənəmsə mən gedirəm atam məni gözlər
Mənim məkanım o meydandır ana salamat qal.
Təhminə
Kaş oğlum deməyəydim bu sözü mən sənə kaş
Etməyəydim bu qədər saxladığım sirri faş
Sən gedirsən məni bəs neyləyirsən, ey oğlum
Sən gedirsənsə gözümdən axacaqdır qan, yaş.
Söhrab
Nə edim bəs anacan, qalmış atam tək-tənha
Gözlüyür kim gələcəkdir onun oğlu Söhrab.
Təhminə
Qorxuram gər səni cəngə buraxsam oğlum
Qalmıya məndə dözüm zərrə qədər taqət-tab.
(Söhrab qatar oxuyur.)
Söhrab
Çəkərəm xəncərimi hər tərəfi qan edərəm
Görsəm gər atamı cismimi qurban edərəm
Çəkmə qəm ey anacan, mən gedirəm davaya
Ad alıb, san qazanıb, aləmi heyran elərəm.
(Rasta enir.)
Yorulubdursa atam cəngü cidaldan hərgah
Mən ona imdad edib düşməni giryan edərəm.
(Padşah, vəzirlər, xor daxil olurlar, Şah “Mahuri-hindi” oxuyur.)
Padşah
Bu güftuguyə səbəb söylə bir nədir, Söhrab
Neçin Təhminənin halı olubdur xərab
Yararmı incidəsən qəlbini ta kim ola da əzab.
Söhrab
Əfv qıl şah babacan, madərimi incitməm
Mən ki, ədabə muğayir hərəkət heç etməm
Qəsdim ancaq ki, budur öz atamın yanına mən
Gedibən canımı qurban eləyim canına mən
Bilmişəm Rüstəmi-Zal nə olmuş getməm
İzn ver sən də, anam da mənə, ey şah babacan
Ta gedim bir görüm o şiri-jəyan Rüstəmi mən.
Şah
Get bala, get sənə mən getməyə rüsxət verdim
Görgünən Rüstəm-Zalı pədərindir o sənin.
(Təhminəyə)
İzn ver, Təhminə, sən də nəyə lazım giryə
Qoy oğul görsün atasın ki, ərindir o sənin.
(Vəzirlərə)
Söyləsinlər qoşuna hazır olun meydanə
Hər nə var tiğü kaman, nizəyi-xəncərlə belə
Eyliyir əzmi səfər Rüstəm-Zal oğlu bu gün
Görəcəkdir atasın cəng edəcək mərdanə.
(Qoşun daxil olur, marş ilə oxuyur.)
Xor
Cəng əhliyiz biz – cəng əhliyiz biz
Cəng əhliyiz biz – cəng əhliyiz biz. (2 dəfə)
(Söhrab davaya hazır olub, anası ilə əlvida eləyir.)
Söhrab
Səlamət qal anacan həlal et oğlunu bəlkə
Gedər-gəlməz olur rahim deyil ovdet mənə qismət
Könlümdə bir arzum vardır, görüşməkdir atam ilə
Qəm etmə, ağlama billah nə lazım bir belə möhnət
Xudahafiz, xudahafiz məni gözlər qoşun əhli
Gedək meydanə yüz tutduq görək neylər qəza qüdrət.
(Təhminə təsnif oxuyur. Musiqi)
Təhminə
Oğul rəhm et – qoyma məni
Necə qalım – mən sənsiz
Sən gəlincə – mən dözmərəm
Necə qalım – mən sənsiz.
(Ağlayır.)
Söhrab
Ana, ana – sən qəm çəkmə
Rahət yaşa – sən mənsiz.
(Marş çalınır, “Cəng əhliyiz biz” oxunur, pərdə düşür.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-rustem-ve-sohrab-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər bir millətin təkamül və yaxud inqilab təriqilə tərəqqi və təməddününə səbəb, o millətin başında duran, rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələrinin olması tarixi bir həqiqətdir.Haman firqələrdir ki, öz millətini müxtəlif yollar ilə irəli aparmaq yolunda ciddi-cəhd edib və böyük mərdanəlik və fəaliyyət göstərib, qabaqlarına çıxmaq və hər bir cürə mümaniətlər ilə mübarizə və mücahidə etməklə biləxərə öz məqsudlarına nail olublar.
Oyan-buyan 4Maarif işləri, yaxud şurayi-valideynB i r a t a – Cənabi müdiri-məktəb, sən mənim oğluma farsı, ərəbi, türki, nə bilim nə – nə deyirsən! Baba, oğul mənim dəyilmi? Mənim oğluma onlar lazım dəyil. Mənim oğluma lazım olan odur ki, bu gün bir urusu görəndə onunla “işto-mişto” eliyə bilsin. Allah atana rəhmət eləsin. Mənim oğlumu urusca öyrət.
Oyan-buyan 5A balam, sən nə üçün ağlayırsan? dərs kitablarından Sənə nə olub, sənə nə olub?*Sənə nə olub, ağlarsan?*
Hümmət lazımdırÜmumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər.İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir: