Məzmun
  1. Əhli-məclis
  2. Əvvəlinci məclis
  3. İkinci məclis

Səhifə 2 / 2 · 50%

Sadıqxan (uca yerdən). Ey İranın Rəşid qoşunları! Bilin, bu gün İran üçün böyük bayramdır! Bu gün, Ağa Məhəmməd şah Qacar İran padşahlarının tacını başına qoymaqla İranı şərəfraz elədi. Təbillər vurulsun. Topların, tüfənglərin nərəsi asimana bülənd olsun! Payəndə bad Ağa Məhəmməd şah Qacar!

Tüfəng atılır, qoşundan səs gəlir: payəndə bad Ağa Məhəmməd şah Qacar!

Pərdə

İkinci məclis

Xorasan. Ağa Məhəmməd şahın mənzili. Hacı İbrahim xan və Sadıq xan.

Hacı İbrahimxan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardır, qorxuram axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi.

Sadıqxan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstandan möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli acından dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər?

Hacı İbrahimxan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: pərvərdigara, sən şahı bəladan saxla.

Sadıqxan. Sən ümidini şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düçar etməz.

Hacı İbrahimxan. Xan, mənim qorxum Rusiya tərəfindəndir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaatı həmməzhəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə.

Sadıqxan. Bu nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya dövləti əgər Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?!

Ağa Məhəmməd şah Qacar (daxil olur). Sadıq xan, get Şahrüxü buraya gətir! (Sadıq xan çıxır.) Doğrusu, Hacı İbrahim xan, Allah qisası qiyamətə qoymaz. Nadirin günahının cavabını övladı verir.

Sadıqxan (Şahrüxü gətirir). Qibleyi-aləm! Budur Nadirin oğlu Şahrüx Rzaqulu Mirzə.

Ağa Məhəmmədşah Qacar. Yaxına gəl, qoca.

Şahrüx. Kİmdir məni yaxına çağıran?

Sadıqxan. Səninlə danışan İranın şahı Ağa Məhəmməd şahdır.

Şahrüx. İranda mən bir şah tanıyırdım, mənim atam Nadir şahı. Ağa Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir! (Şahrüxü yaxına gətirirlər.) De görüm, oğlun Nadir Mirzə haradadır?

Şa hrüx. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirsən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmişəm.

Ağa Məhəmmədşah Qacar. Qoca, sən dünyada çox müsibət çəkibsən. Mən istəmirəm sənin axır günlərin də əziyyətlə keçsin. Mən bilirəm Nadir hər nə cavahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazım deyil. Gərək verəsən mənim xəzinəmə.

Şahrüx. Mənə Nadirdən heç şey qalmayıb.

Ağa Məhəmmədşah Qacar. Qoca, nahaq yerə özünü əzaba düçar eləmə, sənə əziyyət edərlər. Amma xoşla cavahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar.

Şahrüx. Sənin iltifatın mənə lazım deyil. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm. Mən iyirmi yaşından İndiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyərimin qanı gəlib tökülürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şah tək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir dünyada insaf var? Kim deyir dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzə tək istəkli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmazdı. Kim deyir dünyada insaf var? Kim deyir ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ və zəğan oturmazdı. (Ağlayır.) Ox!.. Yoxdur dünyada ədalət, yox, yox!.. Gözlərim əlimdən gedib, bu quru nəfəsi də bundan sonra istəmirəm, aparın, nə eləyəcəksiniz eləyin.

Ağa Məhəmməd şah Qacar. Sadıq xan! Bu qocanı verərsən fərraşların əlinə. Nadirin cavahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqutu vermək istəməsə, lazımi əziyyət buna verərlər.

Sadıq xan Şahrüxü aparır.

Hacı İbrahimxan. Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. Qırx beş ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil.

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan!

Sadıqxan (daxil olur). Qibleyi-aləm, Süleyman xan tərəfindən hüzurialiyə məktubdur. (Kağızı verir.) Ağa Məhəmməd şah Qacar (kağıza baxıb). Hacı İbrahim xan! Sərkərdələri buraya çağır!

Hacı Ibrahimxan. Qibleyi-aləm, rənginiz qaçdı, nə xəbərdir gələn?

Ağa Məhəmməd şah Qacar. Bu saat bilərsən. Çıx sərkərdələri buraya çağır. (Hacı İbrahim xan çıxır.) Bu yaxşı olmadı.

Fərraşbaşı (daxil olur). Qibleyi-aləm, cavahiratın bir-bir yerini deyir. Amma böyük yaqutu vermək istəmir. Hər nə qədər əziyyət edirik, olmur. Dırnaqlarının arasına mıx çaldıq. Belindən parça-parça dəri qoparıb yerinə duz tökdük, yenə demir.

Ağa Məhəmmədşah Qacar. Necə demir? Get deginən onun başının ətrafına xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqutun yerini yəqin deyər. (Fərraşbaşı çıxır, sərkərdələr və Hacı İbrahim xan daxil olurlar.) Camaat, Süleyman xandan kağız gəlib. (Kağızı verir Hacı İbrahim xana.) Hacı İbrahim xan, al bu kağızı oxu, sərkərdələr qulaq assınlar.

Hacı Ibrahimxan. Məruzi-hüzuri-ali olsun ki, otuz beş min rus qoşunu general Valeriyan Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar. Gəncə və Şamaxı həmçinin keçib Rusiyanın ixtiyarına. General Zubov əyləşib Muğanda, Azərbaycan üstünə yerimək xəyalındadır və Azərbaycanı təsxir edəndən sonra, Tehran üstünə gedəcək.

Ağa Məhəmmədşah Qacar. Həzərat! Kağızın məzmununu bildiniz. Rusiyanın qoşunu cürət edib İran torpağına ayaq qoyub. Amma mənim Rəşid qoşunum onun müqabilinə şir tək gedəcək. Ümidvaram ki, Allahın köməkliyi ilə bir az müddətdə Rusiya qoşununun İran torpağında bir nişanəsi də qalmaz.

Sadıqxan. Qibleyi-aləm. Rusiyanın otuz beş min qoşunu müqabilində əlahəzrətin səksən min qoşunu var. Bir belə qoşununun müqabilində Rusiya qoşunu məgər davam edə biləcək?

Ağa Məhəmmədşah Qacar. Dayanmayın, gedin qoşunu hazır edin!

Sərkərdələr gedirlər.

Fərraşbaşı (daxil olur). Qibleyi-aləm buyuran tək edib, yaqutu aldıq. (Yaqutu verir.)

Ağa Məhəmmədşah Qacar. Öldü, ya sağdır?

Fərraşbaşı. Xeyr, Q u r b a n, sağdır, amma canı azdır.

Ağa Məhəmmədşah Qacar. Ona gedib deyərsən ki, əziyyətinə səbəb özü oldu və sabah göndərərsən getsin Mazandarana. (Fərraşbaşı çıxır.) Hacı İbrahim xan!

Hacı İbrahimxan. Bəli, Qurban.

Ağa Məhəmmədşah Qacar. Mən sərkərdələrə dediyim sözləri eşitdin?

Hacı İbrahimxan. Bəli, Qurban, eşitdim!

Ağa Məhəmmədşah Qacar. Sən yəqin eləyibsən ki, mən dediyim tək eləyəcəyəm?

Hacı İbrahimxan. Əlbəttə, gərək qibleyi-aləmin xahişi əmələ gələ.

Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim! Mən səni ndiyədək çox aqil şəxs hesab edirdim. Amma heyf, sədd heyf mənim zənnimə! Mən güman eləməzdim ki, sən də mənim sərkərdələrim tək ağılsızsan. Sənin tək aqil şəxs heç xəyal edə bilərmi ki, mən aparım öz başımı Rusiyanın fulad divarına döyüm və ya qoyun sürüsünə bənzər qoşunumu aparam Rusiyanın müntəzəm qoşununun top-tüfənginin qabağına verəm. Mən bilirəm nə eləyəcəyəm. Bir rus gülləsi mənim qoşunuma çatmayacaq. Qoy Rusiyanın qoşunu nə qədər yeriyəcək yerisin! Lənkəranla Tehranın arasını biyabana döndərəcəyəm, hər nə tapsalar alsınlar. Gəl dalımca!

Gedirlər.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri