Bir işsizin qış düşüncələri
"Ana dili gərəkdir" deyənlərə
İştə bir yoxsul... oyləcə düşünür:
Gəliyor qış, əlimdə yoxdur iş...
Kimə "iş ver" desəm, deyir ki, "sürüş"!
Bu soyuq sözlə cəmdəyim üşünür...
Çıxdı yay, getdi isti, girdi payız,
Qış gəlir... şimdidən əsir ürəyim,
Geyəcək yox, nə evdə var çörəyim...
Yaşamaq istəriz... nə yapmalıyız?
Gəliyor qış... çocuqlarım nə yesin?
"Pul"lulardan bizə kömək olamaz,
Uzadırsam əlim, ətək bulamaz...
Acların dinləyən olurmu səsin?
Yeyəcək yox, uşaqlar ağlayacaq,
Qadının gözləri üzümdə gəzir,
O baxış şimdidən ürəymi əzir,
Yavrucuqlar könlümü dağlayacaq.
Yuvasız quşlarız, nə yem, nə su var,
Bu böyük yerdə yoxmu bir sığınaq,
Deyilizmi bu torpağa ortaq?
Qardaşız, qardaşız, ey "insan"lar!
Qar yağıb torpağı kəfənləyəcək,
Qalacaqdır açıqda yoxsul olan.
Bu zavallı, bu bəxtsiz "insan",
Ac, susuz küçələrdə inləyəcək.
İşlərindən "sual" yoxmu sənin?
Edilərsə verilməyir ki, "cavab"!
Biri örtüb durur ikən "əsvab",
Yoxsula, yoxmu verməyə "kəfən"in!?
Varlığın yox içində bir vicdan,
Böylə ikən "xəbər" al "insan"dan,
Sənə açsın "hekayə" "vicdan"dan,
Doğru sanma, yalançıdır "insan"!
"Əsl"siz sözləri "lüğət"də yazar,
Der ki: "səbr" "əhl "i arzu"ya yetər,
Öz-özün aldadır yazıqca "bəşər".
Yalanı doğru anlayan uduzar.
Düzlük olmuş olaydı "xilqət"də,
"Ədl"sizlər olarmıdı "sultan"?
Yer olarmıydı "zülm" ilə "viran"?
Anla, yox "mərhəmət" "təbiət"də!
Birinin "süfrə"sində dadlı "xuruş",
"İştəha"lar açan yemək duruyor,
Biri qarnın doyurmağa arayor,
Tapmıyor "kisə"sində bircə quruş.
Çatlıyor "dövlət əhl"i toxluqdan,
"Mə'də"si yırtılır, gözü yenə ac,
Kimi günlərlə ac, "bədən" yalavac,
Yox olur, yox zavallı yoxluqdan.
Budur "insan"ların bu gün "hal"ı,
Gələcək pək işıqlıdır və gözəl,
Hələ gizlindədir "cəmali-əməl",
Görmədik biz o "şan"lı "iqbal"ı.
Quru böylə düşüncələr nədəcək?
İşsizin qarnı doymadı, doyamaz,
İlan vurmuş uyuyar, ac uyumaz,
Yavrular evdə istəyir yeyəcək.
(Bir "pul"luya yalvarıyormuş kimi)
Acıyın bir sürü "əyal"ıma siz,
Mənə bir iş verin də işləyəlim,
Bu dar "ömr"ü bir az genişləyəlim.
Yazığam, baxsanız bu "hal"ıma siz.
Duraraq "pul"lunun önündə yazıq,
Yerə dikmiş, baxar, iki gözünü,
Utanır söyləsin ürək sözünü –
Qaragünlü, zavallı, könlü sınıq!
Nə sevimli, gözəlsən, ey "ismət"!
Hansı üzdə gülüşlərin parlar,
Söyləməz kimsəyə sözün, ağlar.
Sənin ilə nə "xoş"dur ölmək, əvət!!!
Yüz min əvət!
"Ey ismət!"
Səni "əvvəl", "həyat"ı son sevərəm,
Ey gözəllik "behişt"inin "mələy"i!
Ey sevimli baxışların bəzəyi!
Ey könül ovlayanların çiçəyi!
Öpərəm sən öpən üzü, öpərəm!
Ey utanmaq, səni sevən atamaz,
Sən yox olduqda, ölmək ən dadlı,
"Canlı" "gülşən"lərin a "naz"lı "gül"ü,
Səni üzdən atan, daha tutamaz.
Hər nə əldən gedərsə var "bədəl"i,
Vardır ondan daha gözəlləri, al!
İki "şey" var ki, bulmaq "əmri-məhal":
Bir "həyat"ı və bir də sən gözəli,
"Ey ismət!".
Keçəlim, yoxsulu buraxmayalım,
Yolumuzdan azıb da, sapmayalım!
Duraraq "pul"lunun önündə yazıq,
Dağınıq bir "sifət"də, boynuburuq,
Birdən ağzın açar o "canlı" ölü,
(Əvət, o canlı ölü!)
Titrəyən bir səs ilə "bəxt"i qara,
Dirilik xəncərilə könlü yara...
Dilsiz imiş, açıldı sanki dili:
Dolanım başına, ağa! Mənə iş!..
İşləyim, toplayım bir azca para,
"Abadanlıq" alım şu yavrulara.
Onları kəsməsin qılınc kimi qış!
Doğruluqla qapında iş görərəm,
Bir adım doğruluqdan ayrılmam,
Nə desən eylərəm, inan, ay ağam.
"İt kimi hür!" deyəndə də hürərəm!
(Of, nə acı "həqiqət"!)
Aclıqdan qarardı gözlərimiz,
Ağlayırsam da, gülməyir diləyim,
"Rəhm" qıl, "rəhm" qıl, verimli bəyim!
Dinləməz kimsə, boş gedir sözümüz!
Əliboş getməyə üzüm yoxdur,
Məni görcək uşaqlar ağlaşıyor.
"Dədə, əkmək!.." deyib civildəşiyor,
Onları aldadan sözüm yoxdur!!!
Düzlüyün var bu yerdə ancaq adı,
Əyrilik "aləm"in "təbiət"idir.
Bu sözüm sözlərin "həqiqət"idir,
"Can"lı bir "zülm"dür yer "övlad"ı!
Can yaxan bir "teatro"dur "dünya",
Bir-birindən oyunları "müdhiş",
Ağladır gözləri bu pis görünüş...
Yaşlı gözlər gülərmi bir "əcəba"?!
Nə olurdu yaranmasa "adəm"?
Sonu yox boşluğun içində gəzər,
"Qəm" nədir anlamazdı "qəm"li "bəşər",
Pək "xoş" idi "qərargahi-ədəm".
Kitabxana.az · https://kitabxana.az/works/hadi-bir-issizin-qis-dusunceleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göründü mətləi-ümmidimizdən bari-hürriyyət,Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət.
Nəvayi-rindanəFədakarənə çıx meydana, əhrarənə cuş eylə,Sipəhsalar olub təftişi-əhvali-cüyuş eylə.
Nəvəhati-həyatCahan didəmdə durmuş bir zülamabad halında,Edir isbat mövcudiyyətin fəryad halında.
Nəyimiz var?Nə iste’dadi-ülviyyət, nə də ürfanımız vardır,Dəyərsiz, xeyirsiz yüz min sürü nadanımız vardır.
Başqa şairlərin şeirləri
Əvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Yanar cismim bu gün atəşlərə canü cigərdən çoxYanar cismim bu gün atəşlərə canü cigərdən çox,Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox.
Əhsən sənə Aşıq AlıMahalımın şah tavarı,Alqış sənə, Aşıq Alı.