Götürüm bir səfili-cadənişin,
Bürümüş çöhrəsin zilali-məlal,
Yazılıb çeşminə məali-süal,
Bu da bir şeirdir müfadi həzin.


Sürünür şil ayaq ilə bazarı,
Nə rəzil ömr, nə həyati-səfil!
Yaşayır cism əlil,.. ruh zəlil,
Yaşamaqdır bunun da azarı.


İstəyir kəndini keçindirsin,
Hər keçən daşürəklərə baxıyor,
Büzüyor vəchini və yalvarıyor,
Bəlkə onlar bunu sevindirsin.


Bu da bir qəmli şe'ri-xilqətdir,
Şairi böylə eyləmiş inşad,
Bə'zi şe'ri-həzin, bə'zisi şad,
İştə qabliyyəti-təbiətdir.


Gər bu isə həyat, ölmək xoş!
Şanlı ölmək gözəl deyilmi? Bəli.
Vardır amma bunun da bir əməli,
Yaşasın kiseyi-süal bəduş.


Nə şirinsən!.. Nə dadlısan, a həyat!
Kimsə əl çəkmək istəmir səndən,
Qorxuyor zihəyat mədfəndən.
Nə acı, təlxsən, a cami-məmat!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri