Gülşəni-aləmdə bir gül varmı bixar olmasın?Hansı bülbüldür cəfayi-xardən zar olmasın?

Gördünüzmü bir çiçək bağı-fənadə solmasın?Hansı bir nəxli-əməl vardır ki, bibar olmasın?

Göstərin bir Yusifi məhsudi-ixvan olmadı,Hansı bir Yə'qubdur məhcuri-didar olmasın?

Atdılar nari-bəlayə həzrəti-İbrahimi,Varmı bir Yəhya şəhidi-tiği-qəddar olmasın?

Hansı Musa görmədi zülmü sitəm fir'ondan,Varmı bir İsayi-canbəxşa ki, bərdar olmasın?

Hansı peyğəmbər olubdur çəkməsin yüz min əza,Varmı bir Əhməd düçari-tə'ni-əşrar olmasın?

Ey bəsa Sokrat kim, nuş etdi zəhrabi-məmat,Hansı hikmətpərvərandır dəhrdə xar olmasın?

Hansı Bəstamidir ol kim, xəlq təkfir etmədi,Varmı bir Mənsur kim, zibi-səri-dar olmasın?

Hansı aşiqdir cahanda naili-didari-yar,Varmı bir pərvanə məhvi-şö'leyi-nar olmasın?

Vermədi Fərhadə çərxi-bivəfa Şirinini,Hadiya, kimdir fəna mülkündə xunbar olmasın?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq