Məzmun
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Səhifə 14 / 25 · 52%

Bir gecə məşədi evində yatdığı yerdə eşidir ki, darvaza döyülür.

Durub darvazanı açıb görür ki, şəhərin üç nəfər məşhur oğruları qapıda durublar.

– Bala, bu gecə xeyirdimi?

– Xeyir olmamış nə var? Xoca Hamparsumun dükanını yarıb, budur mallarını gətirmişik. Əgər müştərisən girək içəri?

Məşədi oğruları salır içəri.

– Qadanızı alım, açın, görüm mətaınız nədir?

Oğrular çiti, məxməri, ay-ulduzu, zərli parçaları, firəng qanovuzunu... açıb tökürlər məşədinin qabağına, məşədinin gözləri məşəldar pişiyin gözləri kimi başlayır parıldamağa. Deyir:

– Sizə qurban olum, qiymət deyin!

Çitin arşını bir şahıdan, ay-ulduzu İki abbasıdan, məxməri on şahıdan və qalan malı da bu ayaqdan qiymət edirlər. Və məşədiyə deyirlər ki, arşını gətirib ölçüb götürsün.

Məşədi gedib arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini ki, uzunluğu İki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir ki, bu sünbə nəinki tamam arşındır, hətta arşından İki verşoq da azdır.

Haman tüfəng sünbəsi ilə oğurluq parçaların hamısını ölçüb alır. O səbəbə onun adı da “Məşədi Sünbə” qalmışdı.

Məşədi Sünbənin İki ayaqlarını sifətinə bağlayıb cəhənnəmdə aşağıyuxarı sürüyürdülər. (Odabaşının dediyinə görə cəhənnəmdə bu tənbehi ribaxorlara eləyirlər).

Bu kişinin, necə ki yuxarıda ərz olundu, həftə bazarında dükanı var idi. Dükanında artıq mal saxlamazdı. Amma yanında həmişə nəqd pul olardı və cəmi ətraf kəndlərdə dara düşənlər atlarını minib birbaş Məşədi Sünbənin yanına gedərdilər. O da kimə əlli manat, kimə yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pul karsazlıq eləyərdi.

Odabaşının vasitəsi ilə mələkdən təvəqqe etdim ki, İki dəqiqəliyə məşədinin ayaqlarını açsın. Ona bir-iki deməli sözüm var. Mələk təvəqqemi qəbul edib məşədinin ayaqlarını açdı. Məşədi ayağa qalxıb, məni görəndə başladı hönkürüb ağlamağa. Gözlərindən yaş yerinə ərinmiş qurğuşun axdı.

Dedim:

– Məşədi, bu nə işdir?

Dedi:

– Ax Xortdan, sən Allah, dərdimi soruşma. Mənə hər nə eləyirlərsə, haqqında eləyirlər. Mənə deyən gərək: ay həpənd, pulun var, qoy cibində qalsın. Nə borcundu bu kənd camaatının qeydinə qalırsan?

Acından ölür, qoy canı çıxsın, ölsün! Yəqin Allahın məsləhəti belədir; yəqin Allah məsləhət bilib ona yetirməyir... Nə borcundur gedib onun əlini tutub pul verirsən? Bir şəxsi ki, Allah ac eləyə, insanın nə haqqı var ki, deyə mən gedib onun qarnını doyuzduracağam! Odur ki, adamı bu günə salırlar.

Məşədi bu yerdə başına İki əlli, tutarlı bir qapaz saldı. Dedi:

– Di, canın çıxsın, yan! Öləndən bir neçə gün sonra oğlumun vaqiəsinə girib dedim:

– Bala, olmaya-olmaya fəqir-füqəranın əlindən tutub, pul borc verərsən!

Nə borcundur. Qoy Allah özü yaratdığı bəndəsinin fikrini çəksin.

Soruşdum:

– Məşədi, verdiyin pullara insafsız müamilə almayırdın ki?

Dedi:

– A kişi, and olsun yediyimiz çörəyə (hərçəndi mən onun evində çörək yeməmişdim), and olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıq almışamsa, Allah mənim evim

Sələmçilər

künfəyəkün eyləsin, gecə Allah evimi dağıtsın, əgər veksel kağızının pulunu da öz cibimdən verməmişəmsə.

Bu halda bir mələk yetişib məşədinin sinəsinə bir yumruq nə təhər çırpdısa, yumruq İki kürəyinin arasından çıxdı və əlində bir parça kağız tutub əmr etdi:

– Oxu, naməyi-əmalını!

Məşədi dedi:

– Ay qurbanın olum, naməyi-əmalımı mənə daldan göstərirsən, mənim ki, başımın dalında gözüm yoxdur.

O vaxt bir ayrı mələk, gəlib onun boynunu şaqqıltı ilə sındırıb, üzünü dala çöndərdi və dedi:

– İndi oxuya bilərsən!

Məşədi oxudu. O kağızda yazmışdılar: “Ribaxor”.

Bu söhbətdən sonra məşədinin ayaqlarını yenə sifətinə bağlayıb sürüyə-sürüyə üzüqoylu apardılar.

Mənim qonşum hacını gözlər olsun görməsin! Yaman gündə gördüm gəlir, boynundan neçə ədəd, hər biri bir pud vəznində qara daşlar asılı, cəhənnəm mələklərindən neçəsi əllərində odlu taziyanə döyədöyə cəhənnəmi gəzdirirlər.

Məni görən tək hacı İki əlləri ilə üzün bərk örtdü. Daşları onun boynunda görəndə ona verilən əzabın mənasını anladım.

Hacının şəhərdə parçaçı dükanı var idi. Bahar fəslində böyük oğlunu dükanda qoyub, kiçik oğlunu da özü ilə götürüb kəndlərə yağ almağa gedərdi. Hacı tərəziyə çəki ölçüsü yerinə, çayın daşlarından qoyardı. Daşın birinə girvənkə, o birisinə beş girvənkə, ya on girvənkə adı qoyub, onların çəkisi ilə kəndlilərdən yağ alardı.

Bizim kəndlilərin hər birisinin evində bir əyar qabı olar ki, onun içinə nə qədər yağ tutması birdəfəlik müəyyən edilər. Bir dəfə bir kəndli öz hesabı ilə on girvənkə yağ satmaq üçün hacının yanına gətirir.

Hacı bir heyvərə daşı tərəzinin bir gözünə qoyub, o biri gözünə də yağı qoyub deyir:

– Bala, sənin yağın tamam yeddi girvənkədir.

Kəndli təəccüb edir:

– Hacı əmi, mənim bu qabım tamam on girvənkə yağ tutur. Həmişə də peşəm aparıb satmaqdır. İndi nə olubdur ki, sənin tərəzində yeddi girvənkə gəlir? Hacı əmi, sənin bu daşın yeddi girvənkəyə oxşamır.

Yeddi girvənkənin daşı xırda olar, bu böyüklükdə olmaz.

Hacı cavabında deyir:

– Getdiyim Məkkəyə and olsun, çayda bu daşdan böyük daşlar çoxdur. Götürmədim.

Bununla belə, hacının kəndlilər arasında böyük etibarı var idi.

Etibarı da, qulaq verin, görün nə qoçaqlıqla qazanmışdı.

Yuxarıda dedik ki, hacının parçaçı dükanı var idi; hacı, Məkkə ziyarətindən qayıdandan bir az sonra, bir gün neçə nəfər kəndli parça almaq üçün hacının dükanına gəlirlər. Hacı bunlara istədikləri parçadan satıb yola salır.

Kəndlilər gedəndən bir saat sonra hacı qalxıb onların dalınca yüyürməyə üz qoyur. Şəhərdən bir-İki vers aralanmış, kəndlilər daldan

çığırtı eşidib, dönüb dala baxıb görürlər ki, budur, hacı nəfəsini ağır alaraq tər basmış, dili ağzından bir qarış çıxmış:

– Ay qardaşlar, dayanın, – deyə sürətlə gəlir.

Kəndlilər ayaq saxlayırlar:

– Hacı əmi, nə xəbərdir? Yoxsa pulunu əskik vermişik?

Hacı deyir:

– Yox, hacı əmin dərdini alsın. Siz gedəndən sonra mən daxılımı hesabladım. Baxdım gördüm ki, sizin beş manatınız məndə artıq qalıbdır. Mən Məkkədən neçə gündü gəlmişəm. Elə onsuz da öz malıma haram qatmaram. Əgər o beş manat mənim cibimdə qalsa, əvvələn tamam qazancım it qanından murdar olar, İkinci, haman beşlik qiyamətin günündə bir parça od olub mənim bədənimə yapışar. Alın pulunuzu. Sizə mənim bu canım qurban.

Bunu deyib hacı, kəndlilərə beş manat verib və onları heyrətdə qoyub dala qayıdır.

Bu əhvalat dildən-dilə düşür və düşməyinə hacı özü də bir qədər kömək verir. O gündən hacı kənd camaatının gözündə müqəddəs və peyğəmbərliyə layiq bir şəxs olur. Hamı bunu yəqin edir ki, belə adam müştəri aldadıb, malına haram qatmaz.

O idi ki, hər bir şəhərə getmək çün atını yəhərləyən kəndli, birbaş hacının dükanına çapırdı. Hacı da çiti birə-İki qiymətinə sırıyırdı. Etibar yolunda xərclədiyi beş manat onun hədsiz sərvətinin bünövrəsi olmuşdu.

Qiyamətdə hacıya kəndlilər baxan gözlə baxmayıb cəhənnəmə salmışdılar.

Hacıdan ayrılıb bir neçə qədəm getmişdim, gördüm bir nəfər şəxs mənə tərəf gəlir; amma Gəncə quberniyasında məşhur ərizə yazan Dəsturova oxşayır.

Əgər mənə desəydilər ki, Hacı Molla Baba saqqalını qırxdırıbdır, inanardım; Bakı qoçuları and içiblər ki, adam öldürməsinlər, inanardım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur, inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bolşevik olub, inanardım, amma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cəhənnəmə göndərəcəklər, inanmazdım. Gözümlə görəndən sonra məndə daha şəkk yeri qalmadı. Dəsturov mənə həmişə qardaşoğlu deyərdi. Ona görə yaxınlaşıb dedim:

– Əmi, nə əcəb siz də burdasınız? Halonki mollalar sizin adınızı çəkəndə “Illiyi-aramgah” deyirlər.

Dəsturov cəhənnəmin külündən bir qədər götürüb, burnuna çəkib (dünyada burunotu çəkərdi) dedi:

– Qardaşoğlu, mən özüm də bilməyirəm təqsirim nədir. Bir gün mənim namazım keçməyib, bir il orucum keçməyib. Özün məni yaxşı tanıyırsan. Amma bu cəhənnəm müdirləri deyirlər ki, sən dünyada xalqı dolaşdırıb, pullarını alıb yeyirdin. Mən nahaq yerə kimin pulunu yemişəm?

Almışamsa da, öz haqqımı almışam, hamı bilir ki, mən seyid və övladipeyğəmbərəm. Hər bir müsəlmanın sərvətində, mədaxilində, yerində, əkinində mənim cəddimin hissəsi var. Mən görəndə ki, hökumət adamları gəlib hər kəsin mülkünə sərhəd qoymaq istəyir, mən özümü haqlı bilib, gedib o mülkün bir hissəsinə özümü malik elan edirdim. Mülk yiyəsi mənə bir qədər pul verəndən sonra ixtiyarımdan əl çəkərdim. Mən belə deyirəm. Amma bunlar deyirlər ki, belə deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri