Ey aləmi münəvvər edən cürmi-afitab,
Müşkati-şö’lədar, şəbəfruzi-mahitab,

Kövkəblər! Ey fəzadə məsabihi-xəndədar,
Pirayəsaz qə’ri-səmavati-biqərar.

Uçsaydım, ah, mən o müəlla cahanlara!
Yüksəlmək ən böyük əməlim asimanlara.

Artıq xilas olur da əlindən fəlakətin,
Görməm vücuhi-dəhşətini ərzi-vəhşətin

Mən də sizin kimi olub azadəsər o dəm,
Eylərdi tərk bəlkə məni pənceyi-aləm.

Nifrət edər könül bu gün ətvari-adəmə,
Döndərdilər əvalimi bir dari-matəmə.

Kövkəblər! Ey səmani-müzəyyən qılan nücum,
Etmişmidir o yerlərə də seyli-qəm hücum?..

Sizlərdə də bəşər kimi qəddar varmıdır?
Qan tökməyə həris, sitəmkar varmıdır?

Azadəsər deyilmisiniz qilü qaldən?
Ləzzətlənirsinizmi bəşər tək qitaldən?

Siz də bizim kimi əcəba ibtiladəmi?
Meydani-hərbdə gecə-gündüz vəcadəmi?

Zənnim budur ki, sizdə də xunkar yox deyil,
Can almağa şərirü cəfakar yox deyil.

Bu iş uzaqmı? Qabili-iskan denir sizə,
Bədbəxt ərzimiz kimi imkan denir sizə.

Əxtərlər! Ey ziyaları titrək sitarələr,
Baziçə eyləmişmidir sizi də pənceyi-qədər?

Zərrati-kainat bədayenümundur,
Hər zərrəsi dəlaili-rəbbül-şüundur.

Asari-həqqə biz kimi yox sizdə iştibah,
Tə’lifdir cahan, müəllifinin namıdır ilah.

Afaqə həp baxılsa ki, darülfünundur,
Zibi-üyun edər o ki hikmətnümundur.


Cahan sərasər meydani-cəngi-fitrətdir,
Mükəvvinat bütün saheyi-rəqabətdir.

Cahan mübarizə səhrasıdır həqiqətdə,
Vədiədir bu həqiqət məvadi-xilqətdə.

Həmişə acizi qalib zəlilü zar edəcək,
Qəvi zəifi zəbunü səfilü xar edəcək.

Cidalgahi-fənada yazıq fəqirlərə,
Yazıq, günah şu məhkum olan əsirlərə.

Müəmmər olduğuca növhəzar fitrətdə,
Səfalət ilə yaşar təhti-bari-zillətdə.

Qəmin əlindən, ilahi, ürək dönüb qanə,
Qanadım olsa da, uçsam vərayi-imkanə!

20 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri