Bomba
Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
– A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
– Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-İki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
– Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
– Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır... həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən İndiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
– Nə var?
Dedi:
– Heç, bir az başım ağrıyır.
Arvad abguşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
– Vot Patap, bomba rabatay!
– Qde?
– Dom Feyzulla bomba pirnesom.
Patap Ivana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qala bəyinə, qala bəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evinin qazaq, saldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
– Kimsən?
Dedilər:
– Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər:
– Danışma, gərək sənin evin axtarılsın!
Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə İki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
– Barin, vot, vot bomba!
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:
– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-bomba
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şəhər kənarında bir seyrəngah. Uzaqda uca dağlar görünür. Göy təpənin altından bulaq*axır. Süleyman bəy çərkəzi libasında, iki nəfər yoldaşları ilə əllərində samavar, dəsmala*
Üçüncü məclis, ikinci pərdəBirinci məclisin otağı. Nəcəf bəy gəzinir. Cavad daxil olub, bir məktub verib çıxır.*Nəcəfbəy** (məktubu oxuyur). Bəradərim Nəcəf! Kağız yazıb Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub məzmunundan xəbərdar oldum. Yazıb, xahiş etdiyin iki yüz manat mümkün olmadı. Çünki and olsun sənin canına... (Dalısını oxumayıb, cırır atır.) Cavad!
Dördüncü məclisŞəhər küçəsi, axşam tərəfi, yağış havası. Şəhər əhalisindən iki nəfər: Əbdül İran*libasında və Ismayıl. Hər biri bir daş üstündə əyləşib, söhbət edirlər.*
Millət dostlarıBir məclisdə xırda milli teatrƏhli-məclis keyfiyyət bir məclisdə
Başqa şairlərin şeirləri
Düşündürür məni bu sirli diyar,Burda həqiqətlər, əfsanələr var.
Apar gönlümi şâhâ gözün ileApar gönlümi şâhâ gözün ileMeni tek tâze kılgıl yüzün ile
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
YoxumuşXaraba qalasan, Tiflis şəhəri,Heç səndə oynayıb-gülən yoxumuş.